Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
İranın rəsmi xəbər agentliyi İRNA ötən ay Tovuz rayonu sərhədlərində baş verən və müzakirələri hələ də səngiməyən erməni hücumundan bəhs edən növbəti yazısını yayımlayıb.
“Bakı-Yerevan gərginliyi regional təhlükəsizliyə ciddi təhdiddir” sərlövhəli yazını Ovqat.com oxucularına təqdim edirik.
Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında sonuncunun Tovuz rayonu istiqamətində ötən ay baş vermiş toqquşmalar iki ölkə arasında davam edən gərginliyin regional təhlükəsizliyə nə qədər ciddi təhdid olduğunu bir daha ortaya qoyub. Odur ki, bu problem istər münaqişə tərəfləri, istərsə də region ölkələrinin maraqları baxımından mümkün qədər tez həll olunmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1992-ci ildə o, hərbi qarşıdurmaya çevrilib. Tərəflər arasında müharibə 1994-cü ilin mayında atəşkəs razılaşmasının əldə olunmasınadək davam edib.
Hər iki tərəfdən minlərlə insanın həyatını itirdiyi müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal olunub.
ATƏT-in münaqişənin sülh yolu ilə həllinə vasitəçilik etməsi üçün 1992-ci ildə yaradılmış Minsk qrupunun səyləri nəticəsində 1994-cü ildə tərəflər arasında atəşkəs sazişi imzalanıb. 1997-ci ildən Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir. Lakin qurumun 28 illik fəaliyyəti heç bir nəticə vermir.
Bu ilin iyulunda Ermənistanla Azərbaycanın dövlət sərhədində, Azərbaycanın Tovuz rayonu istiqamətində ciddi silahlı toqquşmalar baş verib. Bu, tərəflər arasında 2016-cı ilin aprelində baş vermiş döyüşlərindən sonra ən miqyaslı hərbi qarşıdurmadır.
Hazırda tərəflər arasında nisbi sakitlik hökm sürsə də, onlar bir-birini istər münaqişə bölgəsi olan Qarabağda, istərsə də iki ölkənin dövlət sərhədində atəşkəsi davamlı pozmaqda ittiham edir.
Maraqlıdır ki, son toqquşmalardan bir neçə gün sonra – iyulun 23-də Rusiya ilə Ermənistan Hərbi Hava qüvvələrinin birgə təlimlərinə başlayıb. Ermənistan Müdafiə Nazirliyi burada məqsədin kəşfiyyat və hücum dronlarına qarşı mübarizə üsullarının sınağı olduğunu bəyan edib. Birgə təlimlərdə Rusiya və Ermənistanın qırıcı təyyarələrindən, həmçinin Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən istifadə olunub.
Bunun ardınca – iyulun 29-da isə Azərbaycanın bir neçə bölgəsində Türkiyə ilə birgə hərbi təlimlər başlayıb. Təlimlərdə hər iki tərəfdən müxtəlif qoşun birləşmələri iştirak edib. Kifayət qədər miqyaslı xarakter daşıyan Azərbaycan-Türkiyə birgə təlimləri quru və hava qüvvələri bölmələrinin, zirehli texnika, artilleriya, hərbi təyyarələr, HHM sistemlərindən istifadə olunmaqla keçirilib. Üstəlik, o, Bakı ilə yanaşı Azərbaycanın bölgələrini – Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxı da əhatə edib.
Bütün bunlar göstərir ki, son toqquşmalardan sonra tərəflər arasında davamlı sülhə nail olunması ən azı indi, heç də asan olmayacaq.
Bundan başqa, Tovuz istiqamətindəki döyüşlərdən sonra Azərbaycan və Ermənistanın bir sıra ölkələrdəki diaspor nümayəndələri arasında da qarşıdurmalar yaşanıb. Bu isə iki ölkənin cəmiyyətləri arasında da düşmənçiliyin dərin olduğunu göstərir. Hər halda, ABŞ və bəzi Avropa ölkələrində, eləcə də Rusiyada azərbaycanlılarla ermənilər arasında baş vermiş toqquşmalarda xeyli adam yaralanıb. Halbuki, beynəlxalq vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından birinin də iki icma arasında etimad mühitinin yaradılması olduğunu bildirir.
Azərbaycanda hesab edirlər ki, tərəflər arasındakı gərginliyin, o cümlədən son toqquşmaların səbəbi Ermənistan hökumətinin sərt mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə, kompromisə getmək istəməməsidir. Təəssüf ki, artıq Azərbaycanda bəziləri torpaqların yalnız güc yolu ilə azad oluna biləcəyini düşünür.
Daha bir maraqlı məqam tərəflər arasındakı son toqquşmalar zamanı beynəlxalq oyunçuların ciddi fəallıq göstərməməsidir. Sanki onlar qarşıdurmanın dayandırılması üçün heç bir ciddi addım atmayıb. Üstəlik, Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın təklifi Bakının qəzəbinə səbəb olub. O, hesab edir ki, Ermənistanın nəzarətində olan Dağlıq Qarabağ bölgəsi BMT-nin himayəsinə verilə bilər.
Azərbaycanlı siyasi ekspert Fərhad Mirzəyev yerli KİV-ə açıqlamasında bildirib ki, indiyədək BMT-nin himayəsinə verilmiş heç bir bölgədə sülh və sabitlik bərqərar olmayıb. Onun fikrincə, fövqəldövlətlər belə əraziləri müvəqqəti BMT-nin nəzarətinə verməklə, əslində, sonrakı mərhələlərdə onların müstəqilliyi üçün zəmin yaradır.
Ümumiyyətlə, hansısa ərazinin BMT-nin himayəsinə verilməsinin qurumun Təhlükəsizlik Şurasının səlahiyyətində olduğunu xatırladan ekspert deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin hər biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Mirzəyev ATƏT-in Minsk qrupunun fəaliyyətindən də söz açıb. “Minsk qrupu tam fiaskoya uğrayıb. Dağlıq Qarabağ bölgəsinin BMT-nin himayəsinə verilməsisə gələcəkdə bölgənin müstəqilliyinə aparıb çıxara bilər”, - deyə o, qeyd edib.
Bütün bunların fonunda Azərbaycanla Türkiyə hərbi-siyasi əməkdaşlığı daha da dərinləşdirib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın xarici işlər və müdafiə nazirləri Ceyhun Bayramovla Zakir Həsənov bu günlərdə Ankaraya səfər edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər.
“Anadolu” agentliyinin məlumatına görə, Bayramov və Həsənovun Ərdoğanla görüşü 45 dəqiqə davam edib. Danışıqların məzmunu açıqlanmır. Güman ki, görüşdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması kontekstində iki ölkə arasında hərbi əməkdaşlıq, həmçinin Türkiyənin Azərbaycana hərbi yardımı üçün müvafiq addımların atılması müzakirə olunub.
Azərbaycan mənbələrinin məlumatına görə, Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşdə Bakının Dağlıq Qarabağla bağlı istənilən addımına dəstək olacaqlarını söyləyib. Çavuşoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həllini dəstəklədiyini bildirib. Türkiyəli nazir problemin həllinə vasitəçilik edən Minsk qrupunu fəaliyyətsizlikdə də günahlandırıb.
Maraqlıdır ki, azərbaycanlı nazirlərin Ankaraya səfərindən dərhal sonra Türkiyənin müdafiə naziri Hulusi Akar yüksək rütbəli hərbi nümayəndə heyətinin müşayiətilə Bakıya gəlib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu səfərdə məqsəd iki ölkənin quru və hava qüvvələrinin birgə taktiki təlimlərinin birinci mərhələsinin son hissəsini izləmək olub.
Azərbaycan prezidenti İlham Əliyev Hulusi Akar və onu müşayiət edən nümayəndə heyətilə görüşündə bildirib ki, Türkiyə yaxın gələcəkdə hərbi-texniki sahədə Azərbaycanın əsas tərəfdaşına çevriləcək. İki ölkənin birgə hərbi təlimlərini vacib hadisə adlandıran Əliyev hesab edir ki, bəzi ölkələrin bu təlimlərdən narahatlığı əsassızdır.
Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan isə bu günlərdə Dağlıq Qarabağa yollanıb. Burada gərbi hissələrə baş çəkən Qasparyan bir sıra görüşlər də keçirib.
Beləliklə, hər iki tərəfin hərbi fəallığı artırması, üstəlik, üçüncü ölkələrin prosesə cəlbi gələcəkdə vəziyyətin daha da gərginləşə biləcəyilə bağlı narahatlıq yaradır. Əksər ekspertlər isə hesab edir ki, Dağlıq Qarabağ münaqişənin həlli, birincisi, regional imkanlardan yararlanmaq, ikincisi isə dialoq üçün platformanı təmin etməkdən keçir. Onlar problemin hərbi yolla həllinin olmadığı qənaətindədirlər. Çünki, Ermənistanla Azərbaycan arasında istənilən gərginlik və münaqişə bütünlükdə bölgə üçün ciddi təhlükədir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar