Xəbər lenti

 
“Azərbaycan Şuşanı və Xocavəndi ələ keçirdi, müharibə sona yaxınlaşır”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın FAN informasiya agentliyi bu məlumatı yayıb.
 
Agentlik iddia edir ki, tərəflərin Madrid prinsipləri əsasında razılığa gələcəyi gözlənilir. Bu prinsipə görə, Ermənistan əlindəki 2 Qarabağətrafı rayonu da 15 gün ərzində geri qaytaracaq və Naxçıvandan Azərbaycana dəhliz açacaq. Azərbaycan da bunun müqabilində Dağlıq Qarabağdan Ermənistana keçid verəcək. Hər iki dəhlizə Rusiya və Türkiyə sülhməramlıları nəzarət edəcək.
 
Bu ssenaridə Dağlıq Qarabağın statusu necə olacaq və Azərbaycan buna gedərmi?
 
Status məsələsinə “ancaq bu qətiyən ərazi bütövlüyü məsələsini tam həll edə bilməyəcək olan Azərbaycan üçün faydalı deyil” şəkilində aydınlıq gətirməyən FAN rəsmi Bakının bu təklifə getməsinin ciddi sual doğurduğunu qəbul edir. Saytın iddiasına görə, rəsmi Bakının bu razılaşmaya getməsinin yeganə səbəbi ola bilər: “Bu cür tezislərin Zaqafqaziyada qoşunlarının yerləşdirilməsi və Azərbaycana bir quru dəhlizi açıqlaması şəklində mükafat alan Türkiyə tərəfindən Bakıya hərbi yardım üçün ödəniş kimi təqdim oluna bilər”.
 
 
Rusiya analitiklərinin bu cür məlumatlar yayması, görünür, iki qardaş dövlət arasında ixtilaf yaratmaq məqsədi güdür. Çünki ərazi bütövlüyü tam təmin olunmayan Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanı yoxdur və bu perspektiv planda Türkiyənin də maraqlarına ziddir. Üstəlik, Türkiyənin son Dağlıq Qarabağ döyüşlərində qazanılan uğurların ardından Zaqafqaziyada nüfuzu birəbeş artıb və problemin yarımçıq həlli onun da itkisinə çevrilə bilər.
 
 
 Rus analitiklərinin digər versiyasına görə, Azərbaycan ordusu tərəfindən bir rus vertolyotunun vurulub və bu hadisə rəsmi Bakını çətin vəziyyətə salıb və Moskvanın qəzəbinə gəlməmək üçün bəzi ağır şərtləri qəbul etməlidir. Əslində isə bu iddianı erməni mənbələri irəli sürür və vertolyotun kim tərəfindən vurulması bəlli deyil. Üstəlik, hər hansı istənilmədən atılmış addıma görə, heç bir dövlət hərbi strateji hədəflərindən vaz keçməz. 
 
Azərbaycan indiki üstün mövqeyində qarşı tərəfdən ciddi güzəşt almadan kompromisə getməz və getməməlidir. Ən əsası isə yaşadığı torpağa və dövlətə xəyanət etmiş topluluğu məğlub edən heç bir dövlət ona xüsusi imtiyaz verməz. Azərbaycan da bir dövlətdir və müharibədən qalib payını almalıdır.
 
 
Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev indiyədək bütün müsahibələrdə Dağlıq Qarabağa muxtar status verilməyəcəyini açıq şəkildə bildirmişdi. Əgər Dağlıq Qarabağa status verməyəcəyiksə, ərazimizdəki bir coğrafiyadan başqa dövlətə hansı dəhlizın açılmasından söhbət gedir?
 
 
 Göründüyü kimi, bizə təlqin edilən həll variantı bir çox müəmmalarla doludur və bu suallara aydınlıq gətirilməlidir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 432          Tarix: 9-11-2020, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma