Xəbər lenti
Dünən, 19:25
 
“Dünyanın idarə edilməsində ciddi təsiri olan bir dövlətlə əlaqələr daha da genişləndirilməlidir”
“Son zamanlar İsrail mətbuatında bu ölkə ilə yüksək səviyyədə formalaşmış dostluq münasibətlərinə xələl gətirə biləcək bir sıra materialların dərc olunması, onun geniş müzakirəsi, Milli Məclisin üzvü Yevda Abramovun "Yeni Musavat" qəzetinə müsahibəsi məni də yenidən bu mövzuya müraciət etməyə məcbur etdi". 
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında professor Saleh Məmmədov deyib. O, bildirib ki, İsraillə Azərbaycan arasında çox ciddi dostluq münasibətləri formalaşıb, hər iki ölkə üzrə rəhbərlikdə hansı partiyanın, qrupun olmasından asılı olmayaraq, bu münasibətlər davamlı, ardıcıl prinsiplərə əsaslanaraq heç bir mane olmadan davam edir: “Dünya miqyasında 200 ölkə içərisində bizim ölkəmizə ən yaxın və dost ölkələr içərisində birinci beşliyə daxil olan, hətta vacibliyinə görə ən mühüm yerdə duran dost ölkə İsraildir. Amma bu potensialdan nə dərəcədə yararlanmaq məsələsinə gəldikdə, bu səviyyə millət vəkilinin də dediyi kimi, yalnız təəssüf və məyusluq hissi doğurur. Belə bir ölkədə Azərbaycanın səfirliyinin olmaması heç bir məntiqə sıxmır. 
Əvvəla, İsrail dünyanın idarə olunmasında bəlkə də ABŞ qədər rol oynayan bir ölkədir. Dünyanın hansı ölkəsinə getsən, xüsusilə özəl çəkisi olan ölkələrdə, üst düzeydə dövlət idarəçiliyində İsrail əsilli şəxslərin üstün rolunu görmək olar. İdarəçilikdə və cəmiyyətlərin inkişafında əsas yeri elm və elm adamları tutur, dünya elminin hətta mən deyərdim ki, nəzarət paketi yəhudilərin əlindədi. Bir yəhudi alimdən soruşmuşdurlar ki, belə böyük təsirə malik olduğunuz halda nə üçün kiçicik İsrailə toplaşmısınız. Cavabında deyib: “yerləşdiyimiz məkan bütün Yer kürəsidi, İsrail isə bizim baş ofisimizdir”. Bu, doğrudan da belədir.
İkinci, dünya maliyyə sistemi və maliyyə kapitalının ciddi təsirə malik hissəsi yəhudi əsilli şəxslərin əlindədi, dünya əhəmiyyətli əksər milyarderlər, güclü bankirlər, maliyyəçilər, kommersantlar da bu ölkə mənşəli insanlardır.
Üçüncü, İsrail bizə, ümumiyyətlə, bütün türklərə çox ciddi dostluq münasibəti olan bir ölkədi, bunun da ciddi əsası vardı. Yəhudilər bizdən fərqli olaraq tarixlərini çox gözəl öyrənirlər, bilirlər və buna uyğun olaraq dostlarını və düşmənlərini tanıyırlar. Türklər tarix boyu hər zaman ən çətin və ağır zamanında yəhudilərin yanında olmuşlar, hər an yardım etmişdilər, o cümlədən, 15-ci əsrdə yəhudilər İspaniyadan, 16-cı əsrdə digər Avropa ölkələrindən çıxarılanda və kütləvi qətl ediləndə də, II dünya müharibəsi zamanı alman faşistləri yəhudiləri kütləvi qıranda da, yəhudilər İranda, Rusiyada, Avropanın bir sıra digər ölkələrində sıxışdırılanda da. İsrail əhalisi Osmanlının tərkibində olarkən də, İsrail ərazilərinin ən inkişaf edən dövrü olmuşdur. Digər tərəfdən, tarixdə ən böyük yeri olan Türk dövlətlərindən birinin, Xəzər kaqanatının (bütün Azərbaycan əraziləri bu dövlətin tərkibində olmuşdur) rəsmi dövlət dini yəhudi dini olmuşdur, sonralar Avropaya yayılan, həmçinin İsrail dövlətinə köç edən yəhudilərin əksəriyyəti bizim soydaşlarımızdı, bu günə kimi də yəhudi dinində qalan türk soydaşlarımız - Karaim (karaylar) və Krımçaklar da yəhudi dininin daşıyıcılarıdı. Məhz buna görə də yəhudilər dünyanın hər yerində türkləri, xüsusilə də Azərbaycan türklərini müdafiə edirlər. Türklər də bu isti münasibətdən çəkinməməlidir, əksinə, bu xalqın sonsuz imkanlarından səmərəli istifadə etməlidirlər. İslam Konqresinin və ya hər hansı İslam cəmiyyətlərinin üzvü olmaq rəsmi beynəlxalq səviyyədə İsraillə münasibətlərdə heç bir məhdudiyyət nəzərdə tutmur, ərəblərə daha mülayim görsənmək üçün atılan addımlar tamamilə səmərəsizdir.
Dördüncü, İsrail dövləti özü böyük elmi, siyasi və iqtisadi potensiala malikdir. Elm sahəsində, kənd təsərrüfatının inkişafı, hərbi sənaye, dəqiq və fəza texnologiyalarında bu ölkə dünya birincisidi. Biz bu böyük potensialdan istifadə etməliyik".
S.Məmmədov fikirlərini ümumiləşdirərək deyib: “İsraildə səfirliyin açılması ilə bu ölkə ilə geniş əməkdaşlıq proqramının qəbul olunması, hər sahə üzrə, xüsusilə elm və təhsil üzrə bizə ciddi faydalar verərdi. İsraillə dərin əməkdaşlıq Azərbaycan üçün böyük perspektivlər açar. Bir vacib amili də nəzərə almaq lazımdır ki, İsrail demokratik bir ölkədir, Ermənistan və ya başqa ölkələrdən də diasporalar var, müxalif qüvvələr var, maraqlar toqquşa bilir, hər kəs sərbəst işləyir. Dövlət rəhbərliyinə daxil olan şəxslər, hətta prezident və ya baş nazir KİV-lərə göstəriş verə bilmir. İsrail və bu kimi digər dost ölkələrlə əməkdaşlıq qurularkən bu amillər nəzərə alınmalıdır”.



Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 19-08-2017, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma