Xəbər lenti

 
Rusiyanın iqtisadi nəşri Rueconomics.ru-nun məlumatına görə, Rusiya iyun ayında ABŞ Maliyyə Nazirliyinin Xəzinədarlıq öhdəliklərindəki investisiyaları 477 milyon dollar artırıb: “Hazırda Rusiya Amerika Xəzinədarlığında 5,871 milyard dollar məbləğində istiqraza malikdir. Bununla belə, iqtisadi böhran səbəbindən bu il Moskva uzunmüddətli istiqrazlara yatırımlarını 889 milyon dollar həcmində azalıb – cəmi 2,87 milyard dollar. Qısamüddətli kağızlara yatırımlar isə 1,366 milyard dollar azalma müşahidə olunub - cəmi 3,001 milyard dollar.
 
Bu rəqəmlər göstərir ki, sanksiyalara baxmayaraq, Rusiya hələ də Amerika dollarını ən etibarlı qiymətli kağız kimi qəbul edir və izafi kapitalını əsasən bu valyutaya yatırır. Bu isə ABŞ-ın hər gün artan sanksiyaları qarşısında Rusiyanın maliyyə təhlükəsizliyini risk altında qoyur. Elədirsə, o zaman Moskvanın ABŞ dollarına bu cür etibar etməsi hardan qaynaqlanır?
 
Ovqat.com xəbər verir ki, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin korporativ maliyyə və korporativ idarəetmə departamentinin rəhbəri Konstantin Ordovun fikrincə, bütün təhlükələrə baxmayaraq, Rusiya bundan sonra da maliyyə məsələlərinin həlli üçün dollardan istifadəyə üstünlük verəcək.
 
İqtisadçı Rusiyanın bu il dollara daha az kapital yatırmasının səbəbini isə bu qiymətli kağıza etimadın azalmasında yox, ölkənin qarşılaşdığı iqtisadi böhran və sərt sanksiyalarla əlaqələndirir: “2018 – ci illə vəziyyəti müqayisə etsək, ABŞ Xəzinədarlığında Rusiya investisiyaları iki dəfə-96,1 milyard dollardan 48,7 milyard dollara düşüb. Amma bu, Amerika administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyalarla bağlıdır”.
 
Ekspertin fikrincə, xüsusilə böhran zamanlarında ABŞ valyutasına yönəlmək daha cazibədar olur. Odur ki, Rusiya da öz valyuta fondunun qorunmasında bu qiymətli kağıza meyl edir və etməlidir də.
 
“Son beş ildə Rusiya aktivlərinin qızıl-valyuta ehtiyatlarındakı dollarla ifadə olunan payını əhəmiyyətli dərəcədə azaltdı. Bu komponentdəki payımız kəskin şəkildə dəyişdi, lakin böhran dövründə Amerikanın maliyyə alətləri ənənəvi olaraq investisiya qoyuluşunun ən etibarlı yolu hesab olunur. Onlar daha az dəyişkən və daha likvid (başqa valyutaya tez əvəzlənə bilən) olurlar”- deyə Ordov bildirir.
 
İqtisadçının fikrincə, Amerika istiqrazları Çin və ya İsveçrə alternativlərindən daha sərfəli və daha zəmanətlidir: “Əvvəl, böhran dövründə qeyri-Amerika qiymətli kağızlarından istifadə etmək çətindir. Bu, həm də həmin maliyyə alətlərinin satışındakı və alışındakı transaksiya məsrəfləri ilə bağlıdır",-deyən Ordovun fikrincə, ABŞ-ın maliyyə alətləri isə həcminə görə dünyanın ən böyük və ən likvid valyutasıdır: “Qlobal ticarətin 60% - dən çoxu dollarla baş verir və bu, ABŞ qiymətli kağızlarının likvidliyini və tələbatını müəyyənləşdirir. Onlar həmişə əhəmiyyətli dövriyyələrə malikdirlər”.
 
Ordov Rusiyanın son 5 ildə ABŞ dollarından uzaqlaşmaq istəməsinin uğursuzluğundan da bəhs edib. Onun dediyinə görə, Rusiya dollardan uzaqlaşmağa başladıqdan sonra aktivlərini funt-sterlinqə, yuana, avroya və digər maliyyə alətlərinə çevirəndə məlum oldu ki, bunun ciddi xərcləri var: “Məsələn, yuan tədricən də olsa, devalvasiyaya uğrayır. Dolların əsas valyuta meyarı olaraq qalması səbəbindən məzənnə fərqində itiririk. Çünki dollara nəzərən digər valyutaların dəyəri ölçülür".
 
Dolların faiz dərəcələrinin aşağı salınması ehtimalından da danışan Konstantin Ordov deyib ki, qiymətli kağızlarının gəlirliliyi baxımından böyük ölkələrin göstəriciləri illik 0-dan 2% - ə qədər dəyişir: "Buna görə də, faiz gəlirləri əsas göstərici deyil. Bu vəsaitlər dövlət valyuta ehtiyatlarından gəlir əldə etmək üçün alınmır. Onları saxlamaq və bu ehtiyatları valyuta yaxud digər maddi və maliyyə aktivlərinə tez bir zamanda monetizasiya etmək üçün vacibdir".
 
Son ayların təcrübəsinə diqqət yetirdikdə yazda rublun məzənnəsini saxlamaq üçün dollar aktivlərinin çatışmadığını xatırladan iqtisadçı Rusiyanin son zamanlar valyuta aktivlərini rublla əvəz etməyə çalışmasının da uğurlu alınmadığını deyib: “Bu təcrübə olduqca  pis nəticələndi. Bizdə rublla dövlət borcu dollar borcundan xeyli çoxdur. Və bu əslində yaxşı haldır; "koronaböhran"ın kəskinləşməsi dövründə xarici spekulyatorlar rubldan çıxır və Amerika dollarına keçir. Əgər likvid dollar balışı yoxdursa, spekulyantların Rusiyadan çıxması zamanı məzənnə effektlərinin öhdəsindən gəlmək mümkün deyil və bu, milli valyutanın devalvasiya riski deməkdir".
 
Bəs, dollar belə xeyirlidirsə, Rusiya digər xarici valyutalarını niyə dollara çevirmir?
 
Ordovun fikrincə, aktivləri digər valyutalardan dollara köçürmək olar, lakin bu, hər bir belə əməliyyat üçün əlavə xərclər meydana gətirir: “Aktivlərin yuandan dollara daimi köçürülməsi və geri qaytarılması bir qəpiyə başa gəlir”.
 
Digər bir sual ortaya çıxır: Məlumdur ki, ABŞ əvvəlki kimi dünyanın təkqütblü dövləti deyil. Xüsusilə, iqtisadi sahədə Çin onunla yarışır. Digər Avropa dövlətləri də iqtisadi cəhətdən kifayət qədər güclüdürlər. Dünyada rəqabət güclərini artırmaq üçün Avropa Birliyi yaradıblar. Bəs düyanın digər valyutaları niyə dollar kimi etibar qazana bilmirlər?
 
Qordovun səzlərindən belə çıxır ki, digər iqtisadiyyatlar öz valyutalarından ixrac prosesində qiymətlərin müəyyənləşdirən alət kimi istifadə edirlər. Yəni valyutanın məzənnəsini aşağı salmaqla öz məhsullarının qiymətlərini daha cazibədar hala gətirirlər. ABŞ isə bu metoddan yararlanmır:
 
"Biz bu gün "devalvasiya paradı"nın astanasındayıq. Bir çox ölkələr valyutanın devalvasiyası hesabına milli iqtisadiyyat üçün preferensiyaların (istehsala və satışa münbit şərait yaratmaq) yaradılmasının ən sadə və əlçatan üsulundan istifadə edirlər. ABŞ dolları bunu özünə rəva bilməz, baxmayaraq ki, son iki ayda 3-4 trilyon dollar çap olunub", - deyə Ordov bildirir.
 
Tramp və Fed-in 4,5 trilyon dollar həcmində “yumşalma” siyasəti sayəsində ABŞ-da "koronaböhranın nəticələrinə qarşı mübarizə aparmağa qərar verdiyini deyən iqtisadçının fikrincə, bu, həm müddətlər, həm də həcmlər üzrə tamamilə görünməmiş rəqəmlərdir. Bir neçə ay əvvəl Fed-in balansı 4 trilyon dollar ətrafında idi və bu gün o, hələ də çox sayda dollar çap edir. Bu trilyonları kimsə almalı idi və biz də Rusiya rublu qiymətli kağızlarının "əsəbiliyi" dövründə özümüz üçün yastıq yaratmağa qərar verdik",
 
O ki qaldı yuana, iqtisadçı hesab edir ki, Çinin bu qiymətli kağızı dolların alternativi ola bilməz.
 
"Odur biz xarici ticari əlaqələrdə dollara bağlı qalmağı davam etdiririk. Bəli, Çinlə hesablaşmalarda dolların payı azalıb, lakin bu əhəmiyyətsiz səviyyədədir. Buna görə də, dollar hətta Rusiya-Çin dövriyyəsində böyük rol oynamağa davam edir. Açıq deyim ki, hazırda dolların alternativi yoxdur. Amerikalılar Rusiya və digər ölkələri daim dedollarizasiya haqqında düşünməyə vadar etsələr də, bu məsələnin beynəlxalq ticarət üçün başqa həll mexanizmi hələ ki tapılmayıb”,-Ordov fikrini belə yekunlaşdırıb.


Ana səhifəyə qayıt        Baxış: 3 703          Tarix: 20-08-2020, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma