Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Bu il iyunun 2-də yayılmış məlumata görə, İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqla işləyən birpilləli LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksinin növbəti sınağını uğurla başa çatdırıb. Bəzi xarici media orqanları isə səhvən guya İsrailin Azərbaycana 2018-ci ildə bu cür raketlər verdiyini yazır. Halbuki, onlar yalnız 2020-ci ildə sınaqdan keçirilib.
Ovqat.com xəbər verir ki, məlumatı İsrailin tanınmış media qurumlarından olan “THE JERUSALEM POST” yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı Ordu.az da 11 iyun 2018-ci il buraxılışında bənzər məlumat yaymışdı.(Mənbə: Azərbaycan İsraildən uzaq mənzilli ballistik raket aldı – LORA)
Elədirsə, 2020-ci ildə sınaqdan çıxarılan silah bundan iki əvvəl bizə necə satıla bilərdi?
“THE JERUSALEM POST-un “İsrail-Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq” sərlövhəli məqaləsində bu suala belə aydınlıq gətirilir:
“Bu məlumatı yayan media qurumları bildirir ki, “yeni raketlər bir neçə fərqli xüsusiyyətə malikdir. Bəlkə şirkət hələ yoxlanılmamış bu ölümsaçan silahları Ermənistanla döyüşən respublikaya məhz sınaqdan keçirilməsi məqsədilə göndərib?”
Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan İsraildən bu raketləri almış ilk və yeganə ölkədir. İki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi, hərbi-texniki tərəfdaşlıq isə etimadın və davamlı dialoqun ən yüksək səviyyədə olduğunu göstərir.
Bu gün Azərbaycanla İsrail kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki sahə daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edir. Bundan başqa, İsrail Azərbaycan neftinin əsas alıcılarındandır.
İsrailli mütəxəssislər uzun müddətdir Azərbaycanda müxtəlif sahələrdə çalışır. İsraildə cəmiyyətə yaxşı inteqrasiya olmuş böyük Azərbaycan icması da yaşayır və onlar burada ölkələrini ləyaqətlə təmsil edirlər.
LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksinə gəlincə, o, ilk dəfə 2004-cü ilin martında Aralıq dənizində uğurla sınaqdan keçirilib. Bu gün İsrail Ordusu bu silahdan müvəffəqiyyətlə istifadə edir. Lakin İsrailin onu guya sınaqdan keçirmədən Azərbaycana göndərdiyini bəyan etmək arsızlıq və sərsəmlikdir. Bununla yanaşı istənilən ölkənin Azərbaycana göndərdiyi hər bir silah istənilən halda Azərbaycan Silahlı Qüvvələrində ciddi sınaqdan keçirilir. Xatırlatmaq istəyirəm ki, İsrail hərbi-sənaye kompleksinin peşəkarlardan ibarət ciddi komandası var. Qurum İsrail Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərir.
Bugünkü Azərbaycan Ordusu isə qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Unutmayaq ki, müasir müharibədə daha müasir silahlara sahib tərəf qalib gəlir.
Azərbaycanla İsrail arasında əlaqələr müxtəlif sahələrdə sıx əməkdaşlıq sayəsində 20 ildən çoxdur ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdəndir. Bununla yanaşı, Avrasiyada heç bir ölkənin İsraillə əlaqələri Azərbaycanla olduğundan daha sıx və səmimi deyil. Bunun səbəblərindən biri Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasındakı qədim dostluq əlaqələridir.
Bu gün Azərbaycan güclü müstəqil dövlətdir. O, geosiyasi və geoiqtisadi nöqteyi-nəzərdən Cənubi Qafqazın lideridir. Bakı Ankara və ya Tehran kimi qonşularının xarici siyasətindən asılı olmayaraq, çoxşaxəli, fəal xarici siyasət yürüdür. Odur ki, İsraillə Azərbaycan bütün mümkün geosiyasi maneələrə rəğmən, güclü, sarsılmaz əməkdaşlıq qura bilib.
Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu 2016-ci ilin dekabrında Bakıya rəsmi səfəri zamanı iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirmişdi: “Hazırda dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Azərbaycanda isə müsəlmanlarla yəhudilər arasında əlaqələrin necə ola, necə qurula biləcəyinin nümunəsini görürük”.
Hər halda, Azərbaycan təkcə İsrailin müsəlman aləmindəki müttəfiqi və strateji tərəfdaşı deyil, həm də konfessiyalararası və xalqlararası tolerantlıq nümunəsidir.
Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycan zərdüşt, xristian və yəhudi icması daxil olmaqla, bir sıra başqa etnik və dini qrupların vətənidir. Milli azlıqlara hörmət və dözümlülük bu ölkənin inkişafında Böyük İpək Yolu dövründən zəmanəmizə qədər mühüm rol oynayıb.
Bir çox xalqdan və dövlətdən fərqli olaraq, azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib. Azərbaycandakı yəhudi icmasısının bu ölkənin inkişafında mühüm rol oynadığını isə çox az adam bilir.
Bir İsrail vətəndaşı kimi, qürurla deyə bilərəm ki, Azərbaycan rəhbərliyi ölkədə yaşayan yəhudi icmasının ənənələrinə böyük hörmətlə yanaşır, onunla hərtərəfli əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin himayəsi ilə ölkədə 2 sinaqoq və Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi fəaliyyət göstərir.
Yeri gəlmişkən, Qırmızı qəsəbədə təxminən 3 aya dağ yəhudiləri muzeyinin açılacağı gözlənilir. Qırmızı qəsəbə yəhudilərin yığcam şəkildə yaşadığı unikal məkandır. Yəhudi icması əsrlər boyu burada – müsəlmanların əhatəsində yaşayıb və çiçəklənib.
Qırmızı qəsəbə ölkənin şimalında yerləşir. Azərbaycanın qürur mənbəyi sayılan bu qəsəbə İsraillə ABŞ-dan sonra, dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir.
Bir sözlə, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlini təşkil edir. İsrail dövləti bu ölkə rəhbərliyinin yəhudi icmasına münasibətini yüksək qiymətləndirir. Aydındır ki, iki xalq arasında hörmət və əməkdaşlıq ənənələri olmasaydı, İsraillə Azərbaycan sıx ikitərəfli əlaqələr qura bilməzdi. Odur ki, bu iki dövlət, o cümlədən azərbaycanlılarla yəhudilər arasında münasibətlər yalnız ikitərəfli maraqlar çərçivəsində izah edilə bilməz. Onların bugünkü münasibəti ümumi dəyərlərə və tarixə əsaslanır. Hər iki ölkənin cəmiyyətində müxtəlif insanlar arasında geniş əlaqələr var. Bu gün həm Azərbaycanda, həm də İsraildə müxtəlifliyin, dini tolerantlığın hökm sürdüyü cəmiyyət formalaşıb.
Azərbaycan hər zaman göstərib ki, harmoniya mümkündür, problemlərisə mübahisəsiz, zorakılığa yol vermədən aradan qaldırmaq olar.
Arye Qut
THE JERUSALEM POST, İsrail
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar