Xəbər lenti
Dünən, 19:25

 
Azərbaycan xalqı Respublika gününü qeyd etdiyi anlarda İran öz parlamentinin ( İslam Şurası Məclisi) yeni sədrini seçirdi. 28 may 2020-ci ildə bu posta gətirilən yeni spikerin Məhəmməd Bağır Qalibaf olması bir çoxları üçün təəccüblü olmadı. Təkcə ona görə yox ki, İranda növbəti parlament seçkilərini mühafizəkarların qazanacağı və onların əsas namizədinin də Məhəmməd Bağır Qalibaf olacağı əvvəlcədən bəlli idi. (Namizədlərin kimliyini müəyyənləşdirən Nəzarət Şurası əsasən islahatçı namizədlərin böyük əksəriyyətini seçkiyə buraxmamış, mühafizəkarların qələbəsinin önü açılmışdı). Həm də ona görə ki, İranın son zamanlar yürütdüyü kürd açılımı əslən kürd olan Qalibafın hakimiyyət qollarından birinin rəhbərliyinə gətirilməsini şərtləndirirdi.  Bu iddiamızın nə qədər əsaslı olduğunu anlamaq üçün İranda kürd açılımına gedən yolun tarixçəsinə qısaca nəzər salmaq kifayətdir.
 
Kürd açılımına gedən yol
 
Bilindiyi kimi, İran Yaxın Şərq ölkələri arasında ən çox etnik mozikası ilə seçilən dövlətlərdən biridir. Bunun əsas səbəbi isə bu ölkənin minillər boyu çox saylı imperiyaların mərkəzi olmasından qaynaqlanır. Milladdan əvvəl Anadolu torpaqlarından cənubda Ərəbistan yarımadasına, şərqdə Orta Asiyaya qədər uzanan Midiyadan tutmuş 20-ci əsrdə süquta uğrayan Qacariyyəyə qədər 3 min il müxtəlif imperatorluqların bir-birini əvəz etdiyi bu torpaqlarda yaşanan köçlər sayəsində bir çox milli və etnik qruplar bir-birinə qarışmışdı. Dolayısıyla xırdalana-xırdalana indiki halına gəlib çıxmış İran çoxmillətli ölkəyə çevrilmişdir. Hazırda İranda farslar, türklər, ərəblər, lorlar, beluclar və s. kimi, kürdlər də yaşamaqdadırlar.


 
19-cu əsrin əvvəllərində Rusiyanın Qacariyyə dövlətinin şimalını - indiki Azərbaycan da daxil olmaqla Qafqazı ələ keçirməsiylə etnik tərkibi farsların xeyrinə dəyişilən İranda Türk hegemonluğu da tədricən zəifləmiş və yüz ildən sonra tamamilə iflasa uğramışdı. Bu mənada Şimali Azərbaycanın ruslar tərəfindən işğalının əsl səbəbini İrandakı 1000 illik Türk hegemoniyasının yıxmaq və Türk dünyası arasında coğrafi bütünlüyü yox etmək niyyətində axtarmaq lazımdır.
 
 Qacar dövlətini yıxıb öz şahlığını quran Pəhləvi xanədanlığı isə fars şovinizminə vüsət vermiş, bu da təkcə Azərbaycan türkləri arasında deyil, digər etniklərdə  də narazılığa yol açmışdır. Min il boyu İranın hakim milləti olmuş Azərbaycan türklərinin bu müddət ərzində formalaşmış dövlətçilik şüuru mərkəziyyətçi anlayışa söykəndiyi halda, digər etnik qruplar separatçı ideologiyalara yönəlmiş, bu da istər-istəməz tarixi torpaqlarımızda etnik gərginliklərin yaşanmasına gətirib çıxarmışdır. Nə yazıq ki, bu gərginlikdə Pəhləvi səltənətindən miras qalan və hələ də islam niqabı altında pərdələnən fars şovinist siyasətinin də mühüm rolu vardır. 


 
İranda separatizmə meyllənən etnik qruplar arasında xüsusi fəallığı ilə seçilənlərdən biri də kürdlərdir. Bu ölkədəki kürdlərin sayı barədə müxtəlif versiyalar irəli sürülür. Bəzi məlumatlara görə, İran əhalisinin 6%, bəzi məlumatlara (CIA) görə isə 10%-ni kürdlər təşkil edir. İranda əhalinin sayımında etnik özəllikdən daha çox dini və məzhəbi fərqliliyə üstünlük verildiyindən bu rəqəmlərdən hansının doğru olduğunu söyləmək çətindir. Bununla belə, İranda ən azı 3.5 milyon kürdün yaşadığı bəllidir. Bu isə kürdlərin Türkiyədən sonra ən çox məskunlaşdığı ölkənin İran olduğunu deməyə əsas verir.

Sayları etirbarilə kürdlər İranın fars və Azərbaycan türklərindən sonra 3-cü böyük xalqıdır. Buna baxmayaraq, əksəriyyəti sünni məzhəbinə mənsub olan kürdlərin son dövrlərə qədər həm də məzhəbi basqılara məruz qaldığı bildirilirdi. Bu da istər-istəməz beynəlxalq qurumların Tehrandan kürdlərin milli hüquqlarına hörmətlə yanaşmağı tələb etməsinə yol açırdı. 


 
Ötən il Norveçin paytaxtı Oslo şəhərində Norveç Münaqişələrin Həlli Mərkəzinin (Norwegian Centre for Conflict Resolution (NOREF)) təşkilatıçılığı ilə keçirilən toplantıya bəzi separatçı kürd təşkilatlarıyla yanaşı İran rəsmilərinin də qatılması  Tehranın bundan sonra kürd açılımına başlayacağından xəbər verirdi. Nəzərə alsaq ki, NOREF bundan əvvəl Kolumbiya dövləti ilə separatçı FARC təşkilatı arasında vasitəçilik etmiş və sülhə əhəmiyyətli töhfələr vermişdi, onun təsadüfi bir qurum olmadığı, beynəlxalq güc mərkəzləri tərəfindən dəstəkləndiyi ortaya çıxır.  Onu da xatırlatmaq yerinə düşər ki, Fələstin və İsrail arasında 1993-cü ildə bağlanmış ən mühüm müqavilə də Osloda imzalanmış və həmin sənədin ortaya çıxmasında NOREF-in böyük xidmətləri olmuşdu. 
 

 
Bəsi müşahidəçilər İran rəsmilərinin məlum sammitə qatılmasını ABŞ-la gizli sövdələşmələrin və ya Vaşinqtonda planlaşdırılan təxribatların qarşısını almaq səylərinin nəticəsi hesab edirlər. Səbəb nə olursa olsun, NOREF-in ötən ilin yay aylarında keçirdiyi bu sammitdən sonra İranın həqiqətən də kürd açılımına getdiyi görünür. İranda keçirilən son parlament seçkilərinin ardından kürd əsilli Məhəmməd Bağır Qalibafın İran Məclisinə sədr seçilməsi də bu açılımın tərkib hissəsi kimi qiymətləndirilir.


 
Qərbi Azərbaycan, yoxsa Şərqi Kürdüstan?
 
İran kürdlərinin son zamanlar idarəetmə orqanlarında daha çox təmsil olunması Cənubi Azərbaycanın mühacirət mediasının da gözündən yayınmayıb. Xüsusilə regional idarəetmə orqanlarında kürd əsillilərə xüsusi yer verilməsi barədə Araz News TV-nin hazırladığı video-xəbərlər dediklərimizin ən bariz sübutudur:
 
 
 
 
Araz News TV-nin iddiasından da aydın olur ki, İranın kürd açılımı Azərbaycan xalqının tarixi torpaqlarında aparılır. İran kürdlərinin Qərbi Azərbaycan əyalətinə iddiaları isə yeni deyil. İkinci Dünya Müharibəsindən sonra yaranan xaotik vəziyyətdən istifadə edən kürd separatçıları Qərbi Azərbaycan əyaləti olan Məhabadda özlərinin ilk dövlətlərini elan etmiş və hazırda Şimali İraq hökumətinin qurucuları olan Bərzanilər dövlətləşmə prosesinə bu bölgədə başlamışdılar. SSRİ ilə İran arasında münasibətlər düzələn kimi, Moskva Cənubi Azərbaycan Milli Hökumətinin rəhbəri Mir Cəfər Pişəvəri kimi, Məhabad Respublikasının rəhbərliyini də Pəhləvi rejiminə qurban vermişdi. Onlardan sadəcə Məhabad ordusunun Baş Qərargah rəisi Mustafa Bərzanini SSRİ-yə apararaq, Şimali İraqda kürd separatizmi üçün hazırlamışdı. 
 


1946-47-ci illərdə Qərbi Azərbaycanın Məhabad bölgəsinə iddia edən kürd separatçıları 1979-cu ildə şah rejimi devrildikdən sonra Urmiyəyə də göz tikmişdi. Həmin illərdə Azərbaycan türklərinə qarşı başladılan terror hadisələrinin əsas məqsədi soydaşlarımızı öz ərazilərindən sıxışdırıb çıxarmaq və bölgənin demoqrafik xarakterini dəyişdirməkdi. İran İslam Respublikası sonradan bu terror hadisələrinin qarşısını alsa da, xeyli ləng tərpənmiş, bölgənin etnik xarakterinin kürdlərin xeyrinə dəyişilməsinə bir növ göz yummuşdu. Bu da səbəbsiz deyildi. Məqsəd Kirmanşahdan Naxçıvana qədər uzanan ərazini türklərdən təmizləmək və Türkiyə ilə Cənubi Azərbaycan arasında buffer zona yaratmaqdı. Yeri gəlmişkən, qeyd edək ki, kürd separatizmin qarşıya qoyduqları hədəflərdən biri də Təbrizi və Naxçıvanı bu coğrafiyaya aid etməkdir. Təsadüfi deyil ki, Pentaqonun Böyük Yaxın Şərq Projesinə dair xəritələrdə Naxçıvan olmasa belə, Təbriz Kürdüstanın sərhədləri daxilində göstərilir.


 
Türk dünyası arasında buffer zona
 
Sual oluna bilər: ABŞ-ın Yaxın Şərqin altını üstünə çevirən bu projesinə rəsmi Tehran niyə yaşıl işıq yandırır?
 
Əslində Tehran tam olaraq ABŞ-ın Böyük Yaxın Şərq proyektini həyata keçirmək niyyətində deyil. Sadəcə bu layihənin mümkünlük dərəcəsini nəzərə alaraq ona alternativ plan həyata keçirir. İranın bu planının əsas hədəfi barədə yuxarıda bəhs etdik. Məqsəd Anadolu türkləri ilə Azərbaycan türkləri arasında keçilməz sədd yaratmaqdır. ABŞ-ın Kürdüstan layihəsi də bunu nəzərdə tutduğundan fars şovinizminə hardasa sərf edir. Fəqət Tehran Qərbi Azərbaycanı da əldən çıxarmaq istəmir. Həm uzun illər məzhəbi və etnik basqılara məruz qalan kürdləri sakitləşdirmək və etirazlarını azaltmaq üçün onların arasından özünə bağlı şəxsləri seçib ən kritik məqamlara gətirir. Məsələn, Məhəmməd Bağır Qalibaf kimi. Atası kürd olan Qalibaf Məşhəddə doğulub və şiə mədəniyyəti altında yetişib. İrandakı kürdlərin böyük əksəriyyəti isə qeyd etdiyimiz kimi, sünni məzhəbi olan şafiliyə bağlıdır.


 
Kürdü kürdə qarşı qoymaq
 
Üstəlik, Qalibaf uzun illər SEPAH-ın ən mühüm postlarında yer alıb. Dəfələrlə səmimiyyət testindən keçirilib. Uzun illər Tehranın meri kimi yüksək sivil vəzifələrdə işləyib. Beynəlxalq qurumlar tərəfindən dünyanın 8-ci ən bacarıqlı meri adına layiq görülüb. Bir sözlə, tamamilə urbanizasiya prosesi keçirmiş, şəhər mədəniyyəti görmüş insandır. Onu ucqarlardakı kürdlərlə eyni qazanda bişirsən belə, qaynayıb qarışmayacaq.
 
Ümumiyyətlə, istər İrandakı, istər Türkiyədəki, istərsə də İraq və Suriyadakı kürdlər arasında çox ciddi dünyagörüş fərqləri var. Onlardan bəziləri PKK, PEJAK, KDP kimi ateist-sosialist ideologiyasını mənimsəyən, bəzilər isə Hizbullah, İŞİD kimi bir-birinə zidd dini təfəkkürlü  qruplara tabedirlər. Əksər hallarda isə bu fərqli dünyagörüşləri onlar arasındakı həmrəyliyi zəiflədir, vətəndaş müharibələrinə yol açır. Qeyd edək ki, kürd ziyalılarının özləri də bunu inkar etmirlər və öz talelələrini kəkliklərlə müqayisə edirlər. Onların inancına görə, təbiətdə yeganə canlı – kəklikdir ki, öz növündən olan birini ovçuların tələsinə salmağa çalışır və nə qədər ki, kürd idarəçiləri bu kəklik xüsusiyyətini tərgitməyəcəklər, həmişə başqalarına yem olacaqlar.

(MənbəKəkliktəbiətli “bırakuji”: kürdləri qana bələyən qardaş qırğınları)

 
Bunun ən bariz örnəyini biz 1990-cı illərdə Türkiyədə Hizbullaha bağlı kürdlərin PKK ilə mübarizələrində gördük. Bir-birini bitirən bu döyüşlər İranda da, İraqda da, Suriyada da yaşandı və hər an yaşana bilər.

 
Belə görünür ki, İran da bu təsirli silahdan istifadə edərək, Qərbi Azərbaycanda hakimiyyətə gətirilən kürdlərdən həm də özlərinə qarşı istifadə etməyə çalışır. 
 
Məsələ burasındadır ki, məzhəb baxımından əksəriyyəti sünni olan kürdlər İranda istənilən an ikiqat basqıya məruz qala bilərlər və qalıblar. Onlar əsasən ucqarlarda yaşadıqlarından daha mühafizəkardırlar və dini meyarlara meyllənirlər. Məzhəb qarşıdurmalarının gücləndiyi indiki məqamda onların vahid dövlətçilik ideologiyası altında birləşməsi asan görünmür. Belə anlaşılır ki, İran da məhz bu məqamları nəzərə alıb şiə kürdləri ön plana çıxarır. Şimali İraqdakı kürd muxtariyyətindən gələ biləcək təhlükənin qarşısını almaq üçün bundan təsirli vasitə tapmaq çətindir. Nəzərə alsaq ki, Şimali İraqdakı Təlabani aşirətinin bağlı olduğu Kürdüstan Yurdsevərlər Birliyi də İrana tabedir, Tehranın çəkinmədən kürd açılımına start verməsi anlaşılandır.
 
Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 099          Tarix: 10-06-2020, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma