Xəbər lenti


 
DTX-nın XİN-dəki əməliyyatları ilə bağlı Ədalət partiyasının sədr müavini Heydər Oğuzun “Azinforum”-a müsahibəsini təqdim edirik.
 
-Heydər bəy, dünəndən DTX XİN-də əməliyyata başlayıb. Bu əməliyyatı necə qiymətləndirirsiniz?
 
-Yadınızdadırsa, bir müddət əvvəl Xarici İşlər naziri DTX-ya müraciət edəndə mən bunu Nizami Gəncəvinin məşhur beytinə bənzətmişdim: “Ovçunun oylağına körpə şikar gəlmiş idi”. Yəni ov öz ayağıyla ovçunun oylağına təşrif buyurur. Mahir ovçu bu fürsəti fövtə verməz. DTX da öz işində nə qədər mahir olduğunu dünənki əməliyyatı ilə sübuta yetirdi. XİN-də aparılan əməliyyatı eşidəndə isə Cənubi Azərbaycan şairi Əbülqasim Nəbatinin məşhur şeirini xatırladım:
“Səba, məndən söylə, o gülüzara,
Bülbül gülüstana gəlsin, gəlməsin?
Bu nizam-tərəzi, bu haqq aşiqi
Qapına dərmana gəlsin, gəlməsin?”
 
- Axı deyəsən, şeir bir az başqa cürdür: 
“Bu həsrət düşkünü, illər xəstəsi
Yanına dərmana gəlsin, gəlməsin”...
 
-Bilirəm. Orjinalı DTX-ya yapışmadığı üçün, mən onu bir az təhrif elədim. 
 
-Niyə məhz bu şeir?
 
- Çünki DTX-nı adamın özü çağırmışdı, DTX da bir müddətdən sonra onun arzusunu yerinə yetirib əməliyyata başladı. Əməliyyat başlayan an Elmar müəllimin yanında olsaydım, qulağına mütləq belə pıçıldayardım; nə deyirsiniz, Elmar müəllim, “bülbül gülüstana gəlsin, gəlməsin”? 
Bilirsinizmi, bu qədər fırıldağın, korrupsiyanın içərisində boğulasan, bir də xəcalət hissi keçirmədən DTX-nı imdada çağırasan. Adama nə deyərlər? Sən niyə insanları səni tənqid etdikləri üçün kəşfiyyat orqanları ilə qorxutmalısan? Əgər içi mən qarışıq, irəli sürdüyümüz ittihamlarda yalan, iftira varsa, buyur, məhkəməyə ver. Məhkəmə kimin haqlı, kimin haqsız olduğuna qərar versin. Elmar Məmmədyarov isə 330 illik maaşı qiymətinə Nyu-Yorkda aldığı evin pulunu hardan əldə etdiyinə aydınlıq gətirmək əvəzinə, ondan hesabat istəyənləri məhşər ayağına çəkməklə hədələyir. Bax, əsl özbaşınalıq budur. Dövlətin təhlükəsizlik orqanlarını özünün şəxsi mühafizəçisi saymaq DTX-ya olduğu kimi, dövlətə də kəm baxmaqdır. Yeri gələndə bu düşüncə tərzi qarğa ömründən uzun zaman ərzində qazanacağın pulu oğurlamaqdan daha betər qəbahətdir. Çünki bu oğruluqlar, korrupsiya əməlləri həmin harınlaşmış anlayışdan, xəstə zehniyyətdən doğur. İllərlə cəzasızlıq mühitində yaşamağın nəticəsidir ki, qarşılarında gördükləri kapitalı özlərinin dədə malı bilib necə gəldi xərcləyiblər. Bu, xərcləmək də deyil, çırpışdırıblar, oğurlayıblar. İndi də utanmadan DTX-dan imdad diləyirlər.  Sözsüz ki, pisliyi doğuran səbəb daha pisdir və ilk növbədə həmin səbəb cəzalandırılmalıdır ki, bənzər eybəcər nəticələr ortaya çıxmasın. Nə isə, mən bu barədə çox danışmaq istəmirəm. Zatən ötən müsahibəmizdə bu mövzuyla bağlı fikrimi bildirmişəm. 
DTX-nın keçirdiyi əməliyyata gəlincə, təbii ki, onların bu işini alqışlayıram. Ümumiyyətlə, DTX strukturunda aparılan son kadr dəyişikliyindən sonra bu qurumun müsbət fəaliyyəti açıq-aşkar şəkildə özünü büruzə verir. Bu faktı danmaq nankorluqdur. Əli Nağıyevin rəhbərliyi altında DTX əvvəlki kimi siyasi müxalifət ovuyla məşğul olmur. Dövləti içindən gəmirən “ağac qurdlarını” zərərsizləşdirir. Açığını desəm, əslində “ağac qurdlarıyla” mübarizə yarpaqların üzərində gəzişən tırtırlarla mücadilədən daha faydalıdır və ağacı əsl təhlükələrdən qoruyur. Mən bu baxımdan korrupsioner məmurları “ağac qurduna”, hakimiyyətə qarşı məhdud imkanlarla mübarizə aparan müxalifləri isə yarpaq tırtırlarına bənzədirəm. Tırtırların ağaca çox zərəri olmaz. Əksinə yapraqları yeyib seyrəltdiklərindən bəzən meyvələrin daha yaxşı günəş şüası almasına və inkişafına yol açarlar. Ağac qurdları isə zamanında məhv edilməsələr, ağacın özü quruyar. Baxmayaraq ki, Azərbaycanda ağac qurdları ilə tırtırlar bir-birinə qarışıb. Kimin tırtır, kimin qurd olduğunu ayırd edə bilmirsən. Əksər hallarda tırtırlar ağac qurdlarının çöldəki uzantılarına daha çox bənzəyirlər. Bir növ onların quyruğudurlar. Amma təcrübələr sübut edir ki, istənilən zərərvericilərə qarşı mübarizədən zərbəni quyruğa yox, başa endirərlər. Yəqin siz də görmüsünüz, kərtənkələni quyruğundan tutanda o, rahatlıqla ikiyə bölünür; quyruq sənin əlində qalır, özü isə qaçıb canını qurtarır. DTX-nın fəaliyyətə korrupsioner məmurlarla başlanması bu baxımdan təqdirəlayiqdir. XİN əməliyyatı da sübut edir ki, bu qurumun hədəfi quyruq deyil, başdır. Üstəlik, siz də əmin ola bilərsiniz ki, ağac qurdları təmizləndikcə, tırtırlar da ortadan qalxacaq. Hətta yenə öz fəaliyyətlərini davam etdirsələr belə, onların sözlərinin çəkisi qalmayacaq. Bu mübarizələr genişlədikcə və daha dərinlərinə doğru irəlidikcə, dövlət ağacımızın da ağrıları azalacaq və bu ağacın gövdəsi olan xalqın da ayaqda dayanmaq gücünü artıracaq. Hesab edirəm ki, DTX-nın apardığı bu əməliyyatlar xalqla hökumət arasında illər boyu qəsdən yaradılmış qopuqluqları da aradan qaldıra bilər. Təbii ki, davamı gəlsə...
 
-İstər DSX-də, istərsə də Mədəniyyət Nazirliyində aparılan əməliyyatlarda strukturun başında duran adamlar yox, ikinci dərəcəlilər zərərsizləşdirildi. XİN-də də indiyədək göz altına alınanlar ikinci dərəcəli şəxslərdir. Bu, sizin “ağac qurdları” mülahizələrinizlə tərs düşmürmü? Sizcə, Azərbaycanda niyə başla yox, gövdəylə uğraşırlar?


 
-Haqlı sualdır. Mən sizin arqument kimi səsləndirdiyiniz bu faktlara başqalarını da əlavə edə bilərəm. Bilirsiniz ki, bir neçə il əvvəl keçmiş MTN-də və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bənzər əməliyyatlar keçirilmişdi. Həmin əməliyyatlar zamanı həbs edilənlər də ikincilər oldular. Eldar Mahmudova, Əli Abbasova isə toxunulmadı. Bir çoxları Eldar Mahmudovun toxunulmazlığını onun əlindəki çoxsaylı kompromatlarla, hansısa kasetlərlə izah etdirlər. Dünyada mümkün olmayan heç nə yoxdur. Amma açığını deyim, mən bu versiyaya inanmıram. Bunun ən bariz sübutu Əli Abbasovun da, Əbülfəs Qarayevin də, Elçin Quliyevin də həbs olunmamasıdır. Elçin Quliyevi bir kənara qoyuram, deyək ki, onun əlində hansısa silahlı qüvvə var. Əli Abbasovdan, Əbülfəs Qarayevdən, Misir Mərdanovdan da qorxurlar? 
Məncə, birincilərə toxunulmamasının səbəbi başqadır. Bunun əldəki kompromatlarla əlaqəsi yoxdur. Bilirsinizmi, istənilən problemə qarşı bir neçə mübarizə metodu var. Bunları əsasən 3 kateqoriyaya bölmək olar: Yumşaq, sərt, bir də bu ikisinin arasında olan mötədil. Yəni nə yumşaq, nə də sərt. Azərbaycan hakimiyyəti öz içindəki ağac qurdlarına qarşı mötədil və ya yumşaq mübarizəyə üstünlük verir. Problemi yaradan səbəbləri qurutmağa çalışır və bununla öz vəzifəsini tamamlamış hesab edir. Odur ki, sözügedən nazirlik və idarələrdə “qara qutuları” götürür, strukturların rəhbərlərinə isə toxunmur. Onları hər zaman kəsilməyə hazır qurbanlıq kimi saxlayır. Potensial qurbanlıqlar təhlükəni hər an boyunlarının arxasında hiss etdiklərindən yaşayan meyitlərə çevrilirlər. Doğrumu edir? Əlbəttə ki yox. Xüsusilə ona görə ki, yarpaq tırtırlarına qarşı ən amansız mübarizə aparıldığı halda, daha təhlükəli olan ağac qurdlarına bu qədər yumşaq davranmaq ilk növbədə ədalətə sığmır. İkinci növbədə isə cəzasızlıq mühitini qidalandırır. Digər strukturların rəhbərləri də bundan nəticə çıxarıb “uzaqbaşı bizi işdən çıxaracaqlar” deyərək talançılıqlarına davam edirlər. Məhz bu səbəblərdən birincilərə qarşı yumşaq davranılmasını düzgün hesab etmirəm. 
 
-Bəziləri bu təmkinin arxasında xarici təzyiqlərin dayandığını düşünürlər. Yəni həmin kadrlar hansısa dövlətlərin “5-ci kolonu” olduğundan Azərbaycan hakimiyyətinin onlara toxuna bilmədikləri bildirilir...
 
-Ola bilər. Mən bu versiyanı istisna etmirəm. Bilirsinizmi, Azərbaycan hökuməti həqiqətən də xarici dövlətlərin basqılarına məruz qalr və bir çox siyasətləri bu səbəbdən həyata keçirə bilmir. Ötən illərdə bunu Azərbaycanın Avropa Birliyindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da etiraf etmişdi. O, Qərb ölkələrinə ünvanladığı müraciətində Azərbaycanı səndviçə oxşatmışdı; yəni həm altdan, həm üstdən sıxılan bir varlığa. Bu yaxınlarda Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da arpel döyüşlərini dayandırmağın səbəbini Rusiyadan gələn təzyiqlə əlaqələndirmişdi. Bir çoxları Zakir Həsənovun bu etirafını qürrələnmə kimi başa düşmüş və sərt tənqid etmişdi. Zakir Həsənovun açıqlaması da bu yöndə idi. Amma mənə elə gəlir ki, Müdafiə nazirinin həmin faktı dilə gətirməkdə məqsədi qürrələnmək yox, Dağlıq Qarabağla bağlı xalqa hesabat vermək zərurətindən doğmuşdu. Axı o, nazirdir. Açıq şəkildə deyə bilməz ki, bizə ruslar imkan vermir ki, Dağlıq Qarabağı işğaldan azad edək. O da bu həqiqəti başqa üslubda nəzərə çatdırmışdı. Mən inanmıram ki, Müdafiə naziri öz torpağını azad etməkdən danışarkən başqa bir dövlətin xahişini nəzərə almağa yaxşı hal kimi baxsın. O da bunun səhv olduğunu bilirdi. Amma xalqa hesabat vermək və əsl düşməni göstərmək üçün söz manevri etmişdi. Bilirsinizmi, mən də özümə görə söz adamıyam. Sözdəki manevrləri, daha doğrusu söz oyunlarını tuta bilirəm.
 
-Təbii. Buna inanıram. Kaş ki, Xarici İşlər naziri də sözü tutmaq qabiliyyətinə malik olaydı. Neçə müddətdir ki, onun ətrafında ciddi müzakirələr gedir. XİN-də keçirilən bu əməliyyat sanki çoxdandır ki, “gəlirəm” deyirdi. Elmar Məmmədyarov isə istefa vermək barədə heç düşünmədi də. Sizcə, nəyə güvənirdi?
 
-Elmar Məmmədyarovun kiməsə və ya nəyəsə güvəndiyi inkaredilməz həqiqətdir. Adam 16 ildir ölkənin Xarici İşlər naziridir. Mən bir dəfə yazmışdım; heç diplomatiyanın atalarından sayılan Taleyran belə bu qədər xarici işlər naziri olmayıb. Üstəlik, Elmar müəllimin beş quruşluq danışmaq qabiliyyəti də yoxdur. DTX-ya müraciətində sübut olundu ki, düşünmək qabiliyyəti də nitqindən fərqli deyil. Bu qədər bərbad durumda olan adam 16 il nazir işləyirsə, deməli arxasında hansısa böyük güc var. Yəqin ki, bu güc xaricdədir. Bununla belə, Elmar Məmmədyarov kimdir ki, öz xoşuyla istefa ərizəsi yaza. Ona gərək icazə verəydilər. Görünür, onun əməliyyata qədər kreslosunda oturması məsləhət bilinib. Əməliyyatdan sonra yəqin ki, haqqında ölçü götürərlər. Məndən soruşsanız, Elmar müəllimi digərləri kimi kreslosundan uzaqlaşdırmaq azdır. Onu ölkənin xarici simasını bu hala gətirdiyi üçün həbs etmək lazımdır. Çünki tövbənin də bir qəbul olunma müddəti var. Allah Tala Quranda bildirir ki, Firon ömrünün son anında tövbə etsə də, bu istəyi qəbul olunmayıb. Ona görə ki, tövbəetmə zamanı bitmişdi. Son onda çarəsizlikdən edilən tövbələr Allah qatında belə keçərli deyil. Elmar Məmmədyarov da tövbə haqqından faydalanmaq mərhələsini çoxdan keçib. Firon kimi son anını yaşayır. Mən əlbəttə siyasi baxımdan deyirəm. Fizioloji olaraq, Allah ona 330 il ömür versin ki, Nyu Yorkdakı malikanələrini necə aldığını nəvələrinə, nəticələrinə və kötücələrinə sübut edə bilə. Çünki ABŞ-da yalan danışmaq da günahdır, oğru olmaq da. Elmar Məmmədyarov bundan sonra Nyu Yorkdakı nəvələrinə ya yalan danışmalıdır, ya da oğru olduğunu deməlidir. Hər iki vəziyyətdə nəvələrinin onun üzünə hörmətlə baxacağını düşünmürəm.
 
-Sizin mətbuatda tez-tez qaldırdığınız məsələlərdən biri də səfirlərlə bağlıdır. Sizcə, DTX-nın başlatdığı bu əməliyyat səfirlərə qədər uzana bilərmi?
 
-Bu suala cavab verəcək ünvan mən deyiləm. Mən sadəcə öz mülahizələrimi yürüdə bilərəm. Apardığım araşdırmalara, müşahidələrimə və media qurumlarından oxuduqlarıma görə, Azərbaycanın diplomatik korpusunun böyük hissəsi çirkabın içindədir. Adamlar diplomatik fəaliyyət əvəzinə, bizneslə məşğul olurlar. Biznesmen anlayışıyla diplomatik anlayış bir-birindən köklü sürətdə fərqlənir. Biznesmen pula, həqiqi diplomat dövlətinə sitayiş edər. Dövlət maraqları üçün ölümü belə gözə alar. Bilirsiniz ki, diplomatik fəaliyyətlərin əsası qədim dövrlərdə şahların digər şahlara göndərdiyi elçilərə qədər uzanır. Qədim dövrlərdə bu insanlar şahların ən yaxın adamları arasından seçilirdilər. Onlar diplomatik səfərə çıxanda ölümlərini belə gözə alırdılar. İndisə bizdə “papalarının gül balaları” səfir təyin olunurlar. Yadınızdadırsa, bir müddət əvvəl Azərbaycan səfirlərindən birinin təmsil olunduğu ölkənin rəhbərinə göndərilən çox bahalı xalçanı satıb özünə ev aldığını yazmışdıq. Söhbət hardasa 500 min avroluq xalçadan gedirdi. Səfir başqa mətbu orqanlara çıxıb əsdi, çoşdu. Bizi məhkəməyə verəcəyi ilə hədələdi. Sonra isə sükuta qərq oldu. Sizcə, niyə? Çünki məhkəmə prosesində xırd etdiyi xalçanın, deyək ki, 500 min avro deyil, 450 min avro olduğunu sübuta yetirə bilərdi. Xalçanın taleyinə isə aydınlıq gətirə bilməzdi. “Mənə elə bir xalça verilməyib” də deyə bilməzdi. Çünki ölkə rəhbərliyi məhkəmədə olmasa belə, kənarda ondan həmin xalçanın hesabını sorardı. Üstəlik, bu ilk belə hadisə deyil. Azərbaycanın digər bir səfiri krala göndərilən kürünü yediyi üçün işdən azad olunmuşdu. Utanıb-qızarmadan bir də hələ Xarici İşlər nazirini guya hücumlardan qorumaq üçün ortaya atılmışdı. Bilirsinizmi niyə? Çünki həmin Elmar Məmmədyarov oğru səfirə yenidən başqa ölkəyə göndəriləcəyinə dair söz vermişdi. O da nazirə qahmar çıxmaq üçün gəlib buynuzunu çomağa sürtürdü. İndi niyə səsi çıxmır həmin eks-səfirin? Ortaya çıxsın, yenə naziri müdafiə etsin? Niyə etmir? Çünki, məsəli DTX-dan uzaq, “oğrunun yadına daş salmaq istəmir”. Hanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva? Niyə çıxıb DTX-ya demir ki, siz nə üçün Elmar Məmmədyarovun şəxsi məsələlərinə qarışırsınız? Mən anlaya bilmirəm, eyni iddia bizim tərəfimizdən irəli sürüləndə şəxsi məsələ olur, DTX əməliyyat keçirəndə dövlət məsələsinə çevrilir? Leyla xanım son vaxtlar tez-tez Operativ Qərargahın sözçüsü kimi çıxış edir. Açığını deyim ki, indiki stutusu ona daha yaxşı yaraşır. Ən azı ona görə ki, batan gəmidə qalmağa dəyməz. Üstəlik, Elmar Məmmədyarov da bu fədakarlığa layiq insan da deyil. Ağıla, məntiqə uyğun olmayan fəaliyyəti ilə Leyla xanımı çətin vəziyyətdə qoyurdu. Özü oturub kabinetində mürgələyir, Leyla xanım isə onun əvəzinə cavab verirdi. Yeri gəlmişkən, adam 16 ildir Azərbaycan XİN-ə rəhbərlik edir. İndiyədək zəhmət çəkib Azərbaycan dilində danışmağı da öyrənməyib. Öz ana dilinə bu qədər laqeyd olan insandan nə fayda gözləmək olar?
O ki qaldı səfirlər məsələsinə, mən açıq deyirəm, hökumətin yerinə olsam, ən azı 25-30 səfiri geri çağıraram. Bilirsiniz yəqin, Azərbaycanın cəmi 57 ölkədə səfirliyi var. Mənim dediyim rəqəm diplomatik korpusun yarısı deməkdir. Bundan əlavə, ölkəmizin Türkiyədəki, Təbrizdəki, Gürcüstandakı konsullarını da geri çağırardım. Xüsusilə, Türkiyə və Təbrizdəki. Çünki bilirsiniz, İrandakı konsulluğumuz Azərbaycanın ikinci paytaxtı sayılan Təbrizdə yerləşir. Qoca bir kişini aparıb qoyublar ora. O da Təbrizdə oxuyan uşaqları belə, narazı salmışdı. Halbuki Təbriz diplomatik baxımdan ən strateji əhəmiyyətə malik yerdir. Orda biz həm də cənublu qardaşlarımıza örnək olmalı, onlar üçün model dövlət sunmalıyıq. Azərbaycan ən qabiliyyətli diplomatını Təbrizə göndərməlidir. Məsələn, Eldar Həsənov kimi. Sizi inandırım, Eldar Həsənov Təbrizdə baş konsul olsa, Cənubi Azərbaycan çoxdan müstəqilliyinə qovuşmuşdu. İndiki konsul ( adı da qəribədir, nəsə yadımda qalmır) isə nəinki cənubluların, hətta orda oxuyan tələbələrimizin də gözləntilərini doğrultmur. Mən Türkiyədəki diplomatik nümayəndələrimiz barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Təbriz konsulumuzdan fərqli olaraq onları heç diplomat da adlandırmaq mümkün deyil. Onların adını mən Şəngülümlər qoymuşam. Çünki Şəngülüm kimi əsl analarının – vətənlərinin kim olduğunu unudublar. Özlərini Türkiyə vətəndaşı kimi aparırlar.

Çinarə Seyidova


Ana səhifəyə qayıt        Baxış: 6 332          Tarix: 5-07-2020, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma