Xəbər lenti

 
“Bazar günü səhər tezdən Rusiya “sülhməramlıları” Hadrut bölgəsinə əlavə qüvvələr toplayıb və rayondakı gərginliyin qarşısı alınıb.
 
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasında belə deyib.
 
Hadrutun Çaylaqkənd və Köhnə Tağlar kəndlərinə hücumda Türkiyə əsgərlərinin də iştirak etdiyinə dair məlumatların olduğunu vurğulayan Paşinyan deyib ki, əməliiyat rus “sülhməramlıları”nın hələ bu yaşayış yerlərində müşahidə məntəqələrini qurmadığı şəraitdə baş verib. Onun iddiasına əsasən, dünən bir neçə saat davam edən döyüşlərdən sonra Azərbaycan xüsusi təyinatlıları kəndlərin ərazilərini qismən nəzarətə götürməyi bacarıb, lakin sonradan kiçik bir rus “sülhməramlı” dəstəsi əraziyə gəlib. Bu gün səhər Rusiya tərəfi əlavə qüvvələr toplayaraq vəziyyəti sabitləşdirib.
 
"Rus hərbçilərinin iştirakı daha geniş bir eskalasiyanın qarşısının alınacağına ümid verir. Bizim vəzifəmiz sahədəki vəziyyəti atəşkəs haqqında birgə bəyanatımızın şərtlərinə uyğunlaşdırmaqdır. Bəyanatda qəbul olunduğu gündən etibarən qoşunların təmas xətti boyunca öz mövqelərində qalacaqları açıq şəkildə bildirilir", - Paşinyan belə deyib.
 
Məlum olduğu kimi, Hadrutdakı insidentlə bağlı Azərbaycan MN və DTX birgə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Hadrutdakı erməni birləşmələri barədə rus “sülhməramlılarına” müraciət edən İrəvan olub. İrəvan rus “sülhməramlıları”ndan meşədə azmış erməni silahlılarının evakuasiyasını xahiş ediblər. Azərbaycan tərəfi də buna şərait yaradıb. Lakin “sülhməramlıların” bütün çağırışlarına məhəl qoymayan ermənilərə qarşı DTX anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb (Yəni hər şey rus “sülhməramlıları” ilə qarşılıqlı razılaşma əsasında baş verib). Görünür, ermənilər “qaramaskalıları”n döyüş bacarığından və fərqli hərbi geyimlərindən elə təşvişə düşüblər ki, onları Türk əsgərləri ilə qarışdırıblar.
 
Paşinyanın bugünkü çıxışında ən çox mübahisə doğuran fikir isə Dağlıq Qarabağda vəziyyətə nəzarətin kimə məxsusluğu ilə bağlıdır. O, iddia edib ki, üçtərəfli razılaşmaya əsasən, Dağlıq Qarabağda vəziyyətə nəzarəti Ermənistan Silahlı Qüvvələri həyata keçirməlidir.
 
Halbuki Dağlıq Qarabağa Ermənistan ordusunun nəzarət etməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir və Bəyanatı imzalayan qalib tərəf olduğumuzu nəzərə alsaq, rəsmi Bakının belə bir müddəaya imza atması mümkün inandırıcı görünmür.
 


Ana səhifəyə qayıt        Baxış: 7 360          Tarix: 13-12-2020, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma