Xəbər lenti


Məsələ Türkiyənin Azərbaycana görə Rusiya ilə müharibəyə hazır olub-olmamasında və ya Rusiyanın Ermənistana görə Türkiyə ilə müharibəyə girib-girməməsində deyil. Əslində ortada belə bir məsələ yoxdur. Üstəlik 2016-cı ilin Aprel döyüşləri ilə müqayisədə Tovuz istiqamətində qarşıdurma o qədər də böyük deyildi.
Bu fikirləri Teleqraf.com-a analitik Əli Abbasov deyib.
O əlavə edib ki, buna baxmayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən hərbi qarşıdurmadan sonra Rusiya Təhlükəsizlik Şurasının toplantısı keçirilib:

“Təhlükəsizlik Şurasının iclasından sonra məlum oldu ki, Rusiya bu qarşıdurmaya qarışmır, neytral mövqe saxlayır və tərəflər arasında vasitəçi olmağa hazırdır. Yəni ruslar faktiki olaraq tərəflərdən birini dəstəkləmədi. Niyə? Bax bu, maraqlıdır. Mənə görə, bu, Türkiyə ilə bağlı deyil. Əksinə, ABŞ və müttəfiqləri bilir ki, belə münaqişələri Rusiya qızışdırır. Hazırda Rusiya ABŞ-dan növbəti sanksiyalar zərbəsi almaq istəmir. Hesab edirəm ki, Rusiya bu səbəblərdən Tovuzda baş verənlərə müdaxilə etmək niyyətinə düşmədi. Anladı ki, hər hansı bir hərəkət etsə, Cənubi Qafqazda ağır duruma düşəcək. Unutmayaq ki, Türkiyə beynəlxalq müqaviləyə görə, Naxçıvana daxil ola bilər, yəni regiona bağlıdır. Amma Rusiyanın regiona gəlməsi təcavüz kimi qiymətləndirilir. Məncə, ruslar bu məsələləri götür-qoy etdilər və qərar verdilər ki, bu dəfə çox irəli getmək olmaz”.
Professor xatırladıb ki, Türkiyə qazın 40 faizini ruslardan deyil, Azərbaycandan alır:

“Bu mənada ruslar ermənilərin Tovuzda irəliləməsində, qaz kəmərinin vurulub bir müddət sıradan çıxarılmasında maraqlı ola bilərdi. Nəzərə alın ki, Türkmənistan da Azərbaycandan keçən qaz kəmərinə qoşulmaq istəyir. Türkmənistan isə qaz ehtiyatlarına görə, dünyada dördüncü zəngin dövlətdir. Bununla paralel olaraq Rusiyanın “Şimal axını” və “Türk axını” layihəsi getdikcə təhlükə altında düşür. Türkmənistan İrana və Çinə qaz kəməri ilə açılır, indi də TAP-a qoşulmaq istəyir. Ruslar deyirlər ki, Xəzərdə suyun dibi ilə boru xətti çəkmək olmaz, amma özü Qara dənizdə bunu həyata keçirir. Yəni qazla bağlı məsələ gələcəkdə Rusiya üçün müəyyən problemlər də gətirəcək. Açığı, Tovuz istiqamətində Ermənistan ordusunun fəallığının bir səbəbi də bu ola bilər. Məncə, Paşinyanın nə baş verdiyindən heç xəbəri olmayıb. Bu, hərbçilərin əməli olub. Paşinyan da bu prosesi dəstəkləməyə məcbur qalıb”.



Ana səhifəyə qayıt        Baxış: 3 037          Tarix: 22-07-2020, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma