Xəbər lenti



Azərbaycan Respublikası və Ermənistan iki həftəyə yaxın olduqca gərgin hərbi qarşıdurmadan sonra Rusiyanın ev sahibliyi ilə, təxminən, 10 saatlıq danışıqlar nəticəsində Cümə günü gecə yarısı atəşkəs razılaşmasını imzaladılar. Əldə olunan razılığa əsasən, atəşkəs humanitar məqsədlər, o cümlədən əsirlərin mübadiləsi və cəsədlərin təhvil verilməsi üçün şənbə günü günorta saat 12-dən bərqərar olmalıdır. Eləcə də yaxın günlərdə Rusiya, Fransa və ABŞ da daxil olmaqla Minsk Qrupunun vasitəçiliyi ilə iki ölkə rasında sülh danışıqlarının yeni mərhələsi keçiriləcəkdir. Lakin Qarabağ və ətraf bölgələrdə geniş qarşıdurmaların davam etdiyi barədə məlumatlar yayılır. Türkiyə, İsrail və Rusiyanın Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibədəki rolunu və onun Tehran-Bakı münasibətlərinə təsirini öyrənmək üçün Azərbaycan Respublikasının İrandakı səfiri ilə aşağıda oxuya biləcəyiniz müsahibə aparıldı.
“AVA Diplomatic”in Azərbaycan Respublikasının İrandakı səfiri cənab Bünyad Hüseynov ilə eksklüziv müsahibəsini oxuculara təqdim edirik:
– Ermənistanın İrandakı səfiri açıqlamasında Türkiyə hərbi mütəxəssislərinin Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə vuruşduğunu, həmçinin döyüşlərdə Türkiyə istehsalı olan PUA, raket və  digər silah-sursatdan istifadə edildiyini söyləyib. Bu, doğrudur?
– Nəinki Ermənistan səfiri, hətta bütün erməni rəsmiləri əl-ayağa düşüblər. Azərbaycan Ordusunun sülhə məcburetmə və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün həyata keçirilən əks-hücum əməliyyatı barədə hər yerdə yalan söyləyir, şayiələr yayırlar.
Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin strateji xarakter daşıdığı hər kəsə məlumdur. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, biz bir millət və iki dövlətik. Regiondakı bütün strateji iqtisadi layihələr – ya Azərbaycandan başlayır və ya Azərbaycandan keçir, Türkiyədə isə bitir. Türkiyə ilə mövcud strateji münasibətlərimiz açıq şəkildə hərbi əlaqələri də əhatə edir.
Azərbaycan ilə Türkiyə arasındakı hərbi əlaqələr məxfi məsələ deyil. Mediada yayıldığı kimi, bu yaxınlarda biz birgə hərbi təlimlər də keçirmişik. İlk öncə Ermənistan Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq istədiyi barədə şayiələr yayırdı. Siz virtual məkanın imkanlarından istifadə edərək Azərbaycan Konstitusiyasını oxuya bilərsiniz. Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan ərazisində xarici hərbi bazanın olması qadağandır.
İkinci məsələ budur ki, bu gün Azərbaycan Ordusu müstəqilliyin ilk illərindəki ordudan fərqlənir. Erməni mütəxəssislərin özləri Azərbaycan ordusunun MDB ölkələri arasında ikinci ən güclü ordu olduğunu etiraf edir. Digər tərəfdən Azərbaycan Ordusunun istifadəsində olan silahlar məxfi bir məsələ deyil. Biz əməkdaşlıq etdiyimiz ölkələrdən, o cümlədən Türkiyədən də silah almışıq.
Əlbəttə ki, mətbuatda adının açıqlanmasını istəməyən başqa bir ölkə də var. Həmin ölkə torpaqların azad olunması və işğalın yaratdığı problemlərin aradan qaldırılmasında bizimlə çox yaxşı əməkdaşlıq edir. Azərbaycan hökuməti və xalqı belə əməkdaşlığı yüksək qiymətləndirir və heç vaxt unutmayacaqdır.
Bu günlərdə Azərbaycan Ordusu vətəndaşlarımızın canını və malını qorumaq, həmçinin torpaqlarımızın azad olunması üçün bütün imkanlardan, o cümlədən PUA və raketlərdən istifadə edir.
– Bütün bu təchizatlara nəzarət və idarəolunma Azərbaycan Silahlı Qüvvələrinin əlindədir?
– Bəli, bütün bu təchizatlara nəzarət və idarə olunma Azərbaycan ordusunun əlindədir. Məsələyə aydınlıq gətirmək üçün sizə sadə statistika ilə izah verim. Sovet İttifaqının süqutu zamanı Ermənistanın əhalisi 3,6 milyon idi. Mən də daxil olmaqla Ermənistanda yaşayan 230 min azərbaycanlı qaçqın düşdük. Müharibənin başlamsı və Ermənistan hakimiyyətinin işğalçı siyasəti ölkəni dalana salıb. Ermənistan iqtisadiyyatının vəziyyəti göz qabağındadır. Regiondakı bütün mühüm iqtisadi layihələr Ermənistandan yan keçir. İşğalçılıq siyasətinin qurbanı olan erməni xalqı başqa ölkələrə mühacirət etmək məcburiyyətində qalıdılar. Ermənistan indi Livan, Suriya və ya İraqdan olan ermənilərdən Ermənistana köç etmələrini istəyir. Bununla da yeni bir müharibə cinayəti törədir.
Sovet İttifaqının süqutu zamanı Azərbaycan əhalisi 6,5 milyon nəfər idi. İndi əhalimiz on milyon nəfərdən artıqdır. Yəni, biz əhalisinin əksəriyyəti gənc və ali təhsilli olan bir ölkəyik, ölkəmizə haradansa kimisə gətirməyə ehtiyacımız yoxdur. Təkcə Azərbaycan Ordusunun yüz minə yaxın şəxsi heyəti var. Azərbaycan Ordusunun zabit və əsgərləri kifayət qədər təcrübə, texnika və imkanlara sahibidirlər. Keçirilmiş hərbi təlimlər Azərbaycan Ordusunun təcrübəsini, gücünü və bacarığını genişləndirib, həmçinin məharətlərini artırıb.
– Azərbaycan Respublikasının müvəqqəti atəşkəs elan olunmasında Rusiyanın vasitəçi rolunu qəbul etməsinə hansı amil səbəb oldu?
– Azərbaycan ilə Rusiya arasında yaxşı və mehriban münasibətlər var. Ötən il Azərbaycan və Rusiya Prezidentləri altı dəfə görüşüblər. Rusiyada iki milyona yaxın azərbaycanlı yaşayır. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Hətta deməliyəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçirilib və bu görüşlər davam edir. Bu çərçivədəki əməkdaşlıq çox vacibdir və Şimal-Cənub dəhlizinin ən qısa müddətdə təkmilləşdirilməsinə kömək edir. İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri tezliklə sinxron rejimdə çalışacaq. Belə üçtərəfli əməkdaşlıq regionda sülh, sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın yaradılması üçün çox vacibdir.
Rusiya Prezidentinin dəvəti, eləcə də Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə apardığı koordinasiyaya uyğun olaraq, Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada görüşdülər.
Neçə saat davam edən bu görüşün nəticəsi olaraq Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirləri tərəfindən dörd bənddən ibarət birgə bəyanat qəbul edildi. Həmin bəyanatın birinci və ikinci bəndləri ümumi fikirlərdir.
Bilirsiniz ki, Ermənistanın Baş naziri münaqişənin həlli ilə bağlı baza prinsiplərindən və həmçinin sülhün əldə olunması üçün substantiv danışıqlardan imtina etmişdi. Birgə bəyanatın üçüncü bəndində Ermənistan pozucu mövqeyindən geri çəkilmiş və baza prinsipləri əsasında münaqişənin həllini, həmçinin sülhün əldə olunması üçün substantiv danışıqlar aparılmasını qəbul etmişdir.
Yəqin ki, Ermənistan Baş nazirinin separatçı və işğalçı Dağlıq Qarabağ rejiminin nümayəndələrinin də danışıqlarda tərəf kimi iştirak etməsində israr etdiyindən xəbərdarsınız. Sözügedən bəyanatın 4-cü bəndinə əsasən Ermənistan danışıqların formatının dəyişilməzliyini qəbul etmişdir.
– İran rəsmiləri separatçı təşkilatların Azərbaycan və Ermənistan müharibəsi vasitəsi ilə faydalanmaları prosesini diqqətlə izləyirlər. Azərbaycan Respublikasının təhlükəsizlik orqanları İran rəsmilərinin narahatlığını aradan qaldırmaq üçün onlar ilə danışıqlar aparıbmı?
– İlk öncə qeyd etməliyəm ki, Azərbaycan özü separatizmin qurbanıdır. Aqressiv separatizm Qarabağ müharibəsinin başlanmasının ilk səbəbidir. Azərbaycan hökumətinin baxışında və prinsipial siyasətində dünyanın hər yerindəki separatizm pislənir. Azərbaycanın və İranın müvafiq qurumları arasında ən azından burada olduğum dörd il yarım ərzində çoxlu təmaslar olub, qarşılıqlı görüşlər və səfərlər həyata keçirilib. Bütün bunlar onu göstərir ki, bizim bütün sahələrlə qarşılıqlı təmaslarımız var.
Qaldı, İranda virtual məkanda məsələlərin qızışdırılmasına, mən bir neçə dəfə şahid olmuşam ki, Ermənistanın və erməni mənşəlilərin (erməni mənşəli İran vətəndaşları) belə məsələlərin alovlandırılmasında rolu böyükdür.
Bu cəhdlərin səbəbi ermənilərin Azərbaycan ilə İran arasındakı mehriban münasibətlərdən və əməkdaşlıqdan məmnun olmamaları və İran ilə Azərbaycan arasındakı münasibətlərdə anlaşılmazlıqlar yaratmağa çalışmalarıdır.
Bu yaxınlarda Dağlıq Qarabağın qondarma “prezidenti”nin də Azərbaycanda yaşayan etnik qruplara müraciət etdiyinin şahidi olduq. Azərbaycan xalqı birdir və Azərbaycan ordusunda hamı işğal olunmuş ərazilərin azad edilməsini özünün mənəvi və dini borcu hesab edir.
Ermənistanın Azərbaycan və Türkiyə birgə hərbi təlimlərini İran üçün təhlükə hesab etməsi gülüncdür. Çünki İran ilə Azərbaycan və ya İran ilə Türkiyə münasibətləri bu şayiələrdən korlanacaq həddən daha yüksəkdədir. Ermənilər bu cür iddialarla özlərinə güldürürlər. Azərbaycan Respublikası üçün İranın Şimal-Qərb vilayətləri ilə Mərkəzi və ya Cənub vilayətləri arasında fərq yoxdur və vilayətlərin hamısını vahid İran kimi qəbul edir.
Azərbaycan İranın təhlükəsizliyini və sabitliyini öz təhlükəsizliyi və sabitliyi, İranın inkişafı və çiçəklənməsini isə öz inkişafı və çiçəklənməsi kimi qəbul edir. Burada olduğum dörd il yarımda Azərbaycan və İranın müştərək layihələri bu sahələrdə olub və bu günə qədər İran rəsmilərindən soruşduqlarınızla bağlı hər hansı bir şübhə və ya narahatlıq eşitməmişəm.
– Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanın döyüş meydanında heç bir uğur əldə etmədiyini bildirdi. Bu açıqlamalara münasibətiniz necədir?
– Ermənistan Xarici İşlər Nazirliyinin bu açıqlamasına, bilmirəm, gülüm, yoxsa nə edim. Yəni, indi informasiya texnologiyaları əsrində yaşayırıq, Azərbaycan xalqının yaşadığı sevinc hissləri, ordumuzun uğurları və işğalçı ordudan götürülən qənimətlərdən bəhs edən çoxsaylı video görüntülər və sənədlər var. Belə açıqlama vermək üçün adam nə qədər ağılsız ola bilər? Biz hər gün işğaldan azad olunmuş ərazilərə – vətənlərinə qayıtmaq istəyən Azərbaycan xalqının marağının və həvəsinin şahidi oluruq. Maraqlıdır ki, sözügedən bəyanatın fars dilində dərc olunan variantını gördüm və mənə çox gülməli gəldi.
– Xahiş edirəm, döyüş meydanındakı vəziyyət barədə məlumat verin.
– Döyüş meydanındakı vəziyyət barədə, icazə verin, belə cavab verim ki, indiyə qədər Ermənistanın təxminən 230 tankı, təxminən 250 raket sistemi, Dağlıq Qarabağda yerləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemi, 130-dan artıq müxtəlif texnika və vasitələr, həmçinin ermənilərin 10 komanda qərargah məntəqəsi məhv edilib.
– Ermənistan təyyarəsi Azərbaycanlı qırıcısı tərəfindən vurulub?
– Ermənilər iddia edirlər ki, Azərbaycan F-16 təyyarəsi ilə Ermənistanın SU-25 təyyarəsini vurub. Azərbaycan Ordusunun silah təchizatında F-16 təyyarəsi yoxdur. Bu növ təyyarəni nə kimsə bizə satıb, nə də bizim yoxdur. Onların təyyarələrinin bir-biri ilə toqquşduğu və ya dağa dəydiyi məlum deyil. Bu barədə nə isə demək istəmirəm, bu, onların öz işidir.
Qeyd olunmalıdır ki, bu münaqişə Azərbaycanın ərazisində baş verir. Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad edir. Bu günlər biz şəhidlər veririk. Bu şəhidlər vətənlərinin azadlığı uğrunda döyüşürlər. Bəs ölən erməni əsgərləri Azərbaycan ərazisində nə itiriblər? Hazırda Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutur. Bir neçə yaşayış evi dağıdılıb və bir neçə mülki şəxs şəhid olub.
Mingəçevir şəhərindəki Cənubi Qafqazın ən böyük su anbarı və elektrik stansiyasını uzun mənzilli raketlər ilə hədəfə alırlar. Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələri həmin raketləri havada zərərsizləşdirir. Bakı ətrafındakı Xızı rayonu Ermənistan raketləri tərəfindən hədəfə alınıb . Bütün bu raketlər Ermənistan ərazisindən atılır.
Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Belə təhrikedici hərəkətlər ilə həmin təşkilatın üzvlərinin köməyini cəlb etmək istəyir. Ancaq Azərbaycan Ermənistanın bu təxribatına cavab vermir. Azərbaycan Ordusunun məqsədi işğal olunmuş ərazilərin azad edilməsidir.
– Müharibə cəbhəsinin genişlənməsi ermənilərin Dağlıq Qarabağdan çəkilməsinə səbəb ola bilərmi?
– Azərbaycanın Ermənistan ərazisində hədəfi və gözü yoxdur. Qarşıdurmanın bu səviyyəyə gəlməsinin səbəbini bilməyiniz üçün, bu vəziyyətin meydana gəlməsini sizə izah etmək istəyirəm. Bilirsiniz ki, Paşinyan Baş nazir seçildiyi ilk günlərdən populist şüarlardan istifadə edir və populist hərəkətlər edir. Bunlardan biri də oğlunu əsgər olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməsi idi. Paşinyanın oğlu hərbi xidmətini başa vurduqdan sonra onun şüarları şiddətləndi. Həyat yoldaşı da işğal olunmuş ərazilərə gəldi və erməni qadınları üçün təlimlər təşkil etdi. İndi təlimlərdə əllərində silah tutan həmin erməni qadınların xəstəxanaların qarşısında ağlayaraq “kömək edin, bizi öldürürlər” deyən video görüntüləri yayılır.
– Paşinyanın oğlu o bölgədə əsgər ikən nəyə görə Qarabağ ilə bağlı bəyanat vermədi?
– Bəli, elədir ki, var. Oğlunun hərbi xidməti 1 iyulda bitdi və iyulun ortalarında Ermənistan öz ərazisindən Ermənistan-Azərbaycan sərhədindəki Tovuz şəhərini hədəfə aldı. Tovuz şəhəri əslində Azərbaycanın tranzit və nəqliyyat arteriyasıdır. Yəni Şərq-Qərb və Cənub-Qərb dəmir yolu xətti, neft və qaz kəmərləri həmin şəhərdən keçir. Həmin ərazidə sərhədin mühafizəsi Azərbaycan Sərhəd Qoşunlarına həvalə olunub. Bildiyiniz kimi, Sərhəd Qoşunlarının top və tank kimi ağır silahları olmur. Fürsətcil Ermənistan qəflətən Qarabağdan çox uzaqda yerləşən Azərbaycanın Tovuz şəhərini Ermənistan ərazisindən hədəfə aldı. Azərbaycan ordusu cavab tədbirləri görərək Azərbaycan ərazisinin hədəfə alındığı nöqtələri dağıtdı və biz o bölgədə sərhədlərimizin toxunulmazlığını qoruduq və ərazimizin bir qarışının belə işğal olunmasına imkan vermədik. Bu hadisə iyul ayında baş verdi. Avqust ayının ortalarında ermənilər Azərbaycan ərazisində partlayış törətmək üçün təxribat qrupu göndərdilər. Həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən əsir götürüldü.
Ermənistan Livan, Suriya və İraqdan erməniləri köçürərək Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu təxribat xarakterli hərəkəti ilə başqa bir müharibə cinayəti törədir.
Ermənilər Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşa şəhərində qondarma “prezident” üçün andiçmə mərasimi təşkil etdilər. Qondarma rejimin parlamenti üçün orada inzibati bina tikmək istəyirdilər. Bu kimi hərəkətlər ilə müharibəni təhrik edirdilər. Həmçinin ermənilər on minlərlə sıravi vətəndaşı səfərbər edərək könüllü dəstələr təşkil edir, bunu ölkənin müdafiəsi üçün etdiklərini söyləyirdilər. Baş nazirləri isə açıqlama və hərəkətləri ilə 28 illik danışıqları prinsipcə mənasız edirdi. Əgər danışıqlar və atəşkəs ermənilər üçün mənasızdırsa, bizim üçün dünəndən mənasızdır.
Bütün bu təxribat xarakterli hərəkətlərin, eləcə də yaşayış məntəqələri və mülki binaların hədəfə alınması nəticəsində Azərbaycan tərəfi sülhə məcbur etmə və işğal altındakı əraziləri azad etmək üçün 27 sentyabr səhər saatlarında əks-hücum əməliyyatına başlamağa qərar verdi.
Bundan sonra Ermənistanın Baş naziri dünyanın bütün ölkələrinə və bütün beynəlxalq təşkilatlara zəng edərək hər kəsə Azərbaycanın atəşkəsi pozduğunu və onlara hücum etdiyini deyir. Əslində günahkar özüdür. İndi də Suriya və başqa yerlərdən Azərbaycana kömək etmək üçün qüvvələr gəldiyi barədə yalan təbliğat aparır. Düşünürəm, Ermənistanın Baş naziri özünü itirib. Belə yalanlar nəticəsində erməni əsgərləri xidmət yerlərini tərk edirlər. İndi Ermənistan hərbi polisi bu fərariliyin qarşısını ala bilmir. Əsgərləri səngərə və ya maşına zəncirləməklə yerlərində saxlayırlar. Virtual məkanda video görüntülər mövcuddur.
Suriyadan və digər ölkələrdən muzdlular gətirən Ermənistandır. Hazırda Azərbaycan ordusu işğal altında olan ərazilərimizi terrorçulardan təmizləməkdədir.
– Yəni, hətta erməni xalqının özü də döyüşməyə qarşı müqavimət göstərir?
– Bəli, Ermənistan əhalisi müharibəyə meyilli olan hakim rejimin əsiridir, işğal siyasətinin davam etməsindən, onun ağır nəticələrindən bezib.
– Siz bir açıqlamanızda Ermənistanın əməkdaşlıq üçün Təl-Əvivə müraciət etdiyini və onlardan yararlanmaq istədiyini söyləmisiniz. Bu iddia üçün dəliliniz varmı?
– Əgər məsələni diqqətlə araşdırsanız, Ermənistanın İsraildəki yeni səfirinin açıqlamaları öz-özlüyündə bu iddianın sübutudur. Ermənilər Azərbaycanın İsrail ilə əməkdaşlıq etdiyini təbliğ edirlər. İcazə verin, bunu izah edim. Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilib. İşğal olunmuş ərazilərin azad edilməsi üçün Azərbaycan dünyanın bütün ölkələri ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir. Azərbaycan Ermənistandan fərqli imkanlara malik güclü bir ölkədir. Yəni pul ödəyib silah alıb.
Silah almağa pulu olmayan və son 28 ildə İsraildə səfirlik açmayan Ermənistan nə oldu ki, birdən-birə səfirlik açdı? Ermənilər bunu özləri üçün diplomatiya sahəsində nailiyyət kimi qələmə verirdilər və indi də öz diplomatik uğurlarının nəticəsini görürlər.
– Sefad şəhərindəki İsrail Diplomatiya Mərkəzinin təhlilçisi Rachel Avraham iyul ayında “İsrail Hume” qəzetində yazmışdı ki, İsrail bu münaqişədə Bakının yanında olmalıdır. Çünki Azərbaycan İrana münasibətdə İsrailin gözü və qulağıdır. Sizcə, israillilər niyə belə açıqlamalar verməyə çalışırlar?
– Daha əvvəl də dediyim kimi, Azərbaycan ilə İran münasibətlərində anlaşılmazlıqlar yaratmağa çalışan müxtəlif ölkələr və mərkəzlər var. Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevin bu yaxınlarda İsrailin iki ayrı-ayrı televiziyasına verdiyi canlı müsahibəyə baxa bilərsiniz. Orada verilən suallar arasında Azərbaycanın İran ilə münasibətləri barədə də suallar verildi. Prezidentin köməkçisi orada çox açıq və aydın şəkildə bildirdi ki, Azərbaycan ilə İran ortaq tarixə, mədəniyyətə, ədəbiyyata və şəxsiyyətlərə malikdirlər və qədim zamanlardan bəri birlikdə sülh və əmin-amanlıq içində yaşayırlar.
Biz bu ortaq cəhətlər ilə qürur duyuruq. Bunu əməkdaşlığımız üçün bir sərvət hesab edirik. Hazırda İran ilə müxtəlif sahələrdəki əməkdaşlığımızı ölkəmizin və xalqımızın xeyrinə olduğunu düşünürük. Azərbaycan ilə İran arasındakı əlaqələrin əleyhinə araşdırma mərkəzlərinin dediyiniz bu təbliğatını mən də çox görürəm. Həm İsraildəki araşdırma mərkəzlərinin, həm də erməni kilsəsi ilə əlaqəli İrandakı mərkəzlərin əsas hədəfi yalnız iki ölkə arasındakı münasibətləri korlamaqdır.
Azərbaycan atalar sözü var: “Qaşınmayan yerdən qan çıxarmazlar”. İndi bunlarda öz-özlüklərində bu kimi işlərlə nəyəsə nail olmaq istəyirlər. Əminəm ki, İran və Azərbaycan rəsmilərinin müdrikliyi ilə bu səylər nəticəsiz qalacaqdır.
– Azərbaycanın Naxçıvanla birləşməsi mümkündürmü?
– Xeyr, əvvəldə də dediyim kimi, bizim Ermənistan torpaqlarında gözümüz yoxdur.
– Döyüş sahəsi daha genişlənərsə, belə bir yanaşma nəzərə alınacaqmı?
– Bizim Ermənistan ərazilərində heç bir hədəfimiz yoxdur. Naxçıvanın adını çəkdiyiniz üçün, İran İslam Respublikası hökumətinə və xalqına təşəkkür etməyim yerinə düşərdi. Bildiyiniz kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində Naxçıvan Muxtar Respublikası praktik olaraq Ermənistan tərəfindən mühasirəyə alınıb. Naxçıvanın çətin günlərində İran İslam Respublikası hökuməti və xalqı böyük köməklik etdi və indi də bu köməklik davam edir. Müharibə və işğalın Naxçıvan üçün yaratdığı problemlərin aradan qaldırılmasında İranın göstərdiyi köməyi nə Azərbaycan Hökuməti, nə də xalqı unutmayacaqdır.
Ermənistan ərazisində heç bir hədəfimiz olmadığını və Ermənistanın işğalçılıq siyasətinin nəinki Azərbaycana ziyan vurduğunu, həmçinin Ermənistanı dalana saldığını çox açıq şəkildə bildirmişik. Bu işğal həmçinin İrana da böyük ziyan vurub. Bildiyiniz kimi, Culfa dəmiryolu İranın əsas tranzit yollarından biri idi. Dəmir yolu bağlandıqdan sonra İranın Şimal-Qərbindəki bir neçə vilayət prinsip etibarı ilə dalana düşdü. Əvvəllər oradan bir neçə milyon ton mal mübadiləsi aparılırdı. Maraqlıdır ki, həm İranda, həm də Naxçıvanda Culfa şəhəri var. Bu iki şəhərin heç birində qəbiristanlıq yoxdur. Çünki orada heç kim yerli deyil və hamı ora dəmir yolu stansiyasına və ya işə görə gəlirdi.
– Bu yaxınlarda Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim keçirildi. Azərbaycan Hökuməti müharibə başlamazdan əvvəl Naxçıvana mümkün olan erməni hücumlarından narahat idi?
– Düzdür, biz Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim keçirmişik. Keşmişə baxsaq, görərik ki, 1990-cı illərdən atəşkəsə qədər Ermənistan Naxçıvanı hədəf alırdı. Ötən il Azərbaycan ordusu Naxçıvanda 11 min hektar ərazini geri aldı. Ermənistan Müdafiə naziri bu ərazinin sərhədin sıfır nöqtəsində yerləşən neytral torpaqlar olduğunu söylədi. Dünyanın harasında on bir min hektar sahibsiz ərazi var. Ermənistan Azərbaycan ordusunun Naxçıvandakı potensialından xəbərdardır və ümid edirəm ki, belə sərsəm xəyallara düşməz.
– Yəni Ermənistan Naxçıvanda hərbi əməliyyat keçirməyəcək?
– Əgər bir iş görsə, cavabını alacaq.
– Siz söhbət əsnasında İsrailin roluna toxundunuz, pul ödəyərək onlardan silah alırsınız. Ermənistanla Azərbaycan arasında hazırkı müharibə İsrailin regiondakı bir oyunçu kimi rolunu göstərə bildi. Nəyə görə İsrailin Azərbaycana silah dəstəyinin balansı daha qabarıqdı? Nəyə görə Avrasiyada heç bir ölkənin Azərbaycan qədər İsrail ilə yaxın münasibətləri yoxdur?
– Azərbaycanın multikultural cəmiyyəti var. Əksəriyyəti yəhudilərin məskunlaşdığı bir kəndimiz var. Onların dili fars dilinə çox yaxındır. Onlar Azərbaycan cəmiyyətinin üzvləridir. Ticarət sahəsində yalnız Azərbaycanda deyil, digər ölkələrdə də çox fəaldırlar. Azərbaycan Respublikası işğalçı Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə yaxşı əlaqələrə malikdir. Bütün ölkələr ilə mümkün qədər əməkdaşlıq edirik və bu qarşılıqlı faydalı əməkdaşlıq hər iki ölkənin marağındadır.
– Sizin qazancınız satın aldığınız silahdır. İsraillilərin qazancı nədir?
– Onların qazancı satdıqları silahın müqabilində bizdən aldıqları puldur.
– Əlbəttə ki, Azərbaycanın İsrail ilə ticarət mübadiləsi Rusiyanın İsrail ilə ticarət mübadiləsindən daha çoxdur.
– Bu həm də neft alışı ilə əlaqədardır. Hazırda neftin qiyməti düşüb və İsrailin bizimlə ticarət mübadiləsinin həcmi azalıb. Demək istəyirəm ki, bu cür təbliğatlara istinad edilməməlidir. Əsas məsələ görülən işlərdir. Məsələn, İran və Azərbaycanın müştərək avtomobil zavodu, iki ölkənin müştərək istehsal etdiyi avtomobillər üçüncü ölkələrin bazarlarına çıxarılır. Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı və Tehranda keçirdikləri görüşün məqsədi atəşkəs yaratmaq üçün deyildi. Bu müzakirələrin məqsədi regionun inkişafı, imkanları artırmaq və müxtəlif sahələrdə tranzit həcmini artırmaq idi. Rusiya, Azərbaycan və İranın elektrik şəbəkələri sinxronlaşdırılır. Mənim üçün nəticə bunlardır. Nəinki kimsə oturub özü üçün düşünüb nəsə deyir. Mən də İran mətbuatında, xüsusən də Azərbaycana əleyhinə yazmağı özlərinə peşə bilənlərin məqalələrini görürəm. Önəmli olan sadaladığım əməkdaşlıqlardır.
– İsraillilər hətta silah satmaqda da bir qədər pis davranışa malikdirlər. Məsələn, öz ordularında istifadə olunan LORA raketi Azərbaycana satılıb və hazırkı müharibədə də istifadə edilir. Mənə maraqlıdır, necə oldu ki, onların ən yaxşı silahlarının ilk alıcısı olmağı bacarırsınız. Çünki artıq bunun yalnız pul məsələsi olmadığı ortaya çıxır.
– Bu da alıcı kimi Azərbaycan Respublikasının məharətidir.
– İranda LORA raket sisteminin lazım olduğu qədər effektiv olmadığını və bəlkə də yaxşı işləmədiyini göstərən video görüntülər yayımlanır.
– Bunun effektivliyinin nəticəsi ermənilərdən soruşulmalıdır, çünki onlar hiss ediblər.
– Bu müharibədə EXTRA raket sistemindən istifadə edirsiniz?
– Texniki məsələlər və detallar barədə məlumatım yoxdur. Mənim üçün vacib olan məlumat hər axşam Azərbaycanın möhtərəm Prezidenti tərəfindən işğaldan azad olunmuş olunmuş ərazilərin adlarıdır. Bu torpaqların hansı sistem və ya vasitələrlə azad olunduğunun təfərrüatını bilmirəm.
– Azərbaycan Prezidenti müharibənin bitməsi üçün vaxt təyin edib?
– Azərbaycanın möhtərəm Prezidenti bu günlərdə yerli və xarici KİV-lərə verdiyi müsahibələrdə, eləcə də Azərbaycan xalqına müraciətində son məqsədimizin işğal altında olan torpaqlarımızı azad etmək olduğunu bildirib.
– Mümkündür ki, Azərbaycan indiki azad edilmiş ərazilərlə kifayətlənsin və atəşkəsə razı olsun?
– Əvvəlla, onu qeyd edim ki, Azərbaycan Prezidenti heç bir ölkə ilə əlaqə saxlamayıb. Bu ölkədən o  ölkəyə zəng edən Ermənistanın Baş naziridir. Azərbaycana zəng vuran, sülh və barışıq təklif edən ölkələrdən sadə bir sualımız var: Xocalıda cinayət törədilən və ya Azərbaycanın günahsız əhalisini qətlə yetirilən zaman bu ölkələr harada idi?
İndi bir neçə gündür Ermənistan Gəncə, Mingəçevir, Tovuz və Xızı şəhərlərini hədəf alıb. Şəhidlər vermişik. Erməni tərəfi bir mülki şəxsin öldürüldüyünü belə iddia edə bilməz. Azərbaycan Ordusunun hücumlarının əsas hədəfi Azərbaycanın mülki ərazilərinin hücuma məruz qaldığı nöqtələr idi. İran mediasında İran İslam Respublikası ərazilərinə raket və mərmilərin atıldığını oxudum. Bunu xəritə üzərində sizə asanlıqla göstərə bilərəm.
Azərbaycan Ordusunun bölmələrinin əks hücumda hədəfi işğalçı Ermənistan qüvvələrinin ön və cəbhənin sağ istiqamətindəki atəş mövqeləridir. Halbuki, İran İslam Respublikasının ərazisinə düşən mərmi və ya raketlər Azərbaycan hərbi bölmələrinin arxasında və ya sol tərəfindədir. Bildiyiniz kimi, hazırda müharibənin getdiyi bölgədə, Azərbaycan ilə İran Xudafərin və Qız qalası bəndini və su elektrik stansiyasını inşa edirlər. Artıq bir neçə gündür ki, düşmən bu iki bəndin ətrafına raket atır və bunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən atıldığı kimi göstərir. Xudafərin və Qız qalası bəndləri Azərbaycan Ordusunun hədəfi deyil. Azərbaycanın hədəfi işğal olunmuş ərazilər azad edildikdən sonra hər iki bəndin imkanlarından bölgənin inkişafı üçün istifadə etməkdir.
– İran rəsmiləri sizinlə bu barədə danışıb?
– Əlbəttə, İran rəsmiləri ilə bu barədə söhbətlər olub və məsələ ətraflı izah olunub.
– İranın bir neçə vilayətinin imam cümələrinin mövqelərinin elan edilməsinə və müsəlman torpaqlarının geri alınmasının Azərbaycanın qanuni hüququ olduğunu söyləmələri Azərbaycanın özündə necə qarşılandı?
– Azərbaycan xalqı və rəsmiləri Şimal-Qərb vilayətlərinin imam cümələrinin haqlı mövqelərindən çox xoşhal oldular. Bu bəyanat İranda Azərbaycan dilinə tərcümə olunmuşdu və bu da səfirliyin işini asanlaşdırdı. İslam Şurası Məclisinin möhtərəm üzvləri də yaxşı mövqelər tutdular. Hökumət sözçüsü də yaxşı mövqe tutdu. İran Xarici İşlər Nazirliyinin sözçüsünün də Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycanın suverenliyini müdafiə etməsi bizim üçün dəyərlidir. Azərbaycan xalqı bu mövqelərdən tam xəbərdardır. İndi görürəm ki, erməni mediası İran ilə Azərbaycan arasındakı münasibətlərin əleyhinə danışan Azərbaycandakı bir səs tapmağa və gündəmə gətirməyə çalışır. Bunu danışanların hamısı cənab İlham Əliyevin iqtidarının əleyhinə olan insanlardır. Deməliyəm ki, Azərbaycan İran ilə əməkdaşlıqdan razıdır. İran ilə Azərbaycan arasındakı sərhədi həmsərhəd rayonlarımız üçün fürsət hesab edirik. Bizim İran tərəfdən təhlükəsizlik sahəsində hər hansı narahatlığımız yoxdur. İki ölkənin vətəndaşları arasında əlaqələrin çox yaxşı olması və sərhədlərimizin 24 saat işləməsi hamını qane edir.
– Əlbəttə, bunlar sizin və Azərbaycan Respublikasının İrandakı səfirliyinin qazandığı nailiyyətdir.
– Xeyr, elə deyil. Əslində mən sadəcə icraçıyam. İki ölkə Prezidentlərinin siyasi iradəsi olmasaydı, belə nəticələr olmazdı. İcazə verin bunu qeyd edim ki, İranda olduğum dörd il yarımda, keçirdiyim hər bir görüşdə şəxsən özümə, vəzifəmə və ölkəmə hörmət-ehtiram görmüşəm. Azərbaycan ilə İran arasındakı münasibətlərin inkişafından hər kəs sevinir. Koronavirus dövründə və İranda ilk yoluxma elan edildikdən sonra Ermənistan sərhədlərini İranın üzünə bağlayan ilk ölkə oldu. Ermənistanın keçmiş prezidentləri isə həmin sərhədi ölkələri üçün oksigen kanalı adlandırırdılar. Daha əvvəl səfirlikdəki bir mərasimdə bu sərhədin bağlanması üçün dua etdiyimi söyləmişdim və bu oldu. Məlumat üçün deyim ki, pandemiya dövründə tranzit və ticarət üçün Azərbaycan ilə İran arasındakı sərhəd bir saat belə bağlanmadı. Yəni sərhədin arxasında heç bir yük maşını qalmadı. Düzdür, pandemiya səbəbindən İran ilə Azərbaycan arasında ticarətin həcmi azaldı. Ancaq iki ölkə arasında tranzit və nəqliyyat həcmi üç dəfə artdı. Bu əməkdaşlıq yalnız İrandan və ya yalnız Azərbaycandan qaynaqlanmırdı. Bu, tamamilə qarşılıqlı formada idi. Azərbaycanın hörmətli Prezidentinin təbirincə desək, biz koronavirusa tabe olmamalıyıq, əksinə koronavirusu özümüzə tabe etməliyik. Bu cümlə sərhədin tranzit və ticarət üçün açıq olması barədə idi.
– Fars körfəzi ölkələri ilə İsrail arasındakı gərginlik ilə bağlı Azərbaycan hökumətinin mövqeyi necədir?
– Paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin təşkil olunmasında Azərbaycan Respublikasının mövqeyi çox aydındır. Fələstin səfirliyi Bakıda fəaliyyət göstərir və Azərbaycan hökuməti onlara kömək edir. Bu günlərdə Azərbaycan işğal olunmuş ərazilər məsələsi ilə məşğuldur. Bir milyon qaçqın və köçkünümüz var. Heç bir dövlət bizə kömək etmir. Məsələn, altı yüz min qaçqının getməli olduğu Avropa ölkələrinin hamısı bir araya gələrək bu mövzuda narahatlıqlarını ifadə etdilər, bəyanat qəbul etdilər. Ancaq yeni qurulmuş Azərbaycan hökuməti bir milyon qaçqın və köçkünlə ayaq üstündə qaldı. Vəziyyətimiz iməkləməyi yeni öyrənən uşağın kürəyinə ağır yükün qoyulmasına bənzəyirdi. Ancaq çətinliklərin öhdəsindən gəldik. Yəni demək istəyirəm ki, öz problemlərimiz bizim üçün çox vacibdir. Onu da bilin ki, Azərbaycanın xarici siyasətində hər zaman islam ölkələri ilə əməkdaşlıq və onlara dəstək prioritet təşkil edir.
– İslam ölkələri İsraillə siyasi əlaqələr qurduqda fələstinlilərə kömək etdiklərinə inanırsınız?
– Xeyr, mən yalnız Azərbaycan və problemlərimiz haqqında danışdım.
– Bəs, Fars körfəzi ölkələri ilə İsrail arasındakı gərginliyin azaldılmasına dair Azərbaycan Respublikasının mövqeyi necə olacaq?
– Bu məsələ bu yaxınlarda baş verib. Mən bu günlərdə o qədər məşğulam ki, bu mövzuya vaxt ayırmağa imkanım olmayıb. Biz iyul ayından etibarən düşmənin təxribatları ilə məşğuluq. Gördüyünüz kimi, mən və səfirliyin digər əməkdaşları hər gün ciddi iş rejimində çalışırıq. Uzun sərhədi, bir çox ortaq cəhətləri olan ölkələrimiz arasında tez-tez rəsmi səfərlər baş tutur. Qonşu ölkədə səfir olmaq bütün sadaladığım sahələrdə işlərin təqib olunmasını tələb edir.
– Cənab, əslində, Dağlıq Qarabağ məsələsinin Azərbaycan rəsmilərinin əsas mövzusu olduğundan İsrailin Fars körfəzindəki ərəb ölkələri ilə münasibətlərinə Azərbaycan rəsmiləri tərəfindən baxılmadığını söyləyirsiniz.
– Bəli, doğrudur. Bizim üçün Qarabağın azad edilməsi birinci prioritetdir. Onu da deyim ki, mənim üçün həmişə maraqlı olub, nəyə görə İranda Qüds Günü qeyd olunur, amma Qarabağ Günü qeyd olunmur? Dağlıq Qarabağ da işğal olunmuş ərazidir. Bir neçə gün əvvəl bir jurnalist mənimlə söhbətində münaqişə predmeti olan Qarabağ sözünü işlətdi. Ondan soruşdum ki, sənə kim deyib ki, Qarabağ münaqişə predmetidir? Cavab verdi ki, Ermənistan səfiri deyib və bildirib ki, Qarabağ xalqı öz müqəddəratını təyin edib. Mən o müxbirə dedim ki, bu sözləri öz ölkənizdə təkrarlamayın və ölkənizdə də belə zəhərli fikrin yayılmasına imkan verməyin. Qarabağ Azərbaycana məxsusdur və işğal olunub. Harada olmasından asılı olmayaraq, ağlına gələn kimsə öz müqəddəratını təyin etmək arzusuna düşsə, dünyada daş daş üstündə qalmaz.
– İctimai rəyə mənfi təsir göstərdiyini gördüyüm digər bir məsələ də Şimali Azərbaycan və Cənubi Azərbaycan terminləridir və İranın bir hissəsinə Cənubi Azərbaycan deyilir. Əslində “pan-türklər” adlanan qruplar və ya başqa bir ad bu məsələni separatizm prosesində bəhanə kimi istifadə edirlər. Buna münasibətiniz necədir?
– Ümumiyyətlə, hansı ölkədə olmasından asılı olmayaraq “pan” söz önlüyü olan cərəyan həmin ölkənin zərərinədir. Dediyiniz haqda mən də məlumatlıyam. İranda da bəziləri Azərbaycan Respublikasına Şimali Azərbaycan deyirlər. Mən bu məsələni ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun görmürəm. Biz bu dövrdə, xüsusən də iqtisadi layihələr sahəsində çalışmalıyıq ki, iki ölkəyə fayda gətirək. Tarixdə olanlar və baş verənlər tarixçilərin və araşdırmaçıların işidir. Bir diplomat kimi mənim bu gün və sabah üçün vəzifəm gələcək planlar qurmaqdır.
Xüsusi olaraq vurğulayıram ki, belə sözləri və şüarları hər iki ölkənin xeyrinə hesab etmirəm. Xoşbəxtlikdən indiyə qədər hər iki tərəfin bu məsələləri düzgün idarə etdiyinin şahidi olmuşam. Biz başqalarının sui-istifadə edə biləcəyi hallara icazə verməməliyik. İranın Azərbaycandakı və ya Azərbaycanın İrandakı yerinin boşluğunun digərləri tərəfindən doldurmasına icazə verməməliyik. Allaha şükür ki, bir-birimizin dilini başa düşürük. Bizim üçün dəyərli bir varlıq hesab etdiyim ortaq dinə, ortaq məzhəbə və ortaq ədəbiyyata sahibik.
Tərcümə Strateq.az-ındır.



Ana səhifəyə qayıt        Baxış: 3 745          Tarix: 14-10-2020, 08:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma