Xəbər lenti
Bu gün, 19:25

 
Azərbaycan-Ermənistan sərhədlərində baş verən silahlı toqquşma İran mediasının da gözündən yayınmayıb. 
 
Ölkənin rəsmi xəbər agentliyi olan İRNA-nın “Ermənistan-Azərbaycan toqquşması: bölgənin maraqlarına zidd münaqişə sərlövhəli məqaləsini Ovqat.com oxucularına təqdim edirik:
 
Son günlər Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında toqquşmalar yenidən başlayıb. Nəticədə hər iki tərəfdən hərbi qulluqçuların öldüyü və yaralandığı deyilir. Bakı ilə Yerevan qarşıdurmanı başlatmaqda bir-birini ittiham edir.
 
Azərbaycan Müdafiə Nazirliyi ölkənin Tovuz rayonu istiqamətində iyulun 12-də başlamış toqquşmalar nəticəsində hər iki tərəfdən itkilərin olduğunu bəyan edib. Nazirlik toqquşmalara Ermənistanın səbəb olduğunu da bildirir. Yerevan isə baş verənlərə görə, Azərbaycan qüvvələrini günahlandırır, Azərbaycan Ordusunun artilleriya hücumu ilə ermənilərin mövqelərini ələ keçirməyə cəhd etdiyini deyir. Erməni mənbələri, həmçinin Azərbaycan Ordusunun geri çəkilməyə məcbur edildiyini, bu zaman itkilər verdiyini də iddia edir.
 
Həqiqəti hansı tərəfin söyləməsindən asılı olmayaraq, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxındır davam edən bu münaqişə ilə bağlı bəzi əhəmiyyətli məqamlara toxunmaq istərdik. Lakin əsas mövzuya girməzdən əvvəl münaqişənin mənşəyi və səbəbi, həmçinin Dağlıq Qarabağ böhranının həllilə bağlı göstərilən səylər haqda qərəzsiz arayış vermək lazımdır.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1992-ci ildə o, hərbi qarşıdurmaya çevrilib. Münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və daha yeddi rayonu erməni qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin mayında tərəfləri arasında atəşkəs sazişi imzalanıb. O vaxtdan ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu problemin həllinə vasitəçilik etsə də, bu səylər indiyədək nəticə verməyib.
 
Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT tərəfindən yaradılıb. Qrup Belarusun paytaxtı Minskdə təsis edildiyindən belə adlanır.
 
Dağlıq Qarabağ böhranı necə başlayıb?
 
1988-ci ildə başlamış, sonradan dağıdıcı müharibəyə çevrilmiş və 1994-cü ilin martınadək davam etmiş Dağlıq Qarabağ böhranı Azərbaycanın eyniadlı regionunda baş verib. Əhalisinin əksəriyyətinin erməni olduğu bu bölgədə miqyaslı müharibə bir neçə il davam edib və 35 minə yaxın insanın həyatına son qoyub. Münaqişə nəticəsində 800 mindən çox insan ev-eşiyindən didərgin düşüb.
 
Münaqişənin başladığı vaxtdan Avropadan ABŞ-a, ABŞ-dan Asiyaya qədər bir çox aktor böhranın həllində rol oynamağa çalışıb, çox sayda təşəbbüslər və təkliflər irəli sürülüb. Lakin Minsk qrupunun yaradılması da daxil olmaqla, bu gedişlərin heç biri bu günədək nəticə verməyib. Odur ki, bölgədə uzun illərdir “nə hərb, nə sülh” şəraiti hökm sürür.
 
Qərb böhranın həlli üçün heç bir addım atmayacaq
Qərb ölkələrinin ilk illərdən Dağlıq Qarabağ böhranının həllində iştirak etməyə çalışması region əhalisində, həmçinin siyasətçilərdə müəyyən ümidlər yaratmışdı. Lakin illər keçdikcə böhran həll olunmamış qalıb və bu, ümidlərin məyusluğa çevrilməsinə səbəb olub. Eyni zamanda, bu, Qərbin regional mübahisələri çözməkdə aciz olduğunu ortaya qoyub.
 
Üstəlik, bəzi ekspertlər bir sıra Qərb dövlətlərinin Dağlıq Qarabağ böhranının yaranmasında rol oynadığını belə, istisna etmir. Onlar hesab edir ki, bölgədə maraqları olan Qərb dövlətləri guya Qarabağ problemini həll etməyə çalışdıqlarını göstərməklə, əslində, bölgə xalqlarının və dövlətlərinin diqqətini öz planlarından yayındırmağa çalışır. Əslində, onlar böhranın davam etməsini istəyir. Bu gün istər Bakıya, istərsə də Yerevana məlumdur ki, Qərb, xüsusən də ABŞ heç vaxt münaqişənin həllində maraqlı olmayıb və olmayacaq. Demək, onlar münaqişənin həlli üçün heç bir addım atmayacaq. Halbuki, böhranın uzanması yalnız xərcləri artırmır, vaxtaşırı toqquşmaların baş verməsi, nəticədə çox sayda əsgər və zabitin həlak olması münaqişə tərəflərində daha güclü qəzəb yaradır, düşmənçiliyi dərinləşdirir.
 
Həqiqət ondan ibarətdir ki, Bakı ilə Yerevan böhranı hər hansı qrup və ya təşkilatdan asılı olmadan, özləri dialoq yolu ilə həll edə bilər. Bunun üçün hər iki dövlətin nəzarəti altında olan, xarici güclərin, xüsusilə Qərbin, Amerikanın müdaxiləsi olmadan fəaliyyət göstərəcək müstəqil işçi qrup yaradılmalıdır. İşçi qrup hər iki tərəfin səlahiyyət çərçivəsini müəyyənləşdirə, sonda tərəflərin yekun razılığa gələcəyi təqdirdə, fəaliyyətinin nəticəsini beynəlxalq təşkilatlara təqdim edə bilər.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində belə ciddi addımların atılması, ən azı zorakılıq hallarına son qoyulması bölgə xalqlarında yeni ümid yaradardı. Bu halda, böhranı həll etmək bəhanəsilə bölgənin resurslarını, o cümlədən enerjisi resurslarını talan etmək məqsədi güdən qərblilərin də ayağı buradan kəsiləcək. Hər halda, son illərin təcrübəsi göstərir ki, bir sıra beynəlxalq və regional güclər potensial böhranlı bölgələr axtarır, yetişdirdikləri İŞİD, “Əl-Qaida” və s. kimi terror qruplaşmalarını öz maraqları naminə həmin bölgələrə yerləşdirlər. İraq, Suriya, Yəmən, Liviya buna bariz nümunələridir.


Ana səhifəyə qayıt        Baxış: 3 302          Tarix: 18-07-2020, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma