Xəbər lenti

 
Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuzdan “Naxçıvan rəhbərliyinə nə veribsiniz, ala bilmirsiniz”, - deyə soruşduq, maraqlı cavab aldıq.
Heydər Oğuzun “Hürriyyət”-ə verdiyi müsahibəni təqdim edirik.
 
 
-Heydər bəy, yazdığınız xəbərlərə, məqalələrə nəzər salanda Naxçıvana xüsusi diqqət ayırdığınızı müşahidə etmək olar. Muxtar Respublikaya bu diqqət hardan qaynaqlanır?
 
-Muxtar Respublikanın strateji əhəmiyyətindən, əlbəttə. Açığını deyim, bir çox azərbaycanlılardan fərqli olaraq, mən regionçu deyiləm. Mənim üçün Naxçıvan da, Bakı da, Şəki də, Şirvan da eyni dərəcədə əzizdir. Bir ovuc vətənimiz var. Onu da oraya-buraya bölmək, regional təəssübkeşlik etmək ibtidai təfəkkürün məhsuludur. Dünya qloballaşma prosesi keçirdiyi, hətta başqa planetlərdə yaşamaq üçün həyat şəraiti axtardığı bir zamanda biz doğulduğumuz, boya-başa çatdığımız məhəlləyə ilişib qala bilmərik. Böyümək üçün ilk növbədə əqlimizdə dəyişikliklər etməliyik. Böyük ideallar, amallar haqqında düşünməliyik. Mən bunu var-dövlət, daha çox sərvət toplamaq anlamında demirəm. Milli dəyərlərimizin formalaşdığı torpaqlara sahib çıxmaq baxımından deyirəm. Söhbət həmin ərazilərə göz dikməkdən də getmir. Həmin ərazilərdə yaşayan insanlarımızın öz milli kimliklərini qoruya bilməsi, mənən bütövləşməsi və ya bu bütövlüyünü qoruyub saxlaması, vahid orqanizmə çevrilməsi hər birimizin ən böyük amalı olmalıdır. Mən də azərbaycanlıların kompakt halda yaşadığı hər bir diyara eyni gözlə baxıram. Bununla belə, strateji əhəmiyyət daşıyan bölgələrimiz də var. Naxçıvan da o bölgələrin başında gəlir. 
 
Muxtar Respublikanın əsas əhəmiyyəti yerləşdiyi məkandan qaynaqlanır. Bilirsiniz ki, Naxçıvan 3 dövlətlə həmsərhəddir və bu dövlətlətin əhatəsində yerləşir. Bu da Naxçıvanın təbii blokadaya düşməsinə zəmin yaradır. Azərbaycanla birbaşa torpaq bağlantısı olmayan Naxçıvana təkcə bu diyarda boya-başa çatan adamlar yox, bütün ölkə əhalisi sahib çıxmalıdır. Dərdlərini dilə gətirməli, yaşadığı çətinlikləri aradan qaldırmağa çalışmalıdır. 
 
Üstəlik, Naxçıvan Türkiyəylə 11 km-lik sərhədimizin yerləşdiyi məkandır. Azərbaycanın gələcəyi isə Türk dövlətlərinin konfederativ və ya buna bənzər ittifaqından keçir. Heç bir dövlət dünyadan təcrid olunaraq yaşaya bilməz. İqtisadiyyatının 85-90%-i neft və qaz gəlirlərindən təşəkkül tapan Azərbaycan da həmçinin. Bu iqtisadi potensialımız bizi sənayeləşmiş Qərb dövlətləriylə inteqrasiyaya vadar edir. 
 
Digər tərəfdən millətimizin min illərlə ölçülən tarixinə nəzər salanda da hər zaman Şərqdən Qərbə hərəkətlilik görürük. Tarixin müxtəlif zamanlarında Uzaq Şərqdən Avropaya qədər yürüşümüz də alnımıza yazılmış taleyimizlə əlaqədardır. Biz bir millət olaraq tarixən Şərqlə Qərb arasında körpü olmuşuq. Şərqdə ilk Qərb mədəniyyət nümunələrini yaratmağımız da bu təmayülümüzdən, oryantasiyamızdan irəli gəlir. Naxçıvan isə Azərbaycanın ən Qərb bölgəsidir və Qərbə açılan qapısıdır. Milli taleyimiz gözlərimizi bu bölgəyə dikməyimizi şərtləndirir. Təsadüfi deyil ki, indiki Azərbaycanın 80%-ni işğal edən 5-ci kolon da ən sərt rejimini məhz Naxçıvanda yaradıb, bu bölgəni insansızlaşdırmaq siyasəti aparır. Bir bölgəni insansızlaşdırmaq, bilirsinizmi, nə mənaya gəlir?
 
-Nə mənaya gəlir?
 
-O mənaya gəlir ki, həmin bölgə vətənsizləşdirilir. Daha konkret desək, Naxçıvan Azərbaycansızlaşdırılır. Hazırda Naxçıvanda amansız xanlıq rejiminin hökm sürməsinin başlıca məqsədi də məhz budur - başına gətirilən oyunlara müqavimət göstərə bilməyəcək qədər zəiflətmək, daha sonra isə plastilin kimi istənilən formaya salmaq. Şükür Allaha ki, mərkəzi hakimiyyət sonunda bunu anlaya bildi və indi 5-ci kolonu bir-bir sıradan çıxarmağa çalışır. İnşallah, Bakıda təmizləmə işləri başa çatdıqdan sonra növbə Naxçıvana da çatar.
 
-Maraqlı yanaşmadır. Siz doğrudan hesab edirsiniz ki, Azərbaycan 5-ci kolon deyilən hansısa qüvvə tərəfindən işğal olunub?
 
-Əlbəttə. Mən bunu indi demirəm ki. Hələ 10-15 il əvvəl yazdığım bir şeir vardı:
“Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub,
Naxçıvandan Bakıya ölkəmiz işğal olunub”.
Sevinirəm ki, rəsmi Bakı da artıq mən deyənə gəlib. Hətta Prezidentin özü belə, Azərbaycanda 5-ci kolonun mövcudluğundan danışır və onun ünvanını açıq şəkildə göstərir. Göstərilən bu ünvan heç də siz düşündüyünüz kimi müxalif çevrələr deyil. Ölkə başçısı Əli Həsənovları, Ramiz Mehdiyevləri, Əbülfəs Qarayevləri oyundan kənar vəziyyətə salmaqla faktiki kimləri nəzərdə tutduğunu açıq şəkildə göstərdi. Hazırda 5-ci kolon adlanan dev axtapodun Elmar Məmmədyarov ayağı kəsilir. Amma Azərbaycandakı 5-ci kolon dünyanın ən iri axtapodlarından daha çox ayağa malikdir. Hamısını bir-bir kəsmək, sözsüz ki, zaman alacaq.
 
-Onda belə çıxır ki, Naxçıvana növbə hələ gec çatacaq?
 
-Ola bilər. Hətta heç çatmaya da bilər. Hər şey hökumətin xalqla nə dərəcədə əl-ələ verib işləməsindən asılıdır. Azərbaycan hökuməti 5-ci kolonu məhv etmək üçün xalqdan və mill qüvvələrdən dəstək almalıdır. Vətənpərvər insanları bir araya toplayıb birgə müqavimət cəbhəsi yaradılmasa, Azərbaycanın müstəqilliyi belə təhlükə altına düşə bilər. Bilirsiniz ki, Vladimir Putin bu yaxınlarda post-sovet məkanlarını təhdid edərək “kim MDB-dən ayrılmaq istəyirsə, gedə bilər, amma Rusiyadan aldıqlarını geri qaytarmalıdır” demişdi. Bununla da hər kəsə, o cümlədən bizə separatçı hərəkatları dəstəkləyəcəyinə dair mesaj vermişdi. Azərbaycan hökuməti şimaldan gələ biləcək istənilən təxribata hazır olmalı və bu hücumlara qarşı milli qüvvələrlə eyni cəbhədə yer almalıdır. Əks halda ölkəmizi ağır sınaq gözləyə bilər.


 
-İstərdim ki, Naxçıvan məsələsinə qayıdaq. Açığını deyim ki, uzaqdan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova qarşı qərəzli görünürsünüz. Sizin ondan nə alıb-vermədiyiniz var?
 
-Sualın cavabı elə özündə gizlidir. Dediyiniz kimi mənim ondan nə alıb-verəməyəcəyim var ki, qərəz güdəm? O kim, mən kim? İnsanlar bir-birinə qarşı ona görə qərəzli olurlar ki, bir-birinin mövqelərində gözləri olur. Mən yatsam, yuxuma da girməz ki, Naxçıvan MR Ali Məclisinin sədriyəm. Eyni zamanda Vasif Talıbov da yüz il əlləşə, Heydər Oğuz mövqeyində ola bilməz. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycan tarixində Heydər Oğuz yaşayacaq, Vasif Talıbov yox. Naxçıvandan Hüseyn Cavid, Mirzə Cəlil kimi böyük ədiblər çıxıb. Bütün Azərbaycan xalqı onları tanıyır. Sözsüz ki, onların dövründə Naxçıvanda yenə kəndxudalar, rusun nəçəlnikləri, pristavları olub. Siz heç onlardan birinin adını deyə bilərsinizmi?  Yəqin ki yox. O dövrdən indiyə təkcə Xudayar bəyin adı qalıb. Onu da Mirzə Cəlilin məlum əsərindən tanıyırıq. Həqiqətən o adda adamın olub-olmadığını da bilmirik. Çünki bu ad sadəcə ümumiləşdirilmiş bədii personajın adı da ola bilər. Zaman gələcək, Azərbaycan oxucuları da mənim şeirlərimdən 21-ci əsrdə yaşamış Naxçıvan xanıyla tanış olacaqlar və çox təəccüblənəcəklər. Çünki tarix kitablarında Naxçıvanda xan dövrünün 19-cu əsrdə sona çatdığını oxuyacaqlar. Yenidən mənim şeirlərimə baxanda 200 ildən sonra Naxçıvanda xanlıq dövrünün başladığını öyrənəcəklər. Bu mənada mənim kimi yazarlar əslində 5-ci kolona xidmət edirlər. Biz olmasaq, onlar ümumiyyətlə tarixdən silinərlər. Yəni mənim personajlarımın yerində gözüm yoxdur, ola da bilməz. Naxçıvana xüsusi diqqət ayırmağımın yeganə səbəbi dediyim kimi oranın strateji əhəmiyyəti ilə bağlıdır.
 
-Sizi Naxçıvan hakimiyyətinin hansı xüsusiyyəti narahat edir?
 
-Hesab edirəm ki, bu suala yazdığım məqalələrdə kifayət qədər aydınlıq gətirirəm. Bu gün bir çox insan Naxçıvanı Azərbaycanın Şimali Koreyası hesab edir. Təbii ki, bu qiymətləndirmə elə-belə meydana gəlməyib. Fikir azot gübrəsi deyil ki, havadan alına. İnsanlar iki müxtəlif varlıq arasında bənzərlik görürlər ki, onları bir-biriylə müqayisə edirlər. Naxçıvandakı rejim də Kim Çen İnin Şimali Koreyası kimi idarə olunur. Demokratik düşüncəli hər kəs bu idarəçiliyə qarşı çıxmalıdır. Bu yaxınlarda Beynəlxalq Sülh və İnkişaf Fondunun üzvü, yazıçı-dramaturq, filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Həsənoğlunun Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova video-müraciəti yayılmışdı. Bildiyimə görə, Aygün xanım əslən naxçıvanlı deyil. Onun da Naxçıvandan heç bir maddi gözləntisi yoxdur. Amma ziyalı vicdanından çıxış edərək, Vasif Talıbovu İstanbulda qul həyatı yaşayan naxçıvanlılara sahib çıxmağa çağırmışdı. Mən Aygün xanıma buna görə böyük minnətdarlığımı bildirirəm. Sağ olsun, bizim sinəsinə döyən dırnaqarası Naxçıvan ziyalılarının ortaya qoya bilmədiyi cəsarəti göstərib bu müraciəti səsləndirib. Mən Naxçıvan haqqında fikirlərimi deyəndə bəziləri peyda olub bölgənin blokadada yaşadığını bildirir, rəhbərliyi suya çəkir. Bu fikirlərdə qismən haqlılıq payı var. Amma qismən haqlılıq payı əksər hallarda arqumentin bəhanəsi olur. Yəni sən günəşi görmək istəməyəndə gözünün qırpıldığını bəhanə gətirirsən. Naxçıvanın blokadada olması da göz qırpıntısı kimi bir şeydir. Bilirsiniz ki, Azərbaycan hökuməti Naxçıvana blokadanın gətirdiyi problemləri kompensasiya etsin deyə bütün bölgələrdən daha çox dotasiya ayırır. Həmin dotasiya ilə Muxtar Respublikanı ölkənin ən sənayeləşmiş diyarına çevirmək olardı. Naxçıvan rəhbərliyi isə daşa-divara xərcləyib öz cibini doldurub. Bu gün Naxçıvan rəhbərliyinin ailə üzvlərinin Gürcüstandan tutmuş başqa ölkələrə qədər uzanan biznes şəbəkəsi var. Həmin şəbəkə nəyin hesabına qurulub? Axı qanunvericiliyə görə, istənilən icra strukturu rəhbərinin bizneslə məşğul olmaq səlahiyyəti yoxdur. Hətta yaxın qohumlarının da. Deyə bilərsiniz ki, Azərbaycanın digər rayonlarının icra başçıları da Naxçıvan rəhbərliyindən fərqli deyillər. Razıyam. Amma həmin rayonlarda artıq DTX əməliyyata başlayıb, hamısının yediklərini burnundan gətirir. Naxçıvana isə hələ ki “gözün üstə qaşın var” deyən yoxdur. 
 
Digər tərəfdən “qonşum oğrudur, mən də ona oxşamalıyam” məntiqi nə vaxtdan bəraət üçün əsas sayılıb? Adama deyərlər ki, qonşun pisdir, sən yaxşı ol, qoy, o sənə oxşasın. Bilirsinizmi, başqalarına yaxşı örnək olmaq Naxçıvan rəhbərliyinin mənəvi borcudur. Çünki o diyarın rəhbəri, Heydər Əliyevin qohumudur. Heydər Əliyevin mirasına sahib çıxmaq da ilk növbədə Vasif Talıbovun vəzifəsidir. Siyasi kursunu bəyənib bəyənməməyimizdən asılı olmayaraq, etiraf etməliyik ki, Heydər Əliyev səhhətinin ən ağır zamanlarında belə, Naxçıvanda sakinlərlə iç-içə yaşamışdı. Hər gün müxtəlif kəndlərə ziyarət edib sakinlərin dərdini dinləyirdi. Vasif Talıbov da tez-tez kəndlərə gedir. Bir neçə qoca kişini eynilə Şimali Koreyadakı kimi əsgəri sıraya düzüb farağat durğuzur. Heydər Əliyevin dövrü 20-ci əsr idi. Elmi-texniki tərəqqi indiki həddə deyildi. Vasif Talıbovun dövrü isə 21-ci əsrin az qala ortalarıdır. Dünyada çox şey dəyişilib. İnternet dünyamızı kiçik bir kəndə çevirib. Dünyanın harasında nə baş versə, anında onu seyr edirik. Naxçıvan rəhbərliyi heç olmasa sosial şəbəkələrə baxıb dünyadakı dəyişikliklərdən xəbər tutsun, özünü demokratik dövlətlərin siyasi ənənələrinə uyğunlaşdırsın. Onlar isə öz fəaliyyətləri ilə Naxçıvanı xanlıq dövrünə aparıb çıxarıblar. Ən azı 200 ilə geriyə.
 
-Yeri gəlmişkən, yazılarınızda iddia edirsiniz ki, Naxçıvan Muxtar Respublikası bəzən Azərbaycandan fərqli xarici siyasət yürüdür. Səhv etmirəmsə, Naxçıvan MR Nazirlər Kabinetinin viza rejimiylə əlaqədar  sərəncamını şərh edərkən belə demişdiniz. DTX-nın son zamanlar XİN-də apardığı əməliyyatlarda da viza ilə bağlı məqamlar var. Necə hesab edirsiniz, bu əməliyyat Naxçıvana qədər uzana bilərmi?
 
-DTX-nın bu əməliyyatları hara qədər genişləndirə biləcəyini deməkdə çətinlik çəkirəm. Əvvəla, DTX elə bir qurumdur ki, nə planlaşdırdıqlarını ancaq özləri bilirlər. Dövlət təhlükəsizlik fəaliyyəti məxfilik şəraitində yürüdüldüyündən, yəqin ki, bu suala heç onların özündən də cavab ala bilməzsiniz. İkincisi, DTX-nın XİN əməliyyatında araşdırdığı viza maxinasiyası ilə Naxçıvanın viza rejimi arasında hər hansı üzvü əlaqə görmürəm. Amma Naxçıvanın Azərbaycandan müstəqil xarici siyasət yürütməyə cəhd etməsi barədə iddialar dəqiqdir və bu, yalnız viza rejimində də özünü göstərmir. Ən maraqlısı odur ki, bunu Naxçıvan rəhbərliyi də gizlətmir. Bu yaxınlarda AzərTAC-da bir məqalə oxudum. Məqalə eynilə bu cümlələrlə başlayır: “Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uğurlu xarici siyasət xətti Naxçıvan Muxtar Respublikasına da öz müsbət təsirini göstərib, muxtar respublikanın xarici əlaqələri genişlənib”. Muxtar Respublikanın hansı xarici əlaqələrindən söhbət gedə bilər? Axı 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında Əsasnaməyə görə, Azərbaycan Respublikasının vahid xarici siyasi xətti var və Muxtar Respublikaya yalnız iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində iştirak hüququ verilir. Naxçıvan rəhbərliyi isə xarici əlaqələrin genişləndirilməsindən danışır. 
 
Digər tərəfdən, bilirsiniz ki, Naxçıvanın Bakıda nümayəndəliyi var. Bu nümayəndəliyin təyinatı Naxçıvanı blokada şəraitindən çıxarmaq üçün mərkəzi hökumətlə görüşlər keçirməkdən ibarətdir. Nümayəndəliyin rəhbəri Əsgərov Bəxtiyar adlı şair təbiətli bir adam isə demək olar ki, hər gün ölkəmizdəki xarici səfirlərlə görüşüb, söhbətlər aparır. Bu barədə təkzib olunmaz faktlar mövcuddur və Ovqat.com saytı bunları bir-bir ortaya qoymuşdu. Niyə müvafiq orqanlar daimi nümayəndənin səfirlərlə nə barədə söhbətləşdiyini araşdırmırlar? Axı, bizim mürgülü nazirimiz Elmar Məmmədyarov belə, 16 il ərzində Bəxtiyar Əsgərovun bir ayda görüşdüyü qədər  səfirlərlə görüşməyib. Azərbaycanın vahid xarici siyasəti var və buna mürgülü nazir nəzarət edirsə, Bəxtiyar Əsgərovun diplomatik görüşlərinin altında hansı maraqlar yatır? Əgər bu görüşlər sadəcə dostluq xarakteri daşıyırsa, niyə rəsmi informasiya orqanlarında işıqlandırılır? Nəzərə alsaq ki, Heydər Əliyev də Naxçıvan Ali Məclisinin sədri olanda səfirlərlə intensiv görüşürdü və Azərbaycanda hakimiyyətə gəlməsində bu görüşlərin də misilsiz rolu olmuşdur, Heydər Əliyevin ən gənc dostu, şair təbiətli Bəxtiyar Əsgərovun fəaliyyəti çox ciddi suallara yol açır. Yoxsa, Azərbaycanda hakimiyyətin yenidən ötürülməsi prosesi gedir?   
 
Ən əsası isə, Azərbaycanın Qars və Təbriz konsulluqlarına Naxçıvan rəhbərliyinin nəzarət etdiyi bildirilir. Nəzərə alsaq ki, İran və Türkiyə arasındakı qaçaqmalçılıqda zaman-zaman Naxçıvanın da adı vasitəçi kimi çəkilir, bu səlahiyyətlərin Muxtar Respublikaya verilməsi təəccüb doğurmaya bilməz. Xatırlayırsınızsa, Naxçıvanın keçmiş Daxili İşlər nazirinin işdən qovulmasında başlıca səbəblərdən birinin də bu olduğu bildirilirdi. Eynilə Sədərək gömrüyünün sabiq sədri Məhəmməd Seyidov da 2013-cü ildə qaçaqmalçılıq şübhəsiylə Türkiyədə saxlanılmış və məxfi qrift altında sorğuya çəkilmiş, uzun istintaqdan sonra azadlığa buraxılmışdı. Naxçıvana qayıtdıqdan sonra o, Muxtar Respublikanın Gömrük Komitəsinin sədr müavini təyin olunmuş, üzərindən iki il keçdikdən sonra isə intihar etmişdi. Fikrimcə, bu intihar hadisəsinin istintaqı yenidən aparılmalı, bütün şübhəli məqamlara aydınlıq gətirilməlidir. Qars və Təbriz konsulluqlarımızın fəaliyyəti də dəqiq təftiş olunmalıdır. Təbrizi deyə bilmərəm, Qars konsulunun fəaliyyətində sərhəddən qaçaq yolla terrorçu keçirmək faktı var və bu, Türkiyə kəşfiyyat orqanları tərəfindən təsbit edilib. Belə bir adamın indiyədək konsul saxlanılması yolverilməzdir və Azərbaycanın xarici imicinə kölgə salır.
 
"Hürriyyət"




Ana səhifəyə qayıt        Baxış: 9 562          Tarix: 11-07-2020, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma