Xəbər lenti
Bu gün, 19:25


ABŞ-ın təkqütblü hegemonluğunun bitməsi ilə qlobal və regional nizamla bağlı diskussiyalar tam sürətlə gedir. Adətən, hegemonluqdan sonrakı dövr çərçivəsində bu müzakirələr yeni eranın konseptuallaşmasına və dövrün dinamikasına əsaslanır. Tədqiqatçıların və mütəfəkkirlərin fikrincə, Suriya böhranını bu dövrün başlanğıcı hesab etmək olar.

Suriya böhranı hegemon gücün təsirinin kəskin şəkildə azalmasının və müxtəlif subyektlərin həlledici aktora çevrilməsinin bir nümunəsi oldu. 2015-ci ilin sentyabrında Rusiyanın Suriyaya müdaxiləsi ilə başlanan proses yalnız Suriya dinamikasına deyil, həm də regional və qlobal dinamikaya birbaşa təsir göstərib. Suriya böhranında Rusiyanın həlledici rol oynaması da qlobal və regional səviyyələrdə dəyişikliklər haqqında diskussiyalara təsir edən mühüm amildir.

Lakin Obamanın dövründən Çinin qlobal və regional fəaliyyəti də bu prosesin güclənməsinə təkan verdi. Xüsusilə Fars körfəzi ölkələri ilə əlaqələrini inkişaf etdirən aktyor kimi Çin, bir tərəfdən İranın hərbi müdafiəsi üçün xarici təchizat mənbəyi oldu, digər tərəfdən ABŞ-ın qədim müttəfiqi İsrail üçün yüksək texnologiya və investisiya bazasına çevrildi. Bu mənada dəyişikliklərin sürətləndiyi yeni eranı üç əsas qütbdə-ABŞ, Çin və Rusiya xəttində formalaşmış Böyük güclərin rəqabət dövrü adlandırmaq olar.

Hər nə qədər hegemonluqdan sonraki yeni eraya qədəm qoyulduğu düşünülsə də, ABŞ-ın regional təsiri davam edir. Odur ki, ABŞ qlobal və regional hegemon gücünü itirməsinə baxmayaraq, çətin ki, ondan asılı olmayan yeni eradan danışmaq mümkün olsun. Yenə də ABŞ-da yerləşən akademik tədqiqatlar vasitəsilə yeni eranın adının müəyyənləşdirilməsi də başqa bir ölçü kimi qəbul edilə bilər. Bu həqiqət digər böyük güclərin yeni dövrlə bağlı konseptual təkliflərinin olub-olmaması məsələsini də gündəmə gətirir.

Fövqəlgüclərin rəqabəti dövrü məfhumu, adından da göründüyü kimi, ABŞ, Çin və Rusiya arasında baş verən mübarizəni ehtiva etsə də, həm də onlar arasında bütün mümkün qarşılıqlı təsirlər mövzusunun ortaya çıxmasına da zəmin yaratdı. Yenə də Böyük güclərin rəqabət dövrü qısamüddətli və ortamüddətli perspektivdə qlobal və regional uyğunlaşmaların əsas istiqaməti ola bilər.

Böyük güclər rəqabəti ABŞ, Çin və Rusiya arasında hərbi, iqtisadi, siyasi və texnoloji sahələr də daxil olmaqla bir çox müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin baş verdiyi və onlar arasında geri dönüş nöqtəsi olan strateji mövqelərin əldə edildiyi və rəqibə qarşı mübarizə aparıldığı proseslərin cəmindən ibarətdir. Digər tərəfdən, əgər Böyük güclər rəqabətinin ideoloji ölçüsünə nəzər salsaq, mübarizə demokratiya ilə mütləqiyyət arasında gedir. Beləliklə, bu mübarizə və rəqabət həm qlobal, həm də regional səviyyəli münasibətlərin həlledici amilidir. Lakin Böyük güclər rəqabəti nəinki münaqişə sahələrində ayrı bir hadisə, həm də strateji maraqların cəlb olunduğu bir çox sahələrdə baş verən bir prosesdir. Çünki strateji maraqların qavranılması da böyük güclərin ocaqlarının formalaşmasında mühüm rol oynayır. Bununla əlaqədar olaraq, böyük güclərin strateji maraqlarının və bir-birinə qarşı hərəkətlərinin qavranılması yeni dövrdə mübarizənin sərtləşməsinə və radikallaşmasına səbəb olma ehtimalını da gücləndirir.
 
Böyük güclər rəqabətinin Yaxın Şərqə təsirləri nə ola bilər?
Böyük güclərin bütün proqnoz və hədəflərində Yaxın Şərq çox dəyərli mövqe tutur. Bu ona görədir ki, regionda həm münaqişə zonaları, həm də strateji maraqların toqquşduğu ölkələr mövcuddur. Strateji diqqət mərkəzində olan ölkələr də rəqabət və mübarizənin episentrinə çevrilir. O dərəcədə ki, ABŞ-ın nöqteyi-nəzərincə, Yaxın Şərqdə mühüm bölgələr var. Bu bölgələr həm böhran sahəsində ABŞ-ın xeyrinə dəyərli imkanlar yaradır, həm də digər böyük güclərə qarşı mübarizədə funksional rol oynaya bilər. Bununla əlaqədar olaraq, Rusiya və Çinin regionda artan fəallığı da ABŞ-ı yeni dövr üçün strateji dəyişikliklərə gətirib çıxarır. Beləliklə, ABŞ-ın Böyük güclər rəqabəti dövrünün şərtlərinə uyğun olan yeni strategiyalara ehtiyacı var və əgər onlar bu strategiyaları praktikada sınamalıdır.

Beləliklə, yeni kontekstin ehtiyaclarına cavab verən variantlar baxımından, tərəfdaşlıq strategiyası ABŞ-ın kritik prioriteti kimi qəbul edilə bilər. Tərəfdaşlıq strategiyasının ən əsas prinsipi yeni qədəm qoyulan dövrün təklif etdiyi şərtlərdir və bundan əvvəlki dövrdən alınan regional siyasi dərslərdir. Bununla əlaqədar olaraq, ABŞ regional rəqabətdə olduğu böyük güclərə qarşı durmaq və mövqe qazanmaq cəhdləri izləyəcək. Çünki böyük güclər rəqabətinin xarakterinin ən mühüm dinamikası regional və qlobal hədəflərə malik güclü dövlətlər olmalarıdır. Bu da öz növbəsində, ABŞ-ın əvvəlcədən təqib etdiyi vəkalət (proxy) müharibəsi strategiyasını dəyişdirməyə ehtiyac yaradır. Vəkalət müharibələrinin əsas alətləri kimi vəkalət gücləri (surrogate) böyük güclərə qarşı mübarizə aparmaq və strateji maraqlar kimi qəbul edilən mövqelər əldə etmək üçün kifayət deyil.

Bu mənada vəkalət gücləri prioritetinin tərəfdaşlıq strategiyası ilə əvəz olunduğunu söyləmək tamamilə doğrudur. Lakin qlobal və regional hadisələr də bu dəyişikliyə təsir göstərir. Xüsusilə Şimali İraqda PKK/YPG/PYD-in yeni maliyyə və logistika resursları axtarışları və Türkiyənin PKK/YPG/PYD -ə qarşı başladığı “Pəncə-Qartal” adlı hava əməliyyatı ABŞ Dövlət Departamentinin sözçüsünün Rudaw News-a bildirdiyinə görə, PKK-nı yox etmək üçün ortaq əməkdaşlıqları şərtləndirir. Bundan başqa, Türkiyənin F-35 qırıcı proqramına yenidən daxil edilməsi ilə bağlı müsbət hadisələrə də konkret nəticə kimi baxmaq olar. Bununla birlikdə, İranla Çin arasında strateji sahələrdə əməkdaşlığa dair 25 illik Sazişin həyata keçirilməsində hadisələrin inkişafı da bu rəqabətin nəticələrindən biridir.

Ayrıca, yaxın günlərdə ABŞ-ın dövlət katibi Mayk Pompeo demokratiyanın  avtokratiyalara qarşı birlikdə hərəkət etməsinin vacibliyini vurğulayaraq, “Demokratiyaların Yeni Alyansı” (demokratiyaların yeni Alliance of Democracies) layihəsini elan etdi. Böyük güclər rəqabəti dövrünün manifesti xarakteri daşıyan bu bəyanat ABŞ-ın qlobal və regional ittifaqlar məsələsində strategiya dəyişməsi təcrübəsinə parlaq nümunələrdən biridir. Bütün bu hadisələr böyük güclərin rəqabətinin tələb etdiyi kontekstə uyğun olaraq formalaşan nəticələri nəzərə alaraq gözdən keçirilə bilər. Başqa sözlə, bu nəticələr göstərir ki, böyük güclərin mübarizəsi regional dəyişikliklərin və yeni sıralanmaların meydana gəlməsində həlledici rol oynayır.
 
Tərəfdaşlıq strategiyasının əsas prinsipləri nələrdir?
Tərəfdaşlıq strategiyası əslində böyük qüvvələrlə mübarizədə həyata keçiriləcək variantdır. Çünki böyük güclərin qarşıdurma və mövqe qazanma cəhdləri dominant tendensiya təşkil edəcək.

Böyük güclərin bu mübarizədə dəyərli və strateji alətlərə ehtiyacı var. Onların regional fəallığı və dominantlıq istəkləri də bu əsas məqsəd üçün formalaşır. Əslində tərəfdaşlıq strategiyası da qarşıya qoyulmuş məqsədlərə nail olmaq və mövcud tələbatı ödəmək üçün yeni həll üsuludur. Bu mənada, əgər tərəfdaşlıq strategiyasının detallarına diqqət yetirərsək, tərəfdaşların daha şəffaf, daha etibarlı və ölçüləbilən, lakin hesabat verən əsas meyarlar olduğunu görə bilərik.

Xüsusilə regional mənada daha funksional və bacarıqlı tərəfdaşlar yeni regional strategiyanın məcburi alətləridir. Buna əsaslanaraq, strategiyanın ilkin cəhətləri hətta yeni koronavirus növü (Kovid-19) hadisəsində dövlətçilik funksiyalarını və sabitliyini dəstəkləyən, həmçinin rəqib böyük güclərə qarşı mübarizədə regional səviyyədə strateji nöqtələri vurğulayan qüvvələrə işarə edir.

Başqa sözlə desək, ABŞ-ın regiondakı varlığı olduqca baha başa gələn hərbi qüvvələr və ya daha çox problemli vəkalət gücləri vasitəsilə deyil, dövlətçilik xüsusiyyətlərinə malik daha funksional və bacarıqlı aktyorlar vasitəsilə təmin ediləcəkdir.
Bu dəyişikliyin söykəndiyi əsas prinsip kəmiyyətin deyil, keyfiyyətli funksiyaların vacibliyidir. Təsadüfi deyil ki, ABŞ bu yaxınlarda Almaniyada hərbi mövcudluğunu azaldacaqlarını bəyan edib.

Bu qərar ABŞ-ın prioritet hesab etdiyi strateji regionlarda funksional dövlət subyektləri üzərində regional iştirakı həyata keçirmək istəyinin konkret göstəricisidir.

Bundan əlavə, ABŞ-ın bu strateji bölgədə fəaliyyəti tərəfdaşların etibarlılığı əsasında baş tutacaq. Bu müstəvidə ehtimal olunan yeni düzən soyuq müharibədə müşahidə edilən blok sistemi tərəfindən deyil, müxtəlif coğrafi bölgələrdə regional əhəmiyyətli hesab edilən ünsürlər tərəfindən formalaşacaq. 

Buna əsaslanaraq, deyə bilərik ki, yeni tərəfdaşlıq strategiyası keçmiş regional strateji müharibələrin əsas elementi olan qeyri-dövlət subyektlərə yox, dövlətin təşəkkülü elementlərinə cavab verən dəyərli strateji zonalara malik bacarıqlı subyektlərə üstünlük veriləcək.

Bu vəziyyət vəkalət (surrogate) hakimiyyəti və tərəfdaşlıq gücü arasında ən əhəmiyyətli fərqlərdən birini nəzərdə tutur. Çünki regional səviyyədə mübarizədə iştirak edən digər böyük qüvvələrə qarşı durmaq üçün dövlət funksiyalarını yerinə yetirə biləcək subyektlər, daha funksional və özəl sahələrdə səriştəyə malik olmalıdırlar. Bu ehtiyacların ortaya çıxması həmçinin PKK/YPG/PYD kimi vəkalət güclərinin istifadə müddətinin sona çatdığını ağla gətirir.

Bundan başqa, ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Boltonun nəşr etdiyi (“The Room Where It Happened”) kitabda deyilir ki, “əgər biz PKK/YPG/PYD kimi aktyorlardan imtina etsək, digər coğrafi regionlarda vəkalət qüvvələri “eyni taleyə məruz qala bilərik” düşüncəsinə qapıla bilərlər”. Bu da əslində ABŞ-ın Yaxın Şərqdə vəkalət qüvvələrdən imtinanın astanasında olduğunu və digər bölgələrdəki müttəfiqlərinə də eyni cür yanaşıb-yanaşmaması barədə düşündüyünüü göstərir.
 
Türkiyə – funksional güc nümunəsi kimi
Yeni daxil olduğumuz dövrün tələb etdiyi şərtlər regional dəyişikliklərin müəyyənləşdirən əsas amillərdir. Hazırda aktyorlar da öz strategiyalarını ağıllı variantların yaradılmasına əsaslanan bu dəyişikliyə istinad edərək formalaşdırırlar. Çünki böyük güclər rasional strateji üstünlüklər vasitəsilə uğura imza ata bilərlər.

Nəzəri əsaslarda hazırlanmış tərəfdaşlıq strategiyasının praktik nümayəndəsi kim ola bilər?”, deyə soruşulsa, hazırda Türkiyə ağlabatan nümunələrdən biridir.

Xüsusilə 15 iyul hadisəsindən sonra ABŞ və Türkiyə arasındakı əlaqələrin zəifləməsinə baxmayaraq, böyük güclərin tərəfdaşlıq və rəqabət strategiyasının dinamikası kontekstində, Türkiyənin gücünün/potensialının artması və bu potensialın Suriya, Liviya, Şərqi Aralıq dənizi kimi regional məsələlərdə müsbət nəticələr verməsi bu ölkəni real funksional qüvvə halına gətirdi.

Ona görə də Türkiyə özünün həm coğrafi mövqeyi, həm də hərbi imkanları ilə böyük güclərin diqqətini cəlb edən, mövcud potensialını strateji nəticələrə çevirən güc olaraq ortaya çıxmaqdadır.

Bu, Türkiyənin böyük güclərin rəqabətinin əsas hədəflərindən birinə çevrilməsi ilə nəticələndi

Bu mənada Türkiyə sahib olduğu mövcud potensialı və bütün siyasi böhranları aşan real siyasi varlığı ilə böyük güclərin əvəzedilməzi vəziyyətindədir. Türkiyənin bu yaxınlarda Liviya və Suriyada atdığı addımlarla yanaşı, xüsusilə də SPUA/PUA sahəsində sərgilədiyi uğur böyük güclərdən birinin Türkiyəni seçməsini yox, özünün funksional qüvvə kimi müttəfiqini sərbəst seçməsinə imkan verib.

O dərəcədə ki, rəqabət meyillərinin artdığı bir dövrdə uğur qazanmaq istəyən böyük güclər artıq Türkiyənin indiki mövqeyinə biganə qala bilməzlər. Belə kritik səviyyəyə çatan Türkiyənin bu dəyərli mövqeyi onu həm də yeni risklərlə qarşı-qarşıya qoyur.
 
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 3 497          Tarix: 19-08-2020, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma