Xəbər lenti
 
 
“Ermənistan tərəfində bu say daha artıq ola bilər. Hər halda, ölkə hakimiyyətinə yaxın bəzi mənbələr döyüşlərdə ən azı 30 hərbçinin həlak olduğunu, çox sayda əsgərin yaralandığını bildirir”
 
Ovqat.com xəbər verir ki, bu iddianı İtaliyanın “InsideOver” nəşri irəli sürüb.
 
“Ermənistanla Azərbaycan arasında gərginlik yenidən baş qaldırır” sərlövhəli yazının 13 iyulda dərc olunduğunu nəşərə alsaq, aydın olur ki, rəsmi İrəvana yaxın dairələr tərəfindən media qurumuna ötürülən bu rəqəm döyüşlərin ilk gününə aiddir. Hazırda düşmən tərəfinin itkiləri daha çox ola bilər.
 
Ermənilərin niyə məhz Tovuz rayonundan hücuma başlamasının səbəbinə də aydınlıq gətirən nəşr bunu həmin ərazidən boru kəmərlərinin keçməsiylə əsaslandırıb. Döyüşlərin bir çox maraqlı məqamlarına işıq tutan məqaləylə tanış ola bilərsiniz.


 
Qafqaz regionunda, konkret desək, Ermənistan-Azərbaycan sərhəddi boyunca silahlar yenidən işə düşüb. Bu iki ölkə onilliklərdir mübahisəli Dağlıq Qarabağ bölgəsi uğrunda müharibə şəraitindədir. İllər keçməsinə baxmayaraq, problemin siyasi yolla həlli tapılmır.

Hazırda tərəflər arasında gərginlik yenidən ən yüksək həddə çatıb. Tərəflər arasında son belə qarşıdurma 2016-cı ildə yaşanmış, nəticədə yüzlərlə hərbçi və mülki şəxs həyatını itirmişdi. O zaman hərbi əməliyyatlar yalnız problemin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun müdaxiləsindən sonra dayandırılmışdı. Bu gün tərəflər yeni böhranın astanasındadır.


 
Son saatlarda yaşananlar
 
İndiki vəziyyət ötən illərdə olduğundan fərqlidir. Bu dəfə gərginlik münaqişə zonası olan Dağlıq Qarabağda deyil, mübahisəli zonadan uzaqda, Azərbaycanın Tovuz rayonu ilə sərhəddə yaşanır. Doğrudur, bura Ermənistan-Azərbaycan sərhəddinin “qaynar nöqtə”lərindən sayılır, lakin istənilən halda, o, əsas münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşir.
 
Tovuz strateji mərkəzdir: Azərbaycan neftinin Avropaya daşındığı Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, təbii qazın Avropaya nəql olunduğu Bakı-Tbilisi-Ərzurum boru xətti, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu məhz bu rayonun ərazisindən keçir...
 
Hər şey bazar günü axşam saatlarında başlayıb. Yaşanmaqda olan gərginliyin əsl səbəbi bəlli olmasa da, Ermənistan və Azərbaycan hökumətləri bir-birini sərhəddi pozmaq cəhdində, hərbi təxribatlarda ittiham edir. Məlum olan odur ki, bir neçə saat ərzində tərəflər arasında şiddətli artilleriya döyüşləri baş verib. Bu, bütün gecə boyu davam edib. Qurbanların sayı haqda dəqiq rəqəm söyləmək çətindir. Bakı döyüşlərdə ən azı 3 hərbçisinin həlak olduğunu bildirib. “Döyüşlər nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həyatını itirib, 5 nəfər yaralanıb. Bir neçə saat öncə yaralılardan biri də dünyasını dəyişib”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər (yazı iyulun 13-də dərc olunub – Ovqat.com).
 
Ermənistan tərəfində bu say daha artıq ola bilər. Hər halda, ölkə hakimiyyətinə yaxın bəzi mənbələr döyüşlərdə ən azı 30 hərbçinin həlak olduğunu, çox sayda əsgərin yaralandığını bildirir. Lakin tərəflərin nə qədər itki verdiyini dəqiq söyləmək mümkün deyil.
 
Qarşılıqlı ittihamlar

 

Şiddətli döyüşlərin başlamasına görə, tərəflər bir-birini günahlandırır. “Erməni tərəfinin Ermənistan-Azərbaycan sərhəddi boyu artilleriya qurğularından da istifadə etməklə hücuma keçməsi təcavüz, hərbi güc tətbiq etmə aktı və növbəti təxribatdır”, - deyə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, erməni silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisindən sərhəddi keçməyə cəhd göstərib, bununla da düşmən mövqeyini bir daha ortaya qoyub: “Ermənistanın bütün sərhəd boyu törətdiyi bu təxribat bir daha sübut edir ki, Yerevan Azərbaycanla münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Üstəlik, ermənilər bu təxribatı beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı vaxtda törədib. Baş verənlər göstərir ki, Ermənistan hökumətinin BMT baş katibinin pandemiya ilə əlaqədar qlobal atəşkəsə çağırışını dəstəklədiyi haqda deyilənlər riyakarlıqdan başqa bir şey deyil”.
 
Ermənistanın baş naziri Nikol Paşinyan isə regionda sabitliyin pozulması və gözlənilməz nəticələrə görə məsuliyyəti Azərbaycan tərəfinin daşıdığını bildirib.
 
Beləliklə, tərəflər atəşkəsin pozulması, qarşıdurmanın qızışmasına görə məsuliyyəti bir-birinin üzərinə atır. Hələ də səngimək bilməyən gərginlik isə onu göstərir ki, tərəflər arasında qarşıdurma hələ bir müddət davam edə bilər.
 
Azərbaycanın İtaliyadakı səfirinin fikirləri


 
Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadə isə gərginliyə görə məsuliyyəti kimin daşıdığını dəqiq bilir. “Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildən çoxdur ki, davam edir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz törədib, Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin Yerevan bu qətnamələrə illərdir məhəl qoymur”, - deyə diplomat bildirib: “Ermənistanın bazar günü artilleriyadan da istifadə etməklə başladığı hücumlar, Ermənistan-Azərbaycan sərhəddi boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə zərbələri təcavüz, hərbi güc tətbiq etmə aktı və növbəti təxribatdır”.
 
Roma-Bakı münasibətlərinə diqqət çəkən Əhmədzadə İtaliyanı baş verənlərə münasibət bildirməyə çağırıb: “İtaliya ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin siyasi yolla həllinə hər zaman dəstək verib. Prezident İlham Əliyevin İtaliyaya ötən ilin fevralında etdiyi səfər zamanı imzalanmış çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə birgə bəyanatda hər iki tərəfin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstək, dövlətlərarası münasibətlərdə təcavüz hallarının yolverilməzliyi qeyd olunub. Sənəddə bildirilir ki, İtaliya, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının başlıca prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT və ATƏT-in müvafiq sənədlərinə uyğun həll olunmasını dəstəkləyir”.


 
Münaqişənin səbəbi
 
Artıq qeyd edildiyi kimi, bu dəfə toqquşmalar Dağlıq Qarabağ bölgəsində baş vermir. Lakin Ermənistanla Azərbaycan arasında istənilən gərginlik məhz bu bölgə uğrunda uzun müddətdir bitmək bilməyən münaqişənin nəticəsidir. Tərəflər arasında Qarabağ problemi Sovet İttifaqının dağılmasından az sonra başlayıb. O dövrdə Dağlıq Qarabağda əsasən ermənilər yaşasa da, bölgə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət idi. Odur ki, Bakı bölgənin erməni icmasının Ermənistana birləşmək istəyinə etiraz edib. Az sonra – 1991-ci ildə bölgə özünü müstəqil elan etsə də, bu qərarı dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tanımayıb.
Münaqişə 1992-1994-cü illərdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonun, başqa sözlə Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunması ilə nəticələnib. 1994-cü ildə tərəflər arasında atəşkəs sazişi imzalansa da, bu günədək problemin siyasi həlli tapılmayıb. Azərbaycan ərazisinin 20%-i hələ də Ermənistanın işğalı altındadır.
 
Tərəflər arasında son ciddi siyasi qarşıdurma 2016-cı ildə baş vermişdi. O zaman döyüşlər 1992-ci ildən problemin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun müdaxiləsindən sonra dayandırılmışdı.
 
Mauro İndelikato
 



Ana səhifəyə qayıt        Baxış: 3 168          Tarix: 17-07-2020, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma