"İran Obama hakimiyyətinin pis idarəçiliyindən doğan səhv planlardan yararlanaraq və Tramp rəhbərliyinin prioritetlərindən yayınaraq, Suriya müharibəsinin ən qazanan tərəfi olmağı bacardı və dünyada heç kim İran ordusunu Suriyadan çıxara bilməyəcək”.
Ovqat.com xəbər verir ki, bu fikirləri İsrailin Yaxın Şərq məsələləri üzrə nüfuzlu eksperti Mordehay Kedar etiraf edib.
Ekspert "mivzaklive" saytında dərc olunan “Günbəgün artan İran təhlükəsi" sərlövhəli məqaləsində bu həqiqətin İsrail və ABŞ tərəfindən də qəbul edilməsinin lüzumunu vurğulayaraq, bildirib: “İsrail, Avropa və Amerika İranın hal-hazırda İraqın böyük bir hissəsində, Suriya və Livanda öz hakimiyyətini qurması həqiqəti ilə razılaşmalıdırlar”.
Onun fikrincə, Hizbullah hazırda quru yoluyla İranla irtibat halındadır və bu avantajının sayəsində təşkilatın lideri Həsən Nəsrullah İsrail qarşısında özünə inam hissilə danışa bilir: “İsrail isə sərhəddə beton divarlar tikərək, qorxusunu büruzə verir və bir çox şəhərlərin sakinlərini Hizbullah snayperçilərinin mərmilərindən qorumağa çalışır".
Kedara görə, Yaxın Şərqdəki mövcud vəziyyət iki il əvvəlkiylə müqayisədə xeyli fərqlidir və hazırda İsrailin qonşusu Suriya yox, İrandır: “Hizbullah yalnız Livanda olan hərbi bir qrup deyil, o, eyni zamanda sərhədə ən yaxın bölgədə hərbi baza quraraq İsraili təhdid altında saxlayan İranın ən güclü və əhəmiyyətli qollarından biridir”.
Paylaş: