Xəbər lenti


“Tofiq Yaqublunun həbsdən azad olunmasının ən optimal yolu Prezidentin əfvetmə səlahiyyətindən istifadəsidir”.

Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun mübahisəli həbsi böyük ehtimalla Azərbaycan siyasi hakimiyyətinə “torba tikmək” məqsədi daşıyıb. “Məlumdur ki, ölkə başçısı yaxın günlərdə hüquq-məhkəmə orqanlarında kadr islahatları keçirəcəyini bəyan etmişdi. Bu vədin ardından Tofiq Yaqublu şübhəli şəkildə həbs olundu.

Məqsəd yəqin ki, Prezidentin bu vədinə kölgə salmaq, onu beynəlxalq qurumların təpkisi ilə üz-üzə qoymaq idi. Mövcud hakimiyyətin son 15 illik tarixi göstərir ki, İlham Əliyev hakimiyyətə gələndən bəri dəfələrlə bu cür təxribatlarla üzləşir və xarici basqılardan sonra yenidən köhnə qvardiyanın iradəsi ilə hesablaşmağa məcbur olur. Xüsusilə “5-ci kolon”un aparıcı şəxsi Ramiz Mehdiyev ətrafında gedən proseslər hökumətdəki məlum dairələri hərəkətə gətirə və ənənəvi siyasətlərinə əl atmağa vadar edə bilər”.

Heydər Oğuzun fikrincə, Tofiq Yaqublunun ölüm aksiyasına başlaması da hakimiyyəti çətin vəziyyətə qoyub: 

“Siyasi iradə ya onun acından məhv olmasını gözləməli, ya da sərbəst buraxmalıdır. Hər ikisi hakimiyyət üçün ciddi problem yarada bilər. Tofiq Yaqublunun ədalətsiz məhkəmə qərarına etiraz sırasında həyatını itirməsi Qərb ölkələrinin hakimiyyətə qarşı sanksiyaları ilə nəticələnə bilər. Hazırda Rusiya tərəfindən sıxışdırılan rəsmi Bakının bir də Qərbin təzyiqlərinə məruz qalması onun bəlkə də ən son istəyəcəyi durumdur. Tofiq Yaqublunun həbsdən azad edilməsi də asanlıqla veriləcək qərar deyil. Bu zaman həm məhkəmə hakimiyyətinin təzyiqlərə boyun əydiyi kimi mənzərə ortaya çıxar, həm də hakimiyyətin icra qanadının məhkəmə hakimiyyəti üzərində hegemonluğu barədə fikir yaradar. Belə vəziyyətdə ən qısa yol ölkə başçısının əfvetmə səlahiyyətindən istifadə etməsidir.

Konstitusiyamızın 109-cu maddəsinin 22-ci bəndi də Prezidentə bu müstəsna səlahiyyəti verir. Hesab edirəm ki, Prezident bu hüququndan faydalanaraq, böhranın daha da dərinləşməsinin qarşısını ala və məhkəmə sisteminin bəlkə də qəsdən yaratdığı represiv hakimiyyət imicini humanist ölkə başçısı imiciylə əvəzləyə bilər”.



Ana səhifəyə qayıt        Baxış: 7 922          Tarix: 18-09-2020, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma