Xəbər lenti

 
“Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinar keçirilib
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinar keçirilib.
 
Ovqat.com-un məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi SAM-ın direktoru Ufuk Ulutaş iki ölkə arasında ruhən dərin bağların olduğunu deyərək bu münasibətlərin strateji, akademik və intellektual səviyyədə də inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu kimi görüşlər münasibətlərin daha da irəliləməsinə böyük töhfə verir.


 
BMTM-in İdarə Heyətinin sədri səfir Fərid Şəfiyev son zamanlar həm bölgədə, həm də Türkiyə ətrafında müəyyən gərgin hadisələrin baş verdiyinə diqqət çəkib. O, iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu bildirib və sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələr yeni mərhələyə qədəm qoyub və “bir millət, iki dövlət” şüarı altında sürətlə inkişaf edir.
 
Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin strateji əlaqələrdən əlavə dostluq, qardaşlıq səviyyəsində inkişaf etdiyini bildirib. Nazir müavini deyib ki, hər iki ölkənin prezidentlərinin güclü liderliyi ilə əlaqələr sağlam və çoxtərəfli səviyyəyə çatıb. Bu gün Azərbaycanın Türkiyədə sərmayəsi 20 milyard, Türkiyənin Azərbaycana qoyduğu sərmayə 11 milyard dollar təşkil edir. O, əlaqələrin inkişafında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TANAP layihəsinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini xüsusilə qeyd edib. Y.S.Kıran bildirib ki, Türkiyədə qaz yatağının aşkarlanması əlaqələri başqa səviyyəyə çatdıracaq
 
S.Y.Kıran Cənubi Qafqazın strateji nöqtədə yerləşdiyini bildirib. Onun sözlərinə görə, münaqişələr bölgənin potensialından istifadə etməyə imkan vermir: “Ermənistanın qurulduğu gündən bölgəyə qanunsuzluqdan başqa heç nə gətirmədiyi dünyaya bəllidir. Hücum siyasəti bu gün bu ölkənin siyasətinin əsasını təşkil edir. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməli və BMT TŞ və ATƏT-in qərarlarına əməl etməlidir. Tovuz istiqamətində Ermənistanın təxribatı bu ölkənin regionun inkişafında ən əsas mane olduğunu ortaya qoyur”.


 
Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov çıxışı zamanı bildirib ki, qütbləşən dünyada Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir: “Tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişədə Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Hələ 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədləri bağlaması və Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsi bizim üçün xüsusi əhəmiyyətlidir. 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon istiqamətində Ermənistan Silahlı Qüvvələrin atəşkəs rejimini kobud şəkildə pozması və ağır artilleriya ilə mülki və hərbi obyektləri hədəfə alması zamanı Türkiyənin yüksək səviyyəli rəsmiləri və Türkiyə cəmiyyəti tərəfindən Azərbaycana dəstək göstərilib. Türkiyə ilə əlaqələrin inkişafı Azərbaycan xarici siyasətinin mühüm tərkib hissəsidir”. X. Xələfov bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri və bir-birini dəstəkləməsi üçüncü dövlətlərə qarşı nəzərdə tutulmayıb.
 


Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəhbəri səfir Yönet Can Tezel qeyri-müəyyən dünyada sabit Türkiyə-Azərbaycan əlaqələrinin çox vacib olduğunu deyib. Onun sözlərinə görə, Tovuz hadisələri zamanı Türkiyənin Suriya və Aralıq dənizində başının qarışıq olduğunu düşünənlər yanıldılar və Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edəcək. XİN rəsmisi bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi tək tarixi, mədəni, qardaşlıq əlaqələri baxımından deyil, Azərbaycan həm də haqlı tərəfdir.
 
BMTM-in şöbə müdiri Cavid Vəliyev çıxışında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı konkret təkliflər irəli sürüb. Onun sözlərinə görə, iki ölkə arasında Xarici İşlər nazirləri səviyyəsində koordinasiya və dialoq formatı formalaşdırılmalıdır.


 
Həmçinin qarşılıqlı olaraq Türkiyə və Azərbaycan mətbuatında ölkələrin xarici və təhlükəsizlik məsələləri haqqında yazı yazanlar üçün xüsusi yer ayrılmalıdır. O, bununla yanaşı, Türkiyə XİN və Azərbaycan XİN-də gənc diplomatları məlumatlandırmaq üçün kursların təşkilinin vacibliyini qeyd edib. Cavid Vəliyevin fikrincə, Türkiyə və Azərbaycanın qurduğu üçtərəfli - Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları daha çox işlədilməlidir.
 
Vebinara sual-cavab sessiyası ilə yekun vurulub.


Ana səhifəyə qayıt        Baxış: 3 986          Tarix: 17-09-2020, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma