Xəbər lenti

 NATO-nun Kanada qərargahına aid karikatura

Azərbaycanda Türk qoşunlarının yerləşdirilməsi ciddi müzakirə olunduğu bir zamanda ABŞ da Baltikyanı ölkələrdə öz hərbi qüdrətini artırmaqdadır. İstər bizim, istərsə də Baltikyanı ölkələrin Rusiya enerji kəmərlərinin keçdiyi bölgələrdə yerləşməsi. son zamanlar ABŞ-ın “Türk axını” və “Şimal axını-2” layihələrinə qarşı fəaliyyətə başlaması bu baxımdan təsadüfi görünmür, ötən ilin yay aylarında ermənilərin Tovuz hücumları və bundan bir neçə ay sonra Dağlıq Qarabağdakı son savaşın çıxması da həmçinin. Nəzərə alsaq ki, ABŞ da, Türkiyə də NATO-nun iki ən böyük hərbi qüdrətlərindəndir, ortaya bu nəticə çıxır: NATO-nun beyin mərkəzi Rusiya enerji kəmərlərinə tətbiq olunacaq sanksiyaların doğuracağı mənfi nəticələri aradan qaldırmaq üçün hər iki coğrafiyada təhlükəsizlik tədbirləri gücləndirir. Zira, Azərbaycanın TANAP-TAP qaz kəmərləri, Rusiyanın Türkiyə vasitəsilə Avropaya nəql olunan “Türk axını” projesinə alternativ kimi qiymətləndirilir və Moskvanı qıcıqlandırırdı. Mümkündür ki, Kreml bu alternativə hər an təhlükə yarada biləcəyini nümayiş etdirmək üçün Ermənistanı enerji kəmərlərimizin keçdiyi Tovuz hücumuna həvəsləndirmiş və ötən il iyun ayının ortalarında bir neçə günlük ağır döyüşlər getmişdi. Ardınca Türkiyənin siyasi-mənəvi dəstəyi ilə Azərbaycan ordusu növbəti həmlələrdən özünü qorumaq üçün hərbi hazırlıqlarını gücləndirmiş, Dağlıq Qarabağda yenidən başlayan erməni hücumuna olduqca ağır şəkildə cavab vermiş, bununla da qarşı tərəfə təcavüzün əyani nəticəsini göstərmişdi.
 
Rusiyanın Avropaya yeni inşa olunan bir başqa qaz kəməri isə “Şimal axını-2” layihəsidir. “Şimal axını-2” layihəsi də ABŞ Dövlət Departamentinin “qara siyahı”sına salınmış və tikintisinin dayandırılması üçün müxtəlif üsullara əl atılmışdır. Məhz bu çalışmaların nəticəsində Baltik dənizindən keçərək Almaniyaya qədər uzanan kəmərin 95%-i tamamlandığı halda “Qazprom”-un tərəfdaşları layihədən geri çəkildi və Moskvanın bütün ümidləri suya düşdü. Kremlin xəyal qırıqlığına uğradığı indiki şəraitdə Baltikyanı coğrafiyadakı NATO müttəfiqlərinə qarşı hərbi təcavüzə keçmə ehtimalı da gücləndi. Görünür, bu ehtimalın qarşısını almaq üçün ABŞ da Baltikyanı ərazilərin hərbi qüdrətini artırır. 


 
ABŞ-ın bu il üçün təsdiq edilmiş hərbi büdcə layihəsinə əsasən, Birləşmiş Ştatlar Baltikyanı ölkələrə 168,7 milyon dollar (138,2 milyon avro) hərbi yardım göstərəcək. Yardım yeni "Baltikyanı təhlükəsizlik təşəbbüsü" layihəsi çərçivəsində ayrılır. Məlumata görə, ABŞ-ın Baltikyanı ölkələr arasında ən çox diqqətin ayırdığı yer isə Litvadır. Zənnimizcə, bunun başlıca səbəbi də Litvanın son illər hərbi qüdrəti artırılaraq Avropanın qəlbinə xənçər kimi sancılmış rus ekslavı Kalininqrad və son zamanlar narıncı inqilabi dəyişikliklərə hazırlanan Belarusla həmsərhəd olmasıdır. 
 
Sirr deyil ki, ABŞ və NATO ölkələri Avropa üçün mühüm təhlükəsizlik probleminə çevrilən Kalininqrad təhdidini zərərsizləşdirmək üçün ciddi şəkildə düşünür, müxtəlif ssenarilər hazırlayır, hərbi qüdrətlərini artırırlar. Təsadüfi deyil ki, bir müddət əvvəl ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Ceymstaun Fondu (Jamestown Foundation) Kalininqrad uğrunda yaşanacağı düşünülən NATO-Rusiya qarşıdurması ssenarisi üzərində baş sındırmış və ehtimal olunan müharibənin cəmi 2 həftəyə ABŞ-ın qələbəsiylə sonuclanacağı qənaətinə gəlmişdi. Ssenariyə görə, müharibə NATO qoşunlarının, “məsələn, Polşanın Rusiyaya hücumu nəticəsində baş verir”. Buna cavab olaraq, rus qoşunları dərhal Suvalkovski dəhlizindən Kalininqrada keçir və döyüşə qatılırlar. Öz növbəsində, NATO qüvvələri qüvvələrini cəmləşdirir və Rusiyaya bir sıra sarsıdıcı zərbələr endirirlər. Və sonra Rusiyanın ağ bayraq qaldırmaqdan başqa heç bir şansı qalmır. Fondun Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) bağlı olduğunu nəzərə alsaq, bu ssenarinin keyf havasına hazırlanmadığını ortadadır. ABŞ-ın Baltikyanı ölkələrin hərbi qüdrətini artırmaq üçün ciddi vəsait ayırması da bu ehtimalı gücləndirir.
 


Litvanın Baş naziri İnqrid Şimonitenin bir neçə gün əvvəl ABŞ-ın bu ölkədəki səfiri Robert Gilkristlə görüşü zamanı səsləndirdiyi fikirlər də rəsmi Vilnusun ən bədbin ssenarilərə hazırlaşdığından xəbər verir. O, səfirlə söhbət zamanı bildirib ki, respublikanın hərbi xərclərinin artması ABŞ-la əməkdaşlıq üçün yeni imkanlar açır. Şimonite Vilnüslə Vaşinqtonun strateji tərəfdaşlığını öz hökumətinin prioritetlərindən biri adlandıraraq deyib ki, Litva Nazirlər Kabineti əməkdaşlığı "istisnasız olaraq bütün sahələrdə" möhkəmləndirməyə çalışacaq.
 
Baş nazir həmin görüşdə Rusiyanın digər bir yumşaq damarı olan Belarusdakı müxalif qüvvələri dəstəkləməyi də ABŞ qarşısında şərt qoyaraq deyib: “Gündəliyin əsas məsələsi Belarus xalqının dəstəklənməsidir, buna görə də ABŞ-ın diqqəti və dəstəyi xüsusilə vacibdir". İnqrid Şimonitenin bu sözləri ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyəti dövründə Belarus məsələsinin daha ciddi şəkildə gündəmə gətiriləcəyini göstərir.
 
ABŞ-da yeni prezident andiçmə mərasiminə hazırlaşdığı günlərdə Litva ordusunun da “dövlətin müdafiəsi üzrə ümumi plan" hazırlığına başladığı məlum olub. Bunu ölkənin Müdafiə naziri Arvidas Anuşauskas Yanvarın 18-də BNS-ə verdiyi müsahibəsində təsdiqləyib və layihəyə əlavə vəsait ayırmağın vacibliyini hökumətin və Vaşinqtonun diqqətinə çatdırmışdı. "Resurslar təkcə əlavə sayda insanı ordu sıralarına çağırmaq üçün deyil, həm də onları təmin etmək, hərbi bölmələrdə yerləşdirmək üçün lazımdır. İnsanların yalnız kütləvilik naminə əsgərliyə çağırılması hərbi strukturlara yaramır... Başqa dövlətlər hər şeyi bir neçə il qabaq ətraflı şəkildə planlaşdırırlar. Əgər belə bir siyasi qərar hərbi plana daxil edilərsə, resurslara əlavə yüz milyonlarla avro əlavə olunmalıdır – mən açıq və birbaşa danışıram", - deyə nazir xəbərdarlıq etmişdi. Bütün bunlar Litvanın Rusiyadan gələ biləcək təhlükələrə ciddi şəkildə hazırlaşdığından xəbər verir.


 
Litva Seymi də Amerika Birləşmiş Ştatları ilə "strateji tərəfdaşlığın möhkəmləndirilməsi" haqqında qətnamə qəbul edib. Qətnamə həmçinin, ABŞ Silahlı Qüvvələrinin Litvada daim iştirakına nail olmağı hədəfləyir. Sənəddə qeyd edilir ki, Litva "ABŞ – ın dünyada, Avropada və Baltik dənizi regionunda tərəfdaşıdır və bu tərəfdaşlığa sadiq qalacaq".
 
Qeyd edək ki, Litvada ABŞ qoşunları əslində mövcuddur. Lakin onlar rotasiya qaydasında və dövri təlimlər əsasında bu ölkəyə gəlirlər. Bu qəbildən olan ən böyük əməliyyatlardan biri 2019-cu ilin payızında Litvaya "Atlantik Həll" (Atlantic Resolve) əməliyyatı çərçivəsində keçirilmişdi. Həmin əməliyyat zamanı 500-dən artıq hərbçinin tərkibində ABŞ batalyonu da Litvaya gəlmişdi. Onlar özləri ilə xeyli ağır texnika: 30 tank Abrams, 25 piyada döyüş maşınları Bredli və 70 təkərli nəqliyyat vasitələri gətirmişdilər. Litvada onlar yarım ildən çox qalmış və Belarusla sərhəddən on kilometr aralıda - Pabrade poliqonunda  yerləşdirilmişdilər. Ötən ilin sentyabr ayına qədər bölgədə qalan ABŞ əsgərləri Belarus prezidentinin yuxusunu ərşə çıxarmış və Lukaşenko NATO təhdidlərini nəzərə alıb Belarus Ordusunun yarısını dövlət sərhədləri boyunca düzmüşdü. Bu kontingent getdikdən heç bir ay keçməmiş ötən ilin noyabr ayında Litvaya yeni ABŞ əsgərləri gəlmişdi.
 
Fəqət bu müvəqqəti və tez-tez təkrarlanan get-gəllər Vilnusu qane etmir. "Biz daimi əsasda ordu birliklərinin Litvanın müdafiəsində iştirakını istəyirik. Bizim arzularımızın formalaşdırılması çox vacibdir, çünki amerikalılar bizim razılığımız və istəyimiz olmadan əlavə güc göndərə bilmirlər... Düşünürəm ki, gələcəkdə hərbi cəhətdən maneə törətmək planlarını nəzərə alaraq, biz buna İstənilən halda nail olmağa ümid edirik. Təbii ki, bu, Amerikanın yeni Administrasiyasından da asılı olacaq”,- Litva müdafiə naziri Arvidas Anuşauskas çıxışlarından birində belə deyib.
 
Litva Müdafiə Nazirliyinin planına görə, 2023-cü ilə qədər ölkənin 3 rayonunda - Şyaulyay, Vilnüs və Şilalda hərbi şəhərciklər tikiləcək və ümumilikdə 3 min “legioner” bu ölkədə daimi saxlanılacaq.


 
Digər Baltikyanı ölkə Latviya da ABŞ ordularına ev sahibliyi etmək əzmindədir. Ölkənin Müdafiə Nazirliyi Liepay rayonunda nəhəng hərbi bazanın yaradılmasını elan edib. Bu baza keçmiş sovet hərbi liman ətrafındakı 35 hektar ərazidə yerləşdiriləcək.
 
Liepayda hazırda Latviya Müdafiə Nazirliyinin doqquz strukturu, o cümlədən hərbi gəmilər, "Zemessardze" Mülki Qoşunlarının bölmələri və s. yerləşib. Birinci mərhələdə kazarmaların, qərargah binasının, yeməkxananın, məhsul anbarının, tibb mərkəzinin, idman kompleksinin, Qarnizon anbarının, "Zemessardze" və Dəniz Qüvvələrinin anbarlarının, təmir emalatxanasının, və s. tikintisi nəzərdə tutulur. Liepay limanı mütəmadi olaraq NATO-nun təlimlərdə iştirak etmək məqsədilə Latviyaya gələn ağır texnikanı boşaltmaq üçün istifadə olunur.
 
Həmçinin, Dauqavpils rayonunundakı hərbi poliqonunun genişləndirilməsi və yenidən qurulması da həyata keçirilir. Bundan əlavə, 31 May 2018-ci il tarixində Luzlava yaşayış məntəqəsində Latviyanın Milli Silahlı Qüvvələrinin yeni bazası açılıb. Ümumilikdə, Latviya Müdafiə Nazirliyi 2018-ci ildən 2021-ci ilədək hər il hərbi infrastrukturun inkişafına təxminən 50 mln. avro sərmayə yatırır. 
 
Maraqlıdır ki, Latviya öz təhlükəsizliyinin müdafiəsində könüllərə daha çox bel bağlayır. Bu məqsədlə xeyli məbləğ "Zemessardze" könüllülər ordusunun dayaq məntəqələrinə ayrılıb. Latviya Müdafiə Nazirliyi "Zemessardze" batalyonları üçün 6 yeni baza yaratmağı düşünür: Riqa, Yelqav, Bausk, Dobel, Krustpils və Qulbens rayonlarında. 
 
Litvadan fərqli olaraq bu ölkədə NATO-nun müxtəlif üzvlərinin əsgərlərindən təşəkkül tapan beynəlmiləl batalyon daim yerləşib.


 
Estoniya da son illər ciddi silahlanmağa başlayıb. Ölkənin “Luyk” nəşri bildirir ki,  yaxın dörd il ərzində Estoniya ordusu yeni əl odlu silah, pulemyot, snayper tüfəngləri, tank əleyhinə raket kompleksləri və tank əleyhinə qumbaraatanlar alacaq, həmçinin silaha özünütəsdiq artilleriya qurğuları qəbul ediləcək. Böyük infrastruktur layihələri də nəzərdə tutulub. Artıq bu layihələrdən Tartu Hərbi Tibb Mərkəzi, hərbi məktəbin tikintisi və Minna limanında qərargahların, tədris, tibb, dalğıc, anbar və təmir bölmələrinin bütöv bir şəbəkəsi istifadəyə verilib. Ötən yay Estoniyaya ABŞ-dan 92 Javelin raketi gətirilib. Ümumilikdə isə son bir neçə ildə ABŞ Estoniyaya 190 milyon dollardan artıq məbləğdə hərbi yardım göstərib.

Onu da qeyd edək ki, Estoniya Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqdan cəmi 120 km aralıda yerləşir. Yəni bir top atımı uzaqlıqda.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın şimal qərbində də keçilməz dirəniş səddi qurulur. Hansı ki o yerdən Baltik dənizi vasitəsilə Almaniyaya və digər Mərkəzi Avropa ölkələrinə qaz nəql olunacaqdı.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 911          Tarix: 20-01-2021, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma