Xəbər lenti
Bu gün, 19:25
 

Elcin Qurbanov
Ekspert

 
Prezidentin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirəsi çox ciddi məsələlərin müzakirəsi ilə başa çatdı. Hər kəsə məlumdur ki, içməli su ehtiyyatlarının və kənd təsərrüfatı üçün istifadə olunan (suvarma) suların tədarükü ilə bağlı böhrana doğru irəliləyiş ümumdünya ölçülü problemdir. Qlobal istiləşmə, demoqrafik vəziyyət, sürətli və sistemsiz urbanizasiya prosesi və atmosferdə zəhərli tullantıların səviyyəsinin artması ekoloji tarazlığın pozulmasına səbəb olub.  
 
Müşavirədə düzgün qeyd edildi ki, su təsərrüfatının təkmilləşdirilməsi və inkişafı ilə bağlı resurslar tükənməyib . İtkilər izafi dərəcədə çox, bu problemdən sui istifadə halları isə daha çoxdur. İtkilərin su təsərrüfatının uçot sistemində kənarlaşmaların yaranması üçün əlverişli şərait yaratdığını, habelə zəruri tədbirlər görülmədiyi halda problemin yaxın gələcəkdə təbii coğrafi şəraitə ciddi mənfi təsir göstərə biləcəyi və Azərbaycanın quraqlıq səhra görkəmi alma təhlükəsi ilə üz-üzə olduğu vurğulandı. 
 
Diqqəti cəlb edən əsas məsələlərdən biri isə bu infrastruktur layihələrin icrası ilə bağlı izafi xərclərə xüsusi diqqət verilməməsi ilə bağlı tapşırıq oldu.  Su təsərrüfatının balansı, yerüstü və yeraltı su (təbii) ehtiyatlarının işlənməsi və tədarükü prossesində innovativ işlərin vacibliyi də ayrıca vurğulandı. 
 
Doğrudur, müşavirə işritakçılarının bəzilərinin təhlil və təkliflər paketi barədə də söhbət açıldı, iştirakçılar dinlənildi. Amma bütün bunlarla yanaşı Prezidentin infrastruktur layihələrin icrasının əsas dövlət maliyyəsi hesabına aparılması və xərclər hissəsinə xüsusi diqqət verilməsinə dair söylədiklərinə heç bir əlavə təkliflər verilmədi. Belə bir mənzərə yarandı ki, ölkə başçısının itkilər və dövlət əsaslı investisiyalar  barədə ciddi maliyyə nəzarət sisteminin tətbiqi haqqında xəbərdarlığına heç kəs hazır deyildi
 
Regionlarda su təchizatının yerli icra hakimiyyəti başçıları və onların yaxın adamları tərəfindən sanki inhisara alındığı barədə söylədikləri mənim bir ay əvvəl  Tovuz rayonu icra hakimiyyəti başçısı və onun yaxın adamları tərəfindən anoloji əməlləri törətdiyi barədə video müraciətimin tam mahiyyətinə uyğun idi. 
 
Şübhəsiz ki, Tovuz rayonu timsalında bir çox rayonlarda oxşar vəziyyət hökm sürür. Belə hallarla mübarizə aparmaq olduqca vacibdir. Tovuz rayonu sonuncu parlament seçkilərində mənim seçki auditoriyama aid olduğu üçün rayonun bütün problemləri ilə yaxından tanış olmuşdum. Yeni seçilmiş deputatdan və rayonun icra başçısından da problemləri həll etmək üçün səy göstərmələrini tələb etmişdim.  
 
Hesab edirəm ki, vebinar iclas çox aktual məsələləri əks etdirdi və ciddi ictimai diqqətə səbəb oldu. Bütün bunları nəzərə alaraq uzatmadan vebinar iştirakçılarının gözləmədikləri xəbərdarlıqla bağlı təkliflərimi vermək istəyirəm. 

 Qısaca ölkənin su təsərrüfatını təşkil edən qurumların maliyyə hesabatlarına nəzər salaq.
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
 
Məlum olduğu kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsini suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir. 
 
Bu qurumun 2019-cu il maliyyə hesabatı il başa çatsa da hələ dərc edilməyib. Ona görə də başa çatmış son ilin (2019) yekunları üzrə AMST ASC-nin maliyyə vəziyyəti barədə məlumat əldə etmək mümkün deyil. Odur ki, gəlin, 2018-ci ilin maliyyə vəziyyətinə dair qısaca əsas meyarlara nəzər salaq. 
 
ASC-nin 2018-ci ildə əvvəlki (2017) ilə nisbətən cəmi gəlirlərində 273 339 868.00 manat artım, xərclərində (amortizasiya və əs-vəs silinməsi  üzrə xərclər də daxil olmaqla) 251 694 854.00 manat artım olmuşdur. Gəlir və xərclər arasında yaranan mənfi saldo (zərər) əvvəlki ildə -75 199 243 manat 2018-ci ildə isə -53 554 229 manat təşkil etmişdir. Yəni ASC-nin 2018-ci ilin yekunu ilə 2017-ci ilin yekunları arasında zərərlərində 13.523 faiz azalma müşahidə olunmuşdur.  Zərərlərdə azalma isə ASC-nin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinin müsbət saldoya doğru irəliləməsi deməkdir.
 
Su təsərrüfatının digər qurumu “Azərsu ASC” 
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir. 
 
“Azərsu” ASC-nin də 2019-cu il maliyyə hesabatı hələ dərc olunmayıb . Amma sonuncu 2017-ci və 2018-ci il üçün cəmiyyətin (konsolidasiya edilmiş maliyyə balansı)  maliyyə vəziyyətinə nəzər salsaq əvvəlki ilə nisbətən aktivlərində (+224 186 000.00) müsbət artım, suyun satışından debitor borclarında da artım olmuş, lakin dəyərsizləşmə üzrə ehtiyyatlar qədər azaldılmışdır. Mənfəət və zərərlər hesabatında il üzrə mənfəət vergisi üzrə xərclər çıxılmaqla cəmi ümumi zərər 480 201 000.00 manat (əvvəlki ilə nisbətən 28 149 000.00 manat az) , eyni zamanda dövlət investisiyaları üzrə əvvəlki ilə nisbətən 492 359 000.00 manat azalma qeydə alınmışdır. Bütün bunlara baxmayaraq cəmiyyətin zərərlə işlədiyi danılmazdır. 
 
Ümumilikdə ölkənin su təsərrüfatı üzrə cavabdeh olan bu iki qurumun fəaliyyətinin məlum 2018-ci il  üzrə 533 755 229.00 manat zərərlə nəticələndiyi əksini tapır.  Dövlət əsaslı investisiyalar üzrə əməliyyatlardan satınalmalar əsasında demək olar ki, birbaşa geriyə (büdcəyə) qayıdan yalnız ƏDV-dir. Nə yaxşı ki, dövlət təşkilatlarının özlərinin təchizat , tikinti quraşdırma strukturları ləğv edilib. Yoxsa heç o da olmazdı. 
 
 Mən ölkə başçısının yuxarıda qeyd edilən haqlı iradlarını və peşəkar iqtisadi  mülahizələri əsas tutaraq bildirmək istəyirəm ki, qarşıda çox böyük layihələrin icrası nəzərdə tutulan su təsərrüfatına dair həm struktur islahatların aparılması , həm də  ayrıca yeni təşkilatın yaradılması nəzərdən keçirilməlidir. Belə ki, yeraltı (çaylar və s) suların tədarükü su təsərrüfatında uçot sisteminin şəffaflaşdırılması üçün mədən, dağ mədən istehsalat birliyinin təsis olunması məqsədəuyğun sayıla bilər. Su ehtiyatlarının işlənməsi, tədarükü, daşınması bu təşkilatın səlahiyyətlərinə aid edilə bilər. Bu məsələ həm təşkilat maraqları baxımından, şəffaflıq , həm də  məsuliyyət baxımından daha səmərəli iqtisadi nəticələr yarada bilər.

Eyni zamanda ölkə başçısının vurğuladığı kimi , sahibkarların cəlb edilməsi üçün əlverişli şərait yarana bilər. Məsələn “Mədən ASC” yaradıla bilər , səhmlərin bir hissəsi dövlətə, digər hissəsi özəl müəssisələrə və ya şəxslərə məxsus ola bilər. Səhmlərin bir hissəsinin dövlətə məxsus olması səhmdarların kapital qoyuluşu üçün risklərini sığortalayan qarant ( təminat) rolunu oynayar və asanlıqla səhmdarların maraqlarını təmin edər. Əks halda su təsərrüfatını idarə edən qurumların tədiyyə balansı mənfi saldo ilə nəticələndiyi üçün heç bir investor kapital qoyuluşu məqsədilə belə riskə gedə bilməz. Digər tərəfdən isə beynəlxalq maliyyə qurumları da anoloji vəziyyəti nəzərə alacaqlar. Belə kreditlərin beynəlxalq maliyyə qurumlarından ayrılması yalnız dövlət təminatına görə mümkün olur. Amma dövlətin borclanması iqtisadi və sosial hədəflərə çatmaq yolu deyil. Səmimi olaraq qeyd etməliyəm ki, sözügedən təsərrüfatların rəhbər şəxslərinin sərvətləri qiymətləndirilsə zərərlə işləyən təşkilatın hesabatına inanmaq mümkün olmaz. Ona görə də yuxarıdakı təkliflərlə yanaşı Prezidentin nitqində yer alan xərclər və itkilərlə əlaqəli ehtimal olunan maliyyə saxtakarlığı üçün yaranan əlverişli mühiti tədqiq etmək və çox ciddi maliyyə nəzarət tətbirləri həyata keçirmək lazımdır. Bu məsələnin həlli isə sistemli şəkildə audit institutunun səlahiyyətlərinin genişləndiriməsi və kənar nəzarət mexanizminin tətbiq edilməsi ilə mümkündür. Kənar nəzarət maliyyə şəffaflığını və hesabatlılığı dövlət və ictimai maraqlar fonunda təmin etməlidir ki, dövlət vəsaitlərinin mənimsənilməsinin və korrupsiya cinayətlərinin qarşısı alınsın. Əks təqdirdə belə qurumlar daim dırnaqarası zərərlə işləməli olacaqlar. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 431          Tarix: 30-07-2020, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma