Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Türkiyənin BOTAŞ şirkəti Naxçıvan MR ilə Türkiyə arasında çəkilməsi planlaşdırılan qaz kəmərinin tədqiqat və mühəndislik işlərini həyata keçirəcək üçün tender elan edib.
Ovqat.com-un məlumatına görə, tenderin iyul ayının 2-də saat 14-də keçirilməsi planlaşdırılır.
BOTAŞ-ın elanına əsasən, qaz kəməri 82 km uzunluğunda və 12 düym diametrində olacaq. Tenderin qalibi qarşısında qoyulan əsas şərtlərdən biri də boru xəttini 150 iş günü müddətində çəkib təhvil verməkdir.
Qeyd edək ki, bundan əvvəl BOTAŞ tenderin 30 iyun tarixində keçirilməsini elan etmişdi. Elan olunan vaxta 15 gün qalmış tender qeyri-müəyyən tarixə ertələnmişdi. Üzərindən bir neçə gün keçəndən sonra növbəti tenderə start verildi və onun keçirilmə tarixi ilk tenderdən cəmi 3 gün sonraya çəkildi.
Boru xəttinin çəkilməsində 3 günlük təxirə salmanın səbəbləri barədə hər hansı rəsmi açıqlama verilməsə də, 2 tender şərtləri arasında diqqət çəkən bir fərqli nüans bəzi mətləblərə aydınlıq gətirəcək mahiyyətdədir. Zira ilk tender şərtlərində boru xəttinin 270 iş günü müddətində çəkilməsi nəzərdə tutulurdu. İndiki şərtlərdə isə bu müddət 150 iş gününə endirilib. Yəni çəkilmə möhləti 120 iş günü, iş həftəsinin 5 gün olduğunu nəzərə alsaq, 210 gün irəli çəkilib.
Bəs, bu tələskənliyin səbəbi nə ola bilər?
Xatırladaq ki, Naxçıvan bu zamana qədər öz qazını svop əməliyyatları əsasında İrandan alırdı: Azərbaycan bunun üçün İrana qaz verir, İran isə onun 85%-ni Naxçıvana ötürürdü. Qalan 15%-ni isə tranzit haqqına çıxırdı. Halbuki, dünya təcrübəsində tranzit xərcləri 5%-dən yuxarı deyil. Görünən budur ki, Naxçıvanın çətin vəziyyətindən faydalanan İran yumurtadan “yun qırxmaq” fürsətini fövtə vermək istəmirdi.
2006-cı ildən başlayan bu svop əməliyyatları dəfələrlə Azərbaycanla İran rəsmiləri arasında müzakirələrə səbəb olsa da, rəsmi Tehran müxtəlif bəhanələrlə geri addım atmırdı. Nəticədə rəsmi Bakı 2010-cu ildə Türkiyə ilə İğdırdan Naxçıvana qaz kəməri çəkilməsi barədə anlaşma memorandumu imzalamaq məcburiyyətində qalmışdı. Di gəl ki, Türkiyə son 10 ildə bu memorandumu həyata keçirməyə tələsmir, prosesi indiyədək uzadırdı.
Mütəxəssislər bunun səbəbini Türkiyənin İrandan qaz almasıyla əlaqələndirirlər. Ötən ilə qədər Türkiyənin şərq vilayətlərinin qaz tələbatını ödəyən İran xüsusilə qış aylarında bu öhdəliyini “unudur” və Ankaranı çətin vəziyyətə qoyurdu. Başqa sözlə desək, özünün qaza ciddi ehtiyacı olan Türkiyə Naxçıvana mavi yanacaq verəcək qüdrətdə deyildi. Ən əsası isə Türkiyənin İrandan aldığı qazı Naxçıvana verməsi rəsmi Tehran tərəfindən xoş qarşılanmaya və iki dövlət arasında mübahisələrə yol aça bilərdi. Belə anlaşılır ki, enerji təchizatı baxımından indiyədək İrandan asılı olan Ankara sürprizlə qarşılaşmaq istəmirdi.
Bu ildən etibarən isə Türkiyə alternativ qaz mənbələri tapması nəticəsində İrandan enerji asılılığından xilas oldu. Üstəlik, İran-Türkiyə qaz xətti də PKK hücumlarına məruz qalaraq sıradan çıxdı. Nəticədə, son zamanlar ABŞ, Əlcəzair, Qətər kimi dövlətlərdən daha ucuz qiymətə sıxışdırılmış qaz alan Türkiyənin üçün onsuz da problemli olan İran xəttini bərpa etmək kimi dərdi qalmadı. Baxmayaraq ki, iki dövlət arasında bağlanan qaz müqaviləsi “almasan da ödəyəcəksən” prinsipinə əsaslanır. Fəqət İranın dəfələrlə qış aylarında öz öhdəliyini yerinə yetirməsi Türkiyəyə müqavilələrdən geri çəkilmək haqqı verir. Digər tərəfdən müqavilələrin müddəti də bir neçə aydan sonra bitir və gələn ilə qədər yenilənməsi lazımdır. Türkiyənin alternativ qaz mənbələrinə yönəlməsi və daha ucuz qiymətə qaz alma fürsətinin doğması isə İranla əməkdaşlığa son qoymasına zəmin yaradır.
Təsadüfi deyil ki, Türkiyə prezidentinin son Bakı səfərində masaya yatırılan məsələlərdən biri də Naxçıvana qaz kəmərinin çəkilişi idi. Fevral ayında gerçəkləşən səfər zamanı R.T.Ərdoğanın dilindən səsləndirilən bu məlumat yaxın günlərdə Naxçıvan MR-ın qaz tədarükünü şaxələndirəcəyindən və tədricən enerji sahəsində İran asılılığından qurtulacağından xəbər verir.
Türkiyədən Naxçıvana qaz nəqlini şərtləndirən digər amil İranla ABŞ arasında ziddiyyətlərin getdikcə artmasıdır. Baxmayaraq ki, həm Azərbaycan, həm də Türkiyə bu məsələdə regional maraqlarından çıxış edir və açıq şəkildə ABŞ-ın İrana basqılarına qınayır, bununla belə, onların gözlənilən hərb ssnerasinə hazırlaşması və bəzi önəmli tədbirlər alması da günün tələblərindəndir.
ABŞ-da ilin sonunda keçiriləcək prezident seçkilərindən sonra Yaxın Şərqdə qorxunc ssenarilərin reallaşma ehtimalını da İğdır-Naxçıvan qaz xəttinin çəkilməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirmək olar. Məlumdur ki, ABŞ-da prezident seçkiləri 3 noyabr tarixində keçiriləcək. Seçki qalibinin tam məlum olması qışın oğlan çağlarına düşəcək. Gözlənilən İran-ABŞ hesablaşması da bu zaman başlaya bilər. Naxçıvan qışının soyuq keçdiyini nəzərə alsaq, məlum hesablaşma zamanı gözlənilən hər hansı qaz kəsintisi bölgə əhalisini ciddi sıxıntıya sala bilər və bu ehtimalı gözardı etmək olmaz.
270 iş günü kimi bir ildən artıq zamanı nəzərdə tutan ilk tenderin ləğv olunub müddətin 7 aya çəkilməsi bu mənada təsadüfi görünmür. Mümkündür ki, məqsəd həm də gələn ilin ilk aylarına qədər Naxçıvanı ABŞ-İran xəttində yaşana biləcək qış sürprizlərindən qorumaq olsun.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar