Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
“Hesab etmirəm ki, Ramiz Mehdiyev və komandası Rusiya üçün bu qədər əhəmiyyətli olsun” – HEYDƏR OĞUZ
Dünən gecədən bu gün səhərə qədər Bakı küçələri “Şəhidlər ölməz, Vətən bölünməz” sədaları ilə dalğalandı. Olduqca dincşəraitdə keçən orduya dəstək aksiyaları daha sonra sanki axarından çıxdı və bəzi insidentlər yaşandı. Bu aksiyalar əvvəldən təxribat məqsədilə təşkil olunmuşdu, yoxsa başqa qüvvələrin müdaxiləsilə hər şey öz axarındanmı çıxdı? Ən əsası isə Tovuzda başlayan erməni təxribatının bu hadisələrlə birbaşa əlaqəsi varmı və niyə bu rayon yeni gərginliklərin episentrinə çevrildi?
Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuzla budəfəki söhbətimiz də məhz bu suallar ətrafında oldu. Heydər Oğuzun “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik.
-Bu geçəki aksiyanı necə qiymətləndirirsiniz? Əvvəlcədən təxribat üçün hazırlanmışdı, yoxsa proseslər hansısa gizli əllərin vasitəsilə başqa istiqamətə yönəldildi?
-Açığı, minlərlə gəncin iştirakı ilə keçirilən aksiyanı təxribat adlandırmaq doğru deyil. Gənclər həmişə sosial cəhətdən aktiv, enerjili, öz davalarında səmimi, hər kəsdən daha çox vətənpərvər olurlar. Onların duyğularını daha bariz şəkildə ortaya qoymaları normaldır. Gənclər mənsub olduqları toplumun sayılıb-seçilən, xarici dövlətlərdə hörmətlə yad edilən bir məmləkət olmasını hamıdan çox arzulayırlar. Çünki tez-tez müxtəlif əcnəbi yaşıdlarıyla ünsiyyətdə olurlar. Hər kəs öz mənsub olduğu cəmiyyətin üstünlüklərindən danışanda onlar da şapkalarını alınlarına salıb gözlərini gizlətmək, susmaq, başqalarının azərbaycanlılara necə baxdıqları dərdinə düşməməyi arzulayırlar. Nə yazıq ki, biz bu 30 ildə gənclərimizə sinələrinə döyəcəkləri çox ərməğanlar bəxş etməmişik. Bölünə-bölünə bir ovuc qalan vətən torpağımızın 20%-nin dünyada qorxaq millət kimi tanınan ermənilər tərəfindən işğalı başımızı dik tutmağa imkan vermir. Bunun ən böyük xəcalətini isə gənclər yaşayır. Çünki biz öz yaşıdlarımız olan əcnəbilərə “ermənilərin arxasında rus dayanır, biz ermənilərlə yox, Rusiya ilə vuruşuruq” deməklə onları nəyəsə inandıra və ya bu sualın ağırlığından yayına bilirik. Ürəkləri vətən eşqiylə təlatümə gələn gənc nəslin əcnəbi yaşıdları isə bu arqumenti qəbul etmir. Onların “Dünyada 50 milyon Azərbaycan türkü, Yaxın Şərqdə Rusiya ilə kəllə-kəlləyə gələn Türkiyə kimi müttəfiqiniz var. Özünüz də say etibarilə ermənilərdən qat-qat artıqsınız. Dediyiniz kimi Cənubi Qafqazın ən güclü ordusu da sizdədir. Qarşınızda erməni yox, lap Rusiya dayansın, bu qədər böyük gücün qarşısında heç kim dayana bilməz”, – sualları ilə qarşılaşırlar. Üzlərinə deməsələr belə, arxalarınca danışırlar. Bu da gənclərimizi dərindən narahat edir. Onların xarici ölkələrdə öz qabiliyyətlərinə uyğun mövqe tutmalarını əngəlləyir. Təəssüf ki, Azərbaycanın daxilindəki siyasi asmosfer də gənclərimizin öz dövlətləriylə qürur hissi keçirməsinə mane olur. Bir zamanlar biz necə Orta Asiyanı passivlikdə günahlandırırdıqsa, dünya da bizə eyni gözlə baxır. Odur ki, gənclərimizin bu duyğularını, iç-içə yaşadıqları xoşagəlməz duruma qarşı etirazlarını, hətta yeri gələndə üsyanlarını anlamalıyıq. Onların bu enerjilərini düzgün qiymətləndirməli və ölkəmizin ərazi bütövlüyünün bərpasına yönəltməliyik. Dünənki aksiyalarda gənclər nəyi tələb edirdilər? – bir də ona baxmaq lazım. Adamlar Ali Baş Komandana üz tutaraq “bizə silah ver, namusumuzu qoruyaq” deyirlər. Axı torpağın namus olduğunu onlara biz öyrətmişik. İndi niyə haqlı tələblərini süngü ilə qarşılayırıq? Bu, həmin gəncliyə “namussuz yaşa” deməklə eyni anlama gəlir.
Gənclərin dünən keçirdikləri aksiyanın əvvəlində polisin onların bu haqlı tələblərinə hörmətlə yanaşdığı gözdən yayınmırdı. Görünən budur ki, hökumət də artıq xalqı bu cür ağır rəzalət altında yaşamaq istəmədiyini anlayır. Daha sonra dinc aksiya öz təbii axarından çıxanda polis müdaxiləsi ilə üzləşdi. Məndən soruşsanız, polis də öz vəzifə borcunu ləyaqətlə yerinə yetirdi. Çünki bu aksiya Milli Məclisin binasına girmək, polis maşınını devirmək kimi hadisələrlə müşayyiət olunmamalı idi. Amma bu təxribatda gəncləri günahlandırmaq düzgün deyil. Hesab edirəm ki, təxribatın arxasında böyük ehtimalla xarici güc mərkəzləri dayanmışdı. Azərbaycan hüquq-mühafizə orqanları bu təxribatçıları tapmalı və göstərişi hardan aldıqlarını müəyyənləşdirməlidir. Gəncləri isə bu kimi hərəkətlərinə görə cəzalandırmaq olmaz və bunun ağır nəticələri ortaya çıxa bilər.
-Hansı ağır nəticələrdən söhbət edirsiniz?
-İlk əvvəl onu deyim ki, torpaq bütövlüyü bir dövlətin namusu sayıldığından gənclərin bu istək və arzularının qarşısını almaq onları məzlum, heç nəyə etiraz edə bilməyən yaşayan meyitlərə çevirə bilər. Buna müasir terminologiyada zombiləşmiş xalq deyilir. Nə yazıq ki, Azərbaycan hakimiyyətinin illər uzun yürütdüyü zombiləşdirmə siyasətinin ağır təzahürlərini biz ötən illərdə Gürcüstan sərhədlərində yaşanan Keşikçidağ insidenti zamanı gördük. Silahsız bir gürcünün silahlı əsgərimizin əlindən avtomatını alması və onu aşağılayıcı tərzdə postundan qovması millətimiz adına rəzalət idi. Əli silahlı o gənci həmin aşağılayıcı vəziyyətə salan isə indiki rejim və komandirləridir. Ən azı ona görə ki, əsgərə nəyin bahasına olursa olsun atəş açmamaq göstərişini verənlər var və indiki rejim isə insanlarımızı bir qarış torpağın milli namus məsələsi olması istiqamətində yetərli səviyyədə yetişdirməyib. Onlara başa salmayıb ki, yeri gələndə milli namus fərdi namusdan daha üstündür. İnanıram ki, əlinə silah alıb postda dayanan əsgər bu ruhda böyüsəydi, heç həmin gürcü onun 5 addımlığına belə yaxınlaşa bilməzdi. Üstəlik, 20% torpağımızın işğal altında qaldığını o gürcü də bilir. O da əsgərimizə erməniyə torpaq verən torplumun (mən artıq kəlmə işlətmək istəmirəm) üzvü kimi baxır. Onu əsgərimizin üzərinə gəlməyə cəsarətləndirən də məhz bu düşüncəsi idi. Həmin gəncimizin yerində rus və türk əsgəri dayansaydı, gürcü buna cəsarət edə bilərdimi? İnanmıram. Odur ki, milli imicimizi bərpa etməyimiz Dağlıq Qarabağı erməni əsarətindən qurtarmağımızdan keçir. Dünənki aksiya sübut etdi ki, Azərbaycan gənci bu missiyanı həyata keçirməyə hazırdır. Hökumət də onun bu əzmindən faydalanmalı, Azərbaycan tarixinə yaxşı adla düşməli, özünü bu xalqa bağışlatmalıdır.
-Məsələ burasındadır ki, bu gün döyüşlər siz dediyiniz istiqamətdə – Dağlıq Qarabağda yox, Tovuzda gedir. Tovuz döyüşlərini siz hansı rakursdan dəyərləndirirsiniz?
-İstənilən nəsnəni dəyərləndirmək üçün onun mənzərəsini tam aydın şəkildə görmək lazımdır. Son döyüşlərdə isə mənzərə tam aydınlığı ilə ortaya çıxmayıb. Ortaya çıxınca biz də partiya adından öz münasibətimizi bildirəcəyik. Hələlik isə şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa, ordumuza uğurlu döyüş əməliyyatları arzulayırıq.
-Maraqlıdır ki, indidən hadisəyə qiymət verənlər var. Bəziləri hətta bir qarış torpaq əldə edilmədiyi halda şəhid verməyimizi anlamaqda çətinlik çəkirlər…
-Doğrusu, mən də Ermənistanla sərhəddə hansı torpağın əldə edilə biləcəyini anlamıram. Axı həmin döyüşlər iki ölkənin tam sərhəddində gedir. Azərbaycan ordusu orda hansısa torpağı ələ keçirərsə, işğalçı durumuna düşər. Bu isə beynəlxalq qınaqla yanaşı, Dağlıq Qarabağdakı erməni separatçılarının əlini gücləndirər. Biz bu gün Dağlıq Qarabağın erməni işğalından azad edilməsinin vacibliyindən danışırıq. Ərazi bütövlüyümüzə hörmət edilməsiyini ön plana çıxarırıq. Eyni işğalçılıq hərəkətini bizim özümüz etsək, söykədiyimiz arqumentin də heç bir əsası qalmaz. Hesab edirəm ki, Tovuz rayonundakı erməni təxribatının əsas səbəbi də budur. Azərbaycanı provakasiyaya çəkib arqumentini zəiflətmək, haqlıykən haqsız vəziyyətə düşürmək…
-Amma ermənilər hücumu özlərinin yox, bizim başlatdığımızı iddia edirlər.
-Həqiqət heç bir zaman maraqlı tərəflərin iddialarıyla müəyyənləşmir və çox zaman iddialar əsl həqiqətin əksinə olur. Heç kim öz ayranına turş demədiyi kimi, savaşlarda da günahı digər tərəfin üzərinə atarlar. Ədalətli arbitr isə subyektiv yanaşmalara deyil, fakta və məntiqə əsaslanıb qərar çıxarmalıdır. Faktlar və məntiq sübut edir ki, bu döyüşü başladan ermənilərdir. Əvvəla, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Susan Stepanyan açıq şəkildə bildirib ki, Azərbaycan ordusuna məxsus UAZ maşını Ermənistan sərhəddini pozmağa cəhd edərkən xəbərdarlıq atəşi açılıb və hərbçilərimiz avtomobili tərk edib geri çəkiliblər. Bundan sonra döyüşlər başlayıb. Bilirsiniz ki, sözügedən ərazidə mövqelər çox yaxındır. Dolayısıyla istənilən rutin hərəkət digər tərəfə sərhədləri pozmaq cəhdi kimi görünə və ya bu iddianı irəli sürmək bəhanəsi verə bilər. Görünən budur ki, ermənilər də bizə qarşı məhz bu bəhanədən istifadə edirlər. Axı Azərbaycan əsgəri erməni postlarına UAZ markalı maşınla niyə hücüm etsin ki? Zira UAZ markalı maşın hərbi texnika deyil, adi bir nəqliyyat vasitəsidir. Ordumuzun elə bir niyyəti olsaydı, ən müxtəlif ağır texnikalardan istifadə edib rahatlıqla düşmən postlarını və mövqelərini götürə bilərdi.
İkincisi, ordumuzun döyüşə Tovuzdan başlaması sizin də dolayısıyla qeyd etdiyiniz kimi inandırıcı görünmür. Beynəlxalq qüvvələr tərəfindən Azərbaycanın ərazisi kimi qəbul edilən Dağlıq Qarabağ dura-dura niyə Ermənistanla sərhəddə döyüş əməliyyatlarına başlamalıyıq? Hərbi qüdrət, beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda Azərbaycan hökuməti dünya nə deyər əndişəsilə öz qanuni ərazilərində təmizləmə əməliyyatına başlamaqdan ehtiyatlandığı halda Ermənistan torpağına necə müdaxilə edə bilər? O başqa məsələdir ki, Qarabağda uğurlu hərbi əməliyyatlar üçün də ilk növbədə Ermənistanla sərhəddə bəndi-bərəni möhkəmlətməyə ehtiyac var. Hesab edirəm ki, ordumuz ermənilərin bu tarixi səhvindən istifadə edib düşməni indiki mövqelərindən geri oturtmalı, təmas xəttindəki neytral bölgəni atəş məsafəsindən çıxarmalıdır. Bununla belə, ilk atəşi ermənilərin açdığı gün kimi aydındır.
-Bəs ağır nəticələnəcəyi əvvəlcədən də bəlli olan bu həmlə Ermənistanın nəyinə lazım idi?
-Bunun bir neçə səbəbi ola bilər. Zənnincə, səbəblərdən biri Ermənistan hakimiyyətinin daxili ziddiyyətlərdən qaynaqlanır. Bilirsiniz ki, xalqın dəstəyini qazanaraq hakimiyyətə gələn Paşinyan Rusiyaya bağlı köhnə komanda ilə yola getmir. Əsasən Dağlıq Qarabağ ermənilərindən təşəkkül tapan bu komandanın ən aparıcı şəxslərini həbsə belə atmış, onun kadrlarını bir-bir “dənləməyə” başlamışdı. Digər sahələrdən fərqli olaraq, Dağlıq Qarabağ erməni klanını erməni ordusundan təmizləmək isə asan deyil. 1988-ci ildən bu yana Ermənistan ordusunun bütün strukturlarında mövqelərini möhkəmlətmiş həmin klan Rusiyanın da istəyi ilə Paşinyanın ictimai nüfuzuna ciddi zərbə vurmaq üçün Tovuz təxribatına imza ata bilər. Əgər bu versiya doğrudursa, yaxın günlərdə Ermənistanda ictimai narazılığın qızışdırılacağı və Paşinyanın devriləcəyi çox da uzaq ehtimal deyil.
İkinci mümkün səbəb Azərbaycanın Dağlıq Qarabağda hazırlaşdığı hərbi əməliyyatları Ermənistan sərhəddinə çəkmək ola bilər. Belə ki, son zamanlar Azərbaycan ordusunun Dağlıq Qarabağda döyüşlərə hazırlaşdığı açıq hiss olunurdu. Bu məqsədlə təlimlər keçirilir, Müdafiə Nazirliyi tərəfindən bütün hərbi komandirlər heyəti “müharibəyə hazır ol” komandasına gətirilirdi. Rəsmi Bakının xarici dövlətlərdəki diplomatik fəaliyyəti də bu istiqamətdə idi. Dünyanın aparıcı dövlətlərindəki diplomatik nümayəndələrimiz tez-tez media orqanlarında çıxış edərək Azərbaycanın haqq işini dünyaya tanıtmağa çalışırlar. Hiss olunurdu ki, beynəlxalq ictimai rəy Dağlıq Qarabağda başlayacağı güman olunan hərbi əməliyyatlara hazırlanır. Belə bir zamanda ermənilərin savaşı dövlət sərhədlərinə çəkmək istəməsi başadüşüləndir. Çünki Azərbaycan ordusu bu istiqamətdə irəliləsə, beynəlxalq təpkilərlə qarşılaşar və döyüşləri dayandırmaq məcburiyyətində qala bilərdi. Nəticədə ermənilər az itkiylə öz mövqelərini saxlayar və Dağlıq Qarabağda keçirilməsini planlaşdırdığımız əməliyyatın qarşısı hələ başlamadan alınar.
Üçüncü mümkün səbəb Ermənistanın üzv olduğu hərbi alyansları hərəkətə gətirməklə əlaqədar ola bilər. Sirr deyil ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu təşkilatın Nizamnaməsinə görə, üzv dövlətlərdən biri hücuma məruz qalarsa, digərləri onu müdafiə etməlidir. Ermənilər gözlənilən döyüşləri dövlət sərhədlərinə çəkməklə Rusiyanın və digər KTMT üzvlərinin himayəsinə bel bağlayırdılar. Təsadüfi deyil ki, Paşinyan hakimiyyəti Tovuz döyüşləri başlayar-başlamaz KTMT-yə müraciət edib kömək istəmişdi. KTMT isə koronavirus epidemiyasını əsas gətirib ilk əvvəl görüşün formatını müəyyənləşdirməyin vacibliyini vurğulamışdı. Rusiya isə tərəfləri təmkinli olmağa və atəşi dərhal dayandırmağa çağırmaqla işini tamamlamışdı. Ermənilərin bu rədd cavabından necə böyük xəyal qırıqlığına uğradıqları media qurumlarına verdikləri açıqlamalarda da aydın hiss olunur.
Hazırda onların yeganə ümid yeri Qərb dövlətləri və ABŞ-dır. Həmin dövlətlər isə Dağlıq Qarabağ probleminin həllinin uzadılmasını istəmədiklərindən erməni gözləntilərinə onların arzuladıqları səviyyədə cavab vermir və yəqin ki, verməyəcək də. Çünki erməni Baş naziri hakimiyyətə gələrkən beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsində güzəştə getmək öhdəliyi götürüb və bu, Ermənistanın ən yaxın strateji müttəfiqi sayılan Rusiyanən Xarici İşlər naziri, əslən ermən Lavrov tərəfindən də etiraf olunub. Lavrov bir neçə ay əvvəl etdiyi çıxışında Paşinyana Sank-Peterburqdakı görüşdə üzərinə götürdüyü öhdəliyi yada salmağa və hərəkət etməyə çağırmışdı. Ermənistan Baş naziri isə “inqilabi dəyişikliklər” səfsəfəsi ilə bu öhdəliklərdən yayınmağa çalışmışdı. Belə bir vəziyyətdə, Azərbaycanın Dağlıq Qarabağda əməliyyatlara başlamaq hüququ doğurdu və belə görünür ki, ermənilər də guya öz aləmlərində bizi qabaqlayıb, hesablaşmanı Tovuzdan başladılar.
-Amma gəlin, razılaşaq ki, ermənilərin xarici lobbiləri güclüdür və zaman-zaman ölkəmizə təzyiqlər edə bilirlər. Sizcə, xarici güc mərkəzlərinin, xüsuslə ABŞ və Avropanın Dağlıq Qarabağda aparacağımızı düşündüyünüz əməliyyatlara reaksiyası necə ola bilər?
-Ermənilərin xaricdəki lobbilərinin güclü olması barədə fikirlərinizlə həmrəyəm. Amma Dağlıq Qarabağ probleminin həllində ABŞ və digər Qərb dövlətlərinin Ermənistanın yanında yer almasını gözləmirəm. Əvvəla, ona görə ki, İrəvan çözümsüzlükdən yana çıxış edir, bu da bölgənin rus təsir dairəsində qalması deməkdir. İkincisi ona görə ki, Azərbaycan ABŞ-ın həyata keçirməyə çalışdığı enerji siyasətində mühüm yerlərdən birini tutur və əslində Tovuzda başlayan hərbi insident də bu siyasətə təpkidən irəli gəlir. Açığını desəm, Nikol Paşinyan da Ermənistanın bu siyasətə qarşı təxribat törətməsinin qarşısını almaq üçün hakimiyyətə gətirilmişdi. Amma Paşinyan öz missiyasını yerinə yetirə bilmədi.
Bununla belə, müasir dünyamızda ölkələrin idarə olunmasının prioritetləri də tədricən dəyişilir və bizim üçün çətinlik yaradan əsas məqam da bununla bağlıdır. Zira artıq dünyada regional güclərin təsir imkanları artır. Bunu Yaxın Şərqdəki proseslər də sübut edir. ABŞ bu bölgədə Rusiya və İran qarşısında çətin vəziyyətdə qaldı. ABŞ-ın indiki prezidenti Donald Trampın “öncə Amerika” siyasətinə üstünlük verməsi də qlobalizasiya strategiyasından geri çəkilməsi anlamına gəlir. Yaxın Şərq kimi, Azərbaycanda və Cənubi Qafqazda da artıq regional dövlətlərin hesablaşması gedir. Hesab edirəm ki, regionumuzda 3 əsas dövlət son sözünü deyəcək. Bunlardan biri və ən güclüsü Rusiyadır. Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə baxışı çox mürəkkəbdir. Moskva həm Rusiyanın 5-ci kolonuyla vidalaşmağa can atan və onun enerji siyasətində mübahisəli rol oynayan Azərbaycanı, həm də onunla yollarını artıq çoxdan ayıran Paşinyan hakimiyyətini cəzalandırmaq istəyir. Hər iki ölkə arasında gedən savaşların Tovuzdan başlaması bu mənada təsadüfi deyil. Məqsəd Dağlıq Qarabağ probleminə toxunmadan iki Cənubi Qafqaz ölkəsində sosial narazılıqlar yaratmaq və bundan öz məqsədləri üçün istifadə etməkdir.
Cənubi Qafqazın digər iki nəhəngi Türkiyə və İranın Azərnaycanın yanında yer alması bizim şansımızı artırır. Rusiya da regional əməkdaşlıqları güclənməkdə maraqlıdır, çünki onun üçün Qərbin qapısı getdikcə bağlanmaqdadır. Regional əməkdaşlıqları gücləndirmək üçün isə digər tərəfdaşların maraqlarını nəzərə almalıdır. Əks halda Rusiya özünü tamamilə təcrid vəziyyətinə sala bilər.
-Yeri gəlmişkən, bəzi siyasilər də Tovuz döyüşlərini Azərbaycan rəhbərliyinin Ramiz Mehdiyev və komandasının hakimiyyətdən uzaqlaşdırılmasıyla əsaslandırırlar. Bu versiya nə dərəcədə inandırıcıdır?
-Mən amma hesab etmirəm ki, Ramiz Mehdiyev və komandası Rusiya üçün bu qədər əhəmiyyətli olsun. Açığı, məlum kadr dəyişikliyini də Tovuz əməliyyatı kimi əsl səbəbin iki fərqli nəticəsi kimi qəbul edirəm. Əsl səbəb isə Rusiyanın enerji strategiyası ilə əlaqədardır. Məlum olduğu kimi, ABŞ Rusiyanın Avropaya qaz və neft nəqli üçün ciddi əngəllər yaratmağa çalışır. Rusiyanın Avropaya enerji nəqlində iki qapısı var. Bunlardan biri “Şimal axını”, digəri isə “Türk axını”dır. “Şimal axını-2” layihəsi Almaniyanın Dövlət Enerji Şirkəti tərəfindən dayandırıldı. “Türk axını”nda isə əsas alıcı dövlət Türkiyədir. Türkiyə bu ildən Rusiyadan və İrandan qaz alışını xeyli azaldıb. Onun yerinə Azərbaycan qazını alır. Artıq Azərbaycan Türkiyənin əsas qaz istehlakçısına çevrilib. Gələn il isə Türkiyənin Rusiya ilə bağladığı qaz müqaviləsinin vaxtı bitir. Türkiyə çoxdan Rusiya ilə bu müqaviləni pozmağa çalışırdı. Çünki qiymət baxımından sərf etmirdi. Müqavilənin şərtinə görə isə, Türkiyə ondan qaz almasa belə, pulunu ödəməlidir. Gələn ildən bu müqavilə başa çatacağından Türkiyənin Rusiyadan qaz alması tamamilə dayandırılacaq. Azərbaycanın TANAP-TAP layihəsinin Rusiyanın qaz strategiyasına qarşı olduğunu ABŞ Dövlət Departamentinin sabiq enerji strateqi Amos Hokşteyn hələ 3 il bundan əvvəl açıq şəkildə dilə gətirmişdi. O, mediaya verdiyi açıqlamasında Yunanıstan üz tutaraq deyirdi: “Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”
Təsadüfi deyil ki, Azərbaycan TANAP layihəsini işə salandan cəmi 2-3 həftə sonra Mingəçevirdəki məlum qəza, ardından Gəncədəki terror hadisəsi baş verdi. Bu yaxınlarda isə TAP layihəsinin öz işini tamamlamışdı. Tovuz hadisəsi də məhz bundan sonraya düşdü. Rəsmi Bakının məhz bu ərəfədə Rusiyaya bağlı qüvvələri zərərsizləşdirməsi də gözlənilən təxribat ssenarisində daxili təzyiqləri sıfıra endirməyə xidmət edirdi.
-Yəni deyirsiniz ki, Tovuz hücumu əslində rus həmləsidir. Bəs bu həmlə nə cür nəticələnə bilər?
-Bu sualın cavabını yaxın günlərdə öyrənəcəyik. İndilik isə onu deyə bilərəm ki, Rusiya da əvvəlki Rusiya deyil. Son çabalarının nəylə nəticələnəciyindən asılı olmayaraq, Rusiya sönən ulduzdur və bu prosesin qarşısını almaq mümkün deyil.
Şamo EMİN, Hurriyyet.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar