Xəbər lenti

 
 
ABŞ-ın üç təyyarə gəmisi Hind okeanına səfərə çıxıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı ABŞ-ın Hərbi Dəniz Qüvvələri Komandanlığı yayıb.
 
Məlumatda hərbi gəmilərinin Cənubi Çin dənizində hərbi patrul xidməti göstərəcəyi rəsmən elan edilir. Bunun Çin tərəfindən necə qarşılanacağı isə maraq doğurur.
 
Bildirildiyinə görə, “USS Teodor Ruzvelt” təyyarə gəmisinin rəhbərliyi altındakı flot artıq Yaponiyadakı bir hərbi limandan ayrılaraq yeni xidmət sahəsinə yollanıb. “USS Ronald Reagan”ın zatən Filippin dənizində bulunduğu, “USS Nimitz”in isə ABŞ-ın qərb sahilində Sakit okeandan hərəkətə keçdiyi bildirilir.


 
ABŞ Hərbi Dəniz Qüvvələrinin bu üç təyyarə daşıyıcısına bağlı olan flotların Cənubi Çin Dənizinə göndərilməsiylə super gücün bölgədəki müttəfiqlərinə bağlılığı barədə rəsmi Pekinə mesaj verildiyi bildirilir. ABŞ-ın Hərbi Dəniz Qüvvələri Komandanlığının Hind Okeanı üzrə əməliyyatlarına rəhbərlik edən admiralı Stiven Koehler Associated Press agentliyinə verdiyi açıqlamada faktı təsdiqləyib. Admiral, gəmilərin Cənubi Çin Dənizinə göndərilməsinin səbəbinə aydınlıq gətirərkən deyib ki, Çin Cənubi Çin dənizində yavaş və nizamlı hərbi mövqelər qurur və nəhayət Spratli (Nansa) arxipelaqındakı Odlu Xaç rifinə (dayaz hövzələrdə sualtı və suüstü yüksəkliklər) təyyarələr yerləşdirib. Bu da regional dövlətlərin su sərhədlərini pozmaq deməkdir. 
 
O, həmçinin bildirib ki, Hind-Sakit okean bölgəsindəki gəmilər ABŞ-ın müttəfiqləriylə təlimlər keçirəcək və mübahisəli bölgələrdə patrul xidmətləri göstərəcək.  Koehlerin bu sözləri həmin gəmilərin bölgədə uzun müddət lövbər salacağına işarədir.


 
ABŞ Hərbi Dəniz Qüvvələrinin bu əməliyyata başlamasının koronavirus pandemiyasının yayıldığı sıralarda Vaşinqton-Pekin arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etməsi mütəxəssislərin narahatlığını artırır. Belə ki, ABŞ prezidenti çıxışlarında ölkəsində 100 mindən artıq insanın ölümünə, 2 milyondan çox insanın xəstələnməsinə yol açan koronavirusun Çində istehsal edilən bioloji silah olduğunu dəfələrlə bildirmiş və bunu ABŞ tarixində indiyədək qeydə alınan ən böyük hərbi təcavüz kimi qiymətləndirmişdi. Trampın bu sözləri bir çox mütəxəssislər tərəfindən ABŞ-ın Çinlə müharibəyə hazırlaşması kimi qəbul edilmişdi. Həmin iddialı sözlərdən az sonra ABŞ hərbi gəmilərinin Cənubi Çin Dənizinə doğru hərəkət etməsi həqiqətən də təsadüfi sayılmaya bilər. 
 
Bununla belə, bəzi mütəxəssislər ABŞ iqtisadiyyatının Çinə bağlı olduğunu, Trampın çox çalışsa da ölkəsini bu asılılıqdan xilas edə bilməməsini əsas gətirib iki güclü dövlət arasındakı gərginliyin savaşla nəticələnəcəyinə inanmırlar. Onların fikrincə, ABŞ regional müttəfiqlərinin bölgədəki aktivliyini artıraraq Çinə qarşı çevrələmə siyasəti yürütməyə çalışır. Amma Çinin bu plana laqeyd qalacağını düşünmək də sadəlövhlük olardı.
 



Məsələ burasındadır ki, dünya dəniz ticarətinin 33%-dən çoxunun keçdiyi bu su hövzəsi Çin üçün həyati əhəmiyyət daşıyır. Çinin neft və qaz tələbatının yarıdan çoxu (55%), ixracatının isə 3/4-ü (76%) bu dənizdən keçir. Sözsüz ki, bu dənizə nəzarət etmək Pekin üçün öz sənaye gücünü təminat altına almaq deməkdir. 
 
Bundan əlavə, Cənubi Çin Dənizi zəngin yeraltı zənginlikləriylə seçilir, deməli, bu dənizi öz hegemoniyası altına almaq Pekinin xaricdən enerji asılılığını azalda və iqtisadi baxımdan dünya lideri olma potensialını gücləndirə bilər. 
 
Məlumata görə, Cənubi Çin dənizi neft və təbii qaz ehtiyatları ilə tanınır. 2017-ci ildə aparılan bir araşdırmada bu dənizdə 7 milyard barel neft və 25,5 trilyon kubmetr təbii qaz ehtiyatı kəşf olunub. Kəşf edilmiş bu rəqəmlər sözügedən dənizin karbohidrogen ehtiyatına görə dünyanın dörd böyük neft sahəsindən biri olması deməkdir.


 
Qeyd edək ki, bu rəqəmlər sadəcə indiyə qədər kəşf edilmiş ehtiyatlardır. Ümumilikdə isə həmin su hövzəsində 28 milyard bareldən çox neft, 75 milyard kub metrdən çox təbii qaz yataqlarının olduğu təxmin edilir.
 
Digər tərəfdən, Cənubi Çin Dənizi tarix boyu Pekinin nəzarəti altında olub. Dənizin digər sahildaş ölkələrlə bölüşdürülməsi məsələsi II Dünya savaşından sonra gündəmə gəlib və Pekin bu tələbi xüsusi aqressivliklə qarşılayıb. Xüsusilə II Dünya savaşı sırasında Tayvana qaçan və orada alternativ dövlət yaradan Çin millətçiləriylə Pekin arasında həmişə dərin problemlər yaşanıb. Tayvan hakimiyyəti həqiqi Çinin özləri olduğuna, bizim Çin kimi tanıdığımız yerin isə 1940-cı illərdə kommunistlər tərəfindən qəsb edildiyinə inanır. Maraqlıdır ki, Çin böyüdükcə, ABŞ da Tayvanı dəstəkləyir və silahlandırır. Çin yetkililərinin fikrincə, ABŞ-ın bu “tayvansevərliyi” sözügedən su hövzəsini Pekinin nəzarətindən çıxarmağa hesablanıb. Odur ki, ABŞ-ın regional dövlətləri, o cümlədən Tayvanı dəstəkləməsinə Cənubi Çin Dənizinə nəzarəti əldən vermək istəməyən Pekinin seyrçi qalması mümkün görünmür.


 
ABŞ admiralı Stiven Koehlerin bəhs etdiyi Spratli adasına gəlincə, Cənubi Çin dənizində bir çox böyük və kiçik adalar, qayalar və adacıqlar var. Ancaq bu adaların çoxu insan həyatı üçün uyğun deyil. Bölgədə yalnız Spratli və Parasel adaları qismən böyük adalar, daha doğrusu, arxipelaqlar sayılır.
 
Spratli arxipelaqının ən önəmli özəlliyi neft və qaz ehtiyatlarıyla zəngin olmasıdır. Dənizin ən çox enerji ehtiyatları bu bölgədə cəmləşib. Arxipelaq ətrafında 17,7 milyard ton neft və xeyli təbii qaz ehtiyatlarının olduğu təxmin edilir.

Arxipelaqın geostrateji əhəmiyyəti həm də bəzi sahildaş ölkələrin tam ortasında yerləşməsidir. Çindən başqa bu adalara Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney də iddia edir. Çin isə bu adalar arasındakı məsafələri sürəkli dolduraraq, öz ərazini genişləndirmək, dolayısıyla süni adalar yaratmaq yoluyla dənizin tamamını sərhədlərinə qatmaq istəyir.


 
Sual oluna bilər: Bəs, bölgədən xeyli uzaqda yerləşən ABŞ Cənubi Çin Dənizində nə axtarır?
 
Rəsmi Vaşinqton üçün Cənubi Çin Dənizinə müttəfiqlərini bəhanə gətirərək yiyələnmək təkcə Çinin iqtisadi baxımdan böyüməsinin qarşısını almaq məqsədi daşımır. Dünya ağalığını dənizlərə sahiblikdə görən ABŞ üçün qlobal dəniz ticarətinin ən böyük keçid məntəqəsi sayılan Cənubi Çin Dənizinə nəzarət həm də onun hərbi doktrinasından irəli gəlir. Vaşinqton bu imkanlarını itirərsə, dünyanın super gücü kimi özünü qorumaq vəsfini də əldən vermiş olacaq.
 
Məsələyə bu aspektdən yanaşanda ABŞ-ın 3 hərbi təyyarə gəmisinin Cənubi Çin Dənizinə göndərməsi həm Vaşinqton, həm də Pekin üçün həyati əhəmiyyət daşıyan bölgədə suların xeyli isinəcəyindən xəbər verir.

Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 941          Tarix: 12-06-2020, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma