Xəbər lenti
 
Rentabelli suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafında vacib şərtdir. Çünki mütərəqqi suvarma metodlarının tətbiqi bol məhsul istehsalı ilə yanaşı, həm də torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verir. Muxtar respublikada bu sahədə görülən işlərin davamı olaraq “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki əkin sahələrində yeni qapalı suvarma şəbəkəsi qurulacaq.
Ovqat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, tikinti aparılacaq ərazinin relyefi və torpaq xüsusiyyətləri nəzərə alınıb, əkin sahəsinə suvarma suyunun verilməsi təmin edilib. Qapalı suvarma şəbəkəsi toxumçuluq təsərrüfatının 400 hektar əkin sahəsində qurulacaq. Layihəyə uyğun olaraq ərazidə 4380 metr dəmir borularla ana xətt və 41 min 680 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi çəkiləcək. Xətlərin üzərində 95 sutənzimləyici siyirtmə, 480 hidrant və 93 suburaxıcı quraşdırılacaq. Tikinti zamanı ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə olunacaq.
Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsi üzrə tikinti işlərinin başlanmasını bildirən qurğunu işə salıb.
Bildirilib ki, son 3 ildə muxtar respublikada 3100 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub. Yeni qurulan qapalı suvarma şəbəkəsi də ərazinin su təminatını yaxşılaşdıracaq, şoranlaşmaya və su itkisinə yol vermədən əkin sahələri tələb olunan miqdarda suvarma suyu ilə təmin olunacaq.
Ali Məclisin Sədri çıxış edərək deyib: Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının inkişafı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda kənd təsərrüfatı hər bir ailənin iş yeridir. Ona görə də 5 milyon manat dəyəri olan bu layihə toxumçuluq təsərrüfatının əkin sahələrində qapalı suvarma şəbəkəsinin qurulmasına yönəldilmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış sazişə əsasən ölkəmizdə toxumçuluğun inkişafı üçün alınan yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları da muxtar respublikadakı toxumçuluq təsərrüfatına verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Təsərrüfat üçün 2 min hektar torpaq sahəsi ayrılmış, meliorativ tədbirlər görülərək əkinəyararlı hala salınmışdır. İlkin mərhələdə ərazinin 400 hektarında, növbəti illərdə isə digər sahələrdə qapalı suvarma şəbəkəsi qurulacaqdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikanın iqlim şəraitinə uyğun toxum sortlarının yetişdirilməsi və paylanması toxumçuluq təsərrüfatının qarşısında duran əsas vəzifədir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi və digər aid təşkilatlar toxumçuluq təsərrüfatı ilə birgə ərazinin torpaq xüsusiyyətlərini öyrənməli, şoranlaşmanın qarşısı alınmalı, mütərəqqi suvarma sistemlərinin qurulması davam etdirilməli, məhsuldar toxum sortları yetişdirilərək muxtar respublika ərazisində yayılmalıdır. Toxumçuluq təsərrüfatının fəaliyyətə başlaması nəticəsində həm də yeni iş yerləri açılmışdır. Ona görə də göstərilən dövlət dəstəyindən və yaradılan şəraitdən səmərəli istifadə olunmalı, əkin sahələrindən bol məhsul götürülməli, təsərrüfat rentabelli işləməli və inkişaf etməlidir.
Qeyd olunub ki, Sovetlər Birliyi dövründə muxtar respublikada toxumçuluq təsərrüfatları fəaliyyət göstərməyib. Müstəqilliyin ilk illərində də toxumçuluq təsərrüfatlarının yaradılması imkan xaricində idi. Lakin bu gün ölkəmizdə qəbul olunan dövlət proqramlarının icrası toxumçuluq təsərrüfatlarının yaranması və inkişafına da səbəb olub. Bu səbəbdən də toxumçuluq təsərrüfatında bütün işlər elmi əsaslarla aparılmalı, aqrotexniki qaydalara əməl edilməli, məhsuldar toxum sortları yetişdirilərək tətbiq olunmalıdır.
Ali Məclisin Sədri toxumçuluq təsərrüfatının ölkəmizdə bu sahə üzrə nümunəvi təsərrüfata çevriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri toxumçuluq təsərrüfatının taxıl əkini sahələrinə baxıb. Bildirilib ki, bu ilin məhsulu üçün 800 hektarda iqlim şəraitinə uyğun məhsuldar taxıl sortları əkilib. Mütərəqqi əkin və suvarma metodlarından istifadənin, xüsusilə aqrotexniki qaydalara əməl olunmasının və zərərvericiləri qarşı aparılan mübarizə tədbirlərinin nəticəsidir ki, taxıl vegetasiya dövründə yaxşı inkişaf edir.
Ali Məclisin Sədri toxumçuluq təsərrüfatında taxılla yanaşı, məhsuldar bostan-tərəvəz sortlarının əkininin də aparılması, toxumluq məhsullara olan tələbatın ödənilməsi, eləcə də ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.




Ana səhifəyə qayıt        Baxış: 1 001          Tarix: 22-04-2017, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma