Xəbər lenti
 

Mixail Saakaşvilinin ölkəsinə qayıdıb 2 illiyinə Baş nazir olmaq və Gürcüstanı böhranlı vəziyyətdən çıxardıqdan sonra istefaya getmək təklifinə cavab Tbilisidən deyil, Moskvadan gəlib.
 
Ovqat.com-un məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski Vətənə dönəcəyi təqdirdə Mixail Saakaşviliyə qalstuk ehtiyatını bol tutmağı məsləhət görüb.
 
Xatırladaq ki, 2008-ci ildə Saakaşvilinin prezidentliyi dövründə Rusiyayla girdiyi konflikt nəticəsində rus ordusu Gürcüstanın tərkib hissəsi olan Cənubi Osetiyanı işğal etmiş və rus tankları Tbilisi yaxınlıqlarına qədər gəlmişdi. Həmin qorxulu günlərdə Saakaşvilinin bir fotosu yayımlanmışdı. Fotoda gürcü lider hirsindən qalstukunu gəmirirdi. Görünür, rusiyalı deputat da məhz bu fotoya eyham vuraraq, Moskvanın Saakaşviliyə yenidən qalstuk gəmirtdirəcəyini, özü də bu halın daha çox təkrarlanacağını izah etmək istəyib.



"Yedinaya Rossiya" fraksiyasının üzvü olan Vodolatski  “Federal Xəbər Agentliyi”nə (FAN) Gürcüstanın keçmiş prezidentinin ölkəsinin Baş naziri seçilmək istəyi barədə bəyanatını şərh edərkən bildirib ki, Saakaşvili artıq “istifadə müddəti bitmiş material”dır: "Saakaşvili bu gün istənilən üsul və yollarla Gürcüstana qayıtmağa çalışır, çünki başqa ölkələrdə o, artıq işlənmiş materialdır və Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko kimi bu adam da lazımsız bir əşyaya çevrilib. Əgər Saakaşvili baş nazir kimi Gürcüstana qayıtmaq niyyətindədirsə, onda qoy özü ilə heç olmasa  on qalstuk ehtiyatı toplasın. Yalnız belə olacağı təqdirdə zaman o, özünü yeni kreslosunda daha rahat hiss edər".
 
Deputatın fikrincə, Saakaşvili də digər “narıncı inqilabçılar” kimi “MKİ və ABŞ Dövlət Departamentinin dəqiq yol xəritəsini mənimsəmiş məhsullarıdır” və onların Rusiya ilə konfliktə getməyəcəyinə dair verdiyi sözlərinə inanmaq olmaz. “Hazırda Gürcüstan əhalisi arasında rusiyapərəst ritorikanın vüsət aldığını nəzərə alsaq, amerikalılara elə bir adam lazımdır ki, yenidən rusofobiya siyasəti yürüdə bilsin”,- Vodolatski belə fikirləşir. Deputat bir az da irəli gedərək gürcü liderini təhqir etməkdən də çəkinməyib:


 
"Saakaşvili elə həmin adamdır ki, üç qəpiyə doğma anasını da sata və kuratorların ona dediklərini həyata keçirə bilər. Odur ki, gürcü xalqının Saakaşvilini rəhbərliyə qaytaracağını düşünmürəm. Xüsusilə nəzərə alsaq ki, vətənində onun barəsində cinayət işi açılıb və onu hərbi cinayətkar kimi uzun müddətli həbs gözləyir. Görünür, 2008-ci ilin məşhur hadisələri Saakaşviliyə çox şey öyrədib. Ona görə də indi deyir ki, artıq Rusiya ilə münasibətlərin gərginləşməsinə getməyəcək”.
 
Qeyd edək ki, Mixail Saakaşvili bir müddət əvvəl həmvətənlərinə Baş nazir olacağı təqdirdə Rusiya ilə qarşıdurmaya getməməyi vəd etmiş, öz ölkəsinin daxili problemlərinə diqqət yetirməyi planlaşdırdığını bildirmişdi.
 
Saakaşvili həmçinin demişdi ki, Gürcüstan Nazirlər Kabinetinin rəhbəri kimi yalnız iki il işləmək istəyir, bundan sonra yenə də Ukraynaya gedəcək. Və o da "artıq əvvəlki adam deyil".
 


Ana səhifəyə qayıt        Baxış: 3 973          Tarix: 11-09-2020, 07:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma