Xəbər lenti
 
Müsahibimiz Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlidir. Onunla Fransa Senatının qəbul etdiyi qərar, onun inkişaf dinamikası, proseslərin gedişinə təsiri məsələləri haqqında müzakirələr apardıq. 
 
Mütəllim Rəhimlinin Ovqat.com-a müsahibəsini təqdim edirik
 
- Mütəllim bəy, Fransa Senatının qərarını necə qiymətləndirirsiniz? Biz bu qərarı nə qədər ciddi hesab edə bilərik? 
 
- Fransa Senatı noyabrın 25-də “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” barədə absurd qətnamə qəbul edib. Senatorlar Fransa hökumətini “Dağlıq Qarabağ Respublikası” ilə diplomatik münasibətlər qurmağı və bundan davamlı sülhə gətirəcək danışıqlarda bir alət kimi istifadə etməyə çağırıb.
Bəzilərinin dediyinin əksinə olaraq düşünrəm ki, bu çox ciddi sənəd və ciddi çağırışdır. Bundan sonra qətnamə parlamentin müzakirəsinə çıxarılacaq. Nəzərə alsaq ki, Senatda bir nəfər də olsun bu sənədin əleyhinə səs verməyib və bütün fraksiyalar onu dəstəkləyib, onda parlamentin hansı qərarı verəcəyini təsəvvür etmək olar. Üstəlik, Senatdan fərqli olaraq parlamentdə Makronun tərəfdarları çoxluq təşkil edir. Fransa iqtidarının qatı ermənipərəst mövqeyi də sirr deyil.
 
- Bu qərar hansı “zərurətdən” yarandı?
 
-Senatın bu qərarı beynəlxalq hüquq, demokratik prinsiplərdən deyil, ciddi narahatlıq, məğlubiyyət və qisasçılıq hissindən qaynaqlanıb. Afrikadakı müstəmləkə siyasətinin davam etdirilməsinin qarşısı alınan, təxminən 2 ay əvvəl Ağ dənizdə geriyə çəkilməyə məcbur edilən Fransa indi Türkiyədən əvəz çıxmaq istəyir. Həm də Fransa beynəlxalq konfliktlərin idarə olunmasında öz mövqeyini Rusiyanın xeyirinə itirməkdədir. Bunu senatda gedən müzakirələr də təsdiq edir. Belə ki, senatorlar Türkiyənin Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Yaxın Şərqdə rolunun artması, Moskva ilə Ankaranın Fransanı Qarabağ danışıqlarından sıxışdırıb çıxarması, 10 noyabr razılaşmasından Fransa və ABŞ-ın kənarda qalması, Ermənistanın xristian sivilizasiyasının bir parçası olması fikrini qabardıblar. Buna görə də, itirdikləri mövqeləri qaytarmaq, siyasi proseslərdə revanş etmək və guya vəziyyəti öz xeyirlərinə dəyişmək üçün separatizmi müdafiə etmək kimi səhv bir yol tutublar. Onlar bu yoldan asanlıqla dönməyəcəklər.
 
- Dediniz ki, Senatın qətnaməsinə ciddi yanaşmaq lazımdır. Bunun hansı nəticələri ola bilər?
 
- Son zamanlar Fransanın ermənipərəst mövqeyini dövlət siyasətinə çevirdiyi görsənir. Noyabrın 21-də prezident Makron Azərbaycanın suveren ölkə olduğunu qeyd etməklə, müraciət edilmədiyi halda ölkəsinin hadisələrə aktiv müdaxilə edə bilməyəcəyini demişdi. Belə görünür ki, Makron indi Fransanın regiona girməsi üçün zəmin hazırlayır. Çünki senat artıq qondarma Dağlıq Qarabağ rejimini tanıyıb. Parlament və prezidentin təsdiqindən sonra üzdəniraq rejimin “dəvəti” ilə Fransa regiona daha fəal müdaxiə imkanı qazanacaq. Hətta Fransa hərbi qüvvələrinin də bölgəyə göndərilməsi məsələsi bundan sonra gündəmə gətiriləcək. Münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Fransa sual verəcək ki, niyə Türkiyə qoşunları bölgədə yer alır, lakin müəyyən statusa və səlahiyyətə malik Fransa yox. Fransa problemin həllində Rusiya ilə birgə iştirak etmək istəyəcək. Bununla o ən azı Türkiyənin regiona hərbi və siyasi girişini əngəlləməyə çalışacaq. Paşinyanın sülh sazişinin imzalanmasını yubatması da, ehtimal ki, bununla bağlıdır. O, fransızların regiona gəlişini gözləyir. Bununla da siyasi müstəvidə balansı öz xeyirinə dəyişməklə hərbi sahədə də baş qaldırmağa, regionda uzun müddətli toqquşmaların baş verməsinə zəmin hazırlayacaq. 
Fransa Senatının ardınca Avropanın bəzi ölkələri də belə qərar qəbul edəcək. Fransanın Avropa Birliyinin nüfuzlu ölkəsi olmasını unutmamalıyıq və onun təsiri kifayət qədər böyükdür. Bu isə Cənubi Qafqazda yaranmaqda olan sabitliyi təhdid edəcək. 
 
- Azərbaycan belə bir şəraitdə hansı addımları atmalıdır?
 
- İlk əvvəl səlahiyyətli diplomatlardan soruşmaq lazımdır ki, necə olur ki, Fransa Senatının 306 nəfər nümayəndəsinin hamısı ədalətsiz, beynəlxalq hüquqa tamamilə zidd olan belə bir sənədə səs verib. Axı Fransadakı səfirliyimiz indiyədək dövlət büdcəsindən milyonlarla vəsait xərcləyib, bundan başqa Fransada həyata keçirilən layihələrə böyük miqdarda pullar sərf olunub. Diaspor Komitəsi də eynilə. Bunun nəticəsinin olmadığı niyə soruşulmamalıdır? Niyə 310 nəfərdən biri qalxıb həqiqəti demədi, haqqı müdafiə etmədi? Hakimiyyətin mövqeyini başa düşdük, bəs demokratik Fransada müxalifət yoxdurmu?! Onlarla niyə iş aparılmayıb? Hesab edirəm ki, vəziyyətin bu yerə çatması aydınlaşdırılmalıdır. 
İndi 7-8 senatorun guya sənədin əleyhinə səs verdiyi, lakin onun sonradan dəyişdirildiyi təbliğ edilir. Bu fəaliyyətsizliyə bəraət qazandırmaq, diqqəti əsas hədəfdən yayındırmaq və ən başlıcası xəyanətdir. N.Qule qətnamənin lehinə səs verdiyini desə də, digərləri bitərəf qalmadıqlarını lehinə səs verdiklərini bildirirlər. Hətta bu dedikləri də doğru deyil.
Azərbaycan indi konkret və sərt addımlar da atmalıdır. Təbii ki, biz Fransaya müharibə elan etməli deyilik. Amma savadsızcasına “Fransa Senatında islamofobiya hökm sürür” ifadəsi ilə onların arxasınca süründüyümüzün fərqində olmalıyıq. Fransa dünya mədəniyyətinə bəxş etdiyi dəyərlərə xəyanət edib, bunu qabartmalıyıq, onları fakt qarşısında qoymalıyıq. 
Birmənalı olaraq bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması şərtini qoymalıyıq. Əks halda Minsk qrupunda iştirakdan və onun xidmətindən imtina etməliyik. 
Fransa ilə bütün siyasi, iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır. 
Fransanın ölkəmizdəki səfirliyinin qarşısında siyasi və ictimai qurumların, xalqın etiraz aksiyaları keçirməsinə mane olunmamalıdır.
 
Söhbətləşdi: Nicat Türkoğlu
Ovqat.com
 
 

 
 


Ana səhifəyə qayıt        Baxış: 3 910          Tarix: 27-11-2020, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma