Qətər böhranının əsl səbəbi ortaya çıxır. Sən demə, 4 ərəb ölkəsinin Dohaya qarşı cəbhə almağa vadar edən heç də öz dedikləri kimi, “körfəz cirdanı”nın nə İranla əlaqəsi, nə terrorizmi dəstəkləməsi, nə də Türkiyə ordusuna öz hərbi bazasında yer verməsi imiş. Məgər ki, əsl səbəb Qətərin qaz hasilatını 30% artırmaq niyyətinə reaksiyadan doğurmuş.
Ovqat.com xəbər verir ki, bir neçə gün bundan əvvəl Qətər hökuməti öz yeni qaz strategiyasını açıqlayıb.
Dünyanın ən böyük mayeləşdirilmiş qaz ixracatçısı olan bu ölkə mayeləşdirilmiş qaz (LNG) istehsalını 5-7 il içində 77 milyon tondan 100 milyon tona çıxaracağını bəyan edib. Bu barədə məlumatı Qətər Neft və Qaz Şirkətinin (QP və Qatargas) İdarə heyətinin sədri Səad Şəridə əl-Qabi keçirdiyi mətbuat konfransında dilə gətirib.
Qətərin bu qərarı isə başda Səudiyyə Ərəbistanı və BƏƏ olmaqla bir çox qaz hasilatçılarının enerji maraqlarına ziddir. Nədən ki, onun daha ucuz istehsal etdiyi LNG digər ölkələrin bazarını öldürəcək. Xüsusilə də Dohanın hasilatı 30% artırmaq niyyəti digər istehsalçıları narahat etməyə bilməz. Bu, o deməkdir ki, Qətər qlobal enerji bazarına xeyli həcmdə əlavə qaz çıxaracaq və yeni müştərilər axtaracaq. Bundan ən çox təsirlənən isə Qətərlə eyni coğrafiyada yerləşən qaz hasilatçıları olacaq. Zira Qətərin qaz ixracatı marşrutu BƏƏ və Səudiyyə Ərəbitanıyla, demək olar ki, eynidir. Deməli, o, indiki hasilatının, hardasa, yarısı qədər əlavə məhsulunu qonşularının müştərilərinə satmaq niyyətindədir.
Qeyd edək ki, bu zamana qədər Qətər qazınınn Cənub Qaz Dəhliziylə Avropaya nəqli nəzərdə tutulur və bunun Rusiyanın enerji strategiyasına qarşı yönəldiyi güman olunurdu. Suriyada və Yəməndə stabilliyin pozulması həmin marşrutu təhlükəli hala gətirdiyindən Qətər məcburən üzünü qonşularının müştərilərinə və Çinə çevirib. Enerji mütəxəssisləri isə bu rəqabətdə qazını daha ucuz qiymətə sata biləcək Qətəri qələbəyə daha yaxın hesab edirlər.
Mütəxəssislərin fikrincə, xüsusilə Çin bazarında Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin uğur əldə etməsi müşkül məsələdir. Çünki dünyanın ən böyük neft idxalatçısı olan Çin öz enerji ehtiyaclarının bir qismini Rusiyadan alır. Yerdə qalanını isə Qətərdən almaq ona daha sərfəlidir. Çinlə yanaşı Asiyanın digər iqtisadi divləri olan Cənubi Koreya və Hindistan da ucuz Qətər qazına meyl salıblar.
Bildirildiyinə görə, Riyad və Abu-Dabi Qətərin bu qaz zərbəsini neytrallaşdırmaq üçün “Royal Dutch Shell”, “Total” və “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərini Qətərlə dil tapmaq üçün vasitəçilik etməyə çağırsalar da, dünya nəhəngləri körfəzdə yaşanan gərginlikdə tərəfsiz qalmağa üstünlük veriblər. Hətta bəziləri Dohayla əməkdaşılıq etməkdən belə, çəkinməyiblər.
Öz Ümumdaxili Məhsulunun 50, ixracat gəlirlərinin isə 85-90%-ni enerji resurslarına borclu olan Səudiyyə Ərəbistanı və BƏƏ üçün Qətərin bu təşəbbüsü ölümcül zərbə deməkdir. Baxmayaraq ki, həmin ölkələr əsas gəlirlərini neftdən götürürlər, onlar bu sahədə də artıq Rusiyaya və ABŞ-a uduzmağa başlayıblar. İki il əvvələ qədər dünyanın ən böyük neft ixracatçısı kimi qlobal enerji bazarında at oynadan, hasilatını artıraraq bir çox dövlətləri, o cümlədən SSRİ-ni batıran Səudiyyə Ərəbistanı ötən ildən etibarən, artıq birincilik şansını Rusiyanın xeyrinə əldən verib. Hazırda ABŞ da, az qala, Səudiyyə Ərəbistanı qədər neft çıxarır. Nəticədə ən çox neft idxal olan tərəfdən neft ixrac edən dövlətə çevrilib. Nəzərə alsaq ki, bir zamanlar Səudiyyə Ərəbistanının ən böyük müştərisi elə ABŞ idi, bunun Riyad üçün necə böyük itki olduğu aydındır. Zavallı Səudiyyə krallığı neftdə itirdiklərini qazdan çıxarmaq istəyirdi ki, ortaya Qətər kimi “qəmbərqulu” çıxdı.
Cırtdanın qaz ehtiyatı isə hələ uzun müddət “qəmbərqulu” olmağa yetəcək qədərdir. Qətər Milli Bankının 2014-cü il hesabatına görə, dünyanın mayeləşdirilmiş qaz istehsalının 31%-nə sahib olan ölkənin bugünkü hasilat gücüylə hələ 138 illik ehtiyatı var. O, bundan sonra hasilatını 30% artırsa belə, həmin müddət yenə 100 ildən uzun çəkəcək. Belə çıxır ki, neftdə Rusiya və ABŞ-a uduzan rəsmi Riyad bu itkini qazla kompensasiya etmək üçün yanındakı cırtdanın öz qazını “boşaldıb qurtarmasını” daha bir əsr gözləməli olacaq.
Dohanın ərəb ölkələriylə aralarında çıxan böhrandan sonra qaz hasilatını artırmağa qərar verməsi həm də bu ölkələrə qarşı elan olunmuş qaz müharibəsi deməkdir. Bu rəqabət qlobal bazarda qazın qiymətlərini ciddi şəkildə ucuzlaşdıracağından, Azərbaycan hökumətinin böyük ümidlərlə baxdığı TANAP layihəsini də tam rentabelsiz hala gətirə bilər.
Heydər Oğuz
Paylaş: