Xəbər lenti
 

Bəri başdan deyim ki, Dağlıq Qarabağ coğrafiyasını yaxşı tanımıram. Bölgə barədə informasiyaları analiz edərkən ya köhnə cəbhəçi dostlarımın, ya da bəzi tarixi sənədləri və xəritələri incələməklə müəyyən qənaətlərə gəlirəm. Odur ki, mülahizələrim yanlış da ola bilər və mən bunu qətiyyən istisna etmirəm. İrəli sürdüyüm fikirlər isə hansısa etibarlı mənbələrdən aldığım informasiyalara yox, şəxsi mülahizələrimə əsaslanır. 
 
Məni ən çox maraqlandıran məsələ Laçın dəhlizini  götürməkdə yaşadığımız problemlərlə əlaqədardır. Rəsmən təsdiqlənməmiş məlumatlara əsasən, bu istiqamətdə apardığımız əməliyyatlara Ermənistan sərhəddində yerləşdirilən rus qoşunları mane olur. Ermənilərin rus hamilərinə arxalanıb öz ərazilərindən mövqelərimizin atəşə tuturlar. Təbii ki, bizimkilər də bu təcavüzə laqeyd qalmırlar. Vaxtaşırı erməni mənbələri Azərbaycan tərəfdən atəşə tutulduqlarından gileylənirlər. 
 
Sual oluna bilər: ermənilər və  rus qoşunları Ermənistan tərəfdən Azərbaycan ərazisini necə atəşə tuta bilərlər? Xüsusilə rus bayrağı altına sərhədlərimizdə yerləşdirilən silahlıların bu özbaşınalığının, sözsüz ki, bir hüquqi bazası olmalıdır.
 
Azərbaycan ordusunun cənub cəbhəsindən Laçın dəhlizinə doğru mümkün irəliləyiş marşrtunu xəritə üzərində incələyərkən, gözümə bir məqam ilişdi. Sən demə, Laçın dəhlizinə ən qısa yolumuzun keçdiyi güzargah Ermənistanla tam sərhəd imiş. Qubadlı-Laçin yolunun Malxələf kəndi yaxınlığındakı hissəsi demək olar ki, sərhəddən keçir. Təqdim etdiyim xəritədə bu, çox aydın sezilir.


 
Belə anlaşılır ki, ruslar hələ SSRİ dövründə bugünkü ssenarini düşündüklərindən Qubadlı-Laçın yolunu iki ölkənin tam sərhədlərinə salıblar. Bölgənin digər əraziləri isə çətin dağ relyefinin əmələ gətirdiyi təbii istehkamların əhatəsindədir. Üstəlik, bu çətin ərazidə alternativ yollar da yox səviyyəsindədir və ağır texnikanın hərəkət etməsi imkanı xeyli məhduddur. Dolayısıyla, bəhs etdiyim problem ordumuzu Qubadlı-Laçın magistralı ilə Ermənistan-Azərbaycan sərhəddindən keçmək məcburiyyətində qoyur. Beləcə, Ermənilərin zərbələrinə cavab verməyimiz sərhəddəki rus ordusunun işə qarışmasına bəhanə verir. Rus ordusuna müdaxiləmiz isə Moskvanın KMTM Nizamnaməsinə istinad edərək müharibəyə rəsmən qoşulmaq riski yaradır.
 
Amma bu, bizim çarəsizliyimiz mənasına gəlmir. Azərbaycan ordusunun bu vəziyyətdə iki alternativi var: ya məşru-müdafiə haqqından istifadə edib bütün riskləri gözə alaraq, Qabaqdlı-Laçın yolundakı erməni-rus maneəsini aradan qaldırmalı, ya da Şuşaya cənub-şərq istiqamətindən girməli, Laçına doğru irəliləməldir. Şuşa alındıqdan sonra ermənilərin Laçını əldə saxlamaq ehtimalı çox aşağıdır. Amma bu istiqamətdə əsgərlərimizi keçilməsi çətin sıldırımları aşmaq imtahanı gözləyir.  

 
Şuşanın şərq cinahı

Qısası, sıldırımlı-dəhlizli ciddi bir labirint. Amma bütün labirintlərin mütləq bir çıxış yolu var və Azərbaycan Ordusu bu yolla irəliləyir.
 
Bəs, Ordumuz labirintin iki alternativ yolundan hansını seçəcək?
 
Bölgədən gələn xəbərlər hər iki alternativ üzərində çalışıldığını göstərir.


Ana səhifəyə qayıt        Baxış: 6 186          Tarix: 31-10-2020, 01:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma