Xəbər lenti

 
Azərbaycan ordusunun 44 günlük müharibədə ermənilər üzərində qazandığı qələbə hətta düşmənlər tərəfindən də etiraf olunur. Ermənistanın elə bir siyasətçisi, ziyalısı yoxdur ki, Azərbaycanın bu uğurundan qorxuya düşməsin və hətta öz talelərinin perspektivsizliyinə inanmasın. 
 
Getdikcə regionda və dünyada yüksələn Türk faktoru nəinki ermənilər, hətta dünyanın böyük gücləri tərəfindən də qəbul olunur. Üstəlik, nəzərə alsaq ki dünyanın hardasa 1/5-ni öz əsarəti altında saxlayan Rusiya iqtisadi cəhətdən getdikcə ağır vəziyyətə düşür və 4 tərəfdən müharibəyə cəlb olunaraq daha da zəiflədilir, Moskvanın Cənubi Qafqazda təzyiq maşası rolunu oynayan ermənilərin də perspektivləri qaranlıq görünür.
 
Belə bir zamanda Azərbaycanın 44 günlük müharibə zamanı qazandığı uğurlar, sözsüz ki, təkcə bizim milli maraqlarımıza xidmət etmir. Bu, həm də Cənubi Qafqaz regionunu dünya ilə inteqarsiyaya cəlb etmək istəyən qlobal güclərin maraqlarına uyğundur. Təsadüfi deyil ki, 44 günlük savaş zamanı Fransadan başqa heç dövlət ermənilərə dəstək vermədi. Hətta Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qaldırdığı iddia Böyük Britaniyanın vetosu ilə tarixin zibilxanasına göndərildi. Açıq şəkildə olmasa belə, 44 günlük müharibə zamanı ABŞ da erməniləri dəstəkləməməklə əslində Azərbaycanın tərəfində dayandı. Dünyanın idarə olunmasında mühüm rol oynayan İsrailin bu müharibədə açıq şəkildə sərgilədiyi mövqe hamıya bəllidir. Avropanın digər dövlətləri də səssiz dəstəyini sürdürdülər.


 
Azərbaycanın 200 illik işğalı boyunca həmişə ermənilərin tərəfində dayanan Rusiya belə, son ana qədər gözlədi və Şuşa işğaldan qurtarıldıqdan  sonra “sülhməramlı” missiya adıyla Qarabağa soxuldu. Bəhanəsi isə 5 il müddətində Azərbaycan-Ermənistan arasında münasibətləri tənzimləmək oldu. 
 
Rusiyanın bu “sülhpərvər” addımının əslində təcavüz aktı olduğu, Cənubi Qafqazı nəzarət altında saxlamaq məqsədi güddüyü hazırda beynəlxalq birlik tərəfindən də etiraf edilir. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına verdiyi müsahibəsi də bunu təsdiqləyir. 
 
Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var.
 
Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”, -deyən Ceyms Appaturay Rusiyanın Qarabağa ordu göndərməsinin təkcə Azərbaycanla əlaqəli olmadığını, əksinə bütün Cənubi Qafqazda mühasirə zəncirini məhkəmlətdiyini bir növ dilə gətirir və Moskvaya həmin ərazidə uzaqbaşı 5 il qala biləcəyini xatırladır. 


 
Dünya birliyinin mövqeyi bu qədər aydınkən, Azərbaycanda bir çox qruplar rəsmən qazandığımız qələbəyə kölgə salmağa, ciddi cəhdlə insanlarımızda özgüvən hissini öldürməyə çalışırlar. Əllərində tutduqları əsas arqument isə Dağlıq Qarabağın guya dünya tərəfindən erməni torpağı kimi qəbul edilməsi barədə formalaşdırdıqları mülahizədir. Halbuki, belə bir təcrübənin yalnız Moldovada, Ukraynada, Gürcüstanda separatçı “dövlətçik”lər yaradan Rusiyanın məramına xidmət etdiyi, onun imperialist siyasəti üçün nümunə meydana gətirdiyi açıq-aydın ortadadır. Bu mənada hətta rəsmi Bakı istəsə belə, Dağlıq Qarabağı ermənilərə hədiyyə edə bilməz. Çünki bu mənfi tendensiya təkcə Azərbaycan-Ermənistan arasında münaqişənin sonsuza qədər davam etməsinə yox, həm də Rusiyanın bütün qonşularının ərazilərində meydana gətirdiyi separatçı bölgələrin legitim əsaslarını formalaşdırılmasıyla nəticələnər.
 
Göründüyü kimi, yalnız Rusiyanın maraqlarına xidmət edən bu yanaşma həm də son NATO sammitindən bir gün əvvəl Londonda səfərdə olan ABŞ prezidenti Co Baydenin Böyük Britaniya Baş naziri Boris Consonla imzalandığı Yeni Atlantik Xartiyasının da ruhuna ziddir. Həmin Xartiyada tərəflər ölkələrin "suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə sadiq" olduqlarını bildirirdilər. NATO-nun sonuncu liderlər zirvəsi də məhz bu prinsipləri əsas götürmüş və Alyansdan bir növ təmsilçilik mandatı alan Co Bayden iki gündən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşmüş və regional məsələləri müzakirə etmişdi. Həmin görüşdən bir gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan NATO zirvəsindən birbaşa Azərbaycana gəlmiş və Şuşa Bəyannaməsini imzalamışdı. Əlbəttə ki, bütün bunlar səbəbsiz deyildi və Şuşa Bəyannaməsinin xeyir-duasının NATO zirvəsində alındığı təəssüratı yaradır.


 
Nə yazıq ki, hər şeyin bu qədər aydın olmasına baxmayaraq, NATO qarşısında dalana sığışan Rusiya öz təxribatçı siyasətlərini regionlardakı 5-cü kolonları vasitəsilə həyata keçirir. Moskvanın əsas silahı isə əldən buraxmaq istəmədiyi ölkələrdəki siyasi qrupları və mediasıdır. Onlar vasitəsilə topluma qarşı mental müharibəyə başlayan Moskva sanki qəsdən cəmiyyəti ruhdan salmaq, öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin perspektivinə inanmamağı təşviq etmək istəyir. Hibrid savaşlarında da eyni metodun həlledici rol oynadığını nəzərə alsaq, Azərbaycanda aparılan bu təbliğati işlərin arxasında bəd niyyətlərin dayandığı versiyası inandırıcılıq qazanır.
 
Bu gün səhər tezdən Rusiyanın 5-ci kolonuna bağlılığı şübhə doğurmayan, vaxtaşırı Ramiz Mehdiyevin əsabələrinin təbliğat ruporuna çevrilən Haqqin.az saytının dərc etdiyi bir xəbər də sanki ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Saytın “ABŞ, Fransa və Rusiyanın səfirləri Azərbaycanın dəvətini qəbul etmədilər: Şuşaya getməkdən imtina etdilər sərlövhəli yazısında bildirilir:
 
“Bu gecə haqqin.az redaksiyasına həyəcanverici məlumatlar daxil olub: ötən gün Azərbaycan hökumətinin dəvəti ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfə edən 46 dövlətin səfirləri arasında üç böyük dövlətin – ABŞ, Fransa və Rusiyanın səfirləri olmayıb. Bu ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etməyib və Şuşaya getməkdən imtina ediblər.


 
Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev səfirləri müşayiət edən jurnalistlərə açıqlamasında bildirib ki, dipkorpusun Qarabağ paytaxtına səfəri Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə təşkil edilib. Bu səfər də Qarabağın işğaldan azad olunmuş rayonlarına yeddinci çıxışdır. Bir müddət əvvəl dipkorpus Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdama səfər etmişdilər.
 
Fikir verin, söhbət son dərəcə qəribə, həmrəy mövqe nümayiş etdirən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gedir. Səfirlərin bu cür diplomatik demarşının motivlərini anlamaq lazım gəlir. Güman ki, hələ də "Minsk qrupunun ölü formatı"nda danışıqların bərpa olunacağına ümid bəsləyən həmsədrlər İrəvanla körpüləri yandırmaq istəmədilər. Dağlıq Qarabağ münaqişəsi başlayana qədər əhalisi yalnız azərbaycanlılar olan Şuşanın Qarabağ və Yerevanın erməni əhalisinə nə kimi aidiyyəti var, tam aydın deyil”.
 
Haqqin.az nədənsə unudur ki, ATƏT-in Minsk qrupu tərəfindən hazırlanan ilk təkliflərdə belə, Şuşanın Azərbaycana qaytarılması məsələsi qoyulub. Məlumata görə, 19-23 sentyabr 1997-ci il tarixlərində Minsk Qrupunun həmsədrləri bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etmişdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri qəbul edilməli və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi.


 
Ermənistanın Baş naziri Nikol Paşinyan da 29 noyabr 2020-ci il tarixində öz facebook səhifəsində onu xəyanətdə günahlandıran müxaliflərin ittihamlatına cavab verərək, ATƏT-in Minsk Qrupunun tələbləri arasında Şuşanın Azərbaycana qaytarılması şərtinin  çox “qədim” olduğunu bildirmişdi. Onun iddiasına görə, diplomatik masada Ermənistan hələ 2011-ci ildə Dağlıq Qarabağı faktiki uduzmuşdu. Belə ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu həmin il Rusiyanın təşəbbüsü ilə Kazanda keçirilən sammitdə Azərbaycana verilməsini qəbul etmişdi. Azərbaycan isə Dağlıq Qarabağa heç bir status vermək istəmədiyindən bu təhvil-təslim sövdələşməsi baş tutmamışdı. Şuşaya gəlincə, bu şəhərin Azərbaycana qaytarılması üzrə razılaşmanın tarixi isə daha “qədim”dir. Hələ Madrid sammitində ATƏT həmsədrləri bu şəhərin Azərbaycana qaytarılmasını şərt kimi İrəvanın boynuna qoymuşdular.
 
Elədirsə, ATƏT-in Minsk qrupunun hələ 1997-ci ildə razılaşdığı, Paşinyana inansaq, 10 ildən sonra Madrid prinsipləri arasında saldığı Şuşanın geri qaytarılması məsələsi indi nə üçün həmin dövlətlərin səfirlərinin etiraz predmetinə çevrilsin? Belə aydın olur ki, həmin səfirlərin Şuşaya səfəri tamam başqa səbəblərdən baş tutmayıb. Mümkündür ki, həmin ölkələr Minsk qrupunun üzvü olduqları üçün vasitəçilər kimi öz tərəfsizliklərini qorumaq naminə sözügedən səfərdə iştirak etməyiblər. O da mümkündür ki, Azərbaycan tərəfi həmin ölkə səfirlərinin Şuşaya səfərini təşkil etmək istədiyindən onların adını budəfəki siyahıya salmayıb. Səfirlərin bu ortaq qərarı almasında özgə səbəblər də ola bilər. Lakin bunu səfirlərin Şuşanın işğaldan azad olunmasına etiraz kimi qiymətləndirmək yanlışdır. Nəzərə alsaq ki, 44 günlük müharibə zamanı torpaqlarımızın işğaldan azad edilməsi prosesində İlham Əliyev ATƏT-in Minsk qrupunun təkliflərindən kənara çıxmamış və Şuşanı işğaldan azad olunmasından sonra hərbi əməliyyatlar dayandırılmışdı, Minsk qrupu həmsədrlərinin buna susqun yanaşması da bizim arqumentlərimizi gücləndirir.


 
Haqqin.az isə bütün bunları görməzlikdən gələrək yazır:
 
Vaşinqtonun ermənipərəst mövqeyi ilə dəfələrlə qarşılaşmalı olurdum. Bəs Qarabağ münaqişəsinin ədalətli həllinin yeganə qarantı olan dost Rusiyanın mövqeyini necə izah etmək olar? Son onilliklərdə Rusiya diplomatı ilk dəfə olaraq ABŞ səfiri ilə bu cür qeyri-adi həmrəylik nümayiş etdirir. Doğrudanmı, Rusiyanın səfiri Kremldən belə təlimat alıb?”
 
Sanki “sülhməramlı” ordu ilə Qarabağı işğal edən Rusiya yox, ABŞ-dır. Haqqin.az-ın bu məsələdə belə, faktı təhrif edərək, Moskvanı suya çəkməsi, yumşaq desək, təəccüb doğurur. 
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 650          Tarix: 11-07-2021, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma