Xəbər lenti

 
Keçmiş deputat, hazırda isə Ukraynada səfir olan Elmira Axundova və oğlu Həbib Axundovun adı yenə məhkəmə çəkişməsində keçir. Avqustun 5-də Bakı Apelyasiya Məhkəməsində onlarla bağlı daha bir məhkəmə qərarı çıxarılıb. Prosesdə jurnalistlərin iştirakına şərait yaradılmayıb, hakim İlham Kərimli zalda olan jurnalistlərdən zalı tərk etmələrini tələb edib. 
 
Bu cür addımların söz azadlığına qarşı olan səfirin işində baş verməsi təsadüfi deyil. Elmira Axundova oğlunun və özünün adı qarışan dələduzluq işləri üzrə keçirilən məhkəmə proseslərinin də jurnalistlərin iştirakı olmadan keçirilməsinə səylər göstərib. 
 
2019-cu ildə Elmira Axundova həm özü, həm də oğlu barədə mediadakı yazı və müsahibələrə görə 5 nəfəri məhkəməyə verib, onların hərəsini 10 min manat cərimələtdirmişdi. İddiaçı qismində Həbib Axundovun adı keçsə də, Elmira Axundova “müstəqil tələb irəli sürən üçüncü şəxs” qismində prosesə qoşulmuşdu. Cərimələnənlərdən biri də 82 yaşlı jurnalist Firuz Həşimov idi. Ona şikayət imkanı gec yaradıldığına görə Bakı Apelyasiya Məhkəməsi şikayətinə indi baxıb.
 
“elmiraaxundovalar, ramizmehdiyevlər yox, mən mübarizə aparmışam”
 
Prosesdə Elmira Axundovanın, oğlu Həbib Axundovun vəkili olan Afət Qazıyeva Firuz Haşımovdan yazdıqlarını təkzib etməsini tələb edib. Firuz Haşımov isə səfifirin vəkilinin tələbini rədd edib. 
 
Təkzib sözü mənim üçün ən dəhşətli təhqirdir. Mən yazdıqlarımın bir kəlməsini belə təkzib etmirəm. O üç rəngli bayrağın dalğalanması üçün elmiraaxundovalar, ramizmehdiyevlər yox, mən mübarizə aparmışam” –deyə Firuz Haşımov deyib.
 
“Elmira Axundova məni yazdıqlarıma görə, qanunsuz olaraq 2 min manat cərimə etdirdi”
 
Hakim onun fikirilərinə müdaxilə edib:

-Yaxşı, yaxşı burada Ramiz Mehdiyevin işinə baxılmır.

Firuz  Haşımov: 

-Elmira Axundova, min ildə qalsa, mən yazdıqlarımı təkzib etmərəm. Mən çörəyə pul tapmayan adam, harınlara 10 min pul verməliyəm? Elmira Axundova məni yazdıqlarıma görə, qanunsuz olaraq 2 min manat cərimə etdirdi. O, iyirmi ay mənim qocalıq təqaüdümü kəsdirib. İyirmi ay mənin 193 manat qocalıq təqaüdümün 100 manatını alıblar. 
 
Elmira Axundova Firuz Haşımovu bu yaşında məhkəməyə verib
 
Firuz Haşımovun vəkili Sahib Məmmədov bildirib ki, müvəkkilin yazdıqlarında böhtan və təhqir yoxdur:
 
“Prezident İlham Əliyev çıxışlarında məmurların, onların övladlarının harın həyat tərzi yaşadıqlarını dəfələrlə deyib. Firuz Haşımov da “Məmləkətin indiki halında harınlıq milli xəyanətə bərabərdir” adlı məqaləsində bu fikirlərə istinad edib. Burda təhqir və böhtan yoxdur, ona görə də şikayətimizi müdafiə edirik” deyə bildirib.
 
 Firuz Haşımovun digər vəkili Elçin Sadıqov deyib ki, Binəqədi rayon məhkəməsi ümumiyyətlə müvəkkilini hansı məqalələri yazdığını müəyyən etməyib: “Məhkəmə “Gündəlik Bakı” qəzetində dərc olunan bütün məqalələri Firuz Haşımovun adına çıxıb. Halbuki Firuz Haşımov tərəfindən bu mövzuda “Deputatın oğlu onlarla insanı piramidaya salıb” sərlöhvəli yazı yazıb. Həmin yazı o vaxt iş üzrə zərərçəkənlərin mətbuat konfransında söylədiklərinə əsaslanır. O vaxt məhkəmənin verdiyi qərar da yox idi. Jurnalist istəsəydi belə bilə bilməzdi ki, mətbuat konfransında söylənilən fikirlər yalnışdır və ya doğrudur. Həmin məqalədə də Elmira Axundovanın fikirlərinin dərc oluna biləcəyi də qeyd olunur. Bunun əvəzində Elmira Axundova Firuz Haşımovu bu yaşında məhkəməyə verib. Firuz Haşımov nə yazıb ki? Yazır ki, məmləkətin indiki halında harınlıq  milli xəyanətə bərabərdir. Bu fikirdə təhqir və böhtan haradadır? 
 
Ötən məhkəmə prossesində foto, video materialları, Həbib Axundovun, anası Elmira Axundovanın adları keçən dələduzluq işi ilə bağlı cinayət işinin materiallarını da məhkəməyə təqdim etdik və işə əlavə olundu. Bu adamın “Porşe”, “Porşe Panamera”, “Land Rover”, “Cip Vrangler”, yaxta, su motoskleti var. Bu adamlar bu qədər maşını, yaxtanı, sərvəti necə alıblar? Məmur övladının belə həyat yaşaması açıq-aşkar harınlıqdır. Məmləkətin indiki durumunda, harınlıq milli xəyanətə bərabərdir. Bu qiymətverici mülahizədir. Yəni faktlar var, adam bir birindən bahalı maşınlar sürür, heç yerdə işləmir, anası da deputatdır, səfirdir. Həmin faktlara münasibətdə jurnalistin qiymətverici mülahizəsidir. Ali məhkəmənin 11 fevral 2014-cü il tarixli xüsusi ittiham qaydasında işlərə baxılması haqda qərarına görə qiymətverici mülahizənin doğruluğunu sübut etməyə ehtiyac yoxdur. Qiymətverici mülahizənin söylənilməsi üçün faktual baza var. Bütün maşınlarının nömrəsi 111-lədir. Maşınlarının qiyməti 100 min manatdan artıqdır. Bu jurnalistin özünün ideyası deyil. Digər məqalələrdə ümumiyətlə Firuz Haşımovun adı yoxdur. Eyni zamanda Elmira Axundovanın oğlu sübut etməyib ki, ona hansı zərər deyib. Məhz bu zərər bu məqalə ilə əlaqəlidir”.
 
Prosesdə Firuz Haşımov hakimin sualına cavab olaraq bildirib ki iş üzrə  3 məhkəmə prossesi olub, heç birində onu fikirlərini söyləməyə imkan verməyiblər. 

Vəkili “Həbib Axundovun şərəf və ləyaqəti var” deyir

Həbib Axundovun vəkili Afət Qazıyeva deyib ki, hər kəsin toxunulmazlıq hüququ var:
“Həbib Axundovu harın kimi göstərirlər və o məlumatların yalnış olmadığını göstərə bilmirlər. Həbib Axundovu dələduz kimi göstərirlər. Həbib Axundovun şərəf və ləyaqəti var”.

Səfir vətəndaşların prezidentə məktub yazmasını məhkəmə qaydasında qadağan etdirmək istəyib! 
Elmira Axundova və oğlu iddia edir ki, prezidentə və başqa dövlət orqanlarına göndərilən şikayət məktublarında onlar haqda yazılanlar həqiqətə uyğun deyil. Ona görə həmin qurumlara təkzib məktubu göndərilməlidir. Cavabdehlərdən bəzilərində Elmira Axundova və oğlunun səs yazıları var. Həmin danışıqlarda keçmiş deputat Müdafiə Nazirliyilə işbirliyindən danışır. Elmira Axundova istəyirdi ki, məhkəmə qarşı tərəfin üzərinə onlarda olan səs yazılarının, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun. Amma buna nail olmayıb. 
 
Bakı Apelyasiya Məhkəməsi Firuz Haşımovun şikayətini qismən təmin edib. Onun üzərinə təkzib verməsi öhdəliyi qoyub, Elmira Axundovaya 10 min manat ödənilməsi hissəsini isə ləğv edib. Firuz Həşimov Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini, əgər oradakı qərar da qane etməsə, bu işi Avropa Məhkəməsinə aparacağını vurğulayıb. Səfir və oğlunun adı bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işində də hallanırdı. O işdə təqsirləndirilən Həbib Axundovun dostu Elnur İbrahimov idi. Amma zərərçəkmişlər deyirdilər ki, onlardan pulu Həbib Axundov alıb. 

Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 3 839          Tarix: 10-08-2020, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma