Xəbər lenti
Dünən, 19:25

Şəkildə: Naxçıvanskilərin gerbi


 

Azərbaycanın qədim tayfalarından olan Kəngərlilərin tarixi xeyli qədimdir. Bəzi tədqiqatçılar bu tarixi bəşər sivilizasiyasının başlanğıcına qədər götürürlər. Səbəb isə bir çox tarixçinin “tarixin başlanğıcı” hesab etdikləri Şumerlərin yazılı mətnlərdə özlərini “Kəngər” adlandırmasıyla əlaqədardır.  

Mənbə: http://www.arkeotekno.com/pg_346_sumer-kenger-ve-orhun-anitlari
 
Ən qədim türk tayfalarından olan Kəngərlilər bu gün də Naxçıvanda yaşamaqdadırlar. Onlar arasından çox saylı generallar, elm xadimləri, siyasilər çıxıb. Tarixi araşdırmaçı, şərqşünas alim Nail Əliyevin qələmə aldığı Kəngərlilər-hərbçilər nəsli sərlövhəli məqaləsi də bu qədim Türk tayfasından bəhs edir. 
 
Tariximizə işıq  tutan məqaləni Ovqat.com oxucularına təqdim edirik.


Nail Əliyev

İlk öncə onu demək gərəkdir ki, "Naxçivanski" soyadlı generalların mənsub olduqları konkret nəslin daşıdığı ilkin soyad məhz "Gəngərli" olmuşdur. Tariximizdən bəllli olduğu kimi, Kəngərlilər qədim türk tayfalarına mənsubdurlar. Məxəzlərin şəhadətinə görə, onların varlığı barədə ilk məlumatlar eramızın əvvəllərinə təsadüf edir. Onların indiki Naxçıvan MR ərazisində elə həmin dövrlərdən yaşadıqları barədə bilgilər var. Onlar Səfəvilər dövründə böyük nüfuzu olan ustaclı tayfa birliyinin tərkibində olmaqla, ölkənin siyasi həyatında fəal iştirak etmişlər. Əsasən Naxçıvan bölgəsində məskunlaşmış olan Kəngərli tayfasının bir sıra qolları və tirələri sonralar Nadir şaha itaətsizlik göstərdiyinə görə imperiyanın şərq bölgəsi sayılan Əfqanıstana köçürülmüşdürlər.

   Bölgədə sayları azalsa da, 18-ci əsrin ortalarında əvvəlkidək bir sıra qollar və tirələr halında yaşayan Kəngərlilərin bir qismi xanlıqlar dövründə Qarabağa köçmüşdü. Onlar harada yaşamışlarsa, oranın toponimikasına öz möhürlərini vurmuşlar. Düzən Qarabağın indiki Ağdam və Tərtər rayonlarındakı Kəngərli kəndlərinin adı onlarla bağlıdır. Məsələn, Ağdamın rayonunda-Xaçınçayın sol sahilində, Bozdağın ətəyində yerləşən Kəngərli qəbiristanlığında 16-17 əsrlərə aid at, qoyun fiqurlarından ibarət qəbiristan abidələri, daşdan tikilmiş türbə qalmaqdadır. Naxçıvan-dünyanın ən qədim,ən müqəddəs ziyarətgahlarından biri sayılan Əshabi-Kəhfdə hicri tarixi ilə 1109-cu ildə Kəngərlilər tayfasının başçısı tərəfindən daş kitabə yazdırıb qoyulmuşdur. Naxçıvanda Arazboyu düzənliklərdən biri "Kəngərli düzü"kimi tanınır.

    1747-ci ildə Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsndə öldürüldükdən sonra Kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın müstəqil hakimi elan edərək Naxçıvan şəhərini Zəngəzur dağlarından Araz vadisinə qədər geniş bir ərazini əhatə edən xanlığın inzibati baxımdan Əlincə, Xök, Şərur-Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Biləv mahallarına bölünürdü.



    Bu xan nəslinə mənsub ilk general Naxçıvan diyarı Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edildikdən sonra səhnəyə çıxmışlar. İlk olaraq Ehsan xan Kəngərliyə rus ordusunun general-mayor rütbəsi və "Naxçıvanski" soyadı verilməklə Naxçıvan vilayətinin naibi təyin edilmişdi. Lakin 1840-cı ildə naiblikdən imtina edəndən sonra Kəngərli tayfasının süvari atamanı adını özündə saxlamışdı.

     Ehsan xanın iki oğlu-İsmayıl xan və Kalbalı xan general-mayor rütbəsində rus süvari hissələrinə komandanlıq etmişdir. Onların adları Kremlin Georgiyevsk zalında bu ordeni alanlarla birlikdə həkk olunub. Adı hərb tariximizdə yaxşı bəlli olan məşhur sərkərdə, ordu general-leytenantı Hüseyn xan Naxçıvanski general-mayor Kalbalı xan Naxçivanskinin oğludur. Onun bioqrafiyasından belə bəli anlaşılır ki, 1887-ci ildən orduda xitmət etmişdir. Rus-yapon müharibəsində 2-ci Dağıstan, 44-Nijni-Novqorod suvari polklarının komandiri olmuşdur. Dallin aşırımında gedən döyüşlərdə yaralanmışdır. 1906-cı ildə leyb-qvardiya polkunun komandiri olan Hüseyn xana 1907-ci ildə general-mayor rütbəsi verilmişdir. 1912-ci ildə o artıq 1-ci əlahiddə süvari briqadasının komandiri idi. Birinci Dünya müharibəsində isə Cənub-Qərb cəbhəsində 2-ci suvari korpusuna komandanlıq edirdi.



Alman cəbhəsinin yarılmasında fərqlənən Hüseyn xan Naxçıvanski sonralar cəbhə komandanı təyin edilmişdir. Belə bir faktı da qeyd etmək maraqlı olar ki, həmin vaxtlar Rusiyanın bir cox tanınmış generalları-Denikin, Kornilov, Kaledin, baron Vranqel onun əmri altında xidmət edirdilər. Finlandiya dövlətinin yaradıcısı və ilk prezidenti feldmarşal Karl Qustav Mannerheym kimi məşhur şəxsiyyət də 1915-ci ildə Naxçıvanskinin başcılıq etdiyi orduda diviziya komandiri idi və öz memuarlarında bizim həmyerlimizi bir komandan kimi son dərəcə yüksək qiymətləndirir. "Dikaya diviziya" (Vəhşi diviziya) adlandırılan və köhnə rus ordusunun ən elitar və yüksək döyüş qabiliyyətinə malik hissə faktiki olaraq Hüseyn xanın tabeliyində olmuşdur.

     Hüseyn xan Naxçıvanski Rusiya hərb iyerarxiyasında ən yüksək mövqeyə yüksələ bilmiş bir neçə müsəlman generaldan biri idi. Sonrakı dövrdə imperator suvari qvardiya korpusunun komandanı təyin edilən Hüseyn xan çarın devrilməsi ilə nəticələnən fevral burjua-demokratik inqilabından sonra hərbi işdən uzaqlaşmışdır. Onun təltif olunduğu orden və medalların siyahısı çox genişdir: 
 
1-ci dərəcəli Müqəddəs Anna ordeni, 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni, 3-cü dərəcəli Müqəddəs Georgi ordeni, 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni, Ağ Qartal ordeni, Avstriya, Bolqarıstan, Rumıniya, İranın yüksək hərbi mükafatları bu sıradandır.


      
General-mayor Kalbalı xan Cəfərqulu xan oğlu Naxçıvanski Araz-Türk Cümhüriyyətinin müdafiə komitəsinə başcılıq edərək erməni işğalçılarına qarşı döyüşlərdə şəxsi qəhrəmanlıq nümünəsi göstərmiş və ağır yaralanmışdır. Osmanlı imperatorluqu Kalbalı xanı öz yüksək ordeni ilə təltif edib. Azərbaycan Cümhuriyyəti höküməti isə öz növbəsində ona general-mayor rütbəsi vermişdir.1920-ci ildə Sovet hökümətini qəbul etməyib İrana Maku xanlığına-bacısı Nazlı xanımın yanına (Maku xanının həyat yoldaşı) mühacirət edən Kalbalı xan İranda azərbaycanlılardan ibarət süvari alayına başcılıq etmişdir. Bir versiyaya görə, Güney Azərbaycanında onun gündən-günə artan nüfuzundan ehtiyatlanan Rza şah 1934-cü ildə Kalbalı xanı Ağrı dağın ətəyində puskuya salaraq öldürtdürüb.



Bu nəslin daha bir hərb xadimi, diviziya komandiri Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski Tiflis yunker məktəbində oxumuş, Yelizavetoqrad qvardiya məktəbini bitirmişdir. Birinci Dünya müharibəsində müsəlman süvari alayında eskadron komandiri olmuşdur.
 
 Fevral burjua-demokratik inqilabından sonra Zaqafqaziya seymi hərbi qüvvələrində xidmət etmiş, 1918-ci ildə Azərbaycan Cumhuriyyəti öz milli ordusunu yaratdiqda süvari alay komandiri olmuşdur. 1920-ci ilin martında baş vermiş məşhur Əsgəran döyüşünün qəhramanlarından biri olan Cəmşid xan milli hökümətin yıxıldığını Şuşada eşitmişdi. Bolşevik hissələri Qarabağa daxil olarkən erməni cekistləri Cəmşid xanın kiçik qardaşı Ehsan xanı Cıdır düzündə gülələmişlər. Cəmşid xan Naxçıvanskinin komandirlik etdiyi suvari alay isə bütün heyəti ilə birlikdə Qızıl Ordu hissələrinin tabeliyinə verilmişdir. Onun hərbi sahədə xidmətdə saxlanması N.Nərimanovun səyi nəticəsində mümkün olmuşdur.



1921-1931-ci ildərdə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olan Cəmşid xanın yüksək ixtisaslı hərbi kadrlar hazırlığında mühüm rol oynadığı bəlidir. 1931-ci ildə Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya oxumağa göndərilən Cəmşid xan akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanmış, üç il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur. Ona 1935-ci ildə briqada komandiri hərbi rütbəsi verilmişdir. Onun həyatına dair maraqlı faktlardan biri də budur ki, Sovet İttifaqının bir cox marşal və generallarına dərs demişdir. Bu istedadlı hərbçi 1938-ci ildə İ. Stalinin göstərişi ilə həbs olunaraq güllələnmişdir.


 
Qeyd edək ki, bu nəslin nümayəndələri digər sahələrdə də parlaya bilmişlər. Azərbaycanın görkəmli rəssamı, boyakar və qrafik Bəhruz Kəngərli buna bir misaldır. Azərbaycan incəsənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.
        
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Kəngərlilər ağır repressiyalara məruz qalmışlar. Onların bir çoxu güllələnmiş və ya Orta Asiyaya sürgünə göndərilmişdir. 
 
Görkəmli tarixçi-alim, tədqiqatçı Əli Əliyev 1966-cı ildə Naxçıvan xanlarının ilk dəfə olaraq şəcərəsini tərtib etmişdir. 
 
Nail Əliyev
Şərqşünas
Tarix üzrə fəlsəfə doktoru


Ana səhifəyə qayıt        Baxış: 6 799          Tarix: 9-07-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma