Xəbər lenti
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
Məlum olduğu kimi bir neçə ay bundan əvvəl mərhum alimimiz Arif Əliyevin Sovet hakimiyyəti illərində, konkret desək, 1965-ci ildə Naxçıvanın erməniləşdirilməsi təşəbbüsü və Azərbaycan ziyalılarının buna biganə yanaşmaları barədə qələmə aldığı bir məqaləni dərc etmişdik.
Məqalədə iddia olunurdu ki, 1965-ci ildə Səməd Vurğunun anım gecəsində filologiya elmləri namizədi Abbas Zamanov söz alaraq çıxış edib və Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırıb. İclası aparan akademik Məmməd Arif Dadaşzadə isə qaldırılan məsələnin bu məclisə aidiyyatı olmadığını deyib və Abbas müəllimi səhvini etiraf etməyə çağırıb. Abbas Zamanov isə bu çağırışdan boyun qaçırıb.
Ovqat.com-un məqaləni dərcindən sonra Ədəbiyyat İnstitutunun bir əməkdaşı saytımızla əlaqə saxlayaraq, hadisənin bəzi detallarına aydınlıq gətirib.
Əməkdaşın bildirdiyinə görə, bu hadisə həqiqətən də baş verib, amma məqsəd erməniləri dəstəkləmək yox, Abbas Zamanovu gözlənilən represiyalardan qorumaq olub.
İddiaçının öz fikrini əsaslandırmaq üçün söykəndiyi arqument isə hər iki ziyalının yaxın dostluğudur. O, sözügedən iddiası ilə əlaqədar olaraq saytımıza Abbas Zamanovun Məmməd Arif barədə qələmə aldığı iki yazısını və birgə çəkdirdikləri foto şəkili də göndərib. Abbas Zamanov həmin yazılarında həqiqətən də Məmməd Arif barədə yüksək fikirlər bildirir, onu özünün ustadı adlandırır.
Keşmişimizə işıq tutan həmin yazılar oxucuların diqqətinə çatdırırıq.
Professor Abbas Zamanovdan akademik Məmməd Arif Dadaşzadəyə məktub
Hörmətli Arif müəllim!
Dünən axşam yoldaşlardan biri mənə dedi ki, sabah Sizin altmış yaşınız tamam olur. İstədim ki, Sizi teleqramla təbrik edim. Sonra fikrimi dəyişdim, kiçik bir məktubla təbrik etməyi qərara aldım.
Arif müəllim! Sizin həyat yolunuz nəslimizin ən yaxşı nümayəndələrinin xüsusiyyətlərini özündə əks etdirən bir aynadır. Həyat Sizi gülər üzlə qarşılamamışdır, keçdiyiniz yollara asfalt döşənməmişdir. Siz öz həyat yolunuzu külünglə açmışsınız, yolunuzun üstündəki daşların hər kiçik qırığını qoparıb kənara atmaq üçün saysız-hesabsız külüng vurmalı olubsunuz. Bu cəhətdən Sizin həyatınız gənclərimiz üçün ən gözəl nümunədir.
Həyat heç bir vaxt Sizin başınızı tumarlamamışdır. Çətinliklər, maneələr, dedi-qodular həmişə Sizi bir kabus kimi təqib etmişdir. Mənfur 37-ci ili Siz bir neçə dəfə yaşamışsınız… Nələr çəkmədiniz!.. Üstəlik ömür dostunuzu da itirdiniz. Özü də nə vaxt!.. Lakin Siz, bir çoxları üçün cəsarətsiz görünən Siz, özünüzdə mənəvi qüvvə, mətin iradə tapıb, bütün bu dəhşətli çətinliklərə qalib gəldiniz, keşməkeşlərdən alnıaçıq çıxdınız. Bu, asan deyildi.
Sizin təmkinliyinizi, təvazökarlığınızı bir çoxları başqa cür yozur, başqa şəkildə mənalandırırlar. Etiraf edirəm ki, vaxtilə mən də belələrindən olmuşam. İndi isə mən deyirəm: xalqına, vətəninə xidmət etmək istəyən Sizin yolunuzla getməlidir. İndi ikinci yol yoxdur.
Siz 40 ildən artıqdır ki, ürəyinizi də, qələminizi də cəmiyyətə vermişsiniz. Xalqa, cəmiyyətə namusla xidmət etmək—Sizin həyatınızın mənası olmuşdur. Əgər bu gün Siz cəmiyyətdə yüksək mövqelər tutursunuzsa, bu, başqası tərəfindən Sizə verilmiş pay deyildir, bu, Sizin haqqınızdır. Həmişə həyatda hər şey Sizə ancaq layiq olduğunuz üçün verilmişdir. Siz ədəbi-tənqidi fəaliyyətinizlə xalqımızın mədəniyyətinə çox böyük xidmətlər etmişsiniz. İndi biz, Sizin müasirləriniz, bunları yaxşı dərk edə bilmirik. Lakin mən əminəm ki, Sizin əsərləriniz gələcəkdə xüsusi tədqiqat obyektləri olacaq və layiqilə qiymətləndiriləcəkdir.
Bu gün mən Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayıram.
Qoy Araz və onun xanımı Sizi qorusunlar. Bizim Sizə ehtiyacımız çoxdur.
Hörmətlə, Abbas Zamanov
Bakı, 10.VI.1964
ABBAS ZAMANOV
USTADIN DƏRSLƏRİ
Arif müəllimin 75 yaşının tamam olması münasibətilə redaksiyanın məqalə yazmaq təklifi məni xeyli düşündürdü. Nə yazım? Kim bilmir ki, Məmməd Arif Dadaşzadə 50 illik bir dövrü əhatə edən ədəbiyyat tariximizə tənqidi fikrin klassiki kimi daxil olmuşdur. Kim bilmir ki, Azərbaycan sovet ədəbiyyatında Cəfər Cabbarlının dramaturgiyada, Ordubadinin nəsrdə, Səməd Vurğunun poeziyada gördüyü işi tənqiddə Məmməd Arif görmüşdür. Bunları hamı bilir.
Odur ki, xeyli götür-qoy etdikdən, düşünüb-daşındıqdan sonra belə qərara gəldim ki, Arif müəllimlə 40 il sürən ailəvi dostluğumuz, şəxsi və xidməti münasibətlərimiz zamanı müşahidə etdiyim bəzi əhvalatları hafizəmdə canlandırıb kağıza köçürmək—daha məsləhətdir.
Arif müəllimlə şəxsən 1939-cu ildə “Ədəbiyyat qəzeti”ndə katib işlədiyim zaman tanış olmuşdum. 1940-cı ildə “Azərnəşr”in bədii ədəbiyyat şöbəsi müdiri vəsifəsinə keçdikdən sonra tanışlığımız dostluğa çevrildi. Bundan sonra həmişə mən Arif müəllimin ailəsinin, necə deyərlər, məhrəm adamı, şənliklərinin də, kədərlərinin də yaxın iştirakçısı oldum.
Arif müəllimi insan kimi səciyyələndirən bir çox unudulmaz xoş hadisələr hafizəmdə həkk olunmuşdur. Hər dəfə bu və ya başqa münasibətlə Arif müəllimi xatırladıqda o hadisələr xəyalımda yenidən canlanır, əziz dostu, hörmətli ustadı minnətdarlıq hissi ilə yad edirəm.
Deyirlər ki, adamlar bir-birini səfərdə daha yaxşı tanıyırlar. Bu, həqiqətdir. Arif müəllimlə mənim ilk yaxın tanışlığım səfərdə oldu. 1940-cı ilin baharında biz birlikdə Sxaltuboya müalicəyə getmişdik. 25 gün bir sanatoriyada, bir otaqda yaşadıq. Bu müddətdə mən ondan nə qədər ilıq qayğı gördüm... Arif müəllim səhərlər adətən çox erkən oyanıb sanatoriyanın bağına gəzməyə gedərdi. Yataqdan elə sakit qalxar, otaqdan elə ehmal çıxıb gedərdi ki, mənim ruhumun da xəbəri olmazdı. Həmişə səhər yeməyinə düz yarım saat qalanda otağa daxil olub məni oyadardı.
Bir dəfə mən harda isə yubanıb vannaya getməmişdim. Bunun üçün Arif müəllim məni məzəmmət edib dedi:
-Sən bura gəzməyə yox, müalicəyə gəlibsən. Bir də belə eləsən, mən səninlə bir otaqda qalmayıb yerimi dəyişdirəcək, özünü də dindirməyəcəyəm.
Bu ciddi xəbərdarlıqdan sonra mən özümü yığışdırdım, bir daha vannanı buraxmadım. Arif müəllim də otaqdan köçməli olmadı.
Sanatoriyanın kulturniki (sanatoriyada mədəni-kütləvi işləri təşkil edən xidmətçi) müalicəyə gələnlərin anketini nəzərdən keçirər, yüksək peşə sahiblərinin klubda məruzəsini təşkil edərdi. Bir gün kulturnik bizim otağa gəlib Arif müəllimdən Azərbaycan ədəbiyyatı haqqında məruzə etməyi xahiş elədi. Əvvəlcə Arif müəllim razılıq vermədi. Ancaq kulturnik asanlıqla başdan ediləsi adam deyildi. O, istədiyinə nail oldu, bir neçə gün sonra elan vuruldu. Arif müəllim sanatoriyanın klubunda məruzə etməli oldu. Arif müəllimin bəzi qeydlər etdiyini görmüşdüm. Lakin yanımızda ədəbiyyat olmadığı üçün mən həyəcan keçirirdim. Arif müəllim isə çox sakit idi. Nəhayət, məruzə günü gəlib çatdı. Arif müəllim özünəməxsus şəkildə məruzəyə başlayıb Azərbaycan ədəbiyyatının yaranması, inkişaf dövrləri haqqında təxminən bir saat danışdı. O, tələsmədən, asta-asta, aramla danışırdı. Söhbət Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa dahi yazıçılardan gedəndə Arif müəllimin simasında və danışıq tərzində aşkar duyulan bir qürur hissi özünü büruzə verirdi.
Məruzə maraqlı keçdi, sual verənlər də oldu, axırda məruzəçi alqışlandı. Düzünü deyim ki, o vaxtadək mən Arif müəllimin rus dilində bu cür sərbəst danışdığını bilmirdim.
Bu məruzədən sonra adamlar Arif müəllimə ehtiramla təzim edər, yeməkxanaya gedəndə və ya çıxanda kənara çəkilib yolu ona verərdilər.
Sanatoriyada Uznadze familiyalı 83 yaşlı bir həkim müalicə olunurdu. Məruzədən sonra o, Arif müəllimə yanaşıb dedi ki, mənim atam Qafqaz canişinliyinin dəftərxanasında M.F.Axundov ilə birlikdə işləmişdir. Hətta mən atamın yanına gedəndə bir-iki dəfə onu görmüşdüm. Atamın onun dəfnində iştirak etdiyini də bilirəm. Arif müəllim ona dedi ki, bəlkə bir xatirə yazasınız. Doktor bundan imtina edib dedi:
-Mən nə yaza bilərəm. Bir-iki dəfə onu kənardan görmüş, Azərbaycan yazıçısı olduğunu atamdan eşitmişdim. Sonra da atam demişdi ki, onun dəfnində olub. Vəssalam... Bizim evimizdə canişin dəftərxanası məmurlarının birlikdə çəkdirdikləri bir şəkil var. Atam şəkilləri nömrələyib arxasında adlarını yazmışdır. Məncə, M.F.Axundov da o şəkildə vardır. Ünvanımı sizə verərəm. Tbilisidə gələrsiniz bizə. Mən o şəkli sizə bağışlayaram.
Uznadzenin müalicə vaxtı bitdi, bizdən qabaq getdi. Bakıya dönərkən Tbilisi vağzalında bizi mənim keçmiş seminariya yoldaşım Rza Şahvələd qarşılayıb evinə apardı. Azca istirahət etdikdən sonra həkim Uznadzegilə getdik. O bizi səmimiyyətlə qarşıladı, köhnə ailə şəkillərini gətirib tökdü ortalığa. Lakin o şəkil tapılmadı. Böyük bacısını çağırıb şəklin harda olmasını soruşdu. Məlum oldu ki, hansısa arxivin əməkdaşı şəkli aparmış, üzünü çıxarıb qaytarmağa söz vermiş, lakin indiyədək qaytarmamışdır. Həkimin bacısı bunu da əlavə etdi ki, mən o adamı yaxşı tanıyıram, onun caynağının keçdiyi şey geri qayıtmaz. Həkim pərt oldu, şəklin özünü və ya surətini tapıb göndərəcəyinə söz verdi. Lakin ondan bir xəbər çıxmadı. Kim bilir, bəlkə də indi həmin şəkil Tbilisinin arxivlərinin birində saxlanılmaqdadır. Bəlkə də hansı bir tədqiqatçı gələcəkdə onu tapıb üzə çıxaracaqdır.
Bir dəfə Universitetdə dedilər ki, Arif müəllim məni axtarırmış və evinə zəng vurmağımı tapşırıb. Zəng vurdum. Axşam onlara getməyimi xahiş etdi. Getdim. Masanın arxasında oturmuşdu. Mir Cəlalın “Yolumuz hayanadır” romanı haqqında “Kommunist” qəzetinə verdiyim məqalə qabağında idi. Məlum oldu ki, məqaləni redaksiyadan ona rəyə veriblər. Məqaləni göstərib dedi:
-Sənin bu məqaləndən həm xoşum gəlir, həm də acığım. Doğrudur, romanda Sabir surəti zəifdir, haqlısan, romandakı Sabir bizim təsəvvürümüzdə yaşayan Sabir deyildir. Məqalədə bu cəhəti düz tənqid edirsən. Lakin tənqid də var-tənqid də var. Tənqidin ruhu elə olmalıdır ki, yazıçını əsəbiləşdirməsin, yazıçı inansın ki, tənqidçi ona kömək etmək istəyir. Söz var dağa qaldırır, söz var dağdan endirir. Sənin tənqidin dağa qaldıran sözə oxşayır. Məqalə sərtdir, yumşaltmaq lazımdır. Al, dediyim beyninə batırsa, yenidən nəzərdən keçir, düzəliş apar, ancaq bundan sonra ver redaksiyaya.
Mən Arif müəllimin fikri ilə razılaşdım, məqalənin üzərində bəzi dəyişiklik aparıb verdim redaksiyaya. Lakin görünür, apardığım dəyişiklik kifayət deyilmiş. Çünki məqalə “Kommunist”də çıxdıqdan sonra mübahisələrə səbəb oldu.
1968-ci ildə Molla Pənah Vaqifin anadan olmasının 250 illik yubileyinin keçirilməsinə hazırlıq gedirdi. Arif müəllim vaxtaşırı Nizami muzeyinə gələr, Vaqifin yubiley sərgisinin açılışına hazırlığın gedişi ilə maraqlanar, yerindəcə lazımi göstərişlər verərdi.
Muzeyə gəlişlərinin birində Arif müəllim mənə dedi ki, Akademiyanın “Elmi əsərləri”nin növbəti nömrəsi Vaqifə həsr ediləcəkdir. Nömrənin baş məqaləsini yazmaq sənə tapşırılmışdır. Bu təklif mənə qəribə göründü, dedim:
-Axı mən heç vaxt Vaqiflə məşğul olmamışam, bəlkə bunu mütəxəssisə tapşırasınız.
Arif müəllim qəti bir tərzdə etiraz edib dedi:
-Yox, sən yazacaqsan, məşğul olmayıbsan, indi olarsan.
Arif müəllim bu sözləri elə qəti şəkildə dedi ki, onun təklifinə etiraz yeri qalmadı.
Məqaləni yazmalı oldum, makinadan çıxarıb Arif müəllimə göndərdim. Düzü, mən Vaqif haqqında məqalə yaza biləcəyimə əmin deyildim. Buna görə Arif müəllimin fikrini həyəcanla gözləyirdim.
Məqaləni göndərdiyim günün səhəri Arif müəllim muzeyə zəng edib dedi ki, dünən axşam evdə məqaləni Arazla birlikdə oxuduq, xoşumuza gəldi. Mətbəəyə göndərilmək üçün nəşriyyata verəcəyəm. Mən razılıq etmək istərkən sözümü kəsdi:
-Qulaq as, o gün muzeydə işçilərin yanında sənə demədiyim sözləri indi demək istəyirəm. Əgər Azərbaycan ədəbiyyatının müəyyən bir dövrü ilə məşğul olan bir alim ədəbiyyatımızın başqa bir dövrünün qapısını açmağa cəsarət etmirsə, demək, o, elmə təsadüfi gəlmişdir. İncimə, mən bu sözləri səni nəzərdə tutub demirəm. Sənin maraq dairən genişdir. Vaqif haqqında məqalə yazmağı bacaracağına əmin olmasaydım, onu sənə tapşırmazdım. O günü bu təklifdən boyun qaçırmaq istəməyin xoşuma gəlmədi. Odur ki, bu sözləri mütləq sənə deməli idim. Cəsarətli olmaq lazımdır.
Bu sözlər başqalarına əxlaq dərsi olmaq üçün deyilməmişdir. Arif müəllimin öz yaradıcılığı bu prinsipə riayət etməyin ən yaxşı nümunəsidir. Dar ixtisas çərçivəsi Arif müəllimin ədəbi-tənqidi irsi üçün tamamilə yaddır. Azərbaycan sovet ədəbiyyatının ən mötəbər tədqiqatçısı, professional mütəxəssisi olan Arif müəllim ədəbiyyatımızın başqa dövrləri, bu dövrlərin yetişdirdiyi nəhəng simaları haqqında yazılmış bir sıra monoqrafik məqalələrin müəllifidir. Tənqidçiliklə ədəbiyyatşünaslığı öz yaradıcılığında məharətlə birləşdirən Arif müəllim Sovet İttifaqının qardaş xalqları, həmçinin dünya ədəbiyyatına dair sanballı elmi əsərlər yazmışdır. Bunu da əlavə etmək kifayətdir ki, Arif müəllim respublikamızın ali məktəblərində rus ədəbiyyatı tədrisinin bünövrəsini qoyan alimlərimizdən biri, bəlkə də birincisidir.
Arif müəllimin məqaləni bəyənməsi məni ürəkləndirdi, professor Həmid Məmmədzadə ilə birlikdə Vaqifin seçilmiş əsərlərini ərəb əlifbası ilə hazırlayıb nəşr etdik, kitaba müqəddimə yazdım. “Bakinski raboçi” qəzetinin Vaqifə həsr edilmiş yubiley nömrəsində məqaləm çıxdı. Arif müəllimin bəyəndiyi məqaləni sonralar “Bustan” (Vena), “Zəmanənin dəftəri” (Tehran), “Əl-İslam” (Münhen), “Qardaşlıq” (Bağdad), “Türk ədəbiyyatı” (İstanbul) juranalları Akademiyanın “Elmi əsərləri”ndən götürüb tərcümə edərək nəşr elədilər. Əlbəttə, bunlar üçün mən Arif müəllimə borcluyam.
Bəli, Arif müəllim öz tələbələrinə və həmkarlarına belə atalıq qayğısı göstərirdi. Buna görədir ki, onlar Arif müəllimin xatirəsini ürəklərində minnətdarlıqla yaşadırlar.
Yaxşı yadımdadır, 1969-cu ildə respublikada Cəfər Cabbarlının 70 illiyi keçiriləndə Arif müəllimin başçılıq etdiyi bir dəstə yazıçı, alim, rəssam Xızıya getmişdi. Gedənlərin içərisində Nəbi Xəzri, Cabir Novruz, xalq rəssamı İsmayıl Axundov, Aydın Cabbarlı və adlarını xatırlamadığım bir neçə gənc var idi. Əvvəlcə Cabbarlının Xızı kəndindəki muzeyinə getdik. Nizami muzeyindən gətirdiyimiz yeni eksponatları muzeyə qoyduq. Sonra kəndin aşağısındakı bağda yığıncaq oldu. Yığıncaqda kəndin cavanları, həmçinin Cəfər Cabbarlının yaşıdları və ondan yaşça böyük olan həmyerliləri iştirak edirdilər. Yığıncağı Abşeron rayon Partiya Komitəsinin katibi Sadıq Murtuzayev idarə edirdi. Yazıçı haqqında Arif müəllim söz dedi. O, yığıncağa toplaşan kəndlilərin səviyyəsinə uyğun bir tərzdə aram-aram danışırdı. Arif müəllim danışdıqca onun nurani simasından qürur və səmimiyyət yağırdı. Cabbarlının yığıncağa toplaşan həmyerliləri də eyni hiss ilə yaşayırdılar.
Çıxışlar oldu, şairlər şeir oxudu. Sonra bizi vaxtilə Müşfiqin füsunkar təbiətini vəsf etdiyi Yarımca kəndinə apardılar. Kəndin kənarında, hər tərəfi yamyaşıl ağaclarla örtülü bulağın başındakı çəmənliyə xalça-palaz döşənmişdi. Süfrə qonaqları gözləyirdi. Yemək-içmək başlandı, ehtiraslar qızdı, sağlıqlar difiramba çevrildi. Bol-bol təriflər baş alıb gedirdi. Arif müəllimin simasından hiss olunurdu ki, o, nədənsə, darıxır, həyəcan keçirir. Növbəti sağlıqların birindən sonra Arif müəllim qədəhlərin boşalmasını gözləməyib ciddi, bir qədər də əsəbi tərzdə danışmağa başladı:
-Sizin bu mənasız tərifləri eşidəndə adamın əti tökülür. Adam nə qədər bir-birini tərifləyər. Təriflənənlər aldanıb deyilənlərə inana bilərlər. Bu isə onları yolundan sapdıra bilər. Kimi yıxmaq istəyirsən—qoltuğuna ver, onda o, yolunu azıb öz-özünə yıxılacaqdır.
Bu sözlərdən sonra Arif müəllim üzünü məclisin masabəyinə tutub davam etdi:
-Söz almadan danışdığım üçün üzr istəyirəm. Gəlin, təbiətin bu gözəl ağuşunda məclisimizi davam etdirək. Lakin dadsız-duzsuz təriflə dolu sağlıqlara son qoyaq.
Hamı öz payını götürdü. Bundan sonra üstünlük şeirə, musiqiyə verildi.
Arif müəllim bizi 1975-ci ilin dekabrında tərk etmişdir. Lakin o, indi də bizimlə yaşayır, zəngin tənqidçi irsi ilə bizə kömək edir.
“Ədəbiyyat və incəsənət” qəzeti,
15 iyun 1979
P.S. Həm məktub, həm də məqalə "Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar" kitabında (Bakı, "Elm" nəşriyyatı, 2015) çap olunmuşdur. Məktub kitabın 503-cü, məqalə isə 344-349-cu səhifələrində yer alır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar