Xəbər lenti

 
“Güc doğana düşür”.
Azərbaycan atalar sözü
 
Ermənistanın Baş naziri Nikol Paşinyan da Yeni il münasibətilə xalqa təbrik mesajı ünvanlayıb.
 
Ovqat.com xəbər verir ki, erməni Baş nazirinin təbrik məktubunda məğlubiyyət abu-havası açıq hiss olunub.
 
Paşinyan 2020-ci ilin erməni xalqı üçün ağır keçdiyini, bir tərəfdən koronavirus, digər tərəfdən müharibə ilə sınağa çəkildiklərini etiraf edib. Onun fikrincə, erməni xalqının düçar olduğu bu ağır vəziyyətdən bir neçə çıxış yolu var:
 
  • Ermənistan və Dağlıq Qarabağ yeni prinsiplərlə idarə olunmalıdır. Yeni prinsiplərin nə olduğuna aydınlıq gətirməyən Paşinyan 2021-ci ildə İrəvan qarşısında dayanan ən mühüm problemin Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olduğunu bildirib:
 
Sevimli “Arsax”ımız çox ağır günlər keçirir. Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin olması, şübhəsiz, “Arsax”dakı soydaşlarımızın təhlükəsizliyinə əhəmiyyətli təminat yaradır. Həmçinin “Arsax” statusu bizim üçün şərtsiz prioritet olaraq qalmaqda davam edir və bu istiqamətdə daimi siyasi və diplomatik səylər göstərilməlidir”.
 
  • Paşinyanın fikrincə, ikinci mühüm məsələ Dağlıq Qarabağdakı məğlubiyyətin yaratdığı hərbi, mənəvi-psixoloji, siyasi “afterşok”ları atlatmaqdır.
 
“Noyabrın 9-da imzalanan bəyanatla genişmiqyaslı hərbi əməliyyatlar dayandırıldı, amma müharibənin afterşokları davam edir. Bu afterşoklar bəzən hərbi, bəzən mənəvi, bəzən psixoloji, bəzən siyasi xarakter daşıyır və bizim ən böyük vəzifəmiz bu afterşoklara qarşı dayanmaq, Ermənistanda və ətrafında, həmçinin “Arsax”da və ətrafında sabitliyi təmin etmək, bunun üçün qərarlar qəbul etməkdir.
Bu günün acı reallıqlar var və biz bu məsələlərə baxmalıyıq, Çünki vəziyyəti idarə etmək üçün məhz bu, ilkin şərtdir. Xaosun, vahimənin, qorxunun məntiqini mümkün qədər tez aradan qaldırmaq lazımdır, belə reallıqların inkişafına kömək edən bütün amilləri mümkün qədər tez sıradan çıxarmaq lazımdır. 2021-ci ilin ilk dəqiqələri isə bizim yeni milli yüksəlişimizə başladığımız başlanğıc nöqtəsi olmalıdır”,-Paşinyan belə deyib.
 
  • Onun fikrincə, Ermənistanın üz-üzə qaldığı siyasi və hərbi böhrandan əsas çıxış yolu Rusiyanın ətəklərindən bərk-bərk yapışmaqdan keçir:
 
Prioritetimiz ilk növbədə ordu islahatına başlanılması, təhlükəsizlik üzrə əsas tərəfdaşımız olan Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi və bu kontekstdə yeni təminatların mühüm komponenti olan təhlükəsizlik mühitinin yaradılmasıdır. Bu sistemin olmaması ölkəmizin prioritet problemlərindən biri olaraq qalır və o cümlədən təhlükəsizlik sahəsində artan problemdir”.
 
  • Paşinyanın ən maraqlı prioritetinin yükü isə deyəsən erməni qadınlarının çiyinlərinə düşəcək. Çünki Baş nazir ölkə əhalisinin sayını artırmaq üçün erməni analarının hər birinin ən azı 4-5 uşaq doğmasını böhrandan əsas çıxış yolu kimi görür:
 
“Bu ağır dövrdə kədərli və narahatlıq, Bəli, biz uşaqlarımızın, nəsillərimizin xoşbəxtliyini, səadətini unutmamalıyıq, çünki heç bir başqa məqsəd övladlarımızı xoşbəxt etmək istəyi qədər bizə yaşamaq gücü vermir. Daha da güclü və qüdrətlı olmaq üçün daha çox uşaq dünyaya gətirməliyik. 4-5 uşaqlı ailələr bizim üçün norma olmalıdır. 2021-ci ildən biz analığın təşviqi üzrə yeni dövlət proqramlarını həyata keçirməliyik, çünki məhz doğum və analıq bizim həyat qabiliyyətimizin və qüdrətimizin danılmaz rəmzidir”.
 
Görünür, Paşinyan anlamır ki, əhalinin say artımı üçün təkcə qadınların çiyinlərinə vəzifə yükləməklə problemi həll etmək mümkün deyil. Hər bir ölkədə əhalisinin sayını onun iqtisadi potensialı və qonşularla qurduğu iqtisadi, siyasi və hərbi münasibətlər müəyyənləşdirir. Bir ölkə əgər qonşularıyla düşmən münasibətindədirsə və onun ərazilərinə iddialıdırsa, bu, yeni ağır müharibələrə dəvətnamə göndərməklə qalmır, həm də sözügedən ölkəni regional iqtisadi əməkdaşlıqlardan məhrum edir. Nəticədə iqtisadi cəhətdən özünü böyüdə bilməyən ölkənin vətəndaşları istər-istəməz xaricə köçmək məcburiyyətində qalır. Analar, Ə. Vəzirov demişkən, gecə-gündüz işləyib balalarının sayını artırsa da, 4-5 uşaq ailələrin adi normasına çevrilsə də, vətəndaşların işgüzarlıq imkanlarını yüksəltmədən bu məqsədə nail olmaq mümkün deyil. Necə ki, 200 il bundan əvvəl Ermənistana köçürülən ermənilərin sayında o dövrdən indiyədək ciddi artım olmayıb. Amma bu o demək deyil ki, erməni anaları öz vəzifə borclarını yerinə yetirməyiblər. Onlar 200 il ərzində yenə doğub-törədiblər. Sadəcə doğduqları uşaqları Ermənistanda saxlamaq mümkün olmayıb. Erməni gənclərinin böyük əksəriyyəti işsizlikdən, müharibə təhlükəsindən qaçıb ya Rusiyada, ya da Qərb ölkələrində sığınacaq tapıblar. Təsadüfi deyil ki, bu gün təkcə Rusiyada Ermənistandan çox erməni yaşayır. Bu fakt əhali artımını sadəcə qadınların doğurğanlıq qabiliyyətində axtarmağın nə qədər yanlış olduğunu göstərir. Erməni qudurğanlığını aradan qaldırmadan erməni doğurğanlığının heç bir mənası yoxdur.
 
Xüsusilə son 30 ildə Ermənistanın uzaq qonşusu Rusiyaya güvənib Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsinin ağır nəticələri ortadadır. Düşmənçilik sayəsində regional beynəlxalq layihələrdən kənarda qalan Ermənistan bir çox iqtisadi fürsətləri itirməklə qalmadı, həm də 44 günlük müharibədə əli silah tutan minlərlə əsgərini, ordusunun böyük qismini itirdi. Bu gün bir çoxlarının meyiti belə tapılmayan həmin erməni əsgərləri də Paşinyanın ümidlə göz dikdiyi erməni qadınların bətninin məhsulları idi. Və Ermənistan nə qədər ki bu siyasətindən əl çəkməyib, o məhsullar bu dövlətin quruculuğunun daşı-palçığı ola bilməyəcəklər.
 
Paşinyanın utandığından erməni xalqının qarşısına çıxa bilməyib, sadəcə yazılı şəkildə media orqanlarına göndərdiyi təbrik mesajında isə bu ağır məğlubiyyətdən nəticə çıxarmadığı görünür. O, hələ də Ermənistan ordusunun yeniləşdirilməsi və Dağlıq Qarabağın statusunundan danışır. Bununla da sanki bizə revanşa hazırlaşdığı mesajını verməyə çalışır. Paşinyana ən yaxşı cavab isə dünən Azərbaycan prezidentinin Yeni il mesajındakı bu cümlələrdir: “Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.
 
Heydər Oğuz,
Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 5 908          Tarix: 1-01-2021, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma