Xəbər lenti



Vilayət QULİYEV
Azərbaycanın sabiq Xarici İşlər naziri
 
 
Oxuyacağınız qeydləri hadisələrin isti izi ilə, 2012-ci ilin sonlarında yazmışdım. O zaman çap etdirmək istəyirdim. Sonra fikrimi dəyişdim. 
 
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı prosesdə dövlət sirri sayılacaq heç nə yoxdur. Elə isə çap məsələsində tərəddüd nədən qaynaqlanırdı? Sadəcə fikirləşirdim ki, insanlar özümü öymək, bu işdə hansısa mühüm rol oynadığımı göstərmək fikrinə düşdüyümü güman edə bilərlər...
 
Təbii ki, təqdim olunan qeydlər bədii əsər deyil. Anadolu türkləri demiş, burada "xəyal ürünü" sayıla biləcək heç nə yoxdur. Sadəcə, baş verənləri əvvəldən sona kimi xroniki ardıcıllıqla və bəzi məqamlarda fərdi düşüncələrimi bölüşməklə təsvir etməyə çalışmışam. Yaxşı başa düşürəm ki, oxuyanlar bəzi fikirlərimlə, hadisələrə yanaşma tərzimlə razılaşmaya bilərlər. Bu, onların haqqıdır. Aydın məsələdir ki, hamının xoşuna gəlmək mümkün deyil.
 
Azərbaycan qardaş Macarıstanla işbirliyi, yüksək səviyyədə qarşılıqlı inam və etimad nəticəsində ekstradisiya aktını həyata keçirməklə R.Səfərov işində son nöqtəni qoydu. Dünya erməniliyi və onlara havadarlıq edən bəzi Avropa qurumları isə hələ də məsələni gündəlikdən çıxarmağa tələsmirlər. Ondan ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. 
Cəhdlərinin faydasızlığını, qərarlarının heç nə dəyişməyəcəyini bilsələr də, mənasız "prinsipiallıq" göstərirlər. Hətta aradan on ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci və 2021-ci ilin yazında da "Ramil Səfərov işi" yenidən Avropa Şurasının gündəliyinə çıxarılmış, yeni qətnamə qəbul edilmişdi. Aydın məsələdir ki, bu qətnamə də növbəti bürokratiya nümuməsi olmaqdan irəli getməyəcək.
 
Bu aspektdən çıxış edərək qeydlərin çapına qərar verərkən 2012-ci ildə yazılmış mətndə bəzi əlavə və düzəlişlər aparmaq zərurəti yarandı.   
 
Əvvəl düşündüm ki, zəfərlə başa çatan İkinci Qarabağ savaşından sonra ümumiyyətlə bu məsələyə qayıtmağa lüzum varmı? Amma razılaşaq ki, Ramilin hərəkəti də xalqımızın erməni işğalının nəticələri ilə heç zaman, heç bir şəkildə barışmayacağının sərt və özünəməxsus ifadəsi idi.
 
Ramil Səfərovun ekstradisiyası Azərbaycan diplomatiyasının, hüquq-ədliyyə sisteminin uğuru idi. Şübhəsiz, bu nəcib və humanist niyyətin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarəti, əzmkarlıq və prinsipiallığı çox mühüm rol oynamışdı. Ekstradisiya aktının uğuru həm də müstəqil milli dövlətimizin nüfuz və etibarlılığının nəticəsi sayılmalıdır.

Macarıstan Baş naziri cənab Viktor Orbanın xeyirxahlığı, humanistliyi və qətiyyəti də eyni dərəcədə əhəmiyyətli olmuşdu. Nəticədə bəzi qara qüvvələrin iki dost dövləti - Azərbaycanla Macarıstanı üz-üzə qoymaq üçün yararlanmaq istədikləri "R.Səfərov işi" sonda ölkələrimizi yaxınlaşdıran amilə çevrilmişdi. 
 
Tanıdığım, hətta tanımadığım insanlar dəfələrlə ekstradisiya olayının pərdəarxası haqda soruşublar, dövlət qurumlarının, səfirliyin, özümün, habelə bu və ya digər şəxslərin prosesdə rolu və iştirak səviyyələri ilə maraqlanıblar, müxtəlif versiya və şayiələrə aydınlıq gətirməyimi istəyiblər. Düşünürəm ki, maraqlandıqları suallara cavabı tam olmasa da, əsasən bu subyektiv qeydlərdə  tapacaqlar.
 
İyun, 2021-ci il.
 
***

 
Azərbaycan ordusunun erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş hərbi qulluqçusu Ramil Səfərov artıq on ilə yaxındır ki, Vətəndə, yaxınları və doğmaları arasındadır. Sıralarından məcburən ayrıldığı Silahlı Qüvvələrə bərpa olunub,  hərbi xidmətini davam etdirir, ailə qurub, övlad atası olub. Hamı kimi adi həyatını yaşayır və bəlkə də gənc ömrünün macar həbsxanasında keçən çətin dövrü pis yuxu kimi ara-sıra yadına düşür.
 
Ola bilsin ki, sözlərim kimlərəsə - ilk növbədə bəzən olmayan yerdə qəhrəman axtarışına çıxanlara xoş gəlməyəcək: amma o da həqiqətdir ki, aradan keçən illər ərzində insanlar müəyyən istisnalarla R.Səfərovu qismən də olsa unutmağa, yaddaşlarından silməyə  macal tapıblar. İlk günlərin eyforiyası arxada qalıb. Adı ətrafında yaranan qəhrəmanlıq aurası, əzabkeşlik haləsi artıq solğunlaşıb. Amma eyni zamanda belə bir fikirlə razılaşmaq lazımdır ki, 2004-cü ilin fevralında, hadisələrin isti izi ilə Budapeştdəki qətl olayına münasibət cəmiyyətdə fərqli şəkillərdə təzahür etsə də, bütünlükdə soydaşlarımız həyatını riskə qoymuş zabitin taleyinə heç zaman laqeyd qalmamışdılar. Ölkəmizin hər yerində qadınlı- kişili, qocalı-cavanlı hər kəs, ən çox da adi, sıradan olan insanlar dara düşmüş həmvətənimizə bacardıqları qədər mənəvi dəstək verməyə çalışır, onu ən azı sevgi və rəğbətləri ilə ayaqda tutmağa can atırdılar.  Hətta daxilən Ramil Səfərovun seçdiyi mübarizə üsulu ilə sona qədər razılaşmayanlar da özlərini onun müdafiəçiləri sırasında görməkdən və göstərməkdən açıq-aşkar məmnunluq duyurdular. Bir vaxtlar şəkilləri avtobusların, taksilərin, minik avtomobillərinin ön şüşələrini bəzəyirdi. 
 
Qəzetlər, özəlliklə müxalif mətbuat az qala hər gün ondan yazırdılar. Hətta yanılmıramsa, haqqında "Cənab leytenant" adlı bir mahnı da bəstələnmişdi. Sonu görünməyən Qarabağ savaşının dəhşətli itkilərindən, intiqamı alınmayan Xocalı soyqırımının hiddətindən, "Erməni həmişə qapımızda nökər-qulluqçu olub" iddiası ilə bir araya sığmayan məğlubiyyətdən pəjmürdə vətəndaşlarımız onun simasında həyatı bahasına düşməndən intiqam almış yenilməz qəhrəman görməyə hazır idilər. Hətta bu qəhrəmanlıq, yaxud "qəhrəmanlıq" ortaya bəzi cavabsız suallar çıxarsa da! İndi hər şey tarixə qovuşub. Bütün bunlar arxada qalıb. Təbii ki, arxada qalan, tarixə qovuşan torpaq itkisi, Qarabağdakı erməni işğalı deyil, 15 il əvvəl Budapeştdə baş verən və cəmiyyətinizi silkələyən hadisədir. 


 
Zənnimcə, keçmişin unudulmasına hamıdan az təəssüflənən, hətta başqaları ilə müqayisədə daha çox sevinən Ramil Səfərovun özü olmalıdır. Çünki azadlıqda yaşamaq, yurdun havası ilə nəfəs almaq, cəmiyyətin tam hüquqlu üzvünə çevrilmək, nəhayət hansısa bir şəkildə yenidən fəaliyyət və mübarizə imkanı qazanmaq bir vaxtlar sahib olduğu naqolay şöhrətdən qat-qat qiymətlidir.
 
İstər macar həbsxanasında qaldığı müddətdə, istərsə azadlığa çıxandan sonra dəfələrlə telefonda danışsaq da, Ramillə indiyə qədər canlı, üzbəsurət görüşməmişəm. Amma bu da taleyin qəribə bir təsadüfüdür ki, heç zaman üzünü görmədiyim bu insanın həyatını dəyişdirən iki mühüm hadisədən ilk xəbər tutanlar, hətta imkan və səlahiyyət daxilində müəyyən qərar verənlər sırasında olmuşam. 
 
"Həyatını dəyişdirən iki hadisə" dedikdə söhbət 2004-cü ilin fevralında Budapeştdə baş verən qətldən və ömürlük həbs cəzası çəkdiyi macar həbsxanasından Azərbaycana ekstradisiyasından gedir...
 
***
2004-cü il fevralın 19-u. O zaman Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyirdim. Daha dəqiq desəm, artıq beşinci il idi ki, bu mühüm dövlət qurumuna rəhbərlik edirdim. Nisbətən sakit başlayan adi iş günlərindən biri idi. Bakı vaxtı ilə təxminən saat 13 radələrində Avstriyadakı səfirimiz Vaqif Sadıqovdan mobil telefonuma zəng gəldi. Sonralar xarici işlər nazirinin müavini, Azərbaycanın İtaliya və İsveçrə, hazırda isə Belçikada səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi ölkəmizin xarici siyasət xəttini bacarıqla həyata keçirən Vaqif müəllimi hər şeyin yerini bilən, yazılmış və yazılmamış qanunlara az qala pedantlığa varacaq dərəcədə dəqiq əməl edən təcrübəli diplomat, bacarıqlı dövlət məmuru və yetkin və xeyirxah insan kimi tanıyıram. 


Vaqif Sadıqov
 
Yəqin ki, xəbərdar olanlar bilir - nazir işlədiyim dövrdə ictimaiyyətə və mətbuata kifayət qədər açıq idim (Hətta 2002-ci ildə əsasən müstəqil və müxalif qəzetlərin sorğusu əsasında keçirilən "Jurnalistlərin dostu" müsabiqəsində mükafata layiq görülmüşdüm). Heç vaxt heç kimdən gizlənmirdim. Tez-tez nömrə dəyişmək şakərim də olmayıb. 1999-cu ildən bu günə qədər eyni mobil nömrədən istifadə edirəm. Operativ əlaqə saxlamaq üçün həmin nömrə bir çox media təmsilçilərində və təbii ki, bütün   diplomatik nümayəndəliklərimizdə vardı. Jurnalistlər öz yerində, bir sıra səfirlər adicə hal-əhval tutmaq üçün də ərklə həmin nömrəyə telefon açırdılar. Burada qeyri-adi bir şey görmürdüm. Amma Vaqif  Sadıqovun xarakterinə yaxşı bələd olduğumdan sıradan bir məsələ ilə bağlı mobil telefona zəng çalacağı inandırıcı təsir bağışlamırdı. Ona görə də hələ bir söz deməmiş nə isə fövqəladə hadisə baş verdiyini düşündüm. Səsinin narahat və həyəcanlı tonu gümanımda yanılmadığımı göstərirdi. Fikirləşdiyim kimi də oldu. Səfir dünən gecə Budapeştdə, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Macarıstan Müdafiə Nazirliyinin Mikloş Jrinyi adına Hərbi Akademiyasında, üç aylıq xarici dil kurslarında təhsil alan Azərbaycan ordusunun zabiti, baş leytenant Ramil Səfərovun eyni kurslarda oxuyan erməni zabiti, leytenant Gurgen Markaryanı qətlə yetirdiyini, ikinci ermənini - Hayk Makuçyanı öldürməyə cəhd göstərdiyini bildirdi. Hadisə yerinə gələn macar təhlükəsizlik orqanları tərəfindən həbs edildiyini, ilk ifadəsinin alındığını xəbər verdi. 

Həmin dövrdə Mərkəzi və Şərqi Avropa ölkələrinin heç birində səfirliyimiz yox idi. Öz növbəsində Macarıstanın da Bakıda diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Ona görə də ölkənin Xarici İşlər Nazirliyindən Budapeştə ən yaxın olan Vyanadakı Səfirliyimizə zəng vurub məlumat vermişdilər.
 
"Yenilik" həqiqətən də gözlənilməz və gözlənilməz olduğu qədər də problematik idi. Hər şeydən öncə baş vermiş insident gündəlik həyatda təsadüf edilən adi, sıradan bir qətl hadisəsi deyildi. Beynəlxalq miqyaslı siyasi qalmaqala yol açacaq düşünülməmiş addım idi. Gənc zabit tək özünü deyil, vətəndaşı olduğu respublikanı, dövlətin siyasi rəhbərliyini də çətin vəziyyət qarşısında qoymuşdu. Hər an ölkəmizə və xalqımıza çamur atmağa, qara yaxmağa çalışan düşmənin və erməni havadarlarının əlinə xəyallarına gəlməyəcək bir fürsət verilmişdi. 
 
Bunun ardınca Bakıya hər tərəfdən necə güclü təzyiq göstəriləcəyini, Ermənistanın və erməni diasporunun dünya miqyasında "qaniçən, vəhşi azərbaycanlı" obrazı yaratmaq üçün necə şou düzəldəcəyini təsəvvürə gətirmək çətin deyildi: "Əgər azərbaycanlılar yad şəhərdə, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən humanitar tədbirdə bir zabiti məhz erməni olduğuna görə vəhşicəsinə qətlə yetirirlərsə, onlarla bir arada necə yaşamaq olar?" Təbii ki, bu mesajın bütün ölkələrə, beynəlxalq qurum və təşkilatlarına göndərilməsini çox gözləmək lazım gəlməyəcəkdi...


 
Hətta ani olaraq ağlımdan keçdi ki, xəbəri eşidən Ermənistan rəhbərliyi, türk düşmənçiliyi ruhunda köklənmiş erməni millətçiləri bəlkə də ürəklərində sevinəcək, bu gözlənilməz addımı ilə onlara sərfəli şans vermiş azərbaycanlı zabitə "afərin" deyəcəklər. Çünki şovinist erməni təbliğatı və hərbi-siyasi dairələri üçün hansısa Markaryanın, yaxud Manuçyanın öldürülməsi qətiyyən faciə deyildi. Əsas məsələ bu ölümün başdan-başa saxtakarlıq üzərində qurulmuş "erməni ideyasına" nə qədər faydalı, gərəkli olması idi. İndiki halda əhəmiyyətsiz bir fiqur itirsələr də, məlum ideya baxımından uduşlu vəziyyətdə idilər...
 
Həmin mövqedən yanaşılanda Budapeştdəki qətl müəyyən mənada Koçaryan rejiminin göydə axtardığı fürsət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını yeni faktla əsaslandırmaq, "İsa nuru ilə işıqlanmış insansevər xristian ermənilərlə" cənnəti qılınc kölgəsində axtaran fanatik müsəlmanların - Azərbaycan türklərinin birgə yaşamalarının mümkünsüzlüyünü sübuta yetirmək üçün yeni dəlil, "daşdan keçən" sübut tapılmışdı. Fürsət öz ayağı ilə gəlib çıxmışdı. Ermənilərin ondan işlərinə yarayan şəkildə istifadə etmələrini çox gözləmək lazım gəlməyəcəkdi. Belə də oldu... Tezliklə dilsiz azərbaycanlı körpələrin qatili Koçaryan baş vermiş hadisəyə əsaslanaraq Strasburqda, Avropa Şurasının tribunasından ermənilərlə Azərbaycan türklərinin birgəyaşayışının mümkünsüzlüyü barəsində özünün irqçilik qoxusu verən cəfəng iddiasını irəli sürdü və etirazla qarşılanmadı...
 
Bütün bunlar sonralar baş verəcəkdi. Həmin anda isə əsas məsələ artıq həbsxana divarları arxasında olan zabitimizlə dərhal əlaqə yaratmaq, həm özünə, həm də Macarıstan ictimaiyyətinə və rəsmi dairələrə Azərbaycanın öz vətəndaşının yanında olduğu, taleyi ilə yaxından maraqlandığı mesajını çatdırmaq idi. Sırf insani və dövləti baxımdan da bu, son dərəcə təxirəsalınmaz borc idi.
 
Odur ki, Vaqif Sadıqova vaxt itirmədən o zaman səfirlikdə hərbi attaşe vəzifəsində çalışan polkovnik-leytenant Samir Mehdiyevlə birlikdə Budapeştə getməyi məsləhət gördüm. Ramil Səfərovla görüşüb hadisənin təfərrüatını birbaşa özündən öyrənməyi, dərhal vəkil tutmağı, günü bu gündən etibarən fəaliyyətimizin əlaqələndirilməsi üçün macar rəsmiləri ilə müzakirələr aparmağı və proseslərin sonrakı gedişi barəsində nazirliyi mütəmadi məlumatlandırmağı xahiş etdim. 

Sonra milli təhlükəsizlik naziri Namiq Abbasov və müdafiə naziri Səfər Əbiyevə zəng vurdum. Namiq Abbasov artıq öz kanalları ilə insident barəsində məlumat almışdı. Səfər Əbiyev isə xəbərsiz idi. Qısa müzakirədən sonra Prezident İlham Əliyevi yaşlı və təcrübəli həmkarımızın - milli təhlükəsizlik nazirinin məlumatlandırması barədə ümumi razılığa gəldik. Baş verən hadisə cəmisi dörd ay əvvəl mühüm posta seçilən dövlət başçısı üçün də problemlərlə dolu sürpriz idi


Şəkildə: Hadisədən ən gec xəbər tutan şəxs – “müasir Dədə Qorqud”
 
Məlumatı kifayət qədər soyuqqanlılıqla dinləyən Prezident hər üç nazirliyə müvafiq tapşırıqlar verdi. Fikir mübadiləsi zamanı Xarici İşlər Nazirliyinin qısa müddətdə hadisəni diqqətlə, obyektiv şəkildə araşdırıb beynəlxalq ictimaiyyətə ünvanlanan  ölçülüb-biçilmiş bəyanatla çıxış etməsi qərara alındı.
 
Axşamdan xeyli keçmiş səfir Vaqif Sadıqov bu dəfə Budapeştdən zəng vurdu. Artıq Macarıstanın Xarici işlər, Ədliyyə və Müdafiə nazirliklərində olmuşdu. Həbsxanada Ramil Səfərovla görüşmüşdü. Onunla ətraflı söhbət etmiş, işinə yaraya biləcək məsləhətlər və təlimat verməyə çalışmışdı. Mümkün qədər tez bir zamanda vəkil və tərcüməçi tutulması istiqamətində axtarışlara başlamışdı. 
 
Vaqif Sadıqovun məhbus zabitin sözlərinə əsaslanaraq dediyinə görə, kursda təhsil alan erməni hərbçiləri özlərinin ikibaşlı atmacaları, harın və saymazyana davranışları ilə dəfələrlə azərbaycanlı zabitin izzəti-nəfsinə toxunmuşdular. İşğalçı ordunun təmsilçilərindən kurs rəhbərliyinə şikayət etməyi mənliyinə sığışdırmayan Ramil Səfərov onlarla başqa cür haqq-hesab çəkməyi, yəni hər ikisini öldürməyi, həm də niyyətini Xocalı soyqırımının növbəti ildönümünün tamam olduğu gün - fevralın 25-dən 26-na keçən gecə gerçəkləşdirməyi qərara almışdı. Bu məqsədlə əvvəlcədən bıçaq və balta tədarükü görmüşdü. Lakin hisslərinə hakim kəsilə bilmədiyindən, bəlkə də affekt vəziyyətinə düşdüyündən fevralın 26-na qədər gözləməyə səbri çatmamışdı. Niyyətini planlaşdırdığından bir həftə tez - fevralın 18-dən 19-na keçən gecə həyata keçirmişdi. Bildirdiyinə görə, həmin gün yeməkxanadan qayıdarkən yanından ötən ermənilərin gülərək öz dillərində nə isə demələri səbrini daşıran son damla olmuşdu. Ermənicə bilməsə də, onun haqda danışdıqlarını, yaxud söz atdıqlarını düşünmüşdü. Daha bir həftə, yəni soyqırımının ildönümü gününü gözləmədən gecə ilə ikisinin də işini bitirməyə qərar vermişdi. Və qərarına əməl eləmişdi. 
 
Doğrudur, qurduğu planı sona qədər icra edə bilməmişdi. Səs-küyə ayılan kursantlar ikinci erməni ilə haqq-hesab çəkməyə imkan verməmişdilər. Dərhal özlərini hadisə yerinə çatdıran Macarıstan təhlükəsizlik xidməti əməkdaşları Ramili həbs etmişdilər. Vaqif Sadıqovun dediyinə görə, ruscanı və ingiliscəni kifayət qədər yaxşı bilməyən azərbaycanlı zabit məhz dil bilgisinin məhdudluğu səbəbindən ilk istintaq zamanı sonralar əleyhinə çevrilən bir sıra ehtiyatsız söz və ifadələr işlətmişdi. (Macar qanunlarına görə, ittiham edilən şəxs yazılı və şifahi ifadələrini ana dilində vermək hüququna malikdir. Lakin Budapeştdə Azərbaycan-macar tərcüməçisi tapılmadığından Ramil Səfərovun fevralın 19-da saat 14:28-dən 16:08-ə və 16:15-dən 17:05-ə qədər davam edən ilk dindirilmə zamanı ifadələri zəif bildiyi rus dilində alınmışdı. Yalnız sonradan macar-türk tərcüməçisi - indiyə qədər keçmiş məhbusla dostluq əlaqələrini davam etdirən və Macarıstanda türk dilinin ən yaxşı bilicilərindən biri kimi tanınan xanım Qabriela Ortunc prosesə qoşulmuşdu. İlk istintaqda rusca verdiyi ifadəni isə macar dilinə Susanna Timar çevirmişdi). 
 

Səfir kimi Macarıstanda fəaliyyətə başlayandan sonra istintaq materialları ilə tanışlıq zamanı mənə aydın oldu ki, söhbət yalnız fikirlərin qeyri-dəqiq ifadəsindən, tərcümə çətinliklərindən gedə bilməzdi. Çox güman ki, dərhal zəruri hüquqi yardım almadığı, yaxud bəlkə də həmin vaxt millət yolunda şəhidlik eyforiyası yaşadığını, üzərinə "tarixi qəhrəmanlıq" missiyası götürdüyünü düşündüyü üçün Ramil macar müstəntiq qarşısında sonralar özünə qarşı çevrilən və məhkəmə prosesində ağırlaşdırıcı hal kimi dəyərləndirilən bir sıra lüzumsuz etiraflar etmişdi. Məsələn, ilk ifadələrinin birində qətli törətdiyi günə qədər erməni öldürmədiyinə görə daim böyük təəssüf hissi yaşadığını söyləmişdi. Budapeştdə, NATO kurslarında Ermənistan təmsilçilərinə rast gələndə bu boşluğu doldurmaqla bağlı gözəl fürsət yarandığını düşünərək istəyini həyata keçirmək üçün dərhal qərar verdiyini açıqlamışdı. Nə qədər həqiqət olduğunu deyə bilmərəm. Lakin istintaq materialında belə yazılmışdı.
 
Qətli soyuqqanlı şəkildə əvvəlcədən hazırlaması, bu məqsədlə Budapeştin Nepliget səmtindəki "Tesko" supermarketindən balta, bıçaq, hətta bülöv daşı alması, Markaryanı yatağında, yuxulu vəziyyətdə, xüsusi amansızlıqla baltalayaraq öldürməsi haqqındakı yerli-yataqlı, amma mahiyyət etibarı ilə lüzumsuz etirafları da sonda əleyhinə işləmişdi. İkinci erməni zabiti öldürmək niyyətini istintaqa bəyan etməsi isə ömürlük həbs cəzasına məhkum olunmasında həlledici amilə çevrilmişdi.
 
Həmin günün hadisələrinə qayıdaq. Nazir müavini Araz Əzimovla birlikdə gecə XİN-in bəyanatını hazırladıq. Sənədin mühümlüyünün fərqində idik. Hər sözün, ifadənin üzərində düşünmək, hər kəlməni yüz dəfə ölçüb-biçmək lazım gəlirdi. Çünki sabah yalnız ölkəmizdə və Ermənistanda deyil, dünyanın hər yerində Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi yaydığımız bəyanata istinad ediləcəkdi. 


 
İctimai fikrə təsir baxımından sənədin inandırıcılıq gücü və əhəmiyyəti çox vacib idi. Eyni zamanda, yalnız həqiqətə arxalanmalı idik. Psixoloji məqamlar və humanist aspekt də diqqətdən kənarda qala bilməzdi. Təbii ki, sərt leksikonla birlikdə müəyyən emosionallığa da ehtiyac vardı. Bütün bu amilləri nəzərə aldığımızdan bəyanat baş verən hadisəyə görə təəssüf hissinin ifadəsi və erməni xalqına, erməni cəmiyyətinin sağlam hissəsinə başsağlığı ilə başlanırdı. Tarixi aspektə, hadisəni doğuran səbəblərin qısa izahına da lazımi diqqət yetirilmişdi. 
 
Ermənistan Xarici İşlər Nazirliyi də eyni gündə bəyanat yaymışdı. Amma gözlədiyimiz kimi, burada bütün günah Azərbaycan tərəfinin üzərinə yıxılırdı. Həm də məsələ şəxsi müstəvidən çıxarılaraq dövlətçilik və ideologiya istiqamətinə yönəldilmişdi. Adətləri üzrə öz adlarını bizə qoymaqdan da çəkinməmişdilər. Həmin günə qədər heç kimin tanımadığı kiçik rütbəli zabitin - Ermənistan ordusunun leytenantı Markaryanın öldürülməsini dövlətin sifarişi ilə Azərbaycan xüsusi xidmət orqanlarının işləyib hazırladığı qisas əməliyyatı kimi qələmə verirdilər.
 
Qətl hadisəsi Ermənistan rəhbərliyinin işğalçılıq və etnik təmizləmə siyasətinin ortaya çıxardığı qaçılmaz nəticə kimi deyil, Azərbaycanda aparılan məqsədyönlü müharibə təbliğatının, qisasçılıq, revanşizm əhval-ruhiyyəsinin, dini ekstremizmin, erməni düşmənçiliyinin doğurduğu fəsad kimi təqdim olunurdu. Dünya birliyindən, nüfuzlu siyasi liderlərdən, beynəlxalq təşkilatlardan ən tez zamanda Azərbaycana qarşı qəti, təsirli tədbirlər görmək tələb edilirdi.     
 
Qonşu ölkənin ATƏT yanındakı Daimi nümayəndəsi, səfir Cavan Təbibyan da (gör necə "xalis" erməni adı və soyadı var!) qaraqışqırıq salmaq və həyasızlıq eləmək üçün fürsəti əldən verməmişdi. Bir neçə dəfə Vyanada görüşdüyüm bu əcaib tip əslən zəngin İran ermənisi idi. Vaxtı ilə atasının və özünün müsəlmanlar arasında, onların hesabına qazandığı paraları Hayastan yolunda xərcləməyə xəsislik eləmirdi. Cibinin ağzını daim açıq saxlaması sayəsində təkcə Ermənistan rəhbərliyi tərəfindən səfir vəzifəsi ilə mükafatlandırılmamışdı, həm də avropalı diplomatlar arasında çoxsaylı dostlar qazanmışdı. ABŞ-ın ATƏT yanındakı Daimi nümayəndəsi ilə yaxınlıq edirdi. Bunun da nəticəsində Daimi nümayəndələr şurasının iclası zamanı Budapeştdə baş verən hadisənin Ermənistanın maraqlarına uyğun təfsir olunmasında, qiymətləndirilməsində elə bir ciddi çətinliklə üzləşməmişdi. Vaqif Sadıqov isə bütün səylərinə rəğmən demək olar ki, təklənmişdi.


 
Növbəti günlərdə, əvvəlcədən də gözlənildiyi kimi, bir çox yerli və xarici mətbuat orqanlarının, internet resurslarının aparıcı mövzularından biri Budapeştdə baş verən qətl hadisəsi idi. Ehtimallarımız doğrulmuşdu - az qala dünya miqyasında dəhşətli antiazərbaycan isterikası başlanmışdı. Təbii ki, bu isterik xorun ifaçıları üçün ən önəmli amil millətimizi qana hərislikdə, vandalizm və milli-dini ədavətdə suçlamaq baxımından ortalıqda faktın dayanması idi. Heç kəs səbəblər haqqında danışmırdı, hamı yalnız nəticə ilə maraqlanırdı. Nəticə isə belə idi ki, azərbaycanlı zabit Avropanın mərkəzində konkret günah sahibi olmayan erməni həmkarını qətlə yetirmişdi. Bu hərəkəti edərkən rəhbər tutduğu məntiq, əsaslandığı dəlillər hər bir azərbaycanlıya yaxşı bəlli idi. Amma indiki situasiyada hadisəyə bəraət qazandırmaq çətin idi: konkret olaraq leytenant Markaryan Qarabağ savaşının iştirakçısı olmamışdı. Heç bir azərbaycanlı öldürməmişdi. Lakin o, yurdumuzu işğal edən, şəhər və kəndlərimizi viran qoyan, minlərlə dinc insanımıza divan tutan təcavüzkar erməni ordusunun zabiti idi... Erməni işğalı, erməni vəhşiliyi, Xocalı soyqırımı öz adekvat qiymətini almayana qədər, dünya birliyi Ermənistanı birmənalı şəkildə işğalçı adlandırmayana qədər qəsbkar Ermənistan ordusunun hərbi uniformasını geyinənlərə münasibətdə bu cür eksseslərin baş verməsi təbii və gözlənilən idi...
 
(Davamı var)
 


Ana səhifəyə qayıt        Baxış: 6 672          Tarix: 17-01-2022, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma