Xəbər lenti

 
Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, unikal bölgədə yerləşir. Amma bu regionda problem çoxdur. Azərbaycan qonşusu Ermənistanla işğal altındakı Qarabağa görə illərdir münaqişə vəziyyətindədir. Son dövrdə iki ölkə arasında gərginlik yenidən artıb. Bəs son hərbi toqquşmaların səbəbi nə idi? Bəlkə səbəb Azərbaycanın enerji sahəsində Rusiyaya alternativ olmasıdır?
 
Ovqat.com xəbər verir ki, Türkiyənin TRT WORLD nəşri bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi  “Təkbətək” verlişində “sorğuya çəkib”.
 
Müsahibəni təqdim edirik. 
 
 
- Cənab Hacıyev, “Təkbətək” verlişində xoş gördük. Bu ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın Tovuz rayonuna hücum edib. Bunu iki ölkə arasında illərdir yaşanan ənənvi qarşıdurma kimi xarakterizə etmək olarmı? Yoxsa burada fərqli məqamlar var? Çünki Tovuz rayonu strateji və ya mühüm əhəmiyyətə malik enerji qovşağıdır.
 
- “TRT World”də olmaqdan məmnunam və sualınıza görə də təşəkkür edirəm. İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qarşı növbəti təcavüzkar akt həyata keçirib. Üstəlik, bu dəfə hərbi qarşıdurma iki ölkənin sərhədində baş verib. Odur ki, bu, sadə və ya təsadüfi hadisə deyil. Ermənistan silahlı qüvvələrinin qəsdi, əvvəlcədən planlaşdırılmış hərbi əməliyyat idi.
Bəs səbəb? Ermənistan tərəfi Azərbaycanın neft-qaz kəmərləri daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən kommunikasiya xətləri üzərində strateji üstünlük qazanmaq istəyir. Bunun üçün isə bəzi strateji obyektləri, mövqeləri ələ keçirməyə çalışır.
 
Bundan başqa, erməni tərəfi bununla diqqəti daxilindəki ciddi sosial-iqtisadi problemlərdən də yayındırmağa cəhd edib. Əlbəttə ki, son hərbi əməliyyatlar Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətinin davamı idi. Hər kəs bu ölkənin Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonunu işğal etdiyini bilir. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Bir məqamı da qeyd etmək istərdim. Tovuza hücumun arxasında əslində, Ermənistan hökumətinin yeni təcavüzkar hərbi və milli təhlükəsizlik strategiyası dayanır. Bu ölkənin yeni milli təhlükəsizlik strategiyası və hərbi doktrinasında preventiv hücum və yeni ərazilər uğrunda yeni müharibə haqda çağırışlar var. Tovuz rayonu istiqamətində hücum məhz buradan qaynaqlanır.
 
- Azərbaycan Rusiyanı Ermənistana dəstək verdiyi üçün qınayıb. Bu ölkənin Ermənistana silah tədarükündən siz də danışmısınız. Fikrinizcə, Rusiya konkret bu məsələdə aqressiv mövqedən çıxış edir?
 
- Biz Tovuz istiqamətində gərginlik başladıqdan dərhal sonra intensiv diplomatik danışıqlar aparmışıq. Rusiya ilə Azərbaycan arasında açıq diplomatik kanallar var. Moskvanın bu məsələdəki diplomatik yardımını, bu hadisəyə diqqətini, ümumiyyətlə, tərəflərlə müzakirələr aparmasını yüksək qiymətləndiririk. Tərəflər arasında gərginliyə məhz bu səylər nəticəsində son qoyulub.
Lakin Tovuz hadisəsindən sonra Rusiyadan Ermənistana hərbi yüklərin daşındığını müşahidə etdik. Bu, Azərbaycanda müxtəlif suallar yaradıb. Biz Rusiya ilə danışıqlarda açıq dialoqdan, konsultasiya mexanizmlərindən istifadə edirik. Çünki o, bizim qonşumuzdur. İki ölkə arasında sabit, yaxşı qonşuluq əlaqələri var. Odur ki, biz qeyd olunan mexanizmlərdən istifadə edərək, rusiyalı tərəfdaşlarımız qarşısında bu məsələni qaldırdıq. Amma məsələyə hələ də aydınlıq gətirilməyib. Rusiyalı tərəfdaşlarımızdan cavab gözləyirik.
 
- Yaxşı, qonşu Ermənistanla uzun müddətdir davam edən münaqişədə gərginliyin azalması, problemin həlli üçün tərəflər nə etməlidir?
 
- Bakı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə iki il əvvəl Tacikistanda görüşdüyünü qeyd etmək istərdim. Həmin vaxt Azərbaycan tərəfi bildirib ki, əgər Ermənistanın yeni hökuməti əvvəlki hakimiyyətdən fərqli siyasət yürüdərsə, biz danışıqlar prosesində müəyyən uğura nail ola bilərik. Bundan başqa, biz öz tərəfimizdən atəşkəs rejiminin qorunması üçün də əlimizdən gələni edirik. Azərbaycan bununla bağlı intensiv danışıqlar aparıb. Amma Ermənistan tərəfi tam əks yanaşma nümayiş etdirir. Onlar sərt ritorikanı artırıb. Ölkənin baş naziri bəyan edir ki, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”. Bu, əslində birbaşa anneksiya siyasəti deməkdir. Qeyd etdiyim kimi, onların yeni sərt hərbi doktrinasında yeni ərazilər uğrunda yeni müharibəyə çağırış var. Odur ki, əslində, münaqişənin həllilə bağlı real danışıqlar getmir. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanıb. Biz Tovuz hadisələri zamanı da bu məsələni qaldırmışıq. 30 ildən çoxdur danışıqlar aparırıq. Azərbaycan tərəfi üçün bu müddət kifayətdir. Biz bundan sonrakı 30 ildə də belə danışıqlar apara, 30 il də gözləyə bilmərik. Çünki Ermənistanın yürütdüyü siyasət onların danışıqlar prosesinə ciddi yanaşmadığını göstərir. Yerevanın siyasəti işğal altındakı ərazilərdə status-kvonun gücləndirilməsinə, işğalçı siyasətin qorunub-saxlanmasına istiqamətlənib. Bu, Azərbaycan üçün tamamilə qəbuledilməzdir.
Beləliklə, danışıqlar prosesində irəliləmək, münaqişənn həllində bəzi nailiyyətlər əldə etmək üçün ilk növbədə Ermənistan öz hərbi birləşmələrini Azərbaycanın işğal altındakı ərazilərindən çıxarmalıdır. Danışıqlar prosesilə bağlı təməl hüquqi çərçivə mövcuddur. İrəliləyişə onun əsasında nail ola bilərik. Biz mövqeyimizi hüquqi baxımdan əsaslandırarkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edirik. Münaqişənin həlli üçün atılmalı olan addımların təməlini və ya hüquqi-siyasi təməlini məhz bu qətnamələr təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə vasitəçilik mandatı məhz həmin sənədlər əsasında verilib. Məhz bu qətnamələrdə Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz, tam çıxarılması tələb olunur. Demək, danışıqlar prosesində irəli ancaq bu qətnaələrə əsaslanmaqla getmək olar. Ermənistan işğalçılıq siyasətini davam etdirərsə, heç bir irəliləyişə nail ola bilməyəcəyik.
 
- Yaxşı, bütün bunlar sizin şərtlərinizdir, gəlin...
 
- Bu, təkcə bizim şərtimiz deyil. Bu, beynəlxalq ictimaiyyətin şərtidir. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
 
- Yaxşı, mən sizin mövqeyinizi başa düşdüm... Enerji sahəsi... Azərbaycan enerji resursları ilə zəngindir. Artıq “Cənub Qaz Dəhlizi” işə düşür. Sizcə bu layihə enerji resurslarının nəqlini necə dəyişəcək?
 
- Azərbaycanla Türkiyənin birgə səyləri nəticəsində ərsəyə gələn “Cənub Qaz Dəhlizi”, yəni TANAP və TAP kəmərləri bir uğur hekayəsidir. Bu iki ölkə bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib. TANAP ilə TAP isə bizim ölkələrimiz üçün növbəti imkanlar yaradır. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsində tikinti işləri artıq başa çatır, TANAP kəmərində isə işlər yekunlaşıb. Ötən il TANAP TAP-a birləşdirilib. Bu mərasimdə Azərbaycan və Türkiyənin dövlət başçıları da iştirak ediblər.
Bu gün TAP kəmərində işlər yekunlaşdırılır. Layihə ilə bağlı işlərin 98-99%-i tamamlanıb. Təxminən 3-4 aydan sonra TANAP-la TAP layihəsi birgə işə düşəcək. Bəs bu layihələrin əhəmiyyəti nədən ibarətdir? Bu, Avropa üçün alternativ enerji, qaz, həmçinin alternativ nəql marşrutu deməkdir. Bu kəmərlər Türkiyənin enerji təhlükəsizliyinə də töhfə verəcək, Avropanın enerji bazarının şaxələndirilməsinə də yardım göstərəcək.
 
- Bu kəmərlər vasitəsilə Türkiyə və Avropanın enerji bazarı şaxələnəcək, onlar alternativ enerji marşrutu ilə təmin olunacaq. Bu mənada Rusiyanı uduzan tərəf hesab etmək olar?
 
- Azərbaycanın enerji stretagiyasında rəqabətə deyil, əməkdaşlığa üstünlük verilir. Bizimlə bərabər hər kəs, həmçinin enerji sahəsinin ekspertləri başa düşür ki, Avropanın qaza təlabatı artır. Əlbəttə ki, həcm baxımından Rusiyanın Avropa bazarına tədarük etdiyi qazla heç kəs rəqabət apara bilməz. Azərbaycan da buna can atmır. Amma Avropanın qaza təlabatı artır. Başqa sözlə, onların Azərbaycan qazına da ehtiyacı var. Bu mənada, rəqabətdən çox əməkdaşlıqdan danışmaq olar.
 
- İndisə, Türkiyə-Azərbaycan əlaqələrindən danışaq. Azərbaycanın eks-prezidenti Heydər Əliyev iki ölkə arasındakı əlaqələri “bir millət, iki dövlət” kimi xarakterizə etmişdi. Bu əlaqələr hansı əhəmiyyətə malikdir?
 
- İki ölkə arasında əlaqələr böyük əhəmiyyə malikdir. Azərbaycan-Türkiyə münasibətlərini emosiyasız təsvir etmək mümkün deyil. Tamamilə doğru qeyd etdiniz ki, Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər Əliyev bu əlaqələri strateji planda, yəni “bir millət, iki dövlət” kimi xarakterizə edib. Biz bu prinsiplər əsasında irəliləyirik. Türkiyə ilə Azərbaycan hər məsələdə bir-birini dəstəkləyir. Yeri gəlmişkən, Türkiyəyə Tovuz hadisələri zamanı nümayiş etdirdiyi mövqeyə görə də təşəkkürümüzü bildiririk. Prezident Rəcəb Tayyib Ərdoğan bir daha göstərdi ki, Ankara məhz ədalətli mövqeyi dəstəkləyir. Türkiyə beynəlxalq hüquq normalarına istinad edir, Bakının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərinə dəstək verir. Tovuz hadisələri zamanı bunun bir daha gördük.
Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq Azərbaycanla Türkiyənin, xalqlarımızın mənafeyinə uyğundur. Belə əməkdaşlıq regiona inkişaf, çiçəklənmə gətirir. Bu məqamda, TANAP və TAP layihələrini bir daha qeyd etmək istərdim. Biz birgə səylərimizlə yalnız bir layihə vasitəsilə Xəzər dənizindən Adriatik dənizinə qədər yeni “çiçəklənmə dəhlizi” yarada bildik. Nəticədə 40 min iş yeri açıldı, layihəyə 40 milyard dollar investisiya yatırıldı. Bu, ölkələri, xalqları birləşdirən, yeni iş yerləri, yeni imkanlar açan layihədir. Bu, təkcə Azərbaycanla Türkiyənin deyil, bütün regionun xeyrinədir.
Bir sözlə, biz bütün sahələrdə əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və Azərbaycan hər zaman Türkiyənin yanındadır. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyənin enerji sahəsinin inkişafına da töhfə verir.
 
- Prezident İlham Əliyev bu günlərdə tərəddüd etmədən Türkiyənin yanında olduğunu, bütün hallarda onu dəstəkləyəcəyini bəyan edib. Türkiyənin Şərqi Aralıq dənizində üzləşdiyi böhranı nəzərə alsaq, Azərbaycan Türkiyəyə beynəlxalq səviyyədə hansı dəstəyi, daha doğrusu yardımı göstərə bilər?
 
- Mənim prezidentim açıq bəyan edib ki, Azərbaycan tərəddüd etmədən Türkiyənin yanındadır. Buraya Şərqi Aralıq dənizindəki problem də daxildir. Türkiyənin bu bölgədə milli maraqları var. Bu, nəzərə alınmalı və hörmətlə qarşılanmalıdır. Türkiyə də digər ölkələr kimi, milli maraqlarına əsaslanan xarici siyasət yürüdür. Bu siyasət Aralıq dənizi regionu üçün də faydalıdır. Bu mənada, Azərbaycan Türkiyəni dəstəkləyir. Biz ölkələrimiz üçün faydalı olan digər məsələlərdə də Türkiyənin yanındayıq.
 
- Bu yaxınlarda Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlər keçirib. Bu, regional sabitlik və təhlükəsizlik baxımından hansı əhəmiyyətə malikdir?
 
- Belə həbi təlimlər və ya Türkiyə ilə Azərbaycanın müdafiə sahəsində əməkdaşlığı regional sülhün, təhlükəsizliyin əsas dayağıdır. Bu əməkdaşlıq regional təhlükəsizliyə töhfədir. Odur ki, Azərbaycanla Türkiyə arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq açıq həyata keçirilir. Bu məsələdə gizli heç nə yoxdur. İki ölkə arasında hərbi əməkdaşlığa Azərbaycanın müstəqillik qazanmasından sonra başlanılıb, zaman-zaman Türkiyə mütəxəssisləri azərbaycanlı hərbi qulluqçulara təlimlər keçib və sair. Əməkdaşlıq bu gün də müəyyən proqramlar çərçivəsində davam etdirilir. Odur ki, iki ölkənin bu yaxınlarda təşkil etdiyi birgə hərbi təlimlər gözlənilməz hadisə deyil. Bunlar fəaliyyət proqramlarına əsaslanır. Bu fəaliyyət proqramları isə üzləşdiyimiz reallıqlara və çağırışlara uyğun hazırlanır və hər il yenilənir.
Biz hər il azı 12 birgə hərbi təlim keçiririk. Onların əksəriyyətində canlı qüvvə iştirak edir. Hərbi təlimlər Silahlı qüvvələrimiz arasında böhranlı dövrlərdə faydalı olacaq qarşılıqlı əlaqənin artmasına yardım göstərir. Məsələn, belə hərbi təlimlərin ssenarilərindən biri kəmərlərin təhlükəsizliyinin təminilə bağlıdır. Ordularımız arasında strateji əhəmiyyət kəsb edən kommunikasiya xətti yaradırıq, təhlükəsizliyi təmin edirik. Bu işə gürcüstanlı tərəfdaşlarımızı da cəlb edirik. Çünki bu layihələr məhz Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçir. Odur ki, Silahlı qüvvələrimiz, həmçinin təhlükəsizlik qüvvələrimiz arasında qarşılıqlı əlaqə olmalıdır.
Siz belə hərbi təlimləri regional sülhə və təhlükəsizliyə töhfə kimi nəzərdən keçirə bilərsiz.

- Cənab Hacıyev, müsahibəyə görə təşəkkür edirəm.

- Çox sağ olun.
 

 
Alican Ayanlar
TRT WORLD
11.09.2020
 



Ana səhifəyə qayıt        Baxış: 3 177          Tarix: 12-09-2020, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma