Xəbər lenti


Bünyamin  Qəmbərli 
 
 
Dünən  Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının və İdarə Heyətinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzovun R. Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı görsənişdə ictimayətə, əslində isə Prezidentə ünvanlanan “peşmanlıq” yazısı yayıldı. Bu yazını dönə-dönə oxudum. İndi deyə bilərsiz ki, bu nə qədər mürəkkəb və ya maraqlı yazı idi ki, dönə-dönə oxunsun. 
 
Siyavuş Novruzovun bu yazısı istər səviyyə və istərsə də maraq baxımından heç bir dəyəri olmayan yazıdır. Ancaq Siyavuş Novruzovun bu “peşmanlıq” yazısında mən insan rəzilliyinin sərhədsizliyini, Azərbaycanda siyasətçilərdəki xaraktersizliyi, hakim partiyanın acınacaqlı durumunu və hakim komandanın hər an qırıla, dağıla biləcək kövrəkliyini gördüm. Mən 23. 08. 2020-ci il tarixində ovqat.com saytında gedən Ramiz Mehdiyevdən Zahid Oruca qədər “5-ci kolon”un qarın ağrısı yazımda hakimiyyətə “... Azərbaycanın mövcud hakimiyyətini  Azərbaycana qarşı qüvvələrin birləşməsini, fəallaşmasını və gücünü, eyni zamanda hakim komandada olub olmamasından asılı olmayaraq özünü hakimiyyətə yaxın göstərən qüvvələrin etibarsızlığını nəzərə almağa və Azərbaycanın azadlığı və müstəqilliyi yolunda heç nədən çəkinməyərək mübarizə aparan, bugünədək cox ciddi məhrumiyyətlərlə üz-üzə qalsa da Azərbaycan yolundan dönməyən, sevdasından usanmayan, Azərbaycan dövlətçiliyini hər zaman bütün varlığı ilə qoruyacaq olan milli qüvvələrlə danışıqlara və işbirliyinə getməyə çağırıram” deyə bir çağrış etmişdim. Mənim çağrışımın üstündən təxminən 6-7 saat sonra S. Novruzovun “peşmanlıq” yazısının yayılması  fikirlərimdə nə qədər haqlı olduğumu ortaya qoydu. 
 
Bəli, hakim komanda üzvlərinin çoxu bu gündədir. Həm haça-paça qalıblar, yəni bu adamlarda Azərbaycan və dövlətçilik marağı yoxdur və gedən mübarizədə hansı tərəf üstələsə, yaxud qalib gəlsə o tərəfdə olduqlarını elan edəcəklər. Amma Ə. Elçibəyə bağlı olan milli qüvvələr üçün Azərbaycan və dövlətçilik maraqları bütün vəzifələrdən, bütün sərvətlərdən, hər şeydən-hətta azadlılarından və həyatlarından da dəyərlidir. 
 
İndi Azərbaycan xalqı özü qiymət versin. Ə. Elçibəyə bağlı olan milli qüvvələri 30 (əslində 27) ildi döyürlər, söyürlər, cərimələyirlər, həbs edirlər amma yolundan və sevdasından döndərə bilmirlər, ancaq S. Novruzov bir töhmətlə hər şeydən imtina etdi. Burda böyük Nəsiminin bir beyti yadıma düşdü:
 
“Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör, bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”.
 
Mən S. Novruzovun bu hərəkətini xaraktersizlik kimi dəyərləndirirəm, amma başqa nə ad vermək olar, qoy, onu oxucular və xalq desin. 
 
Bəs S. Novruzovun bu “peşmanlıq” yazısında məqsədi nədir? 
 
Məncə, bu yazıda S. Novruzov növbəti seçkilərdə (bəlkə də daha tez) itirəcəyi mandatı və xanımının  İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsini qorumağa çalışır. Düşünürəm ki, bir mandat və ya vəzifə üçün bu rəzilliyə dəyməz. Ən azından insan üçün ən üstün keyfiyyət olan ləyaqət və etibarı qorumaq daha doğru olardı. Bu hal hakimiyyəti də dərindən düşündürməli, vəzifələrə təyinat zamanı mövcud çevrədən qurtulmalı, qohumluq, yaxınlıq, dostluq və s. münasibətlərdən imtina edilməli, yuxarıda da dediyim kimi milli qüvvələrə və dəyərli aydınlara açılım edilməlidir. 
 
S. Novruzovun “peşmanlıq” yazısına iki variantda yanaşmaq olar. 
 
1. S. Novruzov  bu “peşmanlıq” yazısında tam səmimidir. Bu zaman ən yüngül cəzası bütün seçkili və təyinatlı orqanlardan geri çəkilməsidir. Çünki 20 ildən çox millət vəkilliyi edən və 25 il siyasətlə məşğul olan,  partiyanın əsas idarəetmə oqranlarında olan əlli yaşlı bir siyasətçinin belə bir səhvə yol verməsi bağışlanmazdır.
 
2. Bu yazı R. Mehdiyev və digərləri ilə zərbədən, yaxud cəzadan yayınmaq üçün razılaşdırılmış bir haldır. Onda vəziyyət daha təhlükəlidir və hakimiyyət ciddi düşünməli və qəti hərəkət etməlidir. 
 
Bu məsələdə YAP-ın da mövqeyi düşündürücüdür. Hakim partiyanın nümayəndəsi kimi öz sədrinin qərarını pozan, eyni zamanda partiyanın ölkə hakimiyyətindəki mövqeyinə zərər verən bu adamların hər biri ilə bağlı çox ciddi qərarlar verilməli olduğu halda sadəcə S. Novruzova töhmət verilməsi çox gülüncdür. Elə burdaca qeyd edim ki, BAXCP sədri Q. Həsənquliyev müəyyən məsələlərdə fikirlərimizin üst-üstə düşmədiyi, fikir ayrılığımız olduğu üçün 17 avqust 2020-ci il tarixindən məni müavin vəzifəsindən azad etdi. Düşünürəm ki, Q. Həsənquliyev doğru addım atdı. Onunla fərqli düşünən və ya fərqli mövqedə olan adamla necə işləyə bilər? Mən bu qərarında Q. Həsənquliyevi tam haqlı sayıram. 
 
Təbii ki, mən də fikir ayrılıqlarına görə müavinlikdən çıxarılıb BAXCP İdarə Heyyətinin və Məclisinin üzvü olaraq qalmağı bir uyğunsuzluq olaraq dəyərləndirdim və doğal olaraq Azərbaycan və dövlətçiliklə bağlı fəaliyyət sərbəstliyimi heç bir partiya üzvülüyünə və ya funkusionerliyinə qurban verməm mümkün olmadığı üçün BAXCP üzvlüyündən də çıxdığımı bəyan etdim. Məncə, dövlət başçısı olan YAP sədrinin qərarlarına, siyasətinə müxalif olanlar da bu addımı atmalı, bu şəxslərin hər biri ən azından seçkili orqanlardan və təyinatlı vəzifələrdən ya istefa verməli, yaxud da çıxarılmalıdır. Verilən son məlumata görə, Siyavuş Novruzov artıq bu addımı atıb. Yolgöstərənləri sağ olsun. Əks halda bu adamın və “əqidədaş”larının  son hərəkətləri də daxil olmaqla hər bir sözü, mövqeyi və addımı həm dövlət başçısına, həm də onsuz da cəmiyyətdə birmənalı qarşılanmayan YAP-a ciddi zərər verəcək.
 


Ana səhifəyə qayıt        Baxış: 5 765          Tarix: 24-08-2020, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma