ABŞ Administrasiyası söz verib ki, Ukrayna ilə bağlı hər hansı sülh sazişi qəbul edilərkən Avropa İttifaqının (Aİ) və NATO ölkələrinin təhlükəsizliyinin təmin edilməsi məsələsi nəzərə alınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatlara istinadla məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio Aİ və NATO-dakı həmkarlarını inandırıb ki, Ukrayna münaqişəsinin nizamlanmasına dair hər hansı sazişdə təhlükəsizliklə bağlı onların narahatlıqları nəzərə alınacaq. Diplomatlar qeyd ediblər ki, Avropa və Kiyev Cenevrə danışıqlarında mövqelərinin gücləndiyi qənaətindədirlər.
Noyabrın 23-də İsveçrədə Ukrayna nümayəndə heyətinin avropalı tərəfdaşlar və ABŞ nümayəndə heyəti ilə görüşləri başa çatıb. Görüşlərdə münaqişənin dayandırılması istiqamətində addımlar müzakirə edilib.
Daha əvvəl "Reuters" ABŞ rəsmisinə istinadla məlumat yayıb ki, Vaşinqton və Kiyev nümayəndələri Cenevrə danışıqları çərçivəsində ABŞ-nin münaqişənin nizamlanması ilə bağlı layihəsinin son mətnini razılaşdırmaq niyyətindədirlər.
Paylaş:




























