Xəbər lenti

 
Postsovet məkanının ən köhnə münaqişəsi özünü yenidən   göstərir. Bazar günündən etibarən Azərbaycan-Ermənistan sərhədində artilleriya səsi eşidilməyə başlayıb, həlak olanlar var. Baş verənlər hərbi məlumat dilində çatdırılır: “Düşmən itki verərək, geri çəkilib”. 
 
Bəs Ermənistan-Azərbaycan qarşıdurmasının donu hansı səbəbdən açılıb və münaqişə böyüyə bilərmi?
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Vzqlyad nəşrinin müəllifi Mixail Moşkin qələmə aldığı “Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?” sərlövhəli məqaləsində bu suala belə cavab verir:
 
“Bazar günü günortaya yaxın Ermənistan və Azərbaycan hərbçiləri arasında döyüşlər başlayıb. Toqquşma Azərbaycanla tanınmamış Dağlıq Qarabağ Respublikası (DQR) arasındakı təmas xəttində deyil, ondan şimalda, Ermənistan-Azərbaycan sərhədində baş verib. “İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq, mövqelərimizi artilleriya qurğularından istifadə etməklə atəşə tutub”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİA “Novosti”yə bildiriblər. Nazirlikdən itkilərin olduğu barədə də məlumat veriblər: iki Azərbaycan hərbçisi həlak olub, beş nəfər yaralanıb. 
 
Hazırda bu istiqamətdə döyüşlər gedir”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin rəsmiləri bildirib. Bununla yanaşı, onlar əmin edirlər ki, “əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Adekvat cavab tədbirləri nəticəsində düşmən itki verərək, geri çəkilib”.
 
Ermənistan tərəfi isə, öz növbəsində, Azərbaycanı sərhədi pozmağa cəhddə günahlandırıb. “Bizə məlum olmayan səbəblərdən Azərbaycan hərbçiləri UAZ avtomobililə Ermənistanın Tavuş vilayəti istiqamətində dövlət sərhədini pozmağa cəhd ediblər”, - deyə Ermənistanın Müdafiə Nazirliyindən baş vermiş insidentin təfərrüatlarını TASS-a şərh edərkən bildiriblər: “Ermənistan tərəfindən edilmiş xəbərdarlıqlar nəticəsində Azərbaycan hərbçiləri maşınlarını orada qoyaraq, öz mövqelərinə qayıdıblar. Bundan sonra Azərbaycan hərbçiləri yenidən erməni mövqeyini ələ keçirməyə cəhd edərək, artilleriya zərbələrinə başlayıblar”. Nazirlikdən Azərbaycan tərəfinin geri çəkilərkən itkilər verdiyini, “Ermənistan tərəfində isə itkinin olmadığını” deyiblər.

Beləliklə, postsovet məkanının ən köhnə qarşıdurmalarından biri – Ermənistan-Azərbaycan münaqişəsi yenidən gündəmə gəlib. Dağlıq Qarabağ uğrunda münaqişə 1992-1994-cü illərdə genişmiqyaslı müharibə xarakteri almışdı. 1994-cü ilin mayında isə tərəflər arasında atəşin dayandırılması haqda saziş imzalanıb. O vaxtdan qoşunların təmas xəttində vaxtaşırı insidentlər yaşansa da, vəziyyət ümumilikdə sabit olub.
 
2016-cı ildə isə münaqişə yenidən qızışmışdı. O zaman “Dördgünlük müharibə” adlandırılan silsilə toqquşmadan sonra Ermənistanla Azərbaycan Moskvada danışıqlar apararaq, yenidən atəşkəs barədə razılığa gəlmişdilər. Lakin sonradan tərəflər yenə bir-birini atəşkəsi pozmaqda günahlandırmağa başlayıb.
 
Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu il mayın sonunda keçirdiyi miqyaslı hərbi təlimlərdən sonra verdiyi bəyanat hazırkı insidentin müqəddiməsi sayıla bilər. O zaman bəyanatda bildirilirdi ki, əgər Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi güc istifadə etmək lazım gələcəksə, görüləcək tədbirlər “sarsıdıcı və dağıdıcı olacaq, düşmən böyük itkilər verəcək və bu, onun tam məğlubiyyətilə nəticələnəcək”.
 
Xatırladaq ki, Azərbaycanın yaz manevrlərində 10 minədək hərbi qulluqçu, 120 ədəd tank və zirehli texnika, 30 vahid aviasiya texnikası və s. iştirak edib. Elə may ayındaca Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, Qarabağ müaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. İyunun sonunda isə Azərbaycan XİN iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşünün anonsunu vermişdi. Görüş iyunun 30-da keçirilməli olsa da, bu haqda məlumat verilməyib.  
 
Ermənistan-Azərbaycan sərhədində çoxdan belə güclü toqquşma baş vermirdi”, - deyə Qafqazşünas Nikolay Silayev “Vzqlyad”a bildirib. Buna qədər ən böyük insident 2012-ci ilin iyununda Ermənistanın Tavuş vilayətinin Berdavan və Çinari kəndlərinin yaxınlığında qeydə alınan lokal toqquşma olmuşdu. O zaman hər iki tərəf itki vermişdi: erməni tərəfdən 4, Azərbaycan tərəfdən isə 5 nəfər.
 
Sərhəddə adətən sakitlik olur. Münaqişə ətrafında siyasi vəziyyət əvvəlki kimi qaldığından, insidentlərin baş verməyəcəyi gözlənilmirdi”, - deyə Silayev bildirib. O, hesab edir ki, bu gün Qarabağ münaqişəsinin həllində istər 1992-ci ildən fəaliyyət göstərən ATƏT-n Minsk qrupunun vasitəçiliyi, istərsə də başqa yolla hansısa irəliləyiş gözləmək çətindir.
 
Sonuncu dəfə danışıqlar prosesinin “donması”na səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanat olub. Ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı baş nazir Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etməsinin vacibliyini bəyan edib. Bakının cavabı özünü çox gözətməyib. “İnterfaks-Azərbaycan” agentiyinin məlumatına görə, Azərbaycan XİN-nin bəyanatında deyilir ki, “bu strategiyanın bəndləri faktiki olaraq, danışıqlar prosesinə mane, beynəlxalq qərar və qətnamələrə Ermənistan tərəfindən hörmətsizlikdir”.
 
Vzqlyad”ın əvvəllər də qeyd etdiyi kimi, Cənubi Qafqazın bu iki ölkəsi arasında münaqişə Rusiyanın milli maraqlarına cavab vermir. Moskva Ermənistan-Azərbaycan münaqişəsində seçim qarşısında deyil, çünki hər iki tərəfin Rusiya ilə tarixi bağları var. Rusiya siyasətinin əsas məqsədi üçüncü qüvvələrin Ermənistan və Azərbaycan kartlarından bəhrələnməsinə imkan verməməkdir”.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 820          Tarix: 14-07-2020, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma