Xəbər lenti
 
 
 
Azərbaycanın ciddi qaz ixracatçısına çevrilməsinə dəstək ABŞ-ın Bakıya yeni təyin etdiyi səfirin missiyaları arasındadır.
 
Ovqat.com xəbər verir ki, İranın yarımrəsmi media qurumu ANAJ bu iddia ilə çıxış edib. 
 
Nəşrin “Azərbaycan ciddi qaz ixracatçısına çevrilir” sərlövhəli məqaləsində bildirildiyinə görə, son illərdə Azərbaycan enerji nəqli sahəsində bölgənin əsas oyunçularından birinə çevrilib. Bu konteksdə o, qlobal və regional güclər arasındakı qarşıdurmaların qurbanına çevrilməmək üçün əlindən gələni edir. Azərbaycan qazını Avropaya nəql edəcək boru xəttinin Türkiyədən “köhnə qitə”yə uzanan hissəsinin istismara verilməsinə az qalır. Odur ki, məsələ ətrafında diplomatik fəallıq da gündən-günə artır.


 
Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Transadriatik qaz kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonlarından Avropaya nəql ediləcəyi gözlənilir. Bu layihəyə 4,5 milyard avro investisiya qoyulub. Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçən TAP-ın tikinti işlərinin 99%-i yekunlaşıb.
 
Azərbaycan qazının Avropaya nəql ediləcəyi ümumi boru xətləri şəbəkəsinin daha bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) Asiya hissəsinin açılış mərasimi isə hələ ötən ilin noyabrında keçirilib. Türkiyənin Ədirnə şəhərinin İspala qəsəbəsində təşkil edilmiş mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdilər.
 
TANAP vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə çatdırılır. Oradan isə “mavi yanacaq” Avropaya nəql olunacaq. TAP və TANAP-ı da özündə birləşdirən “Cənub Qaz Dəhlizi”nin ümumi uzunluğu 3500 kilometrdir. Layihənin dəyəri 40 milyard dollar qiymətləndirilir. O, 6 ölkədən keçir. Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunan qazı Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nə TAP və TANAP-la yanaşı, Cənubi Qafqaz Boru Kəməri də daxildir.
 
Artıq qeyd edildiyi kimi, layihənin bir hissəsi olan TANAP bir müddət əvvəl istifadəyə verilib və onun vasitəsilə Türkiyəyə ildə 6 milyard kubmetr Azərbaycan qazı ixrac olunur. Bu ilin sonunda layihənin tam reallaşdırılması ilə Azərbaycandan Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur.


 
Yeri gəlmişkən, Azərbaycanın qaz ixracatçısına çevrilməsi hər zaman ABŞ-ın da çalışdığı məsələ olub və Birləşmiş Ştatların Bakıdakı səfirləri hər zaman bu məsələyə xüsusi diqqət göstərib. Vaşinqtonu bu ölkədə hər zaman ya Riçard Morninqstar kimi böyük siyasi təcrübəsi olan, ya da Metyu Brayza, Robert Sekuta kimi enerji sektoruna yaxından bələd şəxslər təmsil edib. ABŞ-ın Azərbaycandakı indiki səfiri Li Litzenberqer də kifayət qədər ciddi diplomatdır və o, Azərbaycanın Vaşinqtonun nəzarət edə biləcəyi qaz ixracatçısına çevrilməsini istəyir.
 
Litzenberqer Azərbaycanda bu yaxınlarda keçirilmiş, enerji təhlükəsizliyinə həsr olunmuş konfransda ölkəsinin vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasına dair “Əsrin müqaviləsi” kimi tanınan sazişin imzalanmasına yardım etdiyini xatırladıb: “Bu gün “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyimiz 1990-cı illərin sonlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə dəstəyimizin davamıdır. ABŞ şirkətləri 1994-cü ildə “Əsrin müqaviləsi”ndə geniş iştirak etdikləri kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. Biz Azərbaycanın iqtisadi inkişafına milyardlarla dollar sərmayə qoymağa davam edəcəyik”.
 
“Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkə və şirkətlərə ABŞ-ın dəstəyini ifadə edən Litzenberqer deyib: “Bu layihə müttəfiq və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir. Bu, Rusiyadan kənarda hasil olunan qazı Şərqdən Qərbə nəql edəcək ilk layihədir. Onun reallaşdırılması Azərbaycanın ciddi enerji tədarükçüsü, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatçısı olmasına imkan verəcək”.
 
Təəssüf ki, vaxtilə Azərbaycanla İran arasında yanlış münasibətlərin qurulması ölkəmizin “Əsrin müqaviləsi”lə müəyyənləşmiş marşrutdan kənarda qalmasına səbəb olub. Daha sonra İranın “Nabucco” layihəsinə qoşulmaqla enerji nəqli layihələrinin davamlı iştirakısı olacağına ümid yaransa da, deyəsən bu layihə də müxtəlif səbəblərdən gerçəkləşməyəcək. Demək, Türkiyə ərazisi enerji daşıyıcılarının nəqli baxımından İranın üzünə bağlı qalacaq.  
 


Ana səhifəyə qayıt        Baxış: 3 501          Tarix: 26-08-2020, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma