Xəbər lenti

 
Ölkə başçısının Ermənistana qarşı ritorikası getdikcə sərtləşməkdədir. Xüsusilə, 12 iyul hücumundan sonra o, ermənilərin bu təcavüzünün arxasında Rusiyanın dayandığını açıq-aşkar dilə gətirir və Moskvayla bu zamana qədər təsadüf etmədiyimiz sərt üslubda danışır. Bəs bu sərt üslub nədən qaynaqlanır və rəsmi Bakının ənənəvi balanslaşdırılmış xarici siyasət kursuna nə qədər uyğundur? Moskva-Bakı arasında getdikcə daha açıq müstəviyə keçən gərginlik nə ilə nəticələnə bilər?
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla budəfəki söhbətimiz bu mövzu ətrafında oldu. Partiya sədrinin Ovqat.com-a müsahibəsini təqdim edirik.
 
-İlyas müəllim, Prezident İlham Əliyev 2 gün öncə AzTV-yə müsahibəsində Ermənistana qarşı sərt üslubda çıxışını davam etdirdi. Onun ardınca Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev media vasitəsilə İrəvana sərt mesaj göndərdi. Qanunverici hakimiyyət orqanının aparıcı şəxsinin dilindən səsləndirilən müharibə təhdidi şəxsi fikirlərindən çox, rəsmi Bakının mövqeyi təəssüratı yaradır. Sanki siyasi etiketləri nəzərə alan İlham Əliyevin deyə bilmədikləri Adil Əliyev tərəfindən dilə gətirilirdi. Getdikcə artan savaş ritorikasını necə qiymətləndirirsiniz?
 
-Düzünü desəm, İlham Əliyev hakimiyyətinin təkcə Ermənistana deyil, Rusiyaya qarşı getdikcə artan sərt sözləri mənim üçün təəccüblü oldu. Çünki bu hakimiyyətin söykəndiyi əsas xarici faktorların başında Rusiya gəlir. İstər Heydər Əliyevin, istərsə də onun siyasi kursunu davam etdirən İlham Əliyevin Rusiyaya qarşı ehtiyatlı siyasət yürütdüyü hər kəsə bəllidir. Heydər Əliyevin dövründə bu ehtiyatlı ritorikanın adını “balanslaşdırılmış xarici siyasət kursu” qoymuşdular. Həmin dövrlərdə Azərbaycanın dövlətçilik ənənələri zəif olduğundan bu siyasəti başa düşmək olardı. Üstəlik, Dağlıq Qarabağın açarı Rusiyanın əlində idi və Azərbaycanın öz torpaqlarını qoruyacaq güclü ordusu yox idi. Rusiyanın dəstəyi ilə ermənilər ölkəmizin daha çox ərazilərini ələ keçirə bilərdilər. Necə ki, Rusiyanın 366-cı moto-atıcı alayının birbaşa iştirakı ilə Xocalı qətliamı törədilmiş, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunmuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycanın iqtisadi və hərbi qüdrətini möhkəmləndirməkdən başqa çarəsi yox idi. Odur ki, Heydər Əliyevin Ermənistanla bağladığı atəşkəs sazişi başadüşülən idi. Məqsəd ordumuzu gücləndirdikdən sonra itirdiyimiz əraziləri geri qaytarmaq əməliyyatlarına hazırlaşmaqdı. Amma atəşkəsin verdiyi bu fürsətdən indiyədək yararlanmadığımız ortadadır. İlham Əliyev tez-tez ermənilərə barmaq silkələyərək, ordumuzun büdcəsinin onların dövlət büdcəsindən ikiqat böyük olduğunu xatırlatmaqdan xoşlanır. Faktiki isə bizim ərazilərimizin 20%-i erməni işğalı altındadır. Biz əgər hərbi gücümüzü torpaqlarımızın işğaldan azad olunmasına sərf etməyəcəyiksə, hər il milyardlarla dollar vəsaiti silah-sursata verməyimizin heç bir məntiqi açıqlaması qalmır. Orduya ayrılan vəsaitin gizli ödənişlər olduğunu nəzərə alsaq, bu, ayrı versiyaları da ağla gətirir. Məşhur bir fikir var: “Silaha çəkilən xərclər paradlarda nümayiş etdirmək üçün deyil. Anbarlarda saxlanılan silahlar bir gün mütləq partlamalıdır”. Fikrimcə, artıq həmin dövr yetişib. Rəsmi Bakı təcili şəkildə ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli, BMT-nın 4 qətnamələrini əsas gətirib hərbi əməliyyatlara başlamalıdır. Zorla işğal olunan torpaqlar zorla da geri qaytarmalıdır. Bilirsiniz ki, ermənilər nəinki həmin qətnamələrdə nəzərdə tutulan əraziləri boşaltmırlar, əksinə Şuşanı qondarma “DQR”-nın paytaxtına çevirməyə çalışırlar. 
 
Ermənistanın son zamanlar həyasızlaşması, “yeni torpaqlar uğrunda yeni müharibələr” hərbi konsepsiyasından çıxış etməsi rəsmi Bakını sərt addımlar atmağa vadar etməlidir. İstər 2016-cı ilin aprelində baş verən “5-günlük savaş”, istərsə də bu ilin iyulunda ermənilərin Tovuz rayonuna hücumları rəsmi İrəvanın nə qədər harınladığını göstərir. Görünür, onlar Azərbaycan hakimiyyətinin cəsarətsizliyinə, dilə gətirilən təhdidlərin quru sözdən ibarət olmasına həddindən artıq arxayındırlar. Sözsüz ki, bu arxayınlıq onların xarici himayədarlarına bel bağlamalarından qaynaqlanır. Xüsusilə Rusiyanın onları müdafiə edəcəyinə inanırlar. 
 
Hətta deyərdim ki, bu hücumların arxasında Rusiya dayanır. Tovuz döyüşləri bunun ən bariz nümunəsidir. Çünki Azərbaycanın neft və qaz kəmərlərinin, kommunikasiya xətlərinin keçdiyi bu ərazilərdə gərginlik yaratmaq Ermənistandan çox, Rusiyanın maraq dairəsindədir. Nədən ki, ABŞ rus qazının Avropaya nəqlini dayandırmağa çalışır və Tovuzdan keçən TANAP-TAP kəmərinə “qoca qitə”nin enerji təchizatında alternativ layihələrdən biri kimi baxır. Rusiya da bu alternativin qarşısını almaqda maraqlıdır. İlham Əliyevin açıq-aşkar Rusiyaya qarşı çıxmasının altında yatan əsas hikmət, məncə, bununla bağlıdır.
 
-Amma nədənsə bir çox vətəndaşlarımız rəsmi Bakının müharibə ritorikasına inanmırlar. Mən bunu Adil Əliyevin saytımıza verdiyi açıqlamasına facebook istifadəçilərinin yazdığı rəylərdə müşahidə etdim. Bir çoxları Azərbaycanı sadəcə guruldayan, amma heç cür yağmayan buluda bənzədirdilər...
 
-Bu bənzətmədə haqlı ola bilərlər. Həqiqətən artıq ritorikadan əməli işə keçmək lazımdır. O başqa məsələdir ki, istənilən hakimiyyət hərbi güc balansı, regiondakı geosiyasi vəziyyət barədə daha ciddi informasiyalara malik olur və potensial müharibənin mənzərəsini daha aydın görə bilir. Mümkündür ki, rəsmi Bakı hərbi əməliyyatlara başlamağın hələ zamanı gəlmədiyini düşünür. Əlimdə yetərli məlumatlar yoxdur və bu səbəbdən rəsmilərimizin nə qədər haqlı və ya haqsız olduğunu deməkdə çətinlik çəkirəm.
 
Açıq danışmaq gərəkdirsə, Dağlıq Qarabağ məsələsi artıq beynəlmiləlləşmiş problemdir və beynəlxalq hüququn bizim tərəfimizdə olmasına baxmayaraq, xarici diktələr, təzyiqlər nəzərə alınaraq müəyyən addımlar atılır. Xüsusilə Rusiyanın bu məsələdə təzyiqləri kifayət qədər güclüdür. Yadınızdadırsa, bir neçə ay əvvəl Azərbaycanın Müdafiə naziri Zakir Həsənov 2016-cı ildə işğaldan azad olunmuş ərazilərdən Rusiyanın təzyiqi ilə çıxdığımızı bəyan etmişdi. Bu, açıq şəkildə etiraf idi və İlham Əliyevin son zamanlar Rusiyaya qarşı dedikləri də həmin etirafın davamıdır.
 
Digər tərəfdən, mən sizin dediyiniz sosial şəbəkə istifadəçilərinin “yağmırsansa, guruldama” məntiqi ilə də razılaşmıram. Bir çoxları hesab edirlər ki, müharibə sadəcə əlinə silah alıb cəsarətlə qarşı tərəfin üstünə getmək deməkdir. Sözsüz ki, müharibə meydanında bu cür qəhrəmanlıqlar hesabına uğur əldə edilir. Amma uğur qazanmağı sadəcə əsgər fədakarlığı ilə məhdudlaşdırmaq doğru deyil. Yaxşı düşünülməmiş fədakarlıqlar əsgər itkisindən başqa heç nəyə yaramaya bilər. Ağıllı komandanların bir çıxışı bəzən o cür fədakarlıqlardan daha çox iş görür. Təsadüfi deyil ki, ritorik savaşı həm də psixoloji müharibə adlandırırlar və əksər döyüşləri orduların psixoloji hazırlıq səviyyəsi qazanır. Real döyüşlərdən əvvəl uğurlu ritorik savaşlar aparılmasa, heç nəyə nail olmaq mümkün deyil. Psixoloji savaş təkcə qarşı tərəfə hədə-qorxu gəlmək deyil. Həm də öz əsgərini döyüşə hazırlamaq cəhdidir. Mən bu mənada hakimiyyətin “yağmaq” əvəzinə “guruldamağına” pis baxmıram. Əksinə, daha zəif “guruldamasına” inanıram. Fikrimcə, Dağlıq Qarabağ problemi beynəlxalq güc mərkəzləri qarşısında daha sərt şəkildə qaldırımalıdır. Aparacağımız müharibədə qazanılacaq uğur ilk növbədə diplomatik masalarda həll olunmalıdır. Görünür, Azərbaycan hakimiyyəti də sonunda bunun fərqinə varıb və ritorikasını gücləndirib. Hətta deyərdim ki, bu ritorik savaş bir az da Türkiyənin həvəsləndirməsi ilə qızışıb. Aydın hiss olunur ki, Türkiyə rəsmiləri bir çox hallarda bizimkilərdən daha sərt danışırlar. Bütün bu ritorik manevrlər Dağlıq Qarabağ məsələsini diplomatik masaya yatıran beynəlxalq güc mərkəzlərini də düşünməyə və Azərbaycanın haqlı mövqeyi ilə razılaşmağa vadar edə bilər. Sirr deyil ki, bu zamanadək Azərbaycan hakimiyyətinin qorxaq siyasəti nəticəsində bir çox beynəlxalq arenalarda Gürcüstanın Abxaziya, Cənubi Osetiya, Ukraynanın Krım və Donbass, Moldaviyanın Dnestryanı problemləri müzakirə olunduğu halda, Dağlıq Qarabağın adı belə çəkilmirdi. Rəsmi Bakının son vaxtlar cəsarətlənməsi Dağlıq Qarabağ məsələsinin tədricən beynəlxalq müzakirələr predmetinə çevrilməsiylə nəticələnib. Beynəlxalq güc mərkəzlərinin Rusiyanın bu aqressiv siyasətinə qarşı mübarizəsində Dağlıq Qarabağ məsələsindən istifadə etmələri yaranmış yeni situasiyada Azərbaycanın xeyrinədir. Məncə, rəsmi Bakı öz psixoloji savaşını daha da gücləndirməlidir.
 
-Azərbaycanın ritorik savaşını gücləndirməsinə baxmayaraq, Yaxın Şərqdən erməni və separatçı kürd ailələrinin Dağlıq Qarabağa köçürülməsi intensivləşib. Rəsmi İrəvan açıq şəkildə işğal olunmuş ərazilərdə yeni erməni məskənləri salacağını bildirir və bu istiqamətdə konkret addımlar atır...
 
-Media orqanlarında dərc olunan xəbərlərdən mən də bu barədə xəbərdaram. Sözügedən məskunlaşdırma siyasəti beynəlxalq hüquq normalarına ziddir və Azərbaycan bunun ağır cavabını verməlidir. İddialara görə, Dağlıq Qarabağa köçürülən həmin ailələr əsasən təmas xəttində məskunlaşdırılır. Bu, onlardan canlı qalxan kimi istifadə olunması deməkdir. Görünür, erməni rəsmiləri sivil insanların vurulmasının hərbi cinayət olduğunu nəzərə alıb və Azərbaycanı çətin vəziyyətdə qoymaq üçün bu tədbirlərə əl atır. Amma rəsmi Bakı çəkinmədən həmin əraziləri atəş altında saxlamalıdır. Qanunsuz məskunlaşdırmanın məsuliyyəti bizdə yox, erməni tərəfindədir. Bu, açıq şəkildə ifadə olunmalı və həmin ailələrin Dağlıq Qarabağdan çıxarılması, əks halda onların təhlükəyə məruz qalacağı İrəvanın və dünya dövlətlərinin nəzərinə çatdırılmalıdır. Xəbərdarlıq heç bir nəticə verməsə, Azərbaycan ordusu öz sözünü deməlidir. 
 
Məni erməni və separatçı kürd ailələrinin qanunazidd məskunlaşdırılması siyasətindən daha çox, Azərbaycan rəsmilərinin yanlış təhsil siyasəti narahat edir. Yaxın yoldaşlardan aldığım məlumata görə, 7-ci sinifin tarix dərsliyində Dağlıq Qarabağ əraziləri Arsax kimi təqdim olunur. Bu, ermənilərin çörəyinə yağ sürtməkdən başqa bir şey deyil. Ötən günlərdə deyəsən elə sizin saytınızda oxumuşdum ki, Naxçıvan əraziləri də Ermənistan yaylası kimi təqdim olunub. Bəlkə də bu, tarix və digər dərslik kitablarının Rusiya tədris proqramlarından birbaşa tərcümələrinin nəticəsidir. Əgər belədirsə, Azərbaycan niyə öz tədris kitablarını özü hazırlamır? Bakının tam mərkəzində AMEA-nın böyük binası yerləşir. Həmin binada parçalasan 4-5 ali məktəbə çatacaq qədər akademik heyət fəaliyyət göstərir. Bu yaxınlarda Prezident Administrasiyasının yeni rəhbəri AMEA-na getmişdi. Özlərini akademik adlandıran bu adamlar utanmadan dövlətdən maşın, konfort həyat tələb edirlər. Gücləri isə 7-ci sinif dərsliyi hazırlamağa belə yetmirsə, Rusiyanın dərslik kitablarını tərcümə edərək övladlarımızın beyninə yeritməyə çalışırlarsa, hansı üzlə dövlətdən əlavə imtiyazlar gözləyirlər?
 
Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 778          Tarix: 21-09-2020, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma