Xəbər lenti
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Nail Əliyev
Şərqşünas, Tarix üzrə fəlsəfə doktoru
... 1907-ci il ... İkinci Dövlət Dumasında iclasbazlıq edən deputatları bir səs elə bil ayıldır..
-Yalandır! Hətta asiyalı yaponlar və farslar da burada Çar Rusiyasında yaşayan bizlərdən daha sərbəst və azaddırlar.
Bu səs Peterburqun Tavriya sarayında açılan bir qumbara idi. Bu səs imperiyada gurlaşan xalq səsi fonunda daha əzəmətlə səslənirdi.
Hökumətin aqrar proqramını Dumadan keçirə bilməyən çarizm fitnəkarlığa əl atır. 1907–ci il iyunun 3-nə keçən gecə dövlət çevrilişi hazırlamaq barədə yalan ittihamla, sosial-demokrat fraksiyası həbs olundu. Duma buraxıldı və yeni seçki qanunu elan edildi.
Kim idi bu hünər sahibi? Bu, Naxçıvan qəzasından deputat seçilmiş Məmmədağa Şahtaxlının qüdrətli səsi idi. Onun adı hələ sağlığında bütün Şərqdə, Avropada geniş elmi, ictimai dairələrdə dillər əzbəri olmuşdur.
Mütəfəkkirlərdən biri gözəl demişdir: “Bismark ölmüşdür, Heyne yaşayır”. Ölkəni idarə edən çarlar, onların yerli müstəbidləri birdəfəlik məhv edilmiş, artıq tarixə qovuşmuş, Məhəmməd ağa kimi ömrünü xalqın xidmətinə həsr etmiş şəxsiyyətlər isə yaşayır və yaşayacaqdır.
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə Araz sahilində yerləşən Şahtaxtı kəndi və onun ziyalıları barəsində yazmışdır: “Şahtaxtı məşhur bir qəsəbədir. Məşhurluğu ona görədir ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətənidir”. Mirzə Cəlil özünü “Məmmədağanın vətəninin övladı” adlandırırdı.
Şahtaxtı kəndi-İsa Sultan, Əbülfət ağa, Həmid bəy, Behbud ağa, Cahangir ağa, Məhəmməd ağa Şahtaktinski, Hacı Molla Abdulla (Hüseyn Cavidin atası) və sair jurnalistlər, alimlər, rəssamlar, siyasi və hərbi xadimlər, şair və xanəndələr ilə şöhrət qazanmışdır. Şahtaxtinskilər, Naxçivanskilər, səsi eramızdan xeyli əvvəl gələn qədim türk tayfalarından biri olan Kəngərlinin bir qanadı kimi bu siyahiya daxil olsa da, bu məşhurların yalnız adlarının sadalanması nəticəsində qalaq-qalaq kitablar yazıla bilər (yazılır və yazılmaqdadır, tarix və mədəniyyətimizin hələ neçə-neçə səhifəsi bu günədək açılmamış qalmaqdadır).
Bu nəslin nümayəndələri rus imperiyasının ucqarı olan bir kənddə dünyaya gəlsələr də, onlar Peterburq, Odessea, Paris, London, Sürix, Leypsiq, Heydelberc, Berlin və Vyana ali məktəblərin qapıların açmış ilk Azərbaycanlı gənclər olmuşlar.
İsa Sultan Şahtaxtlı
İsa Sultan Şahtaxtlının (1851, İrəvan 18.10.84, Türkiyə, Qars ş) qızı Leyli (1886 Qars. Türkiyə dekabr – 1907, İsveçrə) Tiflis Qızlar İnstitutunu bitirdikdən sonra Şərqi Avropaya ali təhsil almağa gedən ilk Azərbaycan qızıdır. 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuş, lakin təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat etmişdir. Bəzi mənbələrə görə, Tiflisdən araba ilə gətirilərək Şahtaxtı kəndində dəfn olunmuşdur. “Molla Nəsrəddin ” jurnalı (1908, №52) onun ölümü ilə əlaqədar nekroloq dərc etmişdir.
Leylinin atası İsasultan Nəcəfqulu oğlu Peterburq Əkinçilik İnstitutunda Təhsil almış, Parisdə və Londonda siyasi iqtisadi, Surix Politexnikumunda təbiətşünaslığa dair mühazirələrə qulaq asmışdır (1872-75). 1875-ci ildə “Təbiətdə və cəmiyyətin iqtisadiyyatında meşənin əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi diplomu ilə Tiflisə gəlmışdir. Rus, fars, ingilis, alman dillərini mükəmməl bilən İsasultan ziyalı jurnalist, alim , ictimai xadim kimi tanınmışdır.
Qardaşı Əbülfət (1858, Şahtaxtı k. -1913, Kutaisi ) 19 əsrin 70-ci illərində Peterburqda hökumət əleyhinə tələbə iğtişaşçılarında iştirak etdiyinə görə Peterburq texnologiya institutundan xaric edilmişdir. Məhəmmədağa Şahtaxtlının qızı Balabəyimlə evlənmişdir.
Peterburqda Lazarev, Sərq dilləri İnstitutunda, Almaniyanın Heydelberq Universitetində bakalavr dərəcəsi almışdır. Rusiya-Yaponiya müharibəsinin iştirakçısı Əbülfətağa 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi Isveçrə ordusunun manevrlərini müşahidə etmişdi. Götenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə etmişdir. Təəssüf ki, onun da çoxsahəli yaradıcılığı araşdırılmamış və öz tədqiqatçısını gözləməkdədir.
Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski
Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinski 1880-ci il 12 mart tarixində Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. 1907-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil alıb. AXC-nin qurucularından biri olub. Maarif və Dini etiqad naziri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Universitetinin açılışının təşkilində rol oynayıb. Represiyaya məruz qalıb, 1941-ci ildə həbs və sürgün edilib. 3 fevral 1944-cü ildə Arxanqels vilayətində sürgündə dünyasını dəyişib.
Behbud bəy Şahtaxtinski
Behbud bəy Şahtaxtinski (1881-ci il Şahtaxtı kəndi 30 may 1924-cü il Tiflis şəhəri) Xalq Ədliyyə komissarı, 1921-1924-cü illərdə Naxçıvan İnqilab kommitəsinin, Naxçıvan MSSR XKS-nin sədri vəzifələrində çalışıb. Naxçıvan diyarının Azərbaycanın tərkibində Muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskva və Qars müqavilələrinin hazırlanmasında və bağlanmasında böyük xidməti olub. Müqavilələri Azərbaycan SSR adından Behbud bəy imzalayıb.
Görkəmli şəxsiyyətlər bəxş etmiş bu məşhur nəslin yetirmələri həm Qərb ölkələrində, həm də Şərqdə tanınmış, ad-san qazanmış, mənsub olduqları xalqı dünyada tanıtmış, ona başucalığı gətirmişlər.
Məhəmmədağa Şahtaxtılı
Şahtaxtinski sülaləsində Məhəmmədağa Şahtaxtlının xüsusi yeri vardır. Şərq mənşəli siyasətçi Məhəmmədağanı xarakterizə edən aşağıdakı sitatlar onun böyüklüyünü bir daha təsdiqləyir. Alim, siyasi xadim S.H.Tağızadə “Azərbaycanda məşrutiyyət inqilabının ideoloji hazırlığı” əsərində yazır: “Məmmədağa Şahtaxtlının çıxardığı XX əsrin ilk Azərbaycan qəzeti olan “Şərqi-Rus”u ilk təbrik edən Məmməd Tağı Sidqi məktubunda (30.12.1902) yazır: “...ümid etmək olar ki, az müddətdən sonra, “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik-mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.
Görkəmli maarifçi və publisist Fərhad Ağazadə (Şərqli) Mİrzə Fətəli Axundovdan sonrakı dövrü Şahtaxtlı Məmmədağa dövrü adlandıraraq yazır: “Bu dövrün ən böyük heykəli Məmmədağa Şahtaxtlı cənablarıdı”. Avropaya pəncərə açan M.Şahtaxtlı “Hər gün biraz” məqalələri ilə Azərbaycan siyasi publisistikasının nadir nümunələrini yaratmışdır.
Uzun illər Fransada yaşayıb, “AzərTAC”ı təmsil etmiş filologiya elmlər namizədi Əsgər Əliyevin üzə çıxarıb elmi ictimaiyyətə təqdim etdiyi “Türkiyəni necə xilas etməli” siyasi və fəlsəfi traktatı ictimai fikrimizdə monarxiya rejiminin, despotizm və fanatizm əleyhinə yazılmış ən kəsərli silahdır, fəlsəfi traktatdır.
M.Şahtaxtlının “Seçilmiş əsərləri”, xüsusən “Türkiyəni necə xilas etməli”, “Avropaya baxış”, “Hər gün bir az” silsiləli məqalələri bu gün üçün, sabah üçün də aktualdır. Fikrimcə, Məmmədağa Şahtaxtlının yeni baxımda araşdırılması onun dəyərini onqat artıra bilər və o, dünya mütəfəkkirləri, dilçi alimləri sırasında ön yerlərdən birində ola bilər. O, həqiqətən Avropada ilk Avropalıbaşlı Şərqli idi. Millətin təhsildən, maariflənməkdən uzaq düşməsi onu daim düşündürmüş və bu bəladan xilas olmaq yollarını onlarla əsərində qələmə almışdır.
"Şərqi-rus" qəzeti
Xalqının gerliyini öz dərdi edən M.Şahtaxtlı “Dərdimiz və dərmanımız ” adlı məqalə sanki bu gün yazılıb: “Dövlətli, adlı adamlarımız yox deyil! Alimlərimiz var, ara-sıra mərhəmətə, cuşa gəlib elm və mərifətin lüzumu barəsində minbərdə, qəzetlərdə köhnəlmiş, min kərə söylənmiş fikirləri, sözləri təkrar edirlər... Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılan inəyi mənzilində, məzəllərində qalmışıq... Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyləməyən dərman bulmaz... Üzrümüz qəbahətdən böyükdür. Utanalım! Utanalım! (Şərqi-Rus, 13 aprel 1903).
“Əkinçi” qəzetindən sonra uzun müddət mətbuat tariximizdə boşluq yarandı. 19 əsrin 90-cı illərin də bir neçə dildə, o cümlədən ana dilində “Tiflis” adda M.Şahtaxtlının canişinliyə yazdığı məktub professor Solovyonun qəribə cavabı ilə rədd edildi: “Sizin millətə qəzet nə lazım, qoy sürülərini otarsınlar” Məmmədağa qətiyyən bu təhqirli cavabdan ruhdan düşmür, çünki onun nəzərində “qəzet zəmanənin ən kəskin qılıncıdır, indiki cismi-həyatın ruhudur, hər millətin ölçüsüdür, mizanıdır, məmləkətin hamısı, vəkili, advokadıdır”. Məhz bu amalla Məmmədağa Şahtaxtı kəndindəki ata mülkünün özünə aid olan hissəsinin satıb mətbəə alıb, mükəmməl yaradıcı heyətlə XX əsrin ilk Azərbaycan qəzeti “Şərqi-Rus”un nəşrinə başlayır.
Akademik İsa Həbibbəyli bu ensiklopedist mütəfikkiri “Qərb aləminə və mədəniyyətinə yol açmış birinci Şərq “Buzqıran gəmisi” adlandırmaqda heç də mübaliğəyə yer verməmişdir. Rusiyanın, Avropanın, Zaqafqaziyanın əsas mətbu orqanlarında çıxış etmiş alimin, publisistin çap etdirdiyi məqalələr də, onlarla əsərlərindəkilər ciddi araşdırılsa bu həqiqət bir daha da təsdiqini tapar.
Bakı Dövlət Universitetinin ilk professoru olan M.Şahtaxtlı Beynəlxalq Fonetika Cəmiyyəti (1899) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz Şöbəsinin (1903) həqiqi üzvü olmuşdu, 1901-ci ildə Sorbanna Universitetində apardığı araşdırmalara görə Fransa Maarif Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür, sovet hakimiyyəti illərində, “Kommunist”, “Bakinski raboçi” “Qızıl Şərq”, “Moskva” qəzetlərində məqalələrlə çıxış etmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak etmişdir.
Bu böyük alimin, qüdrətli qələm sahibinin xidmətlərini bir qəzet xülasəsində əhatə etmək mümkün deyil. İmdadıma görkəmli fransız alimi Lüsyen Büvanın aşağıdakı sözlər çatır: “Bütün mədəniyyət aləmi cənab Məhəmədağanın bu xeyirxah əməli üçün ona minnətdar olmalıdır”.
Dövrün mütərəqqi ziyalılarından biri də Əsədulla bəy Şahtaxtlıdır. Onun da qardaşı kimi 19 əsrin sonlarında qəzet çıxarmaq fikri alt-üst edilir.
Bir fakta nəzər salaq. 1891-ci ildə Tiflisdə 14 rus, 6 erməni, 5 gürcü və 1 fransız dilində, 26 adda qəzet və jurnal çap olunurdu. XX əsrin əvvəlində Məmmədsadıx Axundovun (“Prikaspiy skaya jizn”), həkim Həsənbəy Ağayevin (“Novoye veyaniye”), Qarabəy Qarabəyovun (“Narodnoye slovo”) və bir çox başqalarının bu sahədəki səyləri nəticəsiz qalmışdır. Rusiya Daxili İşlər naziri yazırdı: “Tatar (Azərbaycan-N.Ə.) dilində qəzet və jurnalların çap edilməsini qətiyyən arzuedilməz hal hesab edirəm. Mətbuat işləri üzrə Baş İdarə bu barədə olan xahişləri mümkün qədər rədd etməlidir ...”
Geniş və çoxcəhətli yaradıcılığı diqqətdən kənarda qalan Əsədulla bəy şifahi xalq nümunələrini toplayıb rus dilinə çevirməklə böyük xidmət göstərmişdir. O, “Leyla”, “Qalanın dibində”, eləcə də bir sıra aşıq mahnısını “Kaspi” qəzetinin 1906-cı il 21 oktyabr tarixli nömrəsində dərc etdirmişdir.
Cahangir ağa Şahtaxtlı da dövrünün mütərəqqi ziyalısı kimi tanınmışdı. O çarizm tərəfindən təşkil edilmiş milli qırğına qarşı çıxaraq mollanəsrəddinçilərin səsinə səs verirdi. O, 1905-ci ildə Bakıda qətlə yetirilmişdir. Bədxah qüvvələr isə bundan istifadə edərək Məmmədağa Şahtaxtlının ölümü xəbərini nekroloq vasitəsilə yayırlar. “S.Peterburqskiye vedomosti” qəzeti Məmmədağanı “Millətin yaraşığı” adlandıraraq, M.Şahtaxtlının xatirəsinə həsr edilmiş nekroloqda yazır: “Müsəlmanlar arasında bu cür bilikli adamlar azdır. Əfsuslar olsun ki, tale onları bu sonuncudan da məhrum edir”.
Arzumuz budur ki, bu səpkidə tədqiqatlar aparılsın və bu yolla tariximizin, mədəniyyətimiz səhifələrində boşluqlar sıradan çıxsın.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar