Xəbər lenti

 
Azərbaycan-Ermənistan arasında iyulun 12-də baş verən və təsirləri indiyədək davam edən toqquşmaları Türkiyədə Ayasofiya camisinin yenidən ibadətə açılmasıyla əlaqələndirənlər də var. Bu mülahizəyə görə, Rusiya Ayasofiyanın qisasını Azərbaycandan alır. Bəs, bu mülahizə nə qədər inandırıcıdır? 

Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətimiz bu sual ətrafında oldu.

Heydər Oğuzun Moderator.az-a müsahibəsini təqdim edirik.


 
-Azərbaycan-Ermənistan arasındakı son toqquşmaların Dağlıq Qarabağda deyil, Tovuz rayonu ərazisində baş verməsində həqiqətən də Rusiyanın barmağı olması versiyası ağla batandır. Amma mən bunu Rusiyanın enerji siyasətilə əlaqələndirirəm. Ayasofiyanın qisasının bizdən alınması versiyası, açığı, mənə inandırıcı gəlmir. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatının can damarları sayılan və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün inşa edilən boru xətləri Gəncə-Tovuz bölgəsindən keçir. Bu enerji xətləri Rusiyanın eyni məqsədli kəmərlərinin alternativi sayılır və son zamanlar ABŞ rus qazının Avropaya nəqlini dayandırmaq üçün aktiv hərəkətə başlayıb. Rusiya da öz enerji xətlərinə alternativləri sıradan çıxarmaqda maraqlıdır. Tovuz-Gəncə keçidinə yaxın ərazilərdə gərginliklərin artırılması bu mənada onun işinə yarıya bilər. Tovuz döyüşlərindən sonra ABŞ Dövlət Departamentinin və Konqresinin “Türk axını” və “Şimal axını-2” layihələri ilə bağlı konkret addımlar atması da bu ehtimalı gücləndirir. 
Ayasofiya camisinin açılmasına gəlincə, bu da, sözsüz ki, ortodoksal xristian ölkəsi kimi Rusiyanı ciddi narahat edir. Rusiya rəsmilərinin bu qərarı qınayan bəyanatlar verməsi də bu narahatlığın ifadəsidir. Amma dediyim kimi, Moskvanın Ayasofiyaya görə Azərbaycanı hədəfə alması çox uzaq ehtimaldır.
 
-Uzaq və ya yaxın, belə bir ehtimaldan söhbət gedirsə, deməli sözügedən versiyanı tam inkar etmirsiniz. Ayasofiyanın Rusiyaya nə dəxli var?
 
-Sözsüz ki, istənilən məsələdə hansısa ehtimalı tam inkar etmək olmaz. Bu gün sizinlə hansısa ehtimaldan danışırıqsa, müzakirə ediriksə, deməli o var və mövcud olan bütün versiyalar proseslərə bu, yaxud başqa ölçüdə təsir göstərir. Mən ümumiyyətlə, siyasi analizlərdə ən kiçik ehtimalları belə gözardı etməyin tərəfdarı deyiləm. Bu ona bənzəyir ki, qarşısındakı stəkanı çayla doldurursan, amma daşmır. İçərisinə bir parça qənd atanda isə daşma prosesi baş verir. Normal halda o qəndi boş stəkana atsan heç nə olmaz. Amma dolu stəkanda daşar. Siyasi proseslər də belədir. Bəzən səbr kasasını dolduran əsl səbəblər ciddi insidentlərə yol açmaz. Kiçik bir bəhanə isə böyük nəticələrə gətirib çıxarar. Necə ki, I Dünya savaşı kiçik bir bəhanə nəticəsində ortaya çıxmışdı. Bilirsiniz ki, Avstriya vəliəhdi Frans Ferdinand 1914-cü ildə Sarayevoda bir serbiyalı millətçi tərəfindən qətlə yetirilmiş, müttəfiqlərin işə qarışmasıyla müharibə başlamışdı. Fəqət bu qətl hadisəsi tarixçilər tərəfindən səbəb kimi yox, bəhanə kimi qiymətləndirilir. Əsl səbəb on illərlə əvvəl sənayeləşmiş Avropanın dünyanı bölüşmək niyyəti idi. İllərlə toplanmış bu enerji bir vəliəhdin qətliylə çölə fışqırmışdı. Bu baxımdan Ayasofiya camisinin ibadətə açılması ziddiyyətlərin güclənməsində bəhanə kimi mühüm rol oynaya bilər. Əsl səbəb isə yüzillərlə toplanmış enerjinin kritik mərhələyə gəlməsidir. Zənnimcə, bu kritik kütlə bu gün olmasa belə, sabah mütləq ciddi partlayışa yol açacaq. Açığını desəm, biz bir millət olaraq, bu savaşı verməliyik. Zaman artıq bizim xeyrimizə işləmir. Azərbaycan 1994-cü ildə atəşkəs sazişinə imza atmaqla hərbi qüdrətini möhkəmləndirmək üçün zaman qazandı. Neft gəlirlərini hərbi qüdrətinə yönəltməklə Ermənistanı qabaqladı. Bundan sonra isə zəifləmə dövrünə qədəm qoyuruq. Ya bu işi indi çözməliyik, ya da sonra daha ağır itkiləri gözə almalıyıq. 


 
-Yeri gəlmişkən bəzi çevrələr dünyanın müxtəlif ölkələrində azərbaycanlı-erməni ziddiyyətlərinin getdikcə gərginləşməsində rəsmi Bakını günahkar bilirlər. Sizcə, diaspor təşkilatlarımızın bu çalışmaları həqiqətənmi bizim zərərimizədir?
 
-Hesab etmirəm. Azərbaycan özünün haqq savaşını dünyaya tanıtmalıdır. Ermənilərin daha üstün qüvvəylə bizim qarşımıza çıxması, gənclərimizə hücum etməsi xoş görünməyə bilər. Amma ermənilərin qarşısına hansısa güclə çıxmalıyıq. Zəifiksə, bunun səbəbini birgə araşdırmalı və hamılıqla əl-ələ verib problemi çözməliyik. İndikı məqamda ətalətdə qalmaq daha böyük məğlubiyyətimizlə nəticələnə bilər. Bəziləri deyirlər ki, Qarabağ problemi Avropanın paytaxtlarında, böyük şəhərlərində yox, münaqişə zonasında həll olunmalıdır. Mən bu fikirlərlə razılaşmıram. Çünki Qarabağ problemi regional müstəvidən çıxıb dünyəviləşmiş məsələyə çevrilib. Biz də döyüş sahəsindən əvvəl beynəlxalq ictimai rəyi öz xeyrimizə dəyişməliyik. Bu da kütləvi tədbirlərlə, media orqanlarındakı fəaliyyətlərlə mümkündür. O başqa məsələdir ki, biz bu fəaliyyətlə daha əvvəldən başlamalıydıq. İndiyədək yatıb birdən-birə ayılmışıq ki, qatar gedib. Amma bu o demək deyil ki, qatar gedibsə, biz də öz yerimizdə saymalıyıq. Əlimizə hansı minik vasitəsi düşərsə, onunla bu yolu qət etməliyik. Çünki mənzilə çatmaq üçün bu yol mütləq gedilməlidir. Qatar yoxdursa, atla, maşınla, yeri gələndə qaça-qaça... Mən “az saylı insanlarımızla ermənilərin qarşısına çıxmamalıyıq” fikrini də qəbul etmirəm. Haqlı olmağın saya dəxli yoxdur. Adətən haqlı tərəf az sayda olur, amma bu onun qalib gəlməsini əngəlləmir. Haqlısansa, güclüsən. Üstəlik, Qərb ölkələrinin də məsələyə kəmiyyətə görə qiymət verdiyinə inanmıram. Məncə, biz az qüvvəylə də keyfiyyətli iş ortaya qoya bilərik. Sayımızın azlığına ağız büzənlər bu hərəkatın önündə gedə bilmirlərsə, heç olmasa aksiyaçılara qoşulub kəmiyyəti artırmalıdırlar. Ya da susub görülən işlərə pəl vurmamalıdırlar. Mən də çoxları kimi indiki rejimin bir çox addımlarını bəyənmirəm, amma Dağlıq Qarabağ üçün nəsə etmək istəyirlərsə, bunu dəstəkləmək lazımdır. Dağlıq Qarabağ məsələsi siyasi mübarizə mövzusu ola bilməz. Bu, suverenlik, torpaq bütünlüyü uğrunda mübarizədir.
 
-İstərdim, mövzudan çox kənarlaşmayaq. Mövzumuz Ayasofiya idi. Sizcə, bəzi ekspertlər Ayasofiyanın ibadətə açılmasını hansı məntiqlə Tovuz döyüşləriylə əlaqələndirirlər? 
 


-Məncə, bunun iki başlıca səbəbi var. Biri tarixi təsadüfdən, digəri isə Ayasofiyanın ortodoks kilsəsi üçün daşıdığı əhəmiyyətdən qaynaqlanır. Bilirsiniz ki, Ayasofiya camisi iyulun 10-da İstanbul Ali Məhkəməsinin çıxardığı qərarla ibadətə açıldı. Ertəsi gün bu qərar Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın imzasıyla təsdiqləndi. Ona ən çox qarşı çıxanlardan biri də Rusiya oldu. Bütün diqqətlər bu polemikaya cəmləşdiyi bir zamanda bir gün sonra Tovuzdan atəş səsləri eşidilməyə başladı. Elə həmin gün Türkiyədən Azərbaycanı dəstəkləyən açıqlamalar gəldi.  Dolayısıyla hər kəs bu iki gərginliyin ətrafında cərəyan edən proseslərdə üzvi əlaqələr axtardı. Bu əlaqələrin var olub-olmadığı hələ də məchuldur. Biz bu ehtimalı sıfıra yaxın hesab etsək belə, hadisələrin zamanlaması, eyni tarixə düşməsi istər-istəməz müəyyən şübhələrə yol açır. 
Digər tərəfdən, Ayasofiya camisi Rusiya üçün də yad məsələ deyil. Rus rəsmilərinin bu qərara kəskin qarşı çıxmasının yüzillərə söykənən ciddi əsasları var. Bilirsiniz ki, Ayasofiya xristian dünyasının ilk böyük məbədgahı olub. 15-ci əsrdə İstanbulu fəth edən Sultan Mehmet tərəfindən camiyə çevrilən Ayasofiya bu tarixdən 1000 il əvvəl kilisə olaraq tikilmişdi. Uzun əsrlər boyu xristian dünyasının ən böyük kilsəsi kimi fəaliyyət göstərmişdi. 1054-cü ildə Roma kilsəsi ilə yollarını ayırandan sonra ortodoksal xristianlığın əsas ibadətgahına çevrilmişdi. Dolayısıyla Vatikan kilsəsi katoliklər üçün nədirsə, Ayasofiya da uzun əsrlər boyu ortdoksal xristianlıq üçün eyni dəyəri daşıyıb. Ruslar da ortodoksal xristianlardır. Onlar üçün də Ayasofiyanın mənəvi dəyəri yüksəkdir. Hətta I Pyotrun vəziyyətlərində İstanbula sahiblənmək tapşırığının səbəblərindən biri də (Düzdür, əsas səbəb olmasa da. Əsas səbəb Aralıq dənizinə açılmaq idi) Ayasofiyanın məhz bu şəhərdə yerləşməsindən irəli gəlir.  Bəllidir ki, dünyada hazırda 300 milyona yaxın ortodoksal xristian var. Onların böyük əksəriyyəti isə slavyan xalqlardır. Məsələn, ukraynalılar, bolqarlar, serblər, polyakların bir qismi və digər Balkan xalqları kimi. Müxtəlif aralıqlarla 4 yüz ildən artıq davam edən, bu gün də soyuq savaş qismində yürüdülən rus-türk savaşlarının əsasında İstanbulu, dolayısıyla Ayasofiyanı almaq hədəfi dayanırdı, indi də dayanmaqdadır. Pyotrun vəsiyyətləri və təməlini atdığı hərbi-syasi strategiyası əsasında formalaşan rus imperializminin İstanbulu almaqla nail olmaq istədiyi üstünlük ortodoksları öz ətrafında birləşdirmək idi. Rusiya bunu bacarsaydı, hazırda Ukrayna da, Bolqarıstan da, Balkan ölkələri də ondan çətin üz döndərərdilər. Yəni slavyan ölkələr təkcə milli dəyərləri ilə yox, həm də dini inanclarıyla da Rusiya ilə bütünləşərdilər. Bu baxımdan Ayasofiyanın yenidən camiyə çevrilməsi Rusiyanın imperialist maraqlarını qıcıqlandırır, onu istər-istəməz Türkiyəyə qarşı tövr almağa vadar edir.
 
-Maraqlı yanaşmadır. Açığı, sizin dediyiniz həqiqətdirsə, regionda baş verən proseslərdə Ayasofiya amilinin müstəsna rol oynadığına inanmağa başladım...


 
-Məncə, inanmağa tələsməyin. Çünki SSRİ qurulduqdan sonra rus imperializimin bu hədəfləri qalmadı. 70 illik ateist rejim Rusiya kimi, digər slavyan xalqları da dindən uzaqlaşdırdı. Rusiya 400 il ərzində Osmanlılarla apardığı döyüşlərdə nə qədər qələbə çalsa da, İstanbulun ona verilməyəcəyini anladı. Sonunda din amilindən tamamilə kənara çəkildi. Ortodoks xristianlarını bir hədəf arxasında birləşdirməsinə ilk növbədə katolik və protestant dünyası razı deyil. I Dünya Müharibəsində Osmanlının məğlubiyyətindən sonra Ayasofiyanın kilsəyə deyil, muzeyə çevrilməsinin iki başlıca səbəbindən biri də Rusiya amili idi. Bilirsiniz ki, bu müharibədən məğlubiyyətlə ayrılan Osmanlı Antanta dövlətlərinin bir çox tələblərini yerinə yetirməli oldu. Bunlar arasında dini tələblər də vardı. Məsələn, xilafətin ləğv olunması kimi. Tarixi sənədlər sübut edir ki, Lozanna müqaviləsindən əvvəl Ayasofiyanın kilsəyə çevrilməsi də nəzərdə tutulurmuş. Qaliblərin bu tələbdən vaz keçməsinin 2 əsas səbəbi olur: biri Hindistan müsəlmanlarının ayaqlanması ehtimalı, digəri isə sosialistləşən Rusiyanın din amilini ümumiyyətlə gündəmdən çıxarması. Dolayısıyla, I Dünya müharibəsindən sonra Ayasofiyanın fəthdən öncəki vəziyyətinə gətirmək üçün restavrasiya çalışmalarına başlanmasına baxmayaraq, 1934-cü ildə caminin muzeyə çevrilməsinə qərar verilir. Halbuki, Türkiyə 1931-ci ildə Amerika Bizans İnstitutunun banisi arxeoloq Tomas Uittemora Ayasofiyada kilsəyə aid mozaikaların yenidən bərpasına icazə vermişdi. Bu istiqamətdə çalışmaların başlanılmasından 3 il sonra Ayasofiya muzeyə çevrildi. Baxmayaraq ki, restavrasiya işləri daha 15 il sürdürüldü. Ayasofiyanı yenidən kilsəyə çevrilməkdən xilas edən ikinci amil isə Almaniyada faşizm meyllərinin artması oldu. Türkiyənin incik salınarsa Hitler Almaniyası ilə ittifaq qurub itirdiklərini geri qaytaracağından çəkinən ortodoks xristianlar Ayasofiyanın kilsəyə çevrilməsi tələblərindən vaz keçdilər. Tərəflər ortaq məxrəcə gələrək bu mədəbin nə cami, nə də kilsə kimi fəaliyyət göstərməsinə yox, muzeyə çevrilməsinə qərar verdilər və 1934-cü ildə Yunanıstan, Rumıniya, Yuqoslaviya və Türkiyə arasında Balkan paktı imzalandı. II Dünya müharibəsindən sonra Balkan ölkələri ateist dəyərləri özünün siyasi ideyasına çevirən SSRİ-nin təsiri altına düşdüyündən Ayasofiya təkcə Yunanıstanın problemi olaraq qaldı. 
Yeri gəlmişkən onu da vurğulayım ki, ortodoks kilsələri dini inanışlarına görə katoliklərdən fərqlənir. Katoliklərdən fərqli olaraq onlarda vahid mərkəzə tabeçilik yoxdur. Rusiya uzun əsrlər boyu buna çalışsa da, öz məqsədini reallaşdıra bilmədi. Bununla belə, SSRİ-nin dağılmasından sonra mədəniyyətlərarası mübarizələrin qızışdığı indiki zamanda Rusiyanın yenidən bu strategiyaya qayıtmaq təşəbbüsü baş qaldıra bilər. 
 
-Belə çıxır ki, Türkiyə bu təşəbbüsün qarşısını almaq üçün Ayasofiyanı müsəlman məbədi kimi ibadətə açdı?
 
-Sanmıram. Məncə, burada əsas hədəf Rusiya yox, Yunanıstandır. Bilirsiniz ki, Yunanıstan Kipr ətrafında qaz axtarışları məqsədilə İsraillə müəyyən razılığa gəlib. Ayasofiya da fəthdən əvvəl yunan ortodokslarının kilsəsi idi. Görünür, Ankara öz ərazi sularına iddia edən Yunanıstana hər tərəfli zərbə endirməyə çalışır. Ayasofiyanın müsəlman kilsəsi kimi ibadətə açılması Yunanıstana dini-mənəvi baxımdan vurulmuş ağır zərbədir. Yəqin ki, bunun nəticələri Yunanıstanın daxili siyasətində özünü büruzə verəcək. 
 


Ana səhifəyə qayıt        Baxış: 6 447          Tarix: 26-07-2020, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma