Xəbər lenti

 
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan iki gün əvvəl BMT-nin baş katibi Antonio Guterres ilə telefon danışığı aparıb.
 
Ovqat.com Ermənistan XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladıqları bəyanatı, xüsusilə Dağlıq Qarabağa rus sülhməramlılarının yerləşdirilməsini müzakirə ediblər.
 
Mnatsakanyan telefon danışığında Dağlıq Qarabağdakı sülh prosesi ilə bağlı bütün məsələlər üzrə qərarverici qurumun ATƏT-in Minsk Qrupu olduğunu vurğulayıb. İddiaya görə, BMT Baş katibi də ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatını dəstəkləyib.
 
Məlumatı şərh edən fələsəfə elmləri doktoru, siyasi ekspert Aydəm İsmayılov Ermənistan Xarici İşlər nazirinin bu təşəbbüsünü rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırma cəhdi kimi qiymətləndirib. Onun fikrincə, rəsmi İrəvan məlum bəyanatı atəşkəs razılaşması kimi təqdim etmək istəyir: “Halbuki o sənəd başdan ayağa kapitulyasiya aktıdır və Ermənistanın üzərində götürdüyü öhdəliklər açıq şəkildə sıralanır. Bəyanata görə, əvvəla, Ermənistan işğal etdiyi 3 rayonu tamamilə boşaldacaq, ikincisi, Azərbaycan ordusunun Dağlıq Qarabağ inzibati ərazisində qurtardığı bölgələr bizim nəzarətimizdə olacaq və yeni təmas xətti məhz həmin nöqtələrdən başlayacaq. Üçüncüsü, Azərbaycan Dağlıq Qarabağa heç bir status verməyəcək və 5 ildən sonra rus qoşunları da ordan çıxarılacaq. Dağlıq Qarabağ ərazisi Azərbaycanın digər rayonları ilə eyni statusu daşıyacaq”.
 
Aydəm İsmayılovun fikrincə, bu isə o deməkdir ki, Dağlıq Qarabağdakı rayonlara icra başçılarını Azərbaycan prezidenti, digər hüquq mühafizə orqanlarına rəhbərlərini müvafiq nazirliklər və komitələr təyin edəcək: “Dağlıq Qarabağda təhsil digər rayonlarda olduğu kimi Azərbaycan dilində olacaq, yerli mədəniyyət nümunələrinin qorunması Mədəniyyət Nazirliyinə tapşırılacaq. Bir sözlə, Azərbaycanın bayrağı altından keçən hər bir erməni Dağlıq Qarabağda yaşamaq hüququ qazanacaq”.
 
Həmsöhbətimiz onu da əlavə etdi ki, imzalanan sənədin kapitulyasiya aktı olduğunu Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf edib: “Paşinyan dünən Ermənistan İctimai Televiziyasında xalqa müraciət edərkən bildirib ki, “mən onu imzalamasaydım, Xankəndi mühasirəyə düşəcək və 20-30 min erməni əsgəri ya əsir düşəcək, ya da məhv olacaqdı. Niyə bunu parlamentlə və ya başqası ilə müzakirə etmədiyinə gəlincə isə, Paşinyan qərarın təcili verilməsinin vacibliyini bildirib. Əks halda Dağlıq Qarabağ erməniləri hər şeylərini itirə bilərdilər. Üstəlik, Paşinyan onu da etiraf edib ki, bəyanatı Ermənistan ordusunun Baş Qərargahının tələbilə imzalayıb. Bütün bu etirafların hamısı onu göstərir ki, Paşinyan həmin bəyanatı imzalayanda sərxoş və ya anlaqsız vəziyyətdə olmayıb. İndi birdən-birə İrəvanın ritorika dəyişməsi yolverilməzdir və sənədin şərtlərinin yerinə yetirilməsinə birbaşa Moskva cavabdehdir”.


 
Ekspert Ermənistanın bu “oyunpozanlığının” Moskvanın və Ankaranın da maraqlarına zidd olduğunu düşünür: “Çünki problemin ATƏT-in Minsk qrupu tərəfindən həllinə qayıtmaq region dövlətlərinin maraqlarına cavab vermir. Nə Rusiya, nə Türkiyə, hətta İran belə, bölgəyə ABŞ və Fransaya bağlı sülhməramlı qoşunların yeridilməsi ilə razılaşa bilməzlər. Prinsipcə, bu, Azərbaycanın da milli maraqlarına ziddir. Odur ki, Ermənistanın mövqeyindən və ritorika dəyişikliklərindən asılı olmayaraq, üçtərəfli razılaşma bəyanatının bütün tələbləri yerinə yetiriləcək. İrəvanın öhdəliklərindən boyun qaçırması özünün əleyhinə işləyəcək və daha ağır itkilərlə qarşılacaq”.
 
Ümumiyyətlə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın sülh yoluyla həlli üçün yarandığını xatırladan həmsöhbətimiz bildirib ki, ermənilər 26 il ərzində bu qurumun heç bir layihə ilə razılaşmadılar və Azərbaycan da məcbur qalıb hərb yolu ilə məsələni çözdü. 
 
“Məntiqlə, Paşinyan hakimiyyətə gəldiyi gündən verdiyi bəyanatlarla və Azərbaycana hücumları ilə Minsk qrupunun missiyasını sona çatdırmışdı. Təsadüfi deyil ki, son 2 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri gözə görünmürdü. Qrupun təyinatı sülh yoluyla problemi həll etmək olduğundan 45 gün davam edən müharibə dövründə sülh formatı da aradan qalxdı. İndi artıq problem dördlü formatda – Azərbaycan, Türkiyə, Ermənistan Rusiya dövlətlərinin arasında danışıqlar əsasında çözüləcək. Ermənistan 4-lü formatı qəbul etmirsə, döyüşə qaldığımız yerdən başlaya bilərik”,-Aydəm İsmayılov belə deyib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 878          Tarix: 14-11-2020, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma