Xəbər lenti

 
SOCAR-a məxsus “Petkim” və “Star” Neft Emalı Zavodu Türkiyənin səhiyyə sənayesi üçün lazım olan məhsulların istehsalına ciddi dəstək verib, nəticədə Türkiyənin həmin məhsulları idxal etməsinə ehtiyac qalmayıb. Bu məhsullar sayəsində istehsal olunan tibbi ləvazimatlar yardım olaraq başqa ölkələrə də göndərilib. Azərbaycan isə pandemiya dövründən ehtiyac duyduğu tibbi ləvazimatları Türkiyədən yardım kimi yox, satın alıb.
 
Ovqat.com xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin qardaş ölkənin Cümhuriyet” qəzetinə verdiyi açıqlamadan belə çıxır. 



Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, koronavirus pandemiyasının pik həddinin yaşandığı dövrlərdə tibbi yardım göndərilən 100-dən artıq ölkə arasında ABŞ, İngiltərə, İtaliya, İspaniya kimi dünyanın ən zəngin dövlətləri də var. Onlara yardım kimi göndərilən məhsulların Azərbaycana pulla satılmasının isə çox maraqlı səbəbi var. Xəzər İbrahim bu səbəbi belə izah edib: “Biz sadəcə, yardıma ehtiyac duymadıq. Ehtiyacımız olan ləvazimatları və tibbi məhsulları satın aldıq”.
 
Başqa sözlə, səbəb – “qurubəyliy”imiz imiş.


 
Bu “qurubəyliy”imizi haqlı olaraq “misli görünməmiş münasibətlər” adlandıran  səfir aldığımız məhsulların vaxtında Azərbaycana çatdırıldığı üçün Ankaraya təşəkkür etməyi də yaddan çıxarmayıb. “X.İbrahim ehtiyac duyduqları tibbi ləvazimatların idxalının vaxtında baş tutduğunu söyləyib, buna görə Türkiyənin aidiyyatı qurumlarına minnətdarlığını bildirib”,-qəzet belə yazır.
 
Səfirin açıqlamasını olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
 
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyir ki, Bakı Türkiyə ilə enerji sahəsində əməkdaşlığa yalnız ticarət kimi baxmır. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinə dəstək verir. Səfir Türkiyə-Azərbaycan əlaqələrini “misli görünməmiş” münasibətlər kimi qiymətləndirib. 


 
Xəzər İbrahim hesab edir ki, koronavirus pandemiyası dövründə ticarətdə azalma ilə bağlı proqnozlar olsa da, mövcud vəziyyət bəzi sahələrdə yeni fürsətlər də açır. “Pandemiya başladıqdan indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımaları təxminən 4 dəfə artıb”, - deyə o, bildirib.
 
Azərbaycanla Türkiyənin müdafiə sənayesi sahəsində birgə istehsal imkanlarını müzakirə etdiklərini deyən Xəzər İbrahimin sözlərinə görə, tərəflər arasında müvafiq razılaşma imzalansa da, hələlik Bakının Türkiyədən alacağı müdafiə sənayesi məhsullarının siyahısı tam bəlli deyil.
 
“Yardıma ehtiyac duymadıq”

Diplomat bildirib ki, iki ölkə arasında sıx əməkdaşlıq koronavirus pandemiyası dövründə də davam edib. Bu dövrdə hər iki ölkənin təxliyyə olunmaq istəyən vətəndaşlarının daşınması üçün qarşılıqlı uçuşlar həyata keçirilib. Bundan başqa, pandemiya dövründə Azərbaycan Türkiyədən tibbi ləvazimatlar da idxal edib. 


 Şəkildə: İngiltərəyə yardım

Bu dövrdə Türkiyə 100-dən çox ölkəyə yardım göndərib. Biz sadəcə, yardıma ehtiyac duymadıq. Ehtiyacımız olan ləvazimatları və tibbi məhsulları satın aldıq”, - deyə səfir qeyd edib. X.İbrahim ehtiyac duyduqları tibbi ləvazimatların idxalının vaxtında baş tutduğunu söyləyib, buna görə Türkiyənin aidiyyatı qurumlarına minnətdarlığını bildirib.
 
Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR-a məxsus “Petkim” və “Star” Neft Emalı Zavodu koronavirus pandemiyasının ilk dövrlərində Türkiyənin səhiyyə sənayesi üçün lazım olan məhsulların istehsalına ciddi dəstək verib, nəticədə Türkiyənin həmin məhsulları idxal etməsinə ehtiyac qalmayıb: ““Star” zavodunun istehsal etdiyi və çox uyğun qiymətə satdığı xammal sayəsində Türkiyə üçün vacib olan səhiyyə məhsulları burada istehsal olunur. Bu məhsullar yardım olaraq başqa ölkələrə də göndərilir və ya satılır”.


 


Xəzər İbrahim deyib ki, Bakı Türkiyə ilə enerji sahəsində əməkdaşlığa yalnız ticarət kimi baxmır. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinə dəstək verir. Enerji Bazarını Tənzimləmə Şurasının son məlumatına görə, Türkiyənin qaz idxalında əsas payın Azərbaycana məxsus olduğunu qeyd edən X.İbrahim təbii qazın qiymətilə bağlı heç zaman problem yaşamadıqlarını söyləyib. “Sizi əmin edə bilərəm ki, təbii qaz, neft və digər məsələlərdə heç zaman qiymət problemi yaşamamışıq. Belə problem olsaydı, Azərbaycan qazı Türkiyənin qaz istehlakında birinci yerdə olmazdı”, - deyə diplomat qeyd edib. (Yeri gəlmişkən səfirin diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan Türkiyənin ən çox qaz aldığı birinci yox, üçüncü tədarükçüsüdür. İlk iki yeri isə Rusiya və İran tutur – Ovqat.com).  


 

“Birgə istehsalı müzakirə edirik”
 
2020-ci il fevralın 25-də Azərbaycanla Türkiyə arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş imzalanıb. Sənədə əsasən, Ankara müdafiə sənayesi məhsullarının alınması üçün Bakıya 200 milyon TL qrant ayırmaq öhdəliyi götürüb. Ötən həftə isə Azərbaycan mətbuatında Azərbaycanın Türkiyədən  vertolyot və pilotsuz uçuş aparatları almağa hazırlaşdığına dair xəbərlər çıxıb.
 
200 milyon TL yalnız bir məhsulun qiyməti ola bilər. Bizim müdafiə sənayemiz üçün alınmalı olan məhsulların qiyməti 200 milyon TL-dən qat-qat artıqdır”, - deyə Xəzər İbrahim qeyd edib. Onun sözlərinə görə, bu mövzuda danışıqlar davam etdirilir: “Müdafiə sənayesi sahəsində təkcə Türkiyədən satınalmalar deyil, həm də birgə istehsal məsələləri müzakirə olunur. Türkiyə ilə Azərbaycan bu məsələdə əməkdaşlıq edəcək. Bunun üçün müvafiq görüşlər keçirilir”.


 
“Minsk qrupundan yeni heç nə gözləmirik”
 
Səfir Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildən bu yana əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. O, bu məsələdə Türkiyənin hər zaman Azərbaycanı beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini söyləyib. “Biz bu problemin beynəlxalq hüquq normaları əsasında həll olunmasını istəyirik. BMT Təhlükəsizlik Şurasının qərarları ortadadır – Azərbaycan ərazisi işğal altındadır və bu işğal son qoyulmalıdır”, - deyə X.İbrahim qeyd edib.
 
Qarabağ probleminin həllində vasitəçilik edən, ABŞ, Rusiya və Fransanın həmsədri, Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan diplomat deyib ki, artıq o, Minsk qrupu çərçivəsində aparılan danışıqlardan yeni nəsə gözləmir:Təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də köhnə rəhbərliyin səhvləri davam etdirir”.
 
“Misli görünməmiş münasibət”
 
Səfir ayrıca, Türkiyə-Azərbaycan münasibətlərindən də söz açıb. O, xatırladıb ki, tərəflərin imzaladığı ilk sənəd hələ 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanmış Batumi sazişidir. İyunun 4-də həmin sənədin imzalanmasının növbəti ildönümü tamam olub. İbrahim Türkiyə-Azərbaycan əlaqələrini “misli görünməmiş münasibətlər” kimi qiymətləndirib.


 
“Ədəbiyyat bizi daha da yaxınlaşdırır”
 
İki ölkə arasında mədəniyyət sahəsində də geniş əməkdaşlığın olduğunu deyən səfir hesab edir ki, Türkiyə-Azərbaycan münasibətləri digər türk dövlətləri üçün nümunə ola bilər. O, Türkiyə seriallarının Azərbaycanda böyük maraqla seyr edildiyini, bəzi teleseriallardakı azərbaycanlı personajların isə bu marağı daha da artırdığını söyləyib.
 
Dil amilinin önəmini vurğulayan səfir deyib: “Həm Türkiyədə, həm də Azərbaycanda dilimizin daha yaxşı anlaşılmasına çalışmalıyıq. Bu gün Anadolu türkcəsini Azərbaycanda daha asan başa düşürlər, nəinki, Türkiyədə Azərbaycan dilini. Bu işə ölkələrimizdə qarşılıqlı şəkildə ədəbi əsərlərimizin yayılması ilə kömək ola bilərik. Bunu tərcüməsiz etməliyik. Azərbaycanda Türkiyədən gətirilmiş kitablar çoxdur. Düşünürəm ki, Türkiyədə Azərbaycan dilində kitabları daha çox təbliğ etsək, bu işə kömək edə bilərik””.

________ 
P.S. Yeri gəlmişkən, səfirə onu da xatırlatmaq yerinə düşərdi ki, təmsilçisi olduğu dövlətdə rusdilli məktəblərin sayəsində gələcək nəslin önəmli qismi öz ana dilini bilmir. Öz ana dilinə bu cür ögey münasibət göstərən ölkənin ləhcəsinə qardaş dövlətlərdən daha böyük sayqı gözləmək ədalətsizlikdir. Məsələyə bu aspektdən baxanda Türkiyəlilər Azərbaycan dilini bizim bir çoxlarımızdan daha rahat başa düşür.
 


Ana səhifəyə qayıt        Baxış: 5 135          Tarix: 19-06-2020, 08:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma