Xəbər lenti
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Ukrayna hökuməti Donbass üçün keçid dövrü haqqında qanun layihəsini hazırlayıb.
Ovqat.com-un məlumatına görə, dünən yayımlanan layihəyə görə, bölgə Kiyevin nəzarətinə qaytarılsa, Ukraynalaşma və lüstrasiya siyasəti həyata keçiriləcək.
Lüstrasiya siyasəti nədir və bu siyasət Azərbaycanda necə tətbiq olunur?
“Lüstrasiya” sözü yunan mənşəli olub işıqlandırma (lüstr) deməkdir. İlk dəfə bu siyasət 1990-cı illərdə sovet təsirindən qurtulub müstəqillik qazanan Şərqi Avropa ölkələrində həyata keçirilib. Siyasətin əsas məğzi müstəmləkə illərində hakimiyyətin müxtəlif pillələrində yer alan məmurların yeni nəsillə əvəz edilməsidir. Bu anlayışa əsasən, müstəmləkə dövrünün yüksək səlahiyyətli məmurları müxtəlif səsəblərdən Rusiyaya bağlı olduğundan milli dövlətçiliyə xidmət edə bilməzlər. Ölkələrin tamamilə müstəqilliyə qovuşması üçün həmin insanlar mütləq öz kreslolarını yeni kadrlara verməlidirlər. Təəssüf ki, Azərbaycan 30 ildir müstəqillik aktı qəbul edib, amma hələ də “JEK” müdirindən tutmuş ən yüksək postlara qədər müstəmləkə məmurları tərəfindən idarə olunur.
Son Qarabağ müharibəsi başlamazdan əvvəl, daha konkret desək, 2018-cu il prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyev də kadr və struktur islahatlarına başladı. Bir sıra nazirliklərin rəhbərləri yeni təfəkkürlü gənclərlə əvəz olundu. 2019-cu ilin sonlarında yeniləşmə siyasəti daha ciddi xarakter almağa başladı. Hətta bir günün içərisində onlarla yüksək vəzifəli şəxsin istefaya göndərildiyi, bəzi strukturların ümumiyyətlə ləğv edildiyi, bəzilərinin vahid qurumlarda birləşdirildiyi hallar belə oldu. Ramiz Mehdiyevlər, Əli Həsənovlar və s. kimi “köhnə qurdlar” Azərbaycansayağı lüstrasiya siyasətinin qurbanına çevrildilər. Ardınca 2020-ci ilin ilk aylarında parlament seçkiləri keçirildi. Gözləmək olardı ki, seçkilərdən sonra formalaşan MM-də köhnə komandanın ciddi şəkildə kənarlaşdırılması və islahata meylli şəxslərə mandat verilməsi ilə lüstrasiya siyasətinin qanuniləşməsi prosesi gedəcək. Yəni bu barədə qanun qəbul edkiləcək və hər hansı sərəncamlara, fərmanlara ehtiyac duyulmadan “rusqafalılar” avtomatik olaraq vəzifələrindən uzaqlaşdırılacaqlar. Eynilə Şərqi Avropa ölkələrində olduğu kimi. Nə yazıq ki, bizdə bu proses qanuniləşmədi və ümid Prezidentin şəxsi təşəbbüslərinə qaldı.
Prezident hakimiyyətin köhnələrdən təmizlənməsi prosesini sürətləndirdiyi anda isə birdən-birə Ermənistanın Azərbaycana hücumları başladı. 2020-ci ilin iyun ayında baş verən ilk hücumun əsas məqsədlərindən biri də, zənnimizcə, lüstrasiya prosesinin dayandırılması idi. Təsadüfi deyil ki, o dövrdən indiyədək hakimiyyətin struktur və kadr dəyişikliklərinə ara verilib. Ümidvarıq ki, Rusiyanın ermənilər vasitəsilə Azərbaycana qarşı başlatdığı müharibədə qələbəmizdən sonra rəsmi Bakı yenidən lüstrasiya siyasətinə davam edəcək.
Bizdən fərqli olaraq Ukraynada lüstrasiya siyasəti invidual olaraq deyil, qanuniləşdirilmiş prinsiplərə söykənərək ümumi qaydada aparılır. 2014-cü ildə Rusiyaya bağlı Viktor Yanukoviç hökumətinin yıxılması ilə nəticələnən Maydan hərəkatından sonra yeni hakimiyyətin ilk işi Lüstrasiya Qanununu qəbul etmək oldu. Həmin ilin sentyabr ayında Ukrayna Ali Radası tərəfindən qəbul edilən “Hakimiyyətin Təmizlənməsi (Lüstrasiya) Qanunu”na əsasən, 25 fevral 2010 - 22 fevral 2014-cü il tarixlərində yüksək postlarda ən azı bir il çalışan şəxslərin dövlət qulluğunda rəhbər vəzifələrə gətirilməsi qadağan edildi. ABŞ Dövlət Reyestrinin məlumatına görə, 2020-ci ilin may ayına qədər "Lüstrasiya haqqında" Ukrayna Qanununun müddəaları 893 nəfərə tətbiq olunub. Hazırda “Lüstrasiya” məhdudiyyətlərinə məruz qalan şəxslərin sayının daha çox ola biləcəyi istisna deyil.
Ukrayna hökumətinin Donbass sakinlərinə “Lüstrasiya Qanunu”nun tətbiqi ilə bağlı verdiyi vəd bu mənada təsadüfi sayılmır. Kiyev faktiki olaraq bu vədi ilə Donbassdakı qeyri-qanuni hakimiyyətdən narazı qalan bütün qüvvələri yerli idarəçiliyə qarşı mübarizəyə həvəsləndirir və onlara verəcəyi dəstəyin müqabilində yenidən Ukraynaya birləşməyi şərt qoşur. Əks təqdirdə Donbass sakinlərini səs hüquqlarından, ümumi əfv və bölgənin xüsusi statusundan məhrum olunmaqla təhdid edir.
Kiyevin Donbass üçün keçid dövrü haqqında qanun layihəsi layihəsində bölgənin Ukrayna tərkibinə qayıdışından sonra taleyinin necə olacağı da öz əksini tapıb. Sənəddə yenidən Ukraynanın tərkibinə keçən ərazilərdə siyasətin unitar əsaslarda qurulacağı bildirilir. Bundan əlavə, layihədə yerli xalqların və milli azlıqların hüquqlarına hörmətlə yanaşmaq vəd edilir.
Qanun layihəsində həmçinin bildirilir ki, lüstrasiya siyasəti nəticəsində gətirilən məhdudiyyətlər nəzarətsiz ərazilərdə "həyat tələbatlarını təmin edən" insanlara şamil olunmayacaq. Belə ki, kommunal sahədə işləyənlər, xilasedicilər, həkimlər cəzalandırılmayacaq, ancaq məktəb və xəstəxana rəhbərləri lüstrasiya məhdudiyyətləri siyahısına daxil edilə bilərlər.
Lahiyədə həmçinin, Donbass üçün yeni kadr ehtiyatının Ukrayna Baş prokurorluğunun araşdırması əsasında müəyyənləşdirilmiş siyasi ilə formalaşdırılması nəzərdə tutulur.
Layihə müəllifləri Donbassda küçələrin adını dəyişdirməyi və dekommunizasiya (kommunistsizləşdirmə) haqqında qanuna zidd abidələri yıxmağı vəd edirlər. "Rusiyanın Silahlı Təcavüzü Qurbanlarının Xatirə Günü" və "İşğaldan Azad Olunma Günü"nin təsis ediləcəyinə söz verirlər. Bizdə isə, nə yazıq ki, 20 Yanvar qırğınında əli xalqımızın qanına batmış Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsi keçirilir və bu müsabiqəni təşkil edən şəxs Azərbaycanın ən yüksək postlarından birinə - qanunverici hakimiyyətin rəhbərliyinə gətirilir. Üstəlik həmin esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə keçirilir.
Ukraynanın Donbassla bağlı hazırladığı qanun layihəsində həmçinin bölgədə yerli seçkilərin yalnız "işğala son qoyulmasından" iki il sonra keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, o da qeyd olunur ki, regionda səsvermə beş ildə bir dəfə Ukraynada keçirilən seçkilərlə eyni vaxta düşməlidir. Belə çıxır ki, Donbass Ukraynada keçirilən yerli seçkilərdən bir il əvvəl Kiyevin nəzarətinə qayıtsa, regionda keçiriləcək ilk səsvermə üçün altı il gözləmək lazım gələcək. Ukrayna ilə Donbass problemini çözmək təşəbbüsü göstərən vasitəçilər arasında imzalanmış Minsk razılaşmasında isə, əvvəlcə seçkinin keçirilməsini, sonra isə nəzarətsiz ərazilərin Kiyevə qaytarılmasını tələb olunur. Bu baxımdan qanun layihəsi aralarında Rusiyanın da olduğu vasitəçilərin ümumi qərarından kənara çıxır.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar