Xəbər lenti
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
2-02-2025, 20:41
2-02-2025, 19:52
2-02-2025, 17:34
2-02-2025, 16:13
2-02-2025, 15:45
Bu gün nifrət zəmnində baş verən cinayətlər, irqi zəmində yaşanan gərginliklər və antisemitizmin sürətli dirçəlişilə bağlı xəbərlərə həssas yanaşanlar müsəlmanlarla yəhudilərin birgə yaşadığı, bir-birini ailə adlandırdığı ölkə haqda eşitsələr, bəlkə də eşitdiklərinə inanmayacaqlar...
Ovqat.com xəbər verir ki, Kanadanın THEJ.CA nəşri bu xoş sözləri Azərbaycan barədə yazır.
Müəllif Nika Cabinin dediyindən belə anlaşılır onun özü də Azərbaycanda anadan olub, uşaq vaxtlarında ailəsilə birlikdə Kanadaya köçüb. Müəllifin yazısında barəsində danışdığı məkan da təhtəlşüuruna yerləşmiş doğma yurdu – Qubanın Qırmızı qəsəbəsidir.
Azərbaycanda dağ yəhudiləri – yəhudi-müsəlman birgəyaşayışı üçün nümunə
İsraillə BƏƏ arasında bu günlərdə imzalanmış sülh sazişi Yaxın Şərqdə müsəlman- yəhudi əlaqələrinin yaxşılaşacağına dair böyük ümidlər yaradıb. Lakin bu saziş qeyd olunan iki “dünya” arasında birgəyaşayışla bağlı heç də yeganə presedent deyil.
Məsələn, Azərbaycandakı dağ yəhudilərinin tarixi, azərbaycanlı müsəlmanlarla əsrlərə uzanan həmrəyliyi və birgəyaşayışı hələ də digər ölkələr üçün nümunə olaraq qalır. İsrail və ABŞ-dan kənarda ən böyük yəhudi məskəni məhz bu ölkədədir. Bəli, nə qədər təəccüblü olsa da, bu, faktdır. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə yalnız yəhudilərin yaşadığı qəsəbə var və üstəlik, o, dövlət tərəfindən qorunur.
Azərbaycandakı 30 minlik yəhudi icmasının əksəriyyəti paytaxt Bakıda yaşayır. Bu ölkədəki dağ yəhudiləri isə əsrarəngiz təbiətə malik Quba rayonundakı Qırmızı qəsəbədə məskunlaşıb. Bura yəqin ki, qəsəbədəki evlərin əksəriyyətinin damının qırmızı rəngdə olduğu üçün belə adlandırılıb. Bu qəsəbəni Qafqazın Yerusəlimi belə, adlandırırlar.
Qafqaz dağlarının ucqarında yerləşən yəhudi məskənlərinin tarixi 5-ci əsrədək uzanır. Hətta bəzi alimlər hesab edir ki, Qafqaz yəhudiləri adı ilə tanınan dağ yəhudiləri bir zamanlar İsraildə yaşamış, sonradan itmiş 10 tayfadan birinin nəslindəndir.
Qırmızı qəsəbəni bir neçə il əvvəl ziyarət etmişəm. Oradakı sakitlik mənə uşaqlığımı keçirdiyim Azərbaycandakı son yay fəslini xatırlatmışdı. Ailəmlə birgə Kanadaya həmin yaydan sonra köçmüşük...
Yerli mətbəxə aid dadlı yeməyin qoxusu evi bürümüşdü. Küçədə uşaqlar futbol oynayırdı. Sinaqoqun qırmızı kərpicdən olan 6 günbəzi günəş şüaları altında parlayırdı. Ağsaqqallar çardağın altında oturmuşdular. 40 dərəcə istiyə baxmayaraq, çay içirdilər. Yayın istisində çay içmək ilk baxışdan məntiqsiz görünürdü. Amma yerli əhali məni isti havada çayın sərinləşdirici xüsusiyyətə malik olduğuna inandırmağa çalışırdı. Çardağın üzərini örtmüş üzüm yarpaqlarının xışıltısını belə, xatırlayıram. “İzabella” üzümünün bir neçə salxımı sanki havadan asılı qalmışdı. Adama elə gəlirdi ki, bu ağır üzüm salxımlarını hətta külək belə, qopara bilməz...
Ön plandakı sadə evlərdən arxada hündür, dəbdəbəli malikanələr ucalırdı. Onlar Qırmızı qəsəbədən olan, hazırda Rusiyada yaşayan biznesmenlərə, maqnatlara məxsusdur. Həmin iş adamları azərbaycanlıların və dağ yəhudilərinin adət-ənənələrinə uyğun olaraq, doğma qəsəbələri və ailələri ilə, xüsusilə yaşlı nəsillə sıx əlaqələri qoruyub-saxlayır. Kifayət qədər məşhur olan bu biznesmenlər qəsəbəni tez-tez ziyarət edir, buranın infrastrukturuna investisiya qoyur, böyük ailələri üçün evlər tikdirir.
Qəsəbədə əvvəllər 13 sinaqoq olub. Sovet İttifaqının bütün ölkə boyu dinə qarşı həyata keçirdiyi sərt tədbirlər nəticəsində bu gün qəsəbədə yalnız 8 sinaqoq qalıb. Sovet dönəmində dağ yəhudilərinə sinaqoqları ziyarət etmək, yeşivalarda təhsil almaq və dini ayinlərdə iştirak etmək qadağan idi. Lakin dağ yəhudiləri o zaman da şabat yeməklərində toplaşar, adət-ənənələrinə hörməti nümayiş etdirərdilər. Doğrudur, o dövrdə onlar bunun sakit, səksəkə içərisində edərdilər – rəsmilərin diqqətini cəlb etmək olmazdı!
Digər tərəfdən, regionda ruslaşdırma siyasəti yerli müsəlman və yəhudi əhalini əsas dil kimi rus dilini qəbul etməyə məcbur edirdi. Odur ki, Sovet İttifaqının represiv siyasəti nəticəsində dağ yəhudilərinin doğma cuhuri dilinin mövcudiyyətinə təhlükə yaranmışdı.
Bu günsə ilk növbədə Azərbaycan hökumətinin, daha sonra Rusiyada yaşayan, əslən Qırmızı qəsəbədən olan biznesmenlərin dəstəyilə buradakı dağ yəhudiləri bir növ dini dirçəliş yaşayır. Sinaqoqlar yenidən açılıb, təmir olunub, yeşiva təsis edilib. Azərbaycanın paytaxtı Bakıda isə Xabad-Or-Avner təhsil mərkəzi fəaliyyətə başlayıb. Ölkəyə səfər edən xarici qonaqların yəhudi tarixi və mədəniyyətilə tanış olması üçün yeni turistik marşrutların yaradılması da planlaşdırılır.
Yeri gəlmişkən, dünyada dağ yəhudilərinin ilk muzeyi məhz Azərbaycanda – Qırmızı qəsəbədə yaradılıb. Muzey cuhiri dilinin, dağ yəhudiləri irsinin, unikal mətbəxinin və əlbəttə ki, adət-ənənələrinin qorunub-saxlanılması məqsədilə açılıb. Muzeydə cuhuri dilində ən böyük kitab kolleksiyası, həmçinin geyimlər, zərgərlik məmulatları və dini əşyalar yer alır. Bundan başqa, muzeydə dağ yəhudilərinin həyatı və mətbəxi haqda qısa videoçarxlar nümayiş olunur, həm Azərbaycan, həm də cuhuri dilində mahnılar səsləndirilir.
Azərbaycanın aşkenazi icmasının baş ravini Şenor Seqalın sözlərinə görə, buradakı tolerantlığın digər ölkələrə ixracına ehtiyac var. Onunla razılaşmamaq çətindir. Azərbaycanın tarixində antisemitizmə heç zaman rast gəlinməyib. Paytaxtda aşkenazi sinaqoqu dağ yəhudilərinin sinaqoqunun qarşısındadır. Onları bir-birindən kiçik park ayırır. Üstəlik, onlar tarixi əsrlərə uzanan “Təzəpir” məscidi və rus proposlav kilsəsindən bir neçə dəqiqəlik məsafədə yerləşir. Təsəvvür edin ki, bu dini məbədlərin ətrafında təhlükəsizlik tədbirlərinə ehtiyac duyulmur...
Yeri gəlmişkən, paytaxt Bakıda Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun heykəli də ucaldılıb. Heykəl elə Araqunovun adını daşıyan küçədədir. Mahir tank komandiri olmuş Aqarunov 28 il əvvəl, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etdiyi zaman Şuşada baş vermiş döyüşlərdə həlak olub. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçı siyasəti nəticəsində yaranmış qeyri-sabit vəziyyətə görə azərbaycanlıların bəziləri ölkəni tərk etməyə məcbur olmuşdu. Aqarunov isə İsrailə köçmək haqda düşünmədən, doğma vətənini qorumaq üçün könüllü olaraq cəbhəyə yollanmışdı...
Yerli əhali Azərbaycan mədəniyyətilə dağ yəhudilərinin mədəniyyətinin bir-birinə sıx bağlı olduğuna inanır. Maraqlıdır ki, burada Azərbaycan mədəniyyəti elementlərini müsəlman, yaxud yəhudi mədəniyyəti olaraq ayırmağa belə, ehtiyac duyulmur. Yəni onlar mətbəxi, musiqi alətlərini, musiqini ortaq dəyər kimi qəbul edir, bunların hər iki xalqı birləşdirən ümumi irs olduğunu düşünürlər.
Başqa sözlə, dağ yəhudilərinin mədəniyyəti sanki Azərbaycan mədəniyyətinə hopub. Odur ki, onlar hətta xaricdə olasalar belə, doğma vətənlərilə əlaqəni kəsmirlər.
Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “Jewish Journal” nəşrində dərc edilmiş məqaləsində deyilir: “Biz növbəti Şabata sülh və azadlıq hissilə hazırlaşırıq. Bu ölkədə bizim nadir sayıla biləcək hədiyyəmiz var. Bu haqda yəhudi dünyası belə, demək olar ki, heç nə bilmir”.
Diqqət edin, Azərbaycan əhalisinin 90%-dən çoxu müsəlmandır. Lakin burada müsəlmanlarla yəhudilər uzun müddətdir ki, dinc şəkildə birgə yaşayır. Onlar bir-birlərinin dini idiomlarından sinonim kimi istifadə edir. Qərb ölkələrinin vətəndaşları dağ yəhudilərinin “İnşallah, Şabatdan sonra görüşərik” cümləsini eşitsə, güman ki, şoka düşər. Doğrudur, dünyəvi azərbaycanlılar “İnşallah” sözünü “ümid edirəm” anlamında işlədir. Lakin məhz qərblilərin bu zaman koqnitiv dissonans yaşayacağına zəmanət verə bilərəm.
Yeri gəlmişkən, Bruklində yaşayan dağ yəhudiləri “Sefer Tora”nı qeyd edən zaman əllərində Azərbaycanın musiqi alətlərini tutublar. Tədbirin videoçəkilişində onların necə ifa və rəqs etdikləri görünür. Videoya yazılan şərhlərinsə əksəriyyəti bu məzmundadır: “Salam yəhudi dostlarımız! Sizi vətəndə hər zaman gözləyirlər!”.
Bir sözlə, mən bu ölkədə yalnız xoş hislər yaşayıram. Birgəyaşayışa heç də hər zaman can atmayan çoxsaylı ölkələrin fonunda, müxtəlif dini inanca malik bu sadə insanlar arasındakı həmrəylik, dostluq məndə çox dərin təəssürat yaradır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər