Xəbər lenti

Rəsmi İrəvanın bütün avantürist təxribatlarına baxmayaraq, Ermənistanın ümid bəslədiyi hər kəs bu terrorçu dövlətdən məsafə saxlamağa üstünlük verir… Bundan sonra Paşinyan hakimiyyətinin Ermənistanın xilası üçün rəsmi Bakıya müraciət edib, Azərbaycanın bütün şərtlərini qeyd-şərtsiz qəbul etdiyini bildirməsindən başqa çıxış yolunun qalmadığını da düşünmək olar…


Cənubi Qafqazda cərəyan edən regional geopolitik proseslər hər ötən gün daha da gərginləşmə istiqamətində inkişaf etməkdə davam edir. Belə ki, bu regionda yeni dönəmin başlandığı artıq heç kəsdə ciddi şübhələr doğurmur. Hər halda, Cənubi Qafqaz regionunda hazırda yeni şərtlərin özündən əvvəlkiləri əhəmiyyətdən salmaqda olduğu açıq-aşkar nəzərə çarpır.
Onu da qeyd edək ki, belə vəziyyət Cənubi Qafqaz regionunda xüsusi maraqları olan bəzi beynəlxalq hərbi-siyasi iradə mərkəzləri üçün tamamilə yenidir. Üstəlik, həmin beynəlxalq güclər bu vəziyyətə demək olar ki, hazırlıqsız yaxalanıblar.

Bu səbəbdən də Cənubi Qafqazda konkret geopolitik hədəfləri olan nüfuzlu dövlətlər indiki vəziyyətdə necə davaranacaqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Hətta bəzi dövlətlər ümumiyyətlə, tərəddüd içərisindədirlər. Və situasiyanın daha çox aydınlaşması üçün regionda baş verənləri yaxından izləmək məcburiyyətində qalıblar.

Təbii ki, Cənubi Qafqazda hər şeyi ciddi şəkildə dəyişdirən yeganə güc mərkəz var. Belə ki, Azərbaycan dövlətinin qətiyyətli qərarları və gələcəyə doğru tam dəqiqliyi ilə hesablanmış addımları Cənubi Qafqaz uğrunda illərlə bir-biriylə mübarizə aparmış, müxtəlif uzaqgedən manevrlər etmiş dövlətləri çaşqın vəziyyətinə salıb.

Azərbaycan ordusunun isə savaş meydanındakı qələbə yürüşü isə bir çoxları üçün həm gözlənilməz olub, həm də yeni vəziyyət yaradıb. Bu isə o deməkdir ki, son 30 ilə yaxın bir müddətdə hər kəsin vərdiş etdiyi geopolitik situasiya məhz Azərbaycanın hərbi-siyasi qərarları və addımları ilə köklü şəkildə dəyişdirilib.

Ona görə də hazırda Cənubi Qafqaz regionunda yalnız Azərbaycan nə etdiyini, nə istədiyini, qarşısında hansı önəmli hədəflərin durduğunu və onlara necə çatmağın mümkün olduğunu tam aydınlığı ilə bilir. Yəni, bu regionda artıq nəyin necə olacağını məhz rəsmi Bakı müəyyənləşdirir.

Ermənistan isə onilliklər boyu regional manevrlərin əsas pozucu faktoru kimi, öz əhəmiyyətini artıq tamamilə itirmək üzrədir. İndi vaxtilə bu terrorçu dövlətdən öz geopolitik aləti kimi yararlanmağa çalışan bəzi dövlətlər, xüsusilə də Rusiya demək olar ki, regional mexanizmsiz qalıb. Və indiki situasiyda Cənubi Qafqazda öz təsir gücünü qoruyub saxlamaq, yaxud bərpa etmək üçün isə yeni alət-mexanizm tapmaq mümkünsüz görünür.

Ona görə də, birmənalı şəkildə iddia etmək olar ki, hazırda Cənubi Qafqaz regionunda qüvvələr nisbəti rəsmi Bakı və Azərbaycan ordusu tərəfindən təyin olunmaqdadır. Və indiki situasiya bu regionda maraqları olan istənilən dövlətin bu factor ilə barışması, rəsmi Bakının siyasi iradəsi ilə hesablaşması qaçılmaz xarakter daşıyır.

Maraqlıdır ki, Cənubi Qafqazda və bu region ətrafında baş verənlər Ermənistanın həm bölgədə, həm də ümumiyyətlə, bütün dünyada təklənməsinə yol açmaqdadır. Belə ki, hazırda Azərbaycan qarşısında aciz duruma düşən Ermənistana xarici dəstəyin verilməsi olduqca çətin məsələyə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, regionda maraqları olan və savaş meydanında baş verənləri böyük maraqla izləyən beynəlxalq siyasi iradə mərkəzləri Azərbaycanın Ermənistan üzərində mütləq və qəti qələbə qazanacağını anlayırlar. Hətta əksər nüfuzlu dövlətlər buna əmin olduqlarını öz davranışları və mövqeləri ilə də açıq-aşkar təsdiqləyirlər.

Təbii ki, belə situasiya Ermənistanın xarici dəstək və yardım imkanlarını minimum qədər məhdudlaşdırır. Belə ki, rəsmi İrəvanın ən çox güvəndiyi İran Ermənistana dəstək verməkdən imtina edir. Eyni zamanda, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini vurğulamaqla, Ermənistanın İrana olan ümidlərinin tamamilə əsassız olduğunu biruzə verməkdədir.
Digər tərəfdən, Ermənistan üçün strateji əhəmiyyət daşıyan Rusiyanın dəstəyi də rəsmi İrəvan üçün ümidverici keyfiyyətdə deyil. Belə ki, hərbi əməliyyatların məhz Ermənistan ərazisindən kənarda, yəni Azərbaycan torpaqlarında aparıldığına eyham vurmaqla, rəsmi İrəvana Rusiyanın hərbi dəstəyinə ümid etməyin yersiz olduğunu anlatmağa çalışır.

Üstəlik, rəsmi İrəvan Rusiyadan açılacağını gözlədiyi “siyasi dəstək pəncərəsi”ndən də məhrum edilmək üzrədir. Belə ki, Rusiya prezidenti Vladimir Putin “atəşkəs” mövzusuna münasibət bildirərkən Ermənistanı tam qane edəcək mövqe sərgilmədi. Hər halda, Kreml sahibinin “humanitar atəşkəs” əvəzinə sadəcə, “ümumi atəşkəs” barədə danışması rəsmi İrəvan üçün ən məqbul mövqe rolunu oynaya bilərdi.
Ancaq Ermənistanın Rusiyadan aldığı siyasi zərbə yalnız bununla məhdudlaşmır. Çünki Rusiyanın Ermənistana xüsusi rəğbətinin olduğu şübhə doğurmayan xarici işlər naziri Sergey Lavrov münaqişə zonasına sülhməramlı qüvvələrin göndərilməsi məsələsini gündəmə gətirsə də, bu ideya Kreml tərəfindən qətiyyən dəstəklənmədi.

Məsələ ondadır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişə zonasına sülhməramlı qüvvələrin göndərilməsi üçün qarşıduran tərəflərin razılığının olmasının vacibliyini qabartdı. Bu isə o deməkdir ki, Kremldə bunu hələlik məqsədəuyğun və mümkün hesab etmirlər.
Çünki hətta belə bir məsələ daha israrlı şəkildə gündəmə gətirilsə belə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa razılığı olmadan onun reallaşdırılması qeyri-mümkündür. Azərbaycan Prezidenti isə öz ölkəsinin sərhədləri içərisində hər hansı ölkəninin və ya beynəlxalq qurumun sülhməramlı qüvvələrinə ehtiyacın olmadığını birmənalı şəkildə bəyanlayıb.

Bir neçə gün öncə KTMT-nın baş katibi Stanislav Zas bu qurumun münaqişə zonasına sülhməramlı qüvvələr göndərməsi məsələsinin müzakirə edilə biləcəyini vurğulamışdı. Ancaq yenə də Kreml sahibinin mətbuat katibi D.Peskovun dərhal verdiyi cavab açıqlaması bu məsələyə aydınlıq gətirdi: “Münaqişə zonasına sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı məsələnin müzakirə olunması gündəmdə deyil…”

Təbii ki, Rusiya Prezidentinin mövqeyini ifadə etdiyi şübhə doğurmayan D.Peskovun həmin açıqlaması KTMT-də bu məsələni gündəmə gətirməyə cəhd göstərənlərə “səlahiyyət həddinizi aşmayın” mesajı kimi də anlaşıla bilər. Çünki KTMT baş katibi S.Zasın bu mövzuda dilə gətirdiyi son açıqlama Kremlin D.Peskov üzərindən verdiyi mesajın ünvana dəqiq çatdığını göstərir.

Belə ki, KTMT-nın baş katibi S.Zas cəmisi bir neçə gün öncə dedikləriylə qətiyyən uyuşmayan, hətta daban-dabana zidd olan “Gündəliyə KTMT sülhməramlılarının Dağlıq Qarabağdakı vəziyyətin həllinə cəlb edilməsi məsələsi daxil deyil” açıqlaması ilə diqqəti çəkib.
Göründüyü kimi, Paşinyan hakimiyyətinin bütün avantürist təxribatlarına baxmayaraq, rəsmi İrəvanın ümid bəslədiyi hər kəs ondan məsafə saxlamağa üstünlük verir. Belə hesab etmək olar ki, Ermənistan Azərbaycanın güclü ordusu qarşısında təkbaşına buraxılmağa başlayıb.
Son olaraq, Paşinyan hakimiyyətinin güvəndiyi “Rus NATO-su”na da “qar yağdığını” düşünmək olar. Bundan sonra Ermənistanın xilas olmaq üçün rəsmi Bakıya müraciət edib, Azərbaycanın bütün şərtlərini qeyd-şərtsiz qəbul etdiyini bildirməsindən başqa çıxış yolunun qalmadığını da düşünmək olar.

“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 16-10-2020, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma