Xəbər lenti

 
Xatırlayırsınızsa, Dağlıq Qarabağda son döyüşlər zamanı Ermənistan Su-30SM təyyarələrindən istifadə edə bilməmişdi. Rəsmi İrəvan bunu rus təyyarələrinin istifadəyə yararsızlığını ilə əlaqələndirmişdi. 
 
Ovqat.com xəbər verir ki, Su-30SM-lərin istifadəyə yararsızlığının əsl səbəbi aydın olub. Sən demə, ermənilərdə Su-30SM-lərin mərmiləri yoxmuş.
 
Bu şok məlumatı Ermənistanın sabiq Baş qərargah rəisi Movses Hakobyan dünən keçirdiyi mətbuat konfransında açıqlayıb.  
 
Erməni generalın sözlərinə görə, Su-30SM təyyarələrini almaq əslində Baş Qərargah rəisi olarkən onun öz təşəbbüsü olub. Daha sonra isə bu təşəbbüsdən vaz keçib. Çünki Rusiya Su-30SM təyyarələrində istifadə olunan raketləri satmırmış. Bu barədə Rusiya hökumətinin xüsusi fərmanı  olduğunu öyrənən erməni general təyyarələri almaqdan imtina edib və mövqeyini İrəvan rəhbərliyinə də çatdırıb. Nikol Paşinyan isə bütün bunlara baxmayaraq həmin təyyarələri alıb. Nəticədə Ermənistanın əlində olan təyyarələr sadəcə göz aldatmaqdan başqa heç bir işə yaramayıb.


 
Qeyd edək ki, Ermənistana Rusiya tərəfindən hədiyyə edilən bu təyyarələri əvvəl Hindistanın aldığını bildirilirdi. Ovqat.com-un hələ müharibədən bir ay əvvəlki araşdırmalarına görə, Hindistan Hava Qüvvələri 1998-ci ildə Rusiya Federasiyası ilə 40 ədəd Su-30 qırıcısını almaq barədə müqavilə imzalayıb. Üzərindən xeyli keçdikdən sonra həmin təyyarələri alan Hindistan 2013-cü ildə  onlardan 18 ədədi geri qaytarmaq fikrinə düşüb. İndiyədək bu imtinanın səbəb sözügedən qırıcıların vektor idarəetmə funksiyasının olmaması kimi göstərilirdi. Bildirilir ki, Hindistan Moskva ilə apardığı uzun danışıqlardan sonra tərəflər nəhayət, 2019-cu ilin iyul ayında daha müasir Su-30MKİ qırıcların alış-verişi barədə razılığa gəliblər. İndisə erməni generalın açıqlamalarından aydın olur ki, Su-30SM-lərin daha mühüm problemləri də var. Bu da onların mərmilərinin satılmaması ilə əlaqədardır. Başqa sözlə, Rusiya Ermənistana əslində Su-30SM qiymətinə “patronsuz tapança”dan ancaq ölçülərinə görə fərqlənən oyuncaq satıbmış.
 
Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, Hindistanın almaqdan imtina edib geri qaytardığı təyyarələri Moskva Ermənistandan əvvəl başqalarına sırımağa çalışıb. NATO ölkələri ləngliyinə görə “yarımmüdafiəçi” (“fullback) adlandırdıqları bu təyyarəyə, sözsüz ki, pul xərcləməzdilər. Moskva da məcburən müştərilərini 3-cü dünya dövlətləri arasında axtarıb. Geri qaytarılan təyyarələrdən 12-ni Afrika ölkələrindən birinə - Anqolaya 1 milyard dollara sata bilib.  2013-cü ildən ötən ilin sonlarınadək digər Su-30SM-lərini satmağa isə xam müştəri tapa bilməyib. TASS-ın məlumatına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport” bu təyyarələri ötən il 23-24 oktyabr tarixində keçirilən Rusiya-Afrika sammitində müzakirəyə çıxarıb. Sammitə 54 Afrika ölkəsinin liderləri dəvət edilib. Təyyarələrin həmin sammitdə satılıb-satılmadığına dair hər hansı məlumat yoxdur.


 
Rəsmi Bakının sərt reaksiya ilə qarşıladığı Su-30SM qırıcılarının Ermənistana satışı ötən ilin dekabrında reallaşıb. Özü də “Rosoboronexport”-un həmin təyyarələri hərraca çıxardığı Rusiya-Afrika sammitindən cəmi ayyarım sonraRusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyovanın “İnterfaks” xəbər agentliyinə verdiyi məlumata görə, iki ölkə arasında bağlanan müqaviləyə əsasən, Ermənistana 12 ədəd Su-30SM təyyarəsi satılacaqdı. Onlardan 4-ü artıq ötən ilin dekabrında təhvil verilmişdi, digərlərinin isə gələcək dövrlərdə öz ünvanına çatdırılacağı vurğulanırdı.
 
Maraqlıdır ki, Azərbaycan da Rusiyadan bu təyyarələri almaq istəmişdi, Moskva isə əlində qalmasına baxmayaraq, onları bizə satmaqdan imtina etmişdi. Saytımız sözügedən araşdırma yazısında bu məlumatları şərh edərək bildirirdi:
 
“Məlumatların analizi qəribə bir mənzərə ortaya çıxarır. Belə bir ehtimal ortaya çıxır ki, “Rosoboronexport” Afrika sammitində yalnız 2 təyyarəsini digər Afrika ölkələrinə sırıya bilib. Yerdə qalanlarını isə, görünür, Ermənistana göndərib... Bir sözlə, Ermənistan Silahlı Hava Qüvvələrinin Hindistandan Afrikaya qədər 3-cü dünya dövlətlərinin belə, sahib çıxmadığı bu köhnə təyyarələrə ilə qürrələnməsi üçün əsas yoxdur. 


 
Üstəlik, rus hərbi təyyarələri müasir silahlar qarşısında asan yemdirlər. Hər halda, amerikalı hərbi ekspert Maykl Kofman bu fikirdədir. Onun bildirdiyinə görə, alçaq təmas döyüşlərində güclü olan bu döyüş təyyarələri Çeçenistan və Gürcüstan müharibələrində böyük uğurlar qazansa da, onların Suriyada geniş istifadə olunan MANPADS silahlarına qarşı zəiflikləri ortaya çıxdı. Azərbaycanın öz müdafiə gücünü daha mükəmməl hava hücumları əleyhinə raketlərlə möhkəmləndirdiyini nəzərə alsaq, Rusiyanın Ermənistana satdığı Su-30SM-lərinin yalnız öz ərazilərində hava atıb erməni xalqına təsəlli verməkdən başqa bir işə yaramayacağı ortadadır. Bu cür tənbəl və bahalı təyyarələrin yerinə çoxfunksiyalı silahlı dronlar almaq və istifadə etmək daha rasional görünür. Azərbaycan bu sahədə nəinki Ermənistandan, bəlkə onun hamilərindən də öndədir. Odur ki, Rusiyanın böyük matah saydığı 2-ci əl Su-30SM-lərini Afrika ölkələrinə və ya Ermənistana satması daha doğrudur və yəqin Sergey Şoyqu da bunu bildiyindən Azərbaycanı aldatmaq istəməyib”.
 
İndisə erməni generalın etirafı Su-30SM-lərin daha bir eybini ortaya qoyur. Görünür, Moskva Azərbaycana həmin təyyarələri sırıyacağı təqdirdə bu eyibin daha tez ortaya çıxacağından və nəticədə rəsmi Bakının onsuz da bu “oyuncaqlar”dan imtina edəcəyindən çəkinərək, bizim yağlı təklifimizi “bəribaşdan” geri çevirməyə üstünlük verib. Amma bunun da bir faydası olmadı. Erməni generalı cəmi 6 aydan sonra “kor qız”ın ən böyük problemini etiraf etmək məcburiyyətində qaldı.
 
Heydər Oğuz
 Ovqat.com

 


Ana səhifəyə qayıt        Baxış: 5 909          Tarix: 20-11-2020, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma