Xəbər lenti


RFI, Fransa
06.01.2021


Təbii qaz tədarükü mənbələrini şaxələndirməyə çalışan Avropa vacib mərhələdən keçir. Dekabrın 31-də Azərbaycan təbii qazının Bolqarıstandan keçərək “Köhnə qitə”yə çatdığını elan edib. Beləliklə, Bakı hələ 20 il əvvəl – Xəzər dənizindəki nəhəng “Şahdəniz” təbii qaz yatağını kəşf edən zaman verdiyi vədi yerinə yetirib.

Azərbaycan nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazın ilk dəfə Avropaya çatdığını bəyan edib. Bu marşrut avropalıların təbii qaz təchizatı mənbələrinin şaxələndirməsinə, onların Rusiya qazından asılılığının azaldılmasına yönəlib.
““Şahdəniz” konsorsiumu Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən “Şahdəniz” yatağından kommersiya məqsədilə hasil olunan qazın ilk dəfə Avropaya çatdığını bəyan edib”, - deyə Britaniyanın BP şirkətinin məlumatında bildirilir. Operatoru BP olan layihədə, həmçinin TPAO (19%) “Petronas” (15,5%) və bir sıra digər şirkətlər, o cümlədən Rusiyanın “Lukoil” şirkəti iştirak edir.

Qaz idxalı və Avropa üçün “Green New Deal”
Avropanın təbii qaz idxalını artırmağa çalışmasında məqsəd yalnız Rusiya qazından asılılığın azaldılması deyil. Məqsədlərdən biri də xüsusilə mərkəzi və şərqi Avropada atmosferi çirkləndirən kömür elektrik stansiyalarının qazla işləyən elektrik stansiyaları ilə əvəzlənməsidir. Təbii resurslar üzrə ekspert, “Commodities and Ressources” konsaltinq şirkətinin təsisçisi Didye Jülyen “RFI”radiosuna açıqlamasında xatırladıb ki, hazırda Avropa tələb olunan təbii qazın 90%-ni idxal edir. “Bunun 40-50%-i Rusiyanın, 20%-ə yaxını Norveçin, qalanı isə bərabər şəkildə Qətərlə Əlcəzairin payına düşür. Bu baxımdan Azərbaycan kimi yeni bir təchizatçı Rusiya başda olmaqla, digər təchizatçıların payını yalnız azalda bilər”, - deyə o, qeyd edib.

Didye Jülyen deyib: “Şərqi Avropa, yəni, Rumıniya, Bolqarıstan, Polşa öz enerji təminatlarında 80, 60 və ya 40% kömürdən asılıdırlar. Bu isə o deməkdir ki, onlar havaya daha çox karbon qazı buraxır. “Green New Deal” haqda danışırıqsa, bu vəziyyəti dəyişmək, kömürdən daha az, təbii qazdan daha çox istifadə etmək zəruridir. Odur ki, daha çox qaz təchizatçısına ehtiyacımız var. Əgər hərəsi 10% paya sahib olmaqla 3-4 təchizatçımız olarsa, əgər məsələn, Azərbaycan, Qətər və ya ABŞ-ın hərəsi Avropaya tədarükü 10%-dək artırarsa, o zaman tədarükü xeyli şaxələndirmiş olarıq”.
Üç qaz kəmərindən ibarət layihə
Qafqazın hidrokarbogen ehtiyatları ilə zəngin ölkəsi Azərbaycanda yerləşən və 1999-cu ildə kəşf olunmuş, təxminən 860 kvadrat kilometr sahəni əhatə edən nəhəng “Şahdəniz” yatağında 1 trilyon kubmetr qaz ehtiyatı var. Yatağın işlənməsinin birinci mərhələsi (“Şahdəniz-1”) çərçivəsində hasilata 2006-cı ildə başlanılmışdı. “Şahdəniz-2” adlandırılan ikinci mərhələyə 2018-ci ildə start verilib.

Dəyəri 28 milyard dollar olan bu layihə “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Üç qaz kəmərindən ibarət “Cənub Qaz Dəhlizi” Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə, Avropaya “mavi yanacaq” nəqlini nəzərdə tutur. O, avropalıların Rusiya qazından asılılığının azalmasına imkan verməlidir.

Uzunluğu 3500 kilometr olan və tikitisi 2020-ci ildə tamamlanmış boru xətləri şəbəkəsi Türkiyəyə ildə 10, Avropaya 6 milyard kubmetr qaz ixracına imkan verəcək.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: RFI


Ana səhifəyə qayıt        Baxış: 4 903          Tarix: 6-01-2021, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma