Xəbər lenti



Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva dünən mətbuata verdiyi açıqlamasında nazir Elmar Məmmədyarovun Nyu-Yorkda ortaya çıxan mülkiyyəti ilə bağlı müzakirələri böhtan adlandıraraq, DTX-ya şikayət etdiklərini bildirib. Bu müzakirələrdə fəal iştirak edənlərdən biri, Ədalət Partiyasının sədr müavini Heydər Oğuz XİN-nin sözügedən addımını necə qiymətləndirir?
Heydər Oğuzun “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik.



– Heydər bəy, Xarici İşlər naziri Elmar Məmmədyarovun öz oğluna Nyu-Yorkda 4 milyon 200 min dollar dəyərində ev almasına sərt təpki göstərənlərdən biri də siz olmuşdunuz. İndisə XİN bu mövzunu “şəxsi məsələ” sayaraq, nazirə atılan böhtanların araşdırılması üçün DTX-ya müraciət edib. Nə fikirləşirsiniz bu barədə?

-Ataların bir sözü var: “Utanmasan, oynamağa nə var ki?” Elmar Məmmədyarovun “bu pulu hardan almısınız?”, – deyənləri DTX-ya şikayət etməsinə ən lakonik cavab, məncə, bu atalar sözü ola bilər. Görünür, Elmar Məmmədyarov Azərbaycan dilini yaxşı bilmədiyindən “dövlət təhlükəsizliyi” məsələsinin nə anlama gəldiyindən xəbərsizdir. Axı, burada dövlətin təhlükəsizliyi ilə bağlı hansı motiv var ki, XİN “böhtanı” araşdırmaq üçün DTX-ya müraciət edir? DTX nə zamandan böhtana baxan qurum olub? XİN bu müraciətilə nə demək istəyir? Adamın mülkiyyətinin bir hissəsi ortaya çıxıb və onun qiyməti 313 illik maaşa bərabərdir. Üstəlik, qanunvericiliyə görə, nazirin və ailəsinin bizneslə məşğul olmaq hüququ yoxdur. Nyu-Yorkdakı ev isə Elmar Məmmədyarovun nazir olduğu vaxtlarda alınıb. İstər-istəməz bu faktlar ağlı başında olan hər kəsdə müəyyən suallar yaradır: Görəsən, Elmar müəllim 313 illik maaşını 16 ildə necə qazanıb? Bu qeyri-adi qazancın qaynağı nədir? Zənnimcə, çox haqlı suallardır. Ən azı ona görə ki, bu sualların yalnız iki cavabı var: Ya o mülkiyyət Elmar Məmmədyarova kim tərəfindənsə bağışlanıb, ya da ortada korrupsiya faktı var. Hər iki ehtimal cəmiyyətimizi narahat etməyə bilməz. Əvvəla, o mənzillər bağışlanıbsa, nazirə bu iltifatı göstərən kimdir – bizimkilər, yoxsa əcnəbilər? Bizimkilər belə alicənablıq edibsə, evi niyə Azərbaycanda yox, Nyu-Yorkda alıblar və nəyin müqabilində? Əcnəbilər alıbsa, daha da pis. Kapitalizm dünyasında adama milyonlarla dollarlıq hədiyyə elə-belə verilmir. Xarici dövlətlərdə hədiyyənin məbləği 50 dolları keçirsə, rüşvət sayılır. Rüşvət isə nəyinsə müqabilində verilir. Xarici siyasət ümummilli məsələ olduğundan o vəsaitin nəyin müqabilində verilməsi, nazirin sözçüsünün dediyi kimi, “şəxsi məsələ” ola bilməz. Çünki rüşvəti ancaq Azərbaycanda marağı olan dövlətlər verə bilərlər. Bu isə artıq ölkənin bütün vətəndaşlarının taleyüklü problemi deməkdir. İnsanlar öz talelərinin necə olacağını fikirləşir və yeri gələndə bunu şübhələndikləri şəxslərdən soruşmalıdırlar da. Elmar Məmmədyarov da zəhmət çəkib bu suallara aydınlıq gətirməlidir. Burda nə var ki, hələ DTX-ya müraciət olunur? DTX-ya müraciət etməklə bu cür məsələləri ört-basdır etmək olmaz.

Məni ən çox maraqlandıran başqa sualdır. Yadınızdadırsa, Elmar Məmmədyarovun mülkiyyəti ilə bağlı söz-söhbətlər ortaya çıxanda XİN-in Mətbuat katibi mətbuat açıqlaması verərək, bunun “şəxsi məsələ” olduğunu bildirmişdi. Nə baş verdi ki, “şəxsi məsələ” birdən-birə çevrildi oldu “dövlət təhlükəsizliyi” məsələsi? XİN-nin bu mövqeyindən belə başa düşülür ki, nazirə “şəxsi məsələsi” ilə bağlı sual vermək ümummilli təhlükədir. Yəni mən nə edirəmsə edim, sən mənə bunu niyə etdiyimə dair sual vermə. Yoxsa dövlətin mövcudluğu təhlükəyə düşmüş olar.

Nazirin bu jesti ondan hesabat istəyənləri repressiv üsullarla susdurmaq cəhdi kimi görünə və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vura bilər. 16 ildir Xarici İşlər naziri postunda əyləşən bir şəxsin bunları bilməməsi insanda təəccüb və təəssüf doğurur. Bilərək edirsə, belə çıxır ki, Leyla xanımın təbirilə desək, onun üçün “şəxsi məsələ” bütün dövlət dəyərlərindən daha üstündür. Belə adamı bir gün də nazir postunda saxlamaq olmaz.

-Yəni deyirsiniz ki, Prezident onu təkcə tənqidçilərini DTX-ya şikayət etdiyi üçün istefaya göndərməlidir?

-Mən prezidentə yol göstərmək niyyətində deyiləm və buna gərək də görmürəm. Ancaq onu bilirəm ki, başqa ölkələrdə belə bir hadisə baş versəydi, nazir prezidenti o seçim qarşısında qoymadan özü istefaya gedərdi. Mən hələ onu demirəm ki, Yaponiyanın Xarici İşlər naziri bu qədər ictimai qınaq qarşısında nə edərdi? Desəm, qorxuram ki, XİN məni məsum bir şəxsi intihara məcbur etmək maddəsilə məhkəməyə verə.
İstefa mədəniyyəti deyilən bir anlayış var. Bir insan özünü əyləşdiyi posta layiq görmürsə, heç düşünmədən bu addımı atmalıdır. Elmar Məmmədyarov isə nədənsə ictimai qınağa səbəb olan hal və hərəkətləri özünə rəva bilir. Sonra da əleyhdarlarını böhtan kampaniyası aparmaqda günahlandırır. Böhtanın nədən ibarət olduğunu isə açıqlamır. Əgər 313 illik maaşı məbləğində ev ona aid deyilsə, bəs o sənədlər nədir? Ona aiddirsə, burda hansı böhtandan söhbət gedir?

-Məsələ burasındadır ki, Azərbaycanda bir çox nazirin mülkiyyəti ilə müqayisədə Elmar Məmmədyarovun 4.2 milyon dollarlıq evi dəvədə qulaq kimi görünür. Bəlkə nazir böhtan deyərkən bunu nəzərdə tutur?

-Onun nəyi nəzərdə tutub-tutmadığını mən deyə bilmərəm. Ən doğrusunu göydə Allah, yerdə onun dilini anlayan yeganə şəxs kimi tanıdığımız Leyla Abdullayeva bilir. Jurnalist kimi, bu sualınızı da Leyla xanıma ünvanlasaydınız, ümidvaram ki, daha dolğun cavab alardınız. Əgər həqiqətən də XİN siz deyəni nəzərdə tutursa, bunun adı böhtan deyil, “başqalarından fərqləndirmək”dir. Elmar Məmmədyarov da bunu deməliydi. Deməliydi ki, məni niyə o biri nazirlərdən fərqləndirirsiniz? Baxmayaraq ki, bu iradında da haqlı olmazdı. Əvvəla, o səbəbdən ki, “hər kəs boğaza qədər palçığa batıbsa, mən də batmalıyam” məntiqi heç kimə bəraət qazandırmaz. İkincisi, ona görə ki, Elmar Məmmədyarovun əyləşdiyi post mahiyyət etibarilə digərlərindən fərqlənir və məhz buna görə onun özünü də fərqləndirirlər. Məsələn, belə deyək, iqtisadiyyat naziri hansısa tenderi ədalətsiz keçirib, öz yaxınına baha qiymətə verməklə korrupsiya ilə məşğul olub. Bu zaman azad rəqabət prinsipi hansısa iş adamının lehinə pozulub. Təbii ki, bundan iqtisadiyyatımız zərər görər, amma bu zərəri kompensasiya etmək mümkündür. Yaxud deyək ki, Təhsil naziri hansısa müəllimdən rüşvət alıb onu layiq olmadığı məktəbə direktor təyin edib. Bu da təhsilimizə ciddi zərər vursa belə, problemi nə zamansa düzəltmək olar. Eynilə, Səhiyyə naziri hansısa xəstəxananın Baş həkimi vəzifəsini kiməsə sata bilər və bir neçə xəstə öləndən sonra başqaları İrana, Türkiyəyə gedib müalicə olunar və bununla da məsələ bitər. Bəs, Xarici İşlər naziri nəyi sata bilər, təsəvvür edirsinizmi? Azərbaycanın dövlət maraqlarınımı? Sözsüz ki, ticarətdə satılan malın dəyəri satıcının alıcıya vurduğu zərərin əsas göstəricisidir. Belə deyək, satıcı sizə bir yumurta kələk gəlibsə, deməli 15 qəpik zərər vurub. Bir zərgər sizə bir üzük atıbsa, bunun dəyəri yumurtadan on min, bəlkə də yüz min dəfə böyük olar. Hələ üzüyün üzərində bahalı daş-qaş varsa, onu yumurta ilə müqayisə etmək olmaz. Yəni “atmaq”dan “atmağa”, kələkdən kələyə fərq var. Bu mənada Xarici İşlər Nazirliyinin fəaliyyət dairəsi dövlət maraqları ilə bağlı olduğundan yalnız zərgər işi ilə müqayisə edilə bilər. Təbii ki, səbətə əksik qoyulan yumurta üçün özünə əziyyət verib dükana qayıtmayan insanlar aldadıldıqları üzük üçün basıb zərgərin gözünü çıxara bilərlər. Dövlət maraqlarını xarici dövlətlərdə qorumağa mükəlləf olan Xarici İşlər naziri özünü Kənd Təsərrüfatı naziri ilə müqayisə etməməlidir.  Amma bunları deyərkən, mən Elmar Məmmədyarovun dövlət maraqlarını hərraca çıxarmaqla var-dövlət sahibi olduğunu iddia etmək fikrində deyiləm. Mümkündür ki, Elmar müəllim o imkanları tamamilə qanuni yolla əldə edib. Bununla belə, o, dövlətinin və özünün taleyindən narahat olan insanları anlamalı, vətəndaşların şübhələrinə aydınlıq gətirməlidir. Heç kimi nədənsə şübhələndiyinə görə qınamaq və ya hüquq mühafizə orqanlarının əliylə cəzalandırmaq olmaz. Məşhur bir aforizm var: “İman şübhədən başlar”. Minillik tarix sübut edib ki, əksər elmi kəşflər belə, şübhədən doğub. Ən mömin insanlar imana gəlməmişdən əvvəl Allahın varlığı barədə şübhəyə düşüblər. Araşdırıb əsl həqiqəti tapdıqdan sonra iman gətiriblər. Sual olunur: Allahdan belə, şübhə duyulduğu halda, Elmar Məmmədyarovdan niyə duyulmasın? Elmar Məmmədyarov Əddürrəhman Vəzirov kimi “istefanı” “mustafa” ilə qarışdırırsa, bunun günahını özünün dilbilməzliyində axtarmalıdır, bizdə yox.

-Naziri Azərbaycan dilini bilməməkdə də günahlandırırsınız. Axı o, Mədəniyyət və ya Təhsil naziri deyil ki, ana dilini mükəmməl bilsin?

-Necə yəni Mədəniyyət naziri deyil? Öz ana dilini bilmək üçün gərək Mədəniyyət naziri olasan? Axı, Azərbaycan dili bu ölkənin dövlət dilidir. İstənilən nazir öz dövlət dilini mükəmməl bilməlidir. Çünki dövlətin əsas təmsilçilərindən biridir. Biz dövləti bir ailəyə bənzətsək, hökumət bu ailənin valideynləri, sadə vətəndaşlar isə uşaqlarıdır. Konstitusiya isə el adət-ənənələrindən doğan, həm valideynlər, həm uşaqlar üçün davranış kodeksləridir. Həmin kodeksdə ana dilində danışmaq əmr olunub və ailənin uşaqları bu tələbə əməl edərək ana dilində danışırlar. Ananın isə öz dilindən xəbəri yoxdur. Bu, necə mümkün ola bilər?

Xarici İşlər naziri yalnız əcnəbi dil bilən şəxs demək deyil. Xarici İşlər naziri dövlət adlı ailənin qonaq-qara qabağına çıxardığı seçilmiş üzvü deməkdir. Dövləti vahid bir orqanizm kimi fərz etsək, Daxili İşlər və ya Müdafiə Nazirliyi onun vuran qolu, İqtisadiyyat Nazirliyi onun qarnı, Mədəniyyət və Təhsil Nazirlikləri onun düşüncə sistemi, beyni, Xarici İşlər Nazirliyi isə simasıdır. Biz adətən qolumuzu, ayağımızı örtür, başqalarından gizlədirik. Üzümüzü isə gizlətmərik. Çünki üzümüz bizim kimliyimizin dəlilidir. Xarici İşlər naziri də ailəmizin siması olduğu üçün bütün milli dəyərləri özündə birləşdirməlidir. Yoxsa, mənsub olduğumuz ailənin siması ola bilməz, ya da bizi qonum-qonşuya mənəvi dəyərlərdən uzaq ailə kimi tanıdar.

Söz düşmüşkən, bu yaxınlarda siyasilərdən birinin müsahibəsinə qulaq asmışdım. Siyasətçi Elmar Məmmədyarovla görüşdüyünü bildirirdi. Deyirdi ki, Elmar müəllim onu da özü kimi rusqafalı sanıb və söhbətində Azərbaycanın öz milli-mənəvi dəyərlərindən imtina etməsinin, Rusiyanın bir parçası olduğunu rəsmən dünyaya duyurmasının vacibliyini bildirib. Təsəvvür edirsinizmi, heç müstəmləkə vaxtı belə, biz Rusiyaya bu qədər bağlı olmamışıq. İndi bizi ruslardan biri kimi görən bir adam müstəqil və milli dövlətimizin siması qismində çıxış edir. Belə anlayışa sahib nazir ən kritik anda Azərbaycanı Rusiyaya qurban verə bilər. Ölkəmizin dövlət suverenliyi və müstəqilliyi naminə belə adamın ən mühüm hakimiyyət kürsüsündə əyləşməsi yolverilməzdir.

-Maraqlıdır ki, təkcə Xarici İşlər nazirinin deyil, bir çox səfirlərimizin xaricdə biznesi, topdağıtmaz qəsrləri, evləri var. Həqiqətən də xeyli müəmmalıdır: onlar bu pulları hardan alırlar?

-Diplomatik korpusda Azərbaycanın ən çox maaş alan məsul şəxsi Yaponiyadakı səfirimizdir. Səhv etmirəmsə, onun aldığı maaş 5 min dollar civarındadır. Miqdardakı bu fərq Tokionun bahalı şəhər olmasıyla izah edilir. Yəni onun maaşının alıcılıq qabiliyyəti əslində digər ölkələrdəki səfirlərin alıcılıq qabiliyyətilə fərqlənmir. Təmiz səfirlər bu miqdarda maaşla ancaq dolanırlar, qənaət edib özlərinə xaricdə topdağıtmaz qəsrlər ala bilməzlər. Onların bizneslə məşğul olmaq səlahiyyətləri yoxdur. Əks halda işlədikləri dövlət qarşısında öhdəlikləri yaranar və Azərbaycanı deyil, xarici ölkələrin maraqlarını qoruyarlar. Əgər onların maaşları ilə yaşayış tərzləri arasında fərq vardırsa, deməli, qeyri-qanuni fəaliyyətlə məşğul olurlar. Səfirlərin qeyri-qanuni qazanc mənbələri isə çox ola bilər. Məsələn, onlar xaricə gediş-gəlişləri zamanı yoxlanmırlar. İstədikləri malı sərhəddən rahatlıqla keçirə bilərlər. Bu, sərhədlərdən keçirilməsi qadağan edilmiş hər hansı mal da ola bilər, hansısa iri məmurun “qara pulları”nı yumaq mexanizmi də.  Mümkündür ki, onlar diplomatik toxunulmazlıqlarından və xaricdəki əlaqələrindən faydalanıb iri məmurların korrupsiya yolu ilə mənimsədikləri sərvətlərin xaricə daşınmasında və “qara pullarının” yuyulmasında iştirak etsinlər, burdan komissiyon haqqı qazansınlar. Bəzilərinin hətta təmsil edildikləri ölkə rəhbərinə göndərilən hədiyyələri mənimsədikləri iddia olunur. Məncə, XİN DTX-ya müraciət etmişkən, hörmətli xüsusi xidmət orqanlarımız bu iddiaları araşdırmalı və xaricdəki əmlakların mənbəyini ortaya çıxarmalıdır. Azərbaycanın indiki ağır iqtisadi vəziyyətində bu, ölkəmiz üçün olduqca vacib məsələdir. Biz indiyədək ölkəmizdən oğurlanan və səfirlər tərəfindən xaricə daşınan varidatımızı bu cür geri qaytara və qeyri-neft sektorunun inkişafı layihələrinə qoya yatıra bilərik. XİN-nin DTX-ya müraciəti də bu məsələnin həllinə kifayət qədər imkan verir. Nizami Gəncəvinin sözü olmasın, “ovçunun oylağına körpə şikar gəlmiş idi”. Bir halda ki, “şikar öz ayağıyla oylağa gəlib”, məncə, hər şey dəqiqliklə araşdırılıb mübahisəli məqamlar aydınlığa qovuşdurulmalı və xalqın rifahına yönəldilməlidir.

Şamo EMİN,
Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 7 367          Tarix: 9-06-2020, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma