Xəbər lenti
 
 
Həm yerləşdiyi regionda, həm də dünyada böyük güc olan Rusiyanın təmkinli olmaq çağırışlarına baxmayaraq, Ermənistanla Azərbaycan arasında çərşənbə axşamı yenidən başlamış döyüşlərdə azı 9 hərbçi həlak olub.
 
Ovqat.com xəbər verir ki, Fransanın “Le Point” qəzeti “Ermənistanla Azərbaycan arasında gedən döyüşlərdə  hərbçilər həlak olub” sərlövhəli məqaləsində Tovuz döyüşlərindən bəhs edib.
 
Qəzetin yazdığına görə, Azərbaycanın Tovuz rayonu ilə sərhəddə baş qaldırmış qarşıdurma uzun illərdir düşmən olan tərəfləri yenidən qarşı-qarşıya qoyub. Bu, son illərin ən şiddətli döyüşləridir.
 
Azərbaycan hələ bazar ertəsi 7 hərbçisinin və 1 mülki vətəndaşının həlak olduğunu açıqlamışdı. Ötən iki gündə isə Bakı daha 4 hərbçisinin öldürüldüyünü bəyan edib.
Ermənistan isə öz növbəsində, ilk itkilərilə bağlı məlumat yayıb. Erməni tərəfinin məlumatında deyilir ki, düşmən atəşi nəticəsində silahlı qüvvələrin iki hərbçisi həlak olub.
 
Bu iki keçmiş Sovet respublikası Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsi üzündən onilliklərdir ki, münaqişə vəziyyətindədir. Əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi Dağlıq Qarabağ 1990-cı illərdə Yerevanın dəstəyilə özünü müstəqil elan edib. Bu, tərəflər arasında 30 min insanın həyatına son qoymuş müharibəyə səbəb olub. Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs sazişi imzalansa da, razılaşma zaman-zaman pozulur. Başqa sözlə, bölgə ətrafında silahlı qarşıdurmalara tez-tez rast gəlinir. Amma hazırda döyüşlər Ermənistan-Azərbaycan sərhəddində gedir ki, bu da nadir hadisədir.
 
Cəza tədbirləri
 
Tərəflər hərbi əməliyyatların başlanmasına görə məsuliyyəti bir-birinib üzərinə atır. Artıq ardıcıl olaraq üçüncü gündür ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı artilleriya, minaatan və iri çaplı pulemyotlar vasitəsilə hücumu davam etdirməkdə təqsirləndirir. Müdafiə nazirinin müavini Kərim Vəliyev çərşənbə axşamı verdiyi açıqlamada Azərbaycan Silahlı Qüvvələrinin 1 general, 1 polkovnik və 5 əsgərinin qəhrəmancasına həlak olduğunu bildirib. Nazirlik bildirir ki, bunun ardınca erməni silahlı qüvvələrinə qarşı cəza tədbirləri həyata keçirilib, nəticədə düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv edilib.
 
Ermənistan Müdafiə Nazirliyi isə öz növbəsində, çərşənbə axşamı Azərbaycan  Silahlı Qüvvələrini artilleriya, tank və pilotsuz uçuş aparatlarından istifadə ilə hücuma keçməkdə ittiham edib. Məlumatda deyilir ki, qarşı tərəf sərhəd yaxınlığında yerləşən Berd şəhərində mülki infrastrukturu hədəfə alıb.
 
Ermənistanın diplomatik orqanları isə mülki əhaliyə edilən hücumlara müvafiq cavabın veriləcəyini bildirir.
 
Artıq Moskva, Vaşinqton və Avropa İttifaqı baş verənlərdən narahatlığını ifadə edib, tərəfləri atəşkəsə əməl etməyə çağırıb. Ermənistanın çoxdankı düşməni Türkiyə isə türkdilli ölkə olan müttəfiqi Azərbaycana dəstəyini ifadə edib.
 
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərdən olan Rusiya döyüşlərin qızışmasından narahat olduğunu bildirib, hər iki tərəfi döyüşləri dayandırmağa çağırıb. Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin əməliyyatların dayandırılması üçün vasitəçilik edə biləcəyini də deyib.
 
Qeyd edək ki, gərginlik Azərbaycan prezidenti İlham Əliyevin münaqişəni hərbi yolla həll etmək hüquqlarının olduğunu bəyan etməsindən bir qədər sonra başlayıb.
 
Miqyaslı müharibə yoxdur
 
Görünən odur ki, Ermənistanla Azərbaycan arasında açıq müharibə Moskva ilə Ankaranın xüsusi geostrateji maraqlarının olduğu Qafqaz regionunda sabitliyi poza bilər. Erməni analitik Hakob Badalyan isə bu ehtimalın çox olmadığı qənaətindədir. “Nə Bakı, nə Yerevan, nə də regionun aparıcı gücləri müharibə istəyir. Onlar bunun hansı fəlakətli nəticələrə aparıb çıxara biləcəyini anlayırlar”, - deyə o, AFP-yə açıqlamasında bildirib.
 
Analitik hesab edir ki, bir neçə il əvvələdək Azərbaycan Ermənistan qarşısında ciddi hərbi üstünlüyə malik idisə, son illərdə Yerevan Rusiyadan müasir silahlar almaqla müəyyən tarazlıq yarada bilib. Lakin nəhəng neft ixracatçısı olan Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən çoxdur. Yerevan isə Moskvanın idarə etdiyi siyasi-hərbi alyansın – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
 
Tərəflər arasında son miqyaslı toqquşmalar 2016-cı ildə Qarabağ ətrafında baş vermişdi. O zaman Yerevanla Bakı açıq müharibənin bir addımlığından qayıtmışdılar.
 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ATƏT-in Rusiya, ABŞ və Fransanın həmsədri olduğu Minsk qrupu vasitəçilik edir.
 
Le Point, Fransa


Ana səhifəyə qayıt        Baxış: 3 604          Tarix: 17-07-2020, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma